"Payız-qış aylarında koronavirusun yaydakı qədər aqressiv olacağını
düşünmürəm
HƏKİM RAMİN
NƏRİMAN: "UŞAQLAR COVİD-19-U QRİPDƏN DƏ
YÜNGÜL KEÇİRİRLƏR, ANCAQ YOLUXDURMA
EHTİMALI ONLARDA DAHA ÇOXDUR"
Bu gün hamımız ellikcə
həm cəbhədə düşmənlə, həm də koronavirusla savaşırıq.
Hər birimiz fiziki və mənəvi cəhətdən
möhkəm olmalıyıq. Koronavirus
savaşında ön
cəbhədə vuruşan
həkimlərimizdən olan
Ramin Nərimanla söhbətimizi
təqdim edirik.
- Doktor, payız-qış aylarında virusun daha kəskin xarakter alması mümkündürmü?
- Koronavirusla bağlı fəsillərə görə
verilən proqnozlarının
heç biri özünü doğrultmadı.
Söylənilirdi ki, yay ayları gəlsin, yaxşı olacaq, gün şüaları virusları öldürəcək
və s. Gördüyümüz
kimi, elə olmadı. İstər Azərbaycanda, istərsə
də dünyada virusun ən aqressiv dövrü elə yay aylarında
oldu. Əksinə, yay aylarında
tənəffüs yollarında
quruma baş verir ki, bu
da virusun aktivliyi artırır.
Ümumiyyətlə, virusla bağlı
proqnoz vermək göründüyü qədər
asan deyil. Çünki bu, yeni xəstəlikdir. Həmin dövrü
yaşamaq lazımdır
ki, virusun özünü necə apardığı barədə
fikir formalaşsın.
Ola bilər ki,
payız-qış aylarında
yuxarı tənəffüs
yollarının xəstəlikləri,
qrip infeksiyaları, xroniki xəstəliklər
fonunda müəyyən
qədər artım olsun. Ancaq bu artımın
yaydakı qədər
sürətli və aqressiv olacağını
düşünmürəm.
- Qarşıdan soyuq aylar gəlir. Bildiyimiz kimi, bu dövrdə
qrip daha kəskin xarakter alır. Qriplə koronavirusun bəzi
əlamətlərinin oxşar
olması insanları çaşdırır. Aralarındakı əsas fərqlər hansılardır?
- Koronavirus yayılmağa başladığı ilk dönəmlərdən
bu sual aktualdır.
İlk növbədə onu qeyd edim ki,
hər ikisinin oxşar xüsusiyyətləri
olduğu kimi, fərqli cəhətləri
də var. Məsələn,
koronavirusda temperatur tədricən yüksəldiyi
halda, adı qrip zamanı temperatur qəfil yüksəlir. Yəni qrip
zamanı birdən-birə
qızdırma 38 dərəcə
olursa, koronavirus zamanı qızdırma birinci gün 37, ikinci gün 38 dərəcə olur.
COVİD-19 infeksiyası zamanı xəstənin əhval-ruhiyyəsi adı
qrip infeksiyasına nisbətən daha çox pozulur, daha çox tərləmə olur, sümük, əzələ
ağrıları daha
aqressiv olur. Qrip vaxtı yuxarı tənəffüs yolları,
burundan daha çox ifrazat olduğu halda, bu, COVİD-19 üçün
o qədər də xarakterik deyil. Həmçinin, qrip infeksiyasında
asqırma olduğu halda COVİD-19-da bu, müşahidə olunmur, əksinə, yuxarı tənəffüs yollarının
quruması baş verir. Ən əsası COVİD-19-un yayılma prosesi daha sürətli gedir.
-
COVİD-19 özündən sonra fəsadlar qoyurmu?
-
COVİD-19 infeksiyası zamanı
bütün orqan toxumaları zədənələnsə
də, əsas həyati təhlükə
yaradan tənəffüs
sisteminin, ağciyərin
zədələnməsidir. Ağciyər zədələndikdən sonra fibroz deyilən
toxuma inkişaf edir. Anlaşıqlı dildə desək,
ağciyər toxumasının
sərtləşməsi baş
verir. Fibroz zamanı yumşaq
ağciyər toxuması
sərtləşir ki,
bu da oksigenin
qana keçməsinə
təsir edir. Ağciyər toxuması nə
qədər çox zədələnirsə, fibrozun
əmələ gəlmə
ehtimalı o qədər
artır. Əgər COVİD-19 xəstəsi normal müalicə
alarsa, həmin zədələnmə iki
ay müddətində itir.
Amma bəzi xəstələrdə
zədələnmə çox
olduğu üçün
fibroz riski də artır. Təbii ki, biz xəstəliyin fəsadları
barədə müəyyən
müddət keçdikdən
sonra daha yaxşı bilgilərə
mailk ola
bilərik. Bugünkü nəticələrə əsasən onu deyə bilərik ki, əksər xəstələrdə ciddi
fəsadlar qalmır.
- Virusa ikinci dəfə
tutulmaq ehtimalı nə qədərdir?
- Hazırda əlimizdə olan statistikaya görə, dünyada 30 milyondan çox adam COVİD-19 xəstəsi olub, sağalıb və yaxud da hazırda
var. Onların içərisində
cəmi 4-5 təkrar yoluxma halı baş verib.
-
COVİD-19 üçün yaş fərqi varmı?
- Xeyr. COVİD-19 üçün
yaş məhdudiyyəti
yoxdur. Yəni istənilən yaş
üçün virus təhlükəsi
var. Yaş amilinin təsirini biz ağırlaşma
və ölüm hallarında görə bilirik. Ümumiyyətlə, insan yaşlandıqca
onun həyat ehtiyatları tükənir.
Təkcə COVİD-19, tənəffüs
sistemi ilə bağlı digər xəstəliklərə də
həssaslıq yaranır.
Ona görə də yaşlı adamlar risk qrupundadir. Əslində, uşaqlar arasında
da COVİD-19 geniş
yayılır. Sadəcə, uşaq orqanizmi bunun öhdəsindən gələ bilir. Uşaqlar
COVİD-19-u qripdən də
yüngül keçirir.
Ancaq yayma və yoluxdurma
ehtimalı uşaqlarda
daha çoxdur. Bu günə qədər
uşaqlar arasında ölüm, yaxud ağırlaşma halları
geniş vüsət almayıb. Bunu onunla əlaqələndirirlər
ki, uşaqlarda angiotenzin çevirici fermentə həssas reseptorlar yoxdur. Hansı ki, bu reseptorlar
virus üçün giriş
qapısı rolunu oynayır.
- Soğan, sarımsaq, zəncəfil kimi qidaların koronavirusa hər hansı müsbət, yaxud mənfi təsiri varmı?
- Virusa qədərki mərhələdə hər
hansı müsbət
effektdən danışmaq
olar. Ancaq xəstəlik dönəmində
xeyrindən çox zərəri var. Adını
çəkdiyiniz vasitələr
orqanizmdə qıcıqlandırıcı
təsirə malikdir.
Digər
tərəfdən, bu
vasitələrin fasiləsiz
qəbulu qaraciyərin
yüklənməsinə səbəb
olur. Onsuz da COVİD-19 zamanı
qaraciyər zədələnir.
Bu vasitələrdən düzgün olmayan şəkildə istifadə
isə qaraciyərə
ikiqat zərər verir. Öz praktikamdan da
deyə bilərəm
ki, xəstəlik zamanı zəfəran dəmləməsindən istifadə
edən xəstələrdə
əlavə təsir müşahidə olunub.
- Bəs spirtli içkilər necə?
- Virusun geniş yayıldığı dönəmlərdə
spirtli içkilərin
müsbət təsiri
barədə fikirlər
dolaşırdı. ÜST-ün bu barədə
protokolu var. Xəstəlik
zamanı spirtli içkilərin qəbulu
xəstənin vəziyyətinin
daha da ağırlaşmasına
səbəb olur.
Həmçinin, spirtli içkilər
tənəffüs yollarının
qurumasına yol açır. Bir sözlə,
koronavirus zamanı spirtdən yalnız dezinfeksiya məqsədilə
istifadə edilməlidir.
- Koronavirusdan özlərini
qorumaq üçün
nə məsləhət
görərdiniz?
- Meyvələrdən daha çox istifadə olunmalıdır. Kifayət qədər isti maye qəbul olunmalıdır. Kompot, çay, müxtəlif bitki dəmləmələri və s. İstirahət rejiminə, xüsusilə də yuxu rejiminə diqqət etmək lazımdır ki, immunitet düşməsin. Sanitar-gigiyenik qaydalara mütləq əməl etmək olunmalıdır.
Aytac SAHƏD
525-ci qəzet.- 2020.- 2 oktyabr.- S.12.