Susqun qadının intiqamı

 

Həmişə insanlarımızın çöhrəsində, üz-gözündə bir nisgil, əzginlik müşahidə etmişəm. hər dəfə özüm-özümdən soruşmuşam, biz niyə bu qədər qaraqabaq, bu qədər asosial toplumuq? Hamı evindən çıxıb işinə gedir, kafe-restoranlarda oturur, küçədə dolaşır - hamının gözlərində kədər, elə bil, yasdan çıxmışıq. Yorğun ruhlu insanlar... Sanki hamı bu yorğunluqdan nəsibini alıb, hamı bu yorğunluğa məğlub olub. Yoxsa bu nisgilli baxışlar, düyünlənmiş alnlar, çatılmış qaşlar başqa nəyin əlaməti ola bilərdi ki? Hər dəfə cavabını axtardığım bu sualın bir izahı olurdu: düşünürdüm ki, hamımız depressiyadayıq, kütləvi depressiyanın ağuşundayıq.

Bir dəfə Qarabağ müharibəsində əsir düşmüş, sonradan geri qaytarılmış bir qadının hekayəsini dinləmişdim nəvəsindən.

"Nənəm çox gözəl qadın olub, - deyirdi. - Hər şeyin yerini bilən, hamının qeydinə qalan, həm yaman qadın olub, deyilənə görə. Amma mən nənəmi həmişə susqun, dinib-danışmayan, qaraqabaq görmüşəm. Anamgil deyirlər ki, nənəm əsirlikdən qayıdandan sonra belə olub. Ermənilər babamı öldürüb, nənəmi əsir alıblarmış".

Dəqiqləşdirmək üçün bir soruşmuşdum: nənən heç danışmırdı, yəni öləndə danışmadı? "Yox, danışmırdı, heç öləndə danışmadı" - demişdi.

Ermənilərin cins olduğunu bildiyimdən söhbəti uzatmağa ürək eləməmişdim. İkimiz susmuşduq. Mövzunu dəyişməyə çalışsam da, üstümə elə bir ağırlıq çökmüşdü ki, elə ordaca ölmək, yox olmaq istəmişdim.

Sonralar insanlarımızın çatılmış qaşlarını, yorğun çöhrələrini, əsəbi mimikalarını, bir nöqtəyə zillənmiş donuq baxışlarını müşahidə etdikcə, həmişə o qadının naməlum hekayəsini xatırlamışdım. Mənə elə gəlmişdi ki, elə bil, hamı o qadının hekayəsini bildiyi üçün belədir, hamı bu hekayənin qəzəbini daşıyır içində. bu qəzəbi axıdacaq yer tapmadıqca, qat-qat kin bağlayıb qəlbimiz, elə o kinin yüküdür insanların başını qaldırıb şəstlə yuxarı baxmağa qoymayan.

Bu günlər küçələrdə insanların üz ifadələrinə, baxışlarına nəzər yetirdikcə anlayıram, boğazınacan dolmuş o zəhər tuluğu artıq deşilib sanki xalq zəhərini axıtdıqca yüngülləşir, rəngi-rufu üstünə qayıdır.

Müharibənin çox pis olduğunu hamımız bilirik. Bilirik ki, müharibə ağrı-acı, qan-qada, fəlakət, zülm gətirir, insanların həyatında geri dönüşü olmayan izlər qoyur, kişilər ər meydanında qəhrəmancasına şəhid olanda, qadınların ürəyi qəfəsdəki quş kimi çırpınır. Amma onu da bilirik ki, bizim bu gün bu müharibəyə nə qədər ehtiyacımız var. Yəni bu məsələ nə büsbütün , nə də büsbütün qara rəngdədir. Atəşkəsə bürünmüş ötən onilliklər bizim kimi qan yaddaşı olan xalqda böyük depressiya yaratdı. Biz müharibəni ən ağır formada yaşayan xalq olaraq humanizmin, insanlığın nə qədər dəyərli olduğunu bilirik. Bu səbəbdən biz heç bir körpənin ayaqlarının dərisini soymaz, hamilə qadının qarnına silah dayamaz, insanlığa sığmayan ağlagəlməz əməllər törətmərik.

Dilini dişlərinə sıxıb əsirlikdə gördüyü müsibətləri danışmayan, son nəfəsinəcən susan o qadın, onun kimi onlarla anamız talelərindən utanmayıb danışsaydılar, kim bilir, nələr deyərdilər. Bunları heç bir xalq bizim kimi anlaya bilməz. Biz bütün bu susqunların fəryadını eşitdikcə içimizdə sıxışıb qalmışdıq. İçimizdəki nisgili, utancı təmizləməyə bilmədiyimiz bu ötən illərdə hər gün bir az da qırılıb öz içimizə çökmüşdük. o üzdən də bu günlər cəbhədən gələn hər xoş müjdədən ürəyimiz atlanır,  düşmənin məhv edilməsi ilə bağlı hər xəbər ürəyimizə su səpir, yaralarımıza məlhəm olur. Qürurlanmağımız, yenidən şadlanmağımız üçün müharibəyə, qanla alınacaq intiqama nə qədər möhtac olduğumuzu indi hər birimiz anlayırıq. Bizi bizdən yaxşı heç kim anlamaz. Yaramıza məlhəm qoya-qoya, intiqamımızı ala-ala qanımızla suladığımız torpaqlarda yeni fidanlar yetişdirəcəyimizə inanırıq. Artıq hamıya bağıra-bağıra demək istəyirəm, başınızı dik tutun, başımızı dik tutaq, bundan belə küçədə-bayırda şax, alnıaçıq yeriməyi öyrənək. Bu gün cəbhədə şanlı tarix yazan igidlərimizin sayəsində neçə illərdən bəri içimizdə yığılıb bizi yaşamağa qoymayan zəhər axıb gedir, intiqamımız alınır və ruhumuz yüngülləşir. Yəqin yaşadıqları faciələrdən kimsəyə söz etməyib dünyadan nisgilləri ilə birgə köçən o susqun insanların - erməni qaniçənlərinin alçaqlığına tuş gələn bütün qadınların, uşaqların, qocaların da ruhları dinclik tapır.biz hamımız bu səadəti, bu sevinci cəbhədə şanlı tarix yazan igidlərimizin sayəsində yaşayırıq...

 

Natəvan ABDULLA

 

525-ci qəzet.- 2020.- 7 oktyabr.- S.13.