Udum-udum Qələbə

 

İstər qədimliyin təsəvvüf bucağından yanaş, istər müasirliyin kvant nəzəriyyəsindən vurub-çıx: insanın DNT-sini belə dəyişməyə qadir bir enerji var - ruhən, qəlbən hiss etdiyin şükranlıq duyğusu. Minnətdarlıq hissi misilsiz dərəcədə güclü frekans yaradaraq ən ali hədəfi reallaşdırmağa malik qüvvədir. "Qarabağ Azərbaycandır!" dedirdəcək  bunu reallıqda da sübut edəcək qədər qüvvətli bir hissiyyatdan danışıram...

Elə o nöqtədən başlamaq - Yaradana təşəkkür etmək istəyirəm: Bir igidin ömrü qədər daşçatladan səbirdən sonra bizi çatlatmayıb haqqımız olana çatmaq naminə bu mübarək zəfər günlərinə açdığın bütün yollar üçün minnətdaram Tanrım! Sən necə haqsan, 30 ildir haqqı yeyilənlərin Haqqı! Bizə şah damarından da yaxın olduğundan sənə ki əyandır illərdir haqqın yanında durmayan ədalətsiz dünyanı qarşımıza alıb bu Vətən uğrunda sözün hər mənasında haqqa yürüdüyümüz!

Növbəti minnətdarlığımı dövlətin Ali Baş Komandanına ünvanlayıram: Erməni terrorçuları Şuşada yallı gedib festivallar keçirəndə, şərabdan içib Qarabağ çəmənliklərində ağnayanda (məhz ağnayanda!)  peşmanlıq, ağrı, əlacsızlıq, ümidsizlik hisslərinin sarmaş-dolaşından ibarət  qarışıq bir qəhər kələfi düyünlənmişdi boğazımda. Göz yaşlarım ürəyimdə göllənəndə asilənməyə macal tapmamış energetik bir şəkildə hiss etmişdim Ali Baş Komandanın tipik erməni həyasızlığı qarşısındakı müvəqqəti susqunluğunun tufanqabağı sakitlik olduğunu! İllərdir bizim tarixi torpağımızda ağnayanları ağlatdığınız üçün, beynəlxalq ikili standartlar haqsız təzyiqlər qarşısındakı dik duruşunuzla, mərdanəliyinizlə, dönməzliyinizlə, siyasi iradənizlə Vətənimizin ərazi bütövlüyü uğrunda yorulmadan apardığınız bu mücadilə üçün, qopardığınız bu tufan üçün  Sizə minnətdaram, Ali Baş Komandanım!

Ən dəruni minnətdarlığım isə sənin payına düşür - sıralarında gözümün ağı-qarası hərbçi qardaşımla yanaşı, minlərlə mənəvi qardaşımın olduğu Ordum! Müqəddəs şəhidlərimizin, qəhrəman qazilərimizin qanıyla silələnmiş minillik Vətən torpağını qarış-qarış, arşın-arşın, fərsəx-fərsəx, zirvə-zirvə, kənd-kənd, qəsəbə-qəsəbə, rayon-rayon  işğaldan azad etdiyin üçün minnətdaram, igid Azərbaycan əsgəri! Sən sevgilərin ən ülvisinə, fədakarlığın ən alisinə, eşqlərin ən gözəlinə layiqsən!  Milli qürurumuzun qəddini dikəldən, gələcək nəsillər üçün yenidən şərəfli  Vətən tarixi yazan Azərbaycanın türk, talış, tat, ləzgi, yəhudi, rus, ingiloy övladı, sənə eşq olsun! Qanını töküb canını verib əbədiyyətə yol aldığın Qarabağda sən indi həm bir qurtum Şuşa Turşsuyusan, bir tutam Xarı bülbülsən, bir ovuc Laçın torpağısan, bir udum Xankəndi  havasısan, Ağdam daşısan, Murov zirvəsindəki bıçaqkəsməz dumansan, Xocalı harayısan, Cəbrayıl üçün axıdılan sevinc göz yaşısan,  Suqovuşan qalibiyyətisən!  Uğrunda nər canların  qurban getdiyi üçrəngli bu gözəlim bayraq təkcə işğaldan qurtardığımız yüksəkliklərə sancılmır, həm sənin ucaldığın  şəhidlik zirvəsində dalğalanır!

İki il öncə  dünyasını dəyişmiş "Savalan" qrupunun bədii rəhbəri mərhum Novruz Novruzlunun "Oğlum" ifası səslənir bu günlərdə qulağımda... Vətənpərvər ifaçının yanğı ilə ifa etdiyi  duaqarışıq, ərkyana, ümid dolu o misralar Ali Baş Komandanın hər qələbə müjdəsi ilə bağlı xalqa müraciəti zamanı güvənc yerim,  dayağım, fəxrim olan Azərbaycan Əsgərinə ünvanlanan zikrə dönür dilimdə:

 

Səndən gedər sonsuzluğa yol, oğlum,

Bir yol vardır, haqq yoludur, bil, oğlum!

Çabuk böyü, çabuk yetiş, tez, oğlum,

Qarabağa göz dikəni əz, oğlum!

Dostun kimdi, düşmənin kim? - Sez, oğlum,

Tarixini şərəfinlə yaz, oğlum!

 

Qəlbim dolusu minnətdarlığım həm sənədir, əsas da sənədir uca Millətim! Çünki bu qətiyyətli Ali Baş Komandanı da, bu qəhrəman oğulları da yetirən sənsən! Yanğını söndürmək məqsədilə dimdiyində su daşıyan qaranquş misalı bu günlərdə hər kəs qulpundan çıxan, qəlbindən qopan, əlindən gələn hər şeyi edərək bir daha millət olmağın, dövlət olmağın kitabını yazdı. Qarabağda doğulub orada böyüyən ortayaşlı nəsillə yanaşı, "Z" nəsli dediyimiz ən son nəsil, yaşı yenicə iyirmiyə adlayan Qarabağı görmədiyi  üçün oranı unutduğunu sandığımız oğullarımız 1992-93-cü illərdə döyüşən qeyrətli sələflərinin  dəyərli  genlərini daşıdıqlarını yenə döyüş meydanlarında sübut edirlər. 92-ci illərdə sinələrinə qana bulaşmış oyuncaqlarını basıb doğma yurd-yuvalarından didərgin salınan körpələr 28 illik səbirlə sülh istəklərinin bir qocaman heçlik olduğunu görüb əllərində silahla üçrəngli bayraqla geri qayıdırlar!

Bilirlər ki, bundan sonra mütləq şəkildə o silahın yeri sinəmizdi, o bayrağın da yeri Qarabağ zirvələri! Qarış-qarış dönürük, illərdir torpağına, suyuna, havasına həsrət qaldığımız, dilimizdə bitən "Qarabağa qurban olum" kəlməsinin  sözün həqiqi mənasında haqqını verərək Vətən torpağının  hər qarışına qurban ola-ola qayıdırıq! Qələbələrə qurtum-qurtum sevinirik, hər zəfəri damla-damla qarşılayırıq, gözümüzün sevinc yaşı şəhid xəbərlərinin dözülməz ağrısına qarışa-qarışa dönürük: təkcə dədə-baba torpağımıza deyil, həm özümüzə, tariximizə, qürurumuza! Udum-udum qazanırıq qələbəni, udduğumuz hər döyüşün sevincinə udduğumuz acı    fəxarət  göz yaşlarımızın duzlu tamı da qarışır. Amma yol irəliyədir, biz doğma torpağımıza qayıdırıq! "Vətən bağının al-əlvanlığı"nı şəhidlərimizin  qanının rəngindən alacağını da bilirdik, "kiş deməklə   donuzun darıdan çıxmayacağını" da... Ancaq indi reallaşması gerçək olan böyük bir ümid var:  Bu udum-udum qələbələr "Ömür sürməli dövran"ın irəlidə olduğuna  işarədir!

P.S. Gerçək hisslər idarə olunmur. Gen yaddaşı elə möcüzədir ki... Söhbət  Vətəndən gedəndə təmkin  susqunluq abidəsi olduğumuz məqamlarda belə varlığımızı qarşısıalınmaz iradəmizdən kənar bir coşquya təslim edirik. Bu gözəl təslimiyyət! Mövzu Vətəndirsə, təfərrüata çevrilən qədər mətləblər gözümüzün önündəcə baş verdi baş verməkdədir.  Elə şükranlıqla da bitirmək istəyirəm fikrimi: hər tərəfdən öz tarixi torpaqları ilə əhatələnmiş, nəsibinə "belə qonşu düşmən başına" deyiləcək qədər üzdəniraq "qonşular" düşən, "bağrına şəhidlərimizin cəsədləriylə azadlıq tumu əkilən" bu gün udum-udum qələbələnən Azərbaycan üçün minnətdarıq uca Yaradan! Biz ölümünə qədər bu Vətən üçün varıq!

      

Sevinc MÜRVƏTQIZI

 

525-ci qəzet.- 2020.- 16 oktyabr.- S.9.