Zəfər görüşü - Mehriban Sultandan

 

 bir pərdəli pyes

 

Hadisələr 2020-ci ildə Müstəqil Azərbaycanda cərəyan edir. 2016-cı ildə erməni işğalçılarından azad edilmiş Lələtəpə yüksəkliyi, 2018-ci ildə - 26 ildən sonra işğaldan azad olunmuş Günnüt kəndi 2020-ci il oktyabr ayının 3-də düşməndən azad edilən Suqovuşanın pişvazına çıxıb onu salamlayırlar.

 

LƏLƏTƏPƏ: Xoş gördük, Suqovuşan! Azadlığın, azad adın mübarək!

 

 

 

GÜNNÜT: Bilirsənmi, "İrəli!" deyə sənin xilas əmrini verən xalqın O böyük oğlu, lideri özü müjdələdi sənin azadolma xəbərini, sənin xilaskarlarına təşəkkür etdi?!

 

LƏLƏTƏPƏ: Bu sevinc azadlıq hüsnünə ikiqat gözəllik gətirib!

 

SUQOVUŞAN: Çox sağ olun, dostlar! Nəhayət, mən anamız Azərbaycana qovuşdum! Məni gözəlləşdirən, hüsnümə yaraşıq verən köksümdəki doğma bayrağın al şəfəqidir!

 

LƏLƏTƏPƏ: Bu əziz gündə köksümüzdəki torpaqdan sənə hədiyyə gətirmişik!

 

GÜNNÜT: Bu da əsl sahiblərimizin - azərbaycanlıların ulu babalarının yaşadığı ən qədim əzəl Qaya Qızılqayadan! (Lələtəpə Günnüt əllərindəki torpaqları Suqovuşana verirlər. Suqovuşan torpaqları ciyərdolusu iyləyir).

 

SUQOVUŞAN: Ah, gözəl Vətən ətri gəlir! Şükür, qovuşdurana! Bilirsinizmi, bu günlərin həsrətilə necə alışıb yanırdım?

 

LƏLƏTƏPƏ: Bu həsrəti biz az yaşamamışıq. Sən otuz ilə yaxındır, azğın düşmən yuvasına çevrilib, öz övladlarına qənim kəsilənlərə yurd-yuva olmağa məhkum edilmişdin. Vaxtilə öz övladlarının qurub-yaratdığı su elektrik stansiyası düşmənə fayda verdikcə bilirik ki, yanıb-yaxılırdın. Axı qoynundakı qədim alban abidələri özü sənin tarixi Azərbaycan torpağı olduğunu sübut edir. Mənfur düşmənlər isə sənin gözəlliklərini turistlərə öz ata-babalarından qalmış miras kimi mədh edir, balıqartırma zavodu da tikməklə iqtisadi səmərəliliyindən bəhrələnirdilər. Aprel döyüşlərində igid oğullarımızın əsas xilas hədəfi olsan da, görünür, qismət bu günə imiş.

 

SUQOVUŞAN: İşğalçı dövlətin Qarabağdakı qəsbkarlıqla, azğınlıqla ad çıxaran əsas hərbi bazasının köksümdə yerləşib öz övladlarımın qatilinə çevrilməsinə dözə bilmirdim. Cocuq Mərcanlı abadlaşıb gözəlləşdikcə, Nuh yurdunun vətənpərvər, hünərvər oğlu Günnütü salamlayıb onun xilaskarlarını mükafatlandıranda, köksünüzdəki bayraqlar Bakıda - qələbə ruhlu paradda zəfər yürüşü edərkən ümidim, inamım artır, bu günün gələcəyini gözləyirdim.

 

GÜNNÜT: İndi artıq sən azadsan. İgid əsgərlərimizin şimal istiqamətində irəliləməsinə, əraziyə nəzarət etmələrinə yardımçı olacaqsan. Ər oğlu ərlərimiz köksündə Ağdərə üçün təminat yollarına - Murov-Kəlbəcər-Tərtər yoluna nəzarət etməklə düşmənlərimizin hərbi imkanlarını məhdudlaşdıracaq, planlarını alt-üst edəcək, onları tezliklə diz çökdürəcək. Tezliklə öz xeyir-duanla onları Ağdama, Kəlbəcərə doğru uğurlayacaqsan. Axı sənin adın o qəhrəman, o cəsur, Vətən aşiqi Mübarizlə bağlıdır.

 

SUQOVUŞAN: Bilirsiniz, igid Mübarizimiz gecə ilə sinəmdə düşmən üstünə şığıyıb, onu al qanına qəltan edib qan qusdurduqca elə bilirdim, bir ordu vuruşur düşmənlə! Köksüm qabarırdı, dizlərinə taqət, qollarına qüvvət olmağa, bağrımda gizlədilən düşmən minalarından onu qorumağa çalışırdım. Beş saatın içində beş min il keçsə, düşmənə unuda bilməyəcəyi dərs verdi, qan uddurdu onlara, tarix yazdı! Qoruya bilmədim onu, ilk laylasını qoynumda özüm çaldım, uyutdum! Murdar düşmən onun nəşinə belə, yaxın düşməyə cəsarət etmirdi! Kaş bu azad günümü öz gözləri ilə görəydi!

 

LƏLƏTƏPƏ: Qəm yemə, bax bu gün onun da ruhu Vətən göylərindən bizi şadlıqla seyr edir!

 

GÜNNÜT: Bu gün səni, məni xilas edənlər elə MÜBARİZLƏRDİR!

 

 

 

SUQOVUŞAN: Bilirəm, Günnüt, köksündəki Oğuz qəbiristanlıqları yaşının üç minillikdən çox olduğunu söyləyir. Adın-sorağın "Günortac daşı" kimi "Kitabi-Dədə Qorqud" dastanlarından gəlir. Başın az bəlalar çəkməyib! 26 il düşmən tapdağında inləmisən! Qoynundakı ciyərparələrin - Çanaxçı, Çivə Amağu kəndləri vaxtilə zorla düşmənə bəxşiş edilib. Səninlə yanaşı, 11 min hektara yaxın ərazini nəzarət altına alan qeyrətli övladların İrəvan-Yexeqnadzor-Gorus-Laçın-Xankəndi avtomobil yoluna ayıq-sayıq nəzarət edə bilir. Öz sahiblərin köksündə min bir büsat qurub əmin-aman yaşaya bilir, sənə doğma əllər sığal çəkib əkib-becərir, bəhrəni görür. Arpaçay Su Dəryaçası da artıq etibarla qorunur.

 

GÜNNÜT: Lələtəpə, qalibiyyətimiz səninlə başladı. Bu xalq məğlubedilməzliyini, qüdrətini, rəşadətini ilk səninlə göstərdi! Sənin tarixin, etnoqrafiyan, dəyərin hər kəsə yaxşı bəllidir. 2016-cı ilin şanlı Aprel döyüşlərində 40 dəqiqə ərzində halal sahibinə qovuşdun. Üzərində ayıq-sayıq keşik çəkən öz övladlarımız bu gün Cocuq Mərcanlını da məğrurluqla qoruyur, Horadiz qəsəbəsini Füzuli rayonunu atəş nəzarətində saxlaya bilir.

 

LƏLƏTƏPƏ: Bəli, mənim də 1993-cü ildə bağrıma dəyən murdar düşmən tapdaqlarının, nəhayət ki, dörd ildir, rəddi-izi kəsilib. 2017-ci ilin fevral döyüşləri zamanı məni anam Azərbaycanın bağrından təkrar qoparmaq istəsələr də, igid, məğrur övladlarım buna yol vermədi. Bu oğullar bundan sonra da bizləri qoruyacaqlar! Onlar MÜBARİZ ruhlu, POLAD iradəlidirlər! İLHAM qətiyyətindən güc alanlardır!

Dostlar, zəfər zəfər ardınca gəlir! Doğru deyiblər ki, xalq nazilər, üzülməz! Nəhayət, onilliklər sonra da olsa, həqiqət gün üzünə çıxdı (əli ilə Günnütü göstərir), sular duruldu Suqovuşana işarə edir), biz anamız Azərbaycana qovuşduq! Köksümüzdəki o bayraqları göz bəbəyimiz kimi qoruyaq! Onda bizim uğrumuzda şəhadət tapan ər oğullarımızın can əmanəti var!

 

GÜNNÜT: Qoruyaq ki, bütün torpaqlarımız, doğma Qarabağımız da anamız Azərbaycana qovuşanda böyük qələbəni qeyd edəcək, bu bayraqlarımızla birgə zəfər yürüşü edəcəyik!

 

(Hər üçü qucaqlaşıb görüşür, əl-ələ verib xorla):

 

- Biz qalibik, biz Vətənik, biz Azərbaycanıq!

 

Ətrafdan döyüş səsləri gəlir. Azərbaycan əsgərlərinin "Qələbə!", "İlhamla irəli!", "Qarabağ Azərbaycandır!", "Biz birlikdə güclüyük!" səsləri yüksəlir...

 

Mehriban SULTAN

Naxçıvan Muxtar Respublikasının Əməkdar jurnalisti

 

525-ci qəzet.- 2020.- 21 oktyabr.- S.22.