Xilasımız birliyimizdədir
AYSEL RƏSULZADƏ:
"NEÇƏ İLLƏRDƏN BƏRİ
İŞĞAL ALTINDA OLAN O TORPAQLARIN QOXUSUNU ALACAĞIQ, ONA
TOXUNACAĞIQ - BU, DÜNYALARA DƏYƏR"
Bir həftədir,
cəbhə xəttində
qızğın döyüşlər
gedir. Düşməni
- bu
tikanlı sarmaşığı
torpaqlarımızdan təmizlədikcə,
həm əllərimiz
qana bulaşır, həm itki veririk,
həm də qürurla irəliləyirik.
Ən əsası da odur ki, hər
kəs bir ağızdan, var gücümüzlə bütün
cəbhə boyu irəliləməli olduğumuzu
deyir və buna əks heç
bir fikri qəbul etmirik. Əlbəttə, belə
olmalıdır - düşmənə
qarşı illərin
nifrəti, qan yaddaşımız dediyimiz
o tarixlərdə başımıza
gətirilənlərin içimizdə
yığılıb qalmış
qəzəbi və torpaq, yurd həsrəti...
Bu gün hamımızın
gözü cəbhədən
gələn xəbərlərə
zillənib. Eyni zamanda, cəmiyyətdə
bir çox məsələlər var
ki, onları diqqətdən kənarda qoymaq, yayınmaq olmaz. Bunlardan biri də uşaqların müharibə
şəraitində ümumi
psixoloji vəziyyətinə
nəzarətdir. Onların
özlərini təhlükədə
hiss etməmələri üçün
düzgün yanaşmaya
ehtiyacları var. Digər
bir məsələ bu cəsarətli ruh halını qoruyub saxlamağın vacibliyini anlamaq, heç kimi ruhdan düşməyə
qoymamaqdır. Ən önəmli məsələlərdən
biri də budur: müharibə şəraitində olan bir xalqın müharibə ilə bağlı bir çox məsələdə
düzgün davranmaq,
düşmənə qarşı
tədbirli olmaq və ordumuzu, haqq savaşınızı
riskə atmamaq üçün lazımi
davranış şəkillərini
bilməli və ona əməl etməliyik. Bunun üçün isə ilk növbədə
davamlı və düzgün təbliğatın
olması vacibdir.
"Green Start Academy"nin
rəhbəri Aysel Rəsulzadə də bu istiqamətdə davamlı işlər aparan insanlarda biridir. Bu çətin
günlərdə valideynlərlə,
müəllimlərlə, məktəblilərlə
seminarlar keçirir, vəziyyətə düzgün
adaptasiya olmaqda onlara yardım göstərir və yuxarıda sadaladığımız
məsələlərlə bağlı davamlı maarifləndirmə işləri
aparır.
***
- Aysel xanım, sizin təşkilat həm valideynlər, həm müəllimlər,
həm də uşaqlarla işləyir.
Hazırkı vəziyyətdə cəmiyyətdə, insanlar
arasında hansı ruh halı müşahidə
edilir?
- Bu gün biz dövlət, millət olaraq çox çətin bir mərhələdən
keçirik. Başda dövlətimiz olmaqla,
ən sıravi vətəndaşa qədər,
təkcə fiziki halımızla deyil, həm də psixoloji olaraq çox gərgin vəziyyətdəyik. Müharibə o qədər çətin,
ağır bir şəraitdir ki, onun təkcə əsgərlikdə öz
yaxını, tanışı
olanlar, hərbçilər
və hərbçi ailələrinə deyil, hər kəsə müharibənin müəyyən
dərəcədə təsirləri
olur. Təbii ki, burda da ən böyük
çətinlik uşaqların,
gənclərin üzərinə
düşür. Bütün bu
proseslər onların
psixoloji durumunda çox gərgin vəziyyət yaradır.
Müharibə hər kəsin
psixologiyasında çox
ağır izlər qoyur, bu, qaçılmazdır.
Bu gün uşaqdan
böyüyə hər
kəsin içində
qarşıq hisslər
var. Hər kəs bütün işini-gücünü,
təhsilini qoyub ikinci plana, televiziya
önündə oturub
cəbhə bölgəsinə
köklənib. Təbii
ki, hər birimizin içində səksəkə də var, qəzəb də, həsrətində
olduğumuz torpaqlarımıza
qovuşmaq yanğısı
var. Deyə bilmərik
ki, biz də qorxu yoxdur, hər
bir hissdən bir az var içimizdə. Və bu da
təbiidir - hər gün ön cəbhədə düşmənlə
üz-üzə döyüşən
əsgərləri, övladları
olan bir cəmiyyətin insanlarının
içində səksəkə
də olacaq, düşmənə qarşı
qəzəb də.
Bu gün biz artıq
öz torpaqlarımıza
qovuşmağın haqq
savaşını edirik. İllərdir, bunun xəyalıyla, arzusuyla yaşayan insanlar var. Amma bir tərəfdən də şəhidlərimiz
də olur, neçə-neçə ananın
gözü yaşlı
qalır, neçə-neçə
uşaq atasını
itirir. Bütün bunlar çox
ağırdır. Müharibənin ən ağır tərəfi də budur. Bütün bu çətin
məqamlarda biz bir-birimizə
təskinlik verməliyik.
Ruh halımızı ayaqda saxlamaq üçün bir-birimizə dəstək
olmalıyıq.
- Dediyiniz kimi, müharibə şəraitində
ən çox uşaqlar, yeniyetmələr
ağır psixoloji təzyiq altında olur. Bəlkə də, bunun
səbəbi onların
prosesləri tam dərk
edə bilməmələri
ilə bağlıdır.
Müharibə vaxtı uşaqlara
vəziyyəti necə
izah etmək lazımdır?
- Burada uşaqların psixologiyasını sağlam
tutmaq, müharibənin
çətin dönəmlərində
mümkün qədər
onları bu şəraitdən uzaq saxlamaq məsuliyyəti valideynin üzərinə
düşür. Necə ki,
bu gün müharibənin ən ağır məsuliyyəti
dövlətimizin, onun
başında duran insanların çiynindədirsə,
ailə də kiçik bir dövlət hesab olunduğu üçün,
evdəki o gərgin vəziyyətdən uşaqları
çıxarmaq ailənin
başçısının, valideynlərin öhdəsinə
düşür. Gördüyümüz hər şiddəti, hər videogörüntünü
uşaqlara göstərmək
olmaz. Onları mümkün qədər
bu görüntülərdən
uzaq tutmaq lazımdır. Elə görüntülər
var, onlar uşaqların hafizəsində
elə izlər qoya bilər ki, onlar ömrü
boyu onun mənfi təsirindən çıxa bilməzlər.
Valideynlər bunları bilməlidirlər.
Bunun üçün əvvəl
böyüklər özləri
maariflənməlidirlər ki, uşağa nəyi demək olar, nəyi demək olmaz. Əlbəttə, mən bir valideyn kimi övladıma
deməliyəm ki, mənim düşmənim
kimdir, kimlər mənim tariximi bu günə qoyublar. Amma hər şey
üsuluna uyğun edilməlidir.
- Düşmənlərimizi gənc
nəslə düzgün
tanıtmaq, onlarda ruh yüksəkliyi yaratmaq prossesi necə getməlidir?
- Əslində, biz valideynlər
və müəllimlər
uşaqları hər
zaman qorxu, ağrı-acı kimi vəziyyətlərdən uzaq
tutmağa çalışmalıyıq. Amma indi
ölkəmizdə müharibə
gedir. O demək deyil ki, biz övladlarımızı
hər şeydən kənar saxlayıb müharibə ilə bağlı onlara heç bir məlumat verməməliyik.
Biz müharibə aparan
ölkə olduğumuz
üçün, torpaqlarımızın bir qisminin işğal altında olduğu bir zamanda təbii
ki, övladlarımıza
bunlar haqqında mütəmadi olaraq məlumat verməliyik. Evdəki uşağın, yeniyetmənin
bütün bunlarla bağlı məlumatı
olmalıdır ki, mənim torpağım işğal altındadır.
Torpaqlarımız nə vaxt, kimlər tərəfindən
işğal olunub, düşmənlərimiz bizlərə
nələr yaşadıblar,
müstəqillik tariximizdə
nələr baş verib - bütün bunlarla bağlı valideynlər və müəllimlər uşaqları,
yeniyetmələri maarifləndirməlidir.
Bunun üçün valideyn də, müəllim də əsl pedaqoq olmalıdır ki, uşağa nəyi deyib, nəyi deməməli olduğunu bilsin. Məhz bu səbəbdən valideynlərin və müəllimlərin maarifləndirilməsi
üçün mütləq
hansısa media qurumları,
hansısa təşkilatlar
müəyyən təbliğatlar
aparmalıdır. Bu məqsədlə bizim
"Green Start Academy"nin "Valideyn məktəbi" layihəsi var və biz maarifləndirmə
işi ilə məşğul oluruq.
- İstərdik, bir az da bundan bəhs edəsiniz. "Valideyn
məktəbi" layihəsi
çərçivəsində iştirakçılara müharibə
ilə bağlı hansı bilgiləri verirsiniz?
- Məsələn, bu yaxınlarda bi, "Vətənə
və insana sevgi" adlı vebinar təşkil etdik. Burda gənclərdə, uşaqlarda vətənə
sevgi necə aşılanmalıdır, insanlıq
sevgisi necə olmalıdır mövzularında
çox maraqlı müzakirələr apardıq.
Əslində, insanın savada,
biliyə yiyələnməsindən
çox, ona insan sevgisinin, insani keyfiyyətlərin aşılanması lazımdır.
Çünki uşağın daxilində insanlığa,
vətəninə sevgi
olmayanda, onun hansı dərəcədə
savadlı olması, bilik və bacarıqlara
yiyələnməsi o qədər
önəmli deyil.
Övladlarımıza savadı, oxumağı,
biliyi öyrətməmişdən
əvvəl onlara insan olmağı, ədalətli olmağı,
hər zaman haqqın yanında olmağı, yaxşılıq
etməyi aşılamalıyıq.
Doğulduğu gündən böyüyənəcən
uşaqlara insana və vətənə sevgini aşılamalıyıq
ki, o, böyüdüyü
torpaqlara bağlı olsunlar, bugünkü kimi, lazım gələndə, Ali Baş
Komandanın çağırışı
ilə vətən uğrunda savaşmağa hazır olsunlar.
Biz valideyn və
müəllimlərlə seminarlarımızda
onları müharibə
şəraitində necə
davranmağın lazım
olduğu, nələri
bilmək və nələri tətbiq etməyin zəruriliyi ilə bağlı maarifləndiririk. Biz və bizim kimi bu
təməyüllü təşkilatlar,
qurumlar valideynləri, müəllimləri
maarifləndirməliyik ki, onlar
öz uşaqlarını düzgün
yönləndirə bilsinlər. Biz bu gün müharibə
şəraitində nəyi bilməliyik? Bilməliyik ki, hər birimiz düşmənlə
savaşırıq. Əsgərlərimiz ön cəbhədə,
biz də burda, arxa cəbhədə. Buna
görə birinci növbədə,
bir-birimizə təskinlik verib, dayaq olmalı, ruh
halımızı qorumalıyıq. Ruh
düşkünlüyünə rəvac verəcək heç bir söz deməməli, addım
atmamalıyıq. Bundan başqa,
Müdafiə Nazirliyinin müəyyən
tapşırıqları var: bir-birinizlə
müharibə mövzusunda
mesajlaşmayın, şəhidlərin şəklini
paylaşmayın, vacib məlumatları
ötürməyin, hərbi texnikalarla
bağlı heç bir
şey paylaşmayın. Bütün
bunlara hər kəs bir
nəfər kimi riayət etməlidir. Birinci növbədə buna
biz özümüz -
böyüklər əməl etməliyik və bundan sonra
uşaqlarımızı da məlumatlandırmalıyıq.
Bu gün bizim borcumuz
uşaqlı-böyüklü həmrəy olmaqdır.
Həmçinin, hər bir Azərbaycan türkü bilməlidir ki, vətən bizim üçün Azərbaycan deməkdir. Mən cəliləbadlıyam, sən cəbrayıllısan, o, gəncəlidir yox. Qətiyyən belə davranışa yol verilməməlidir. Biz bölgələrə bölündükcə, içimizdən parçalanırıq, ailə olaraq, cəmiyyət olaraq parçalanırıq. Birlik olmayan yerdə isə uğurlu nəticə əldə etmək olmur. Tək əldən səs çıxmaz. Bizim gücümüz birliyimizdədir. Bizim birliyimiz - bizim xilasımızdır. Buna görə də, biz həmişə milli-mənəvi dəyərlərimizi təbliğ etməliyik. Bu işdə isə əsas, aparıcı qüvvə təbii ki, valideynlər və müəllimlərdir.
Natəvan ABDULLA
525-ci qəzet.- 2020.- 3 oktyabr.- S.19.