Barışın övladları  

 

 

Gözlerine bakarken,

güneşli bir toprak kokusu vuruyor başıma.

bir buğday tarlasında,

ekinlerin içinde,

kayboluyorum...

N.Hikmet

 

Avropanın ən böyük şəhərlərində anidən əllərində rəngli, ay-ulduzlu  bayraqlarla gənclər meydana çıxır - Vyanada, Berlində, Parisdə, Hamburqda, Kölndə, Düsseldorfda... Həyəcanlı, başı dik, saçları dalğalı bu gənclərin dilində sadəcə bir kəlmə var, o da TORPAQ...

 

Bu torpaq hər hansı bir torpaq deyil. Bu torpaq acılar, göz yaşları Şuşanın yolları kimi buruq-buruq həsrət qoxuyan torpaqlardır. Otuz il öncə atalarının, analarının zorla qovulduqları torpaqları bu gənclər Avropada əllərindəki rəngli bayraqları barış türküləriylə çağırırlar. İllərcə onların ataları, babaları, nənələri o torpaqlardakı ağacların, quşların, börtü-böcəklərin həsrətini çəkdilər. Dağlara, daşlara şeirlər, nəğmələr bəstələyib yanıqlı-yanıqlı oxuyub ağladılar...

 

İndi o həsrət özləm dolu göz yaşlarından bambaşqa bir gənclik doğuldu. Bu gənclər həsrətin barışın gəncləridir. Avropanın küçələrinə çıxan bu gəncliyin dilində müharibə nərələri, zülm türküləri yoxdur. Hamısı tək ağızdan sadəcə "TORPAQ" deyə hayqırırlar torpağın insanları barışa, gözəlliyə çağırdığını çox yaxşı bilirlər.

 

İllər öncə biz Azərbaycan üçün toplandılar, mitinqlər hazırlayanda o gənclər burada deyildi. Biz o gənclərin gələcəyinə, bizləri gücləndirəcəyinə ümid edirdik. Onlar gəldilər - kimisi hüquq, kimisi tibb, kimisi riyaziyyat, kimisi kimya oxumağa gəldilər. Amma ürəklərindəki o torpaq həsrətiylə yaşadılar Avropada. Ata-analarının acısını, məğlubiyyətini, həsrətini, işğal edilmiş o torpaqlarda babalarının məzarlarını unutmadılar. Bir gün, bəli, bir gün yenə Şuşada, Füzulidə, Cəbrayılda, Xankəndində, Ağdamda türkülər söyləmək arzusuyla yanıb tutuşdular.

 

 

 

Artıq Azərbaycan deyincə Azərbaycanı heç görməmiş insanlar deyil , o uşaqları axtarmaq keçir içimdən. Onları görüncə ürəyim Şuşanın dağları, Murovun yüksəklikləri kimi qabarır ürəyim. Bir yerdə bir toplantımı var, o an ağlıma professor Səlahəddin Xəlilov hocanın qızı Türkan, yazıçı dostum Əjdər Olun qızı Aysun, Altay Rüstəmli, Süleyman Sadıxoğlu, Tuncay Həsənli kimi gənclərimiz gəlir. Onların mitinqlərdə barışa, ədalətə səsləyən fotoşəkillərini gördükcə gələcəyə doğru inancım daha da güclənir. Bu balaların əliylə ədalət gerçəkləşəcək, onların gülüşüylə barış gələcək, onların türküləriylə tərəfdaşlıqlar, qaralamalar, yalanlar bitəcək. "The Times", "Guardian", "Sputnik" bunlar kimi böyük media təmsilçiləri yazırsa yazsınlar!.. Gerçəklər ədalət bu gənclərin Avropa Amerikadakı meydanlarda daşıdıqları ay-ulduzlu bayraqlarda dalğalanacaq. Raketlərlə vurulan evlər, daha dünyaya yeni gözlərini açmış körpələrin ruhları o gənclərin dilindəki barış şüarlarıyla yenidən  canlanacaq.

 

Hər kəs tərəf tuta bilər. Hər kəs müharibə üçün bir bəhanə tapa bilər. Hər kəs təbliğat maşınlarından əla istifadə edə bilər. Amma kimsə ədaləti yox edə bilməz. Barışa çağıran türküləri susdurammaz.

 

O torpağın qoxusu övladlarını yenidən yanına çağırdı: "Gəlin, bahar gələcək", dedi... "Viran edilmiş evlər yenidən canlanacaq, məzarlıqlarda yenidən dualar oxunacaq", dedi.

 

Yürüyün, balalarım, yürüyün! Vyanadan, Berlindən, Parisdən o torpağın səsini duyun! Barışa, bahara, çiçəklərə, dualara hazırlaşın!

 

Ustad Nazim Hikmət gözəl söyləmiş:

 

Güzel günler göreceğiz çocuklar

Güneşli günler göreceğiz.

Motorları maviliklere süreceğiz

çocuklar

Işıklı maviliklere süreceğiz...

 

 

 

Orxan ARAS

 

525-ci qəzet.- 2020.- 21 oktyabr.- S.15.