"Onun dəstəyinə ehtiyacımız yoxdur"  

 

Dağlıq Qarabağ müharibəsinin indiki şiddətli dövründə Elif Şəfəqin Ermənistan tərəfini erməni yazıçı "dostlarını" dəstəkləməsi onun türk vətəndaşı yazıçı adı daşımasıyla bir araya sığmır. Çoxmilyonlu əhalisi olan Türkiyə xalqı Azərbaycanla "tək millət, iki dövlət" formasında sarsılmaz birlik nümayiş etdirdiyi indiki məsuliyyətli şərəfli günlərdə Elif Şəfəq nəinki Azərbaycan xalqı, hətta türk xalqı ilə biryerdə deyil, Ermənistan tərəfində görünür. Strasburqda doğulan, qanı qarışıq olan, Madriddə orta təhsil alan, dünyanın müxtəlif universitetləri arasında sərgərdan həyatı keçirən Elif Şəfəqdən vətən millət, qardaş xalq ölkə hissinin çox uzaq olması təəccüblü deyildir.

 

Elif Şəfəqin Dağlıq Qarabağ ərazisində dağıdılmış azərbaycanlı qəbiristanlıqlarının və donuz, inək saxlanan müsəlman məscidlərinin deyil, erməni kilsəsi təəssübkeşliyini çəkib, kilsəni müdafiə edən yazıçı kimi özünü göstərməsi ilə uydurma sülh çağırışları bir-birini tutmayan addımlardır. Artıq hər kəsə çoxdan bəllidir ki, erməni xalqını torpaq işğal etmək xülyasına və bəlasına salanların bir çoxu elə bədnam erməni kilsəsinin təmsilçiləridir.

 

Elif Şəfəqin bədii əsərləri çox ziddiyyətlidir. O, bəzi Qərb dairələrindəki cinsi ayrı-seçiciliyin aradan qaldırılmasına dəstək verən feminizmin müdafiəçisidir. Fərqli cinsiyyətlərin bərabərliyini müdafiə edən Elif Şəfəqin türk və müsəlman adı daşımağa mənəvi haqqı yoxdur.

 

Hazırda müxtəlif üsullarla kilsə-keşiş təəssübkeşi kimi çıxış edib, cinsi azlıqları və fərqli cinslərin bərabərliyini müdafiə etməklə yüksək mükafatlara iddialı olmaq arzusunda olan "yazıçıların" sıralarında canfəşanlıq edən Elif Şəfəqin əsərləri Dardanel boğazından və Dəmir Qapı Dərbənddən bu tərəfə keçmək haqqını itirmişdir. Onun zahiri populizmlə oxucunu çaşdırmağa hesablanmış əsərlərinin Türkiyədə, Azərbaycanda, türk-müsəlman dünyasında heç bir dayağı yoxdurola bilməz. Özünü yazıçı hesab edən şəxsdən bundan böyük aşağılanmaq həddini təsəvvür etmək olmaz.

 

Təcavüzkar Ermənistanı müdafiə etmək son nəticədə qəsbkarlığı, cəlladlığı, vandalizmi, qaniçənliyi müdafiə etmək deməkdir. Heç şübhəsiz, bu məkrli və yaramaz mövqe isə Elif Şəfəqə mükafat yox, yalnız qəzəb və hiddət qazandıra bilər.

 

Azərbaycan xalqının Elif Şəfəq kimi "yazıçıların" dəstəyinə ehtiyacı yoxdur.

 

17 oktyabr 2020-ci il

 

İsa Həbibbəyli

 

525-ci qəzet.- 2020.- 21 oktyabr.- S.12.