"Çılpaq musiqi" - insan hisslərinin ifadəsi

 

ƏMƏKDAR RƏSSAM VÜQAR MURADOV: "MƏNİM ÜÇÜN ƏSAS OLAN İNSAN VƏ ONUN DUYĞULARIDIR"

 

"Bir rəsmin dedikləri" rubrikasının budəfəki qonağı Əməkdar rəssam Vüqar Muradovdur. Vüqar bəylə müəllifi olduğu "Çılpaq musiqi" tablosu haqqında danışmışıq.

 

- "Çılpaq musiqi" tablosu necə yarandı?

 

- Əslində, bu əsər illərdən bəri yığılan duyğuların təsviridir. Yəni həmişə məndə musiqiyə belə yanaşma tərzi vardı. Ancaq bu duyğuların rəsm kimi təzahür etməsi üçün uyğun məqamı gözləmək lazım idi. Bu rəsmi 1999-cu ildə çəkmişəm. Eksperimental işlərimdən biridir. Yadımdadır, o vaxt Vaşinqtona sərgiyə getmişdim. Ordan qayıdandan sonra akril boyalarla işləməyə başladım. Bu rəsm akril boya ilə işlənmiş ilk işlərimdəndir.

 

- Bu rəsmi indi yenidən çəksəydiniz, nələrisə dəyişərdinizmi?

 

- Çox güman ki, . Onda texnika, yanaşma tərzi tamamilə başqa cür idi, indi isə tamam başqa cürdür. Məsələn, bu əsəri indi işləsəm, yəqin ki, rənglər belə olmazdı. Nəinki rənglər, bir çox şeylər başqa cür olardı yəqin. İyirmi ildə hər halda dəyişmiş olarıq.

 

- Özünüz hər hansı bir musiqi alətində ifa edirsinizmi?

 

 - Xeyr. Sadəcə dinləyiciyəm. Ancaq uşaqlıqdan musiqiyə çox böyük həvəsim olub. Xüsusilə piano gitaraya. Özüm ifa edə bilməsəm , musiqini çox sevirəm.

 

- Rəsmə ilk baxanda Şərqin ruhunu hiss edirəm. İfaçının üzündəki ifadə sanki sufilikdən, yaxud səmavilikdən xəbər verir. Ancaq gitara adamı qərbə aparır. Bəs sizcə?

 

- Əslində, mən həmişə belə anlayışlardan uzaq olmuşam. Bu təzadlar mənə yaddır. Mənim üçün əsas məsələ insandır, fərddir. Ən əsası da insanın duyğularıdır. Ona görə nəyisə təsvir edəndə bu mesajı verməyə can atmıram. Burada adamın əlində gitara yox, saz da ola bilərdi. Düzdür, sazı təsvir etdiyim əsərlərim kifayət qədərdir. Amma burada nəyə görəsə gitara vermək istədim. Səbəbini özüm bilmirəm.  Əgər hər hansı bir mədəniyyətin təsirini göstərmək istəsəydim, yəqin ki, sırf bir istiqamətdə gedərdim. Ümumiyyətlə, əsərdə qeyri-müəyyənlik kifayət qədərdir. Məsələn, qərb, yaxud şərq fərqi olmadığı kimi, ifaçının qadın, yoxsa kişi olduğunu da dəqiq bir şəkildə təsvir etməmişəm. Əsas diqqəti kənar, zahiri fərqlərdən daha çox insanın ruh halına yönəltməyə çalışmışam.

 

- İfaçının sol əli başı niyə fərqli rəngdədir?

 

- Çünki adamın sol əli ilə başı, yəni düşüncəsi vəhtəd halındadır. İfa zamanı əsas ağırlıq o tərəfə düşdüyü üçün həmin əli fərqli rəngdə verməklə düşüncə ilə əlin əlaqəsini göstərmək istəmişəm. Fikir versəniz, gitaranın simi var, adamın ağzı. İlk baxışdan absurd görünür. Ancaq bunlar hamısı bir ideyadan xəbər verir. Adam əslində, gitara ifa etmir, özünü ifa edir. Axı, musiqi insanın ruh halıdır.  Məhz buna görə əsərin adı "Çılpaq musiqi"dir. İnsan musiqi ilə bütövləşib, musiqini çılpaqlığı ilə hiss edir.

 

- Adam özü çılpaqdır.

 

- , çılpaqdır. Bu da ideya ilə tamamlanır. Mənim niyyətim burada musiqiçi vermək deyildi. Musiqini hiss edən adamı vermək idi. Təbii ki, çılpaq şəkildə səhnədə, burada təsvir etdiyim kimi çəmənlikdə gitara ifa etmirlər.

 

- Bu adam şən mahnı ifa edir, yoxsa qəmgin?

 

- Düzü, bu barədə konkret nəsə deyə bilmirəm. Ona görə ki, insanların dinlədiyi, yaxud zümzümə etdiyi mahnılar bəzən ruh halını əks etdirməyə də bilir. Ən çətin zamanda belə, şən mahnı zümzümə edən, yaxud əksinə, şən zamanda qəmli notlara qulaq verən insanlar var. Bu məni həmişə təəccübləndirib. Musiqi həmişə insanın ruh halını əks etdirməyə bilir. Bu səbəbdən də bu adamın hansı tərzdə ifa etməsini deyə bilməyəcəm. Bunu tamaşaçının ixtiyarına buraxıram.

 

- Əsərdəki rənglər barədə nə deyə bilərsiniz?

 

- Rəsmdə həm isti, həm də soyuq rənglərdən istifadə eləmişəm. Soyuq rənglərin fonunda isti rənglər daha çox hiss olunur. Bununla həm də musiqinin ahəngini verməyə çalışmışam. Gitara və günəşin rəngləri yaxındır. Ümumilikdə isə bu əsərdə rənglər və ümumi quruluş daha çox ideyanın ön plana çıxmasına xidmət edir.

 

- Bu rəsm bizə nə deyir?

 

- İnsan hisslərinin musiqi ilə ifadəsini.

 

Aytac SAHƏD

 

525-ci qəzet.- 2020.- 21 oktyabr.- S.19.