"Qardaş qələmlər"dən haqq savaşımıza dəstək

 

Avrasiya Yazıçılar Birliyi tərəfindən çap olunan Türk dünyası ortaq ədəbiyyat jurnalı "Qardaş qələmlər"in oktyabr sayı "Azərbaycan, səninləyik" üz qapağı ilə nəşr olunub.

Jurnalın müəlliflərini Azərbaycanı dəstəkləməyə çağıran dərginin redaktorundan yazısında Cənubi Qafqazda sülh ədalətin bərpa olunması üçün Qarabağ torpaqlarının işğaldan azad edilməyinin şərt olduğu haqlı savaşında Azərbaycanın yanında olduqları bildirilib:

"Azərbaycan ordusu vətən torpaqlarında işğalçıları yad ünsürləri təmizləmək, torpaqlarını azad etmək üçün sentyabrın 27-də əks-hücum əməliyyatına başladı. Avrasiya Yazıçılar Birliyi olaraq bu əməliyyatı dəstəkləyirik. "Qardaş qələmlər" dərgisi olaraq Azərbaycan torpaqlarının yad ünsürlərdən təmizlənməsi əməliyyatının yanındayıq. İşğalçı Ermənistanı və dəstəkçilərini şiddətlə qınayırıq.

Jurnalımızın səhifələrində 26 ölkədən yüzlərlə yazar və şairin əsərlərini çap etdik. Bütün müəlliflərimizi Azərbaycanın yanında olmağa çağırırıq. Bilirik ki, bizim müəlliflərimiz sülh və ədalətin tərəfindədirlər. Bölgədə əbədi sülhün yaradılması, Xocalı kimi soyqırımların yaşanmaması üçün Ermənistanın işğal etdiyi torpaqları tərk etməsi vacibdir. Bu torpaqlar gerçək sahiblərinə qaytarılmadan sülhün olacağını düşünmək mümkün deyil. Yüzillərdir babalarının yaşadığı, özlərinin doğulduğu, övladlarını dünyaya gətirdikləri evləri, kəndləri tərk etməyə məcbur qoyulan bir milyondan çox insan 30 ildir yurd-yuvalarına qayıtmağı gözləyirlər.

BMT, ATƏT, AŞ və Şanxay İşbirliyi Təşkilatını öz qərarlarına sahib çıxmağa və sülhün təminatı üçün Azərbaycanın yanında olmağa çağırır, Ermənistana işğal etdiyi torpaqlardan çıxmağı üçün təzyiq göstərməyə dəvət edirik.

Dünya ölkələrini sülh naminə Qarabağın həqiqi sahiblərilə qovuşması, işğalçıların qovulması üçün hərəkətə çağırırıq. Yoxsa bilin ki, Qarabağda ölən qadın, uşaq və hər günahsızın qanı sizin də əllərinizə bulaşacaq.

"Qardaşlıq hüququ, sülh və ədalət nə tələb edirsə, hər şeyimizlə Azərbaycanın yanındayıq" - deyən Türkiyə Prezidenti cənab Rəcəb Tayyib Ərdoğanı və Türk dövlətlərinin mövqeyini alqışlayırıq.

Əməliyyatları qətiyyətlə və uğurla idarə edən, işğal altındakı torpaqları azad edən Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev və qəhrəman Azərbaycan ordusunun şanlı tariximizdə "Qarabağ fatehi" kimi qızıl hərflərlə yer alacaqlarından əmin olaraq, hər şeyimizlə Azərbaycanın yanında olduğumuzu bildiririk.

Azərbaycan, Səninləyik!"

Avrasiya Yazıçılar Birliyi tərəfindən Ankarada çap olunan "Qardaş qələmlər" dərgisinin 18 ölkədə oxucuları var.

 

Şahanə MÜŞFİQ

 

525-ci qəzet.- 2020.- 3 oktyabr.- S.8.