"Millətin iki
Ordusu"
Bu sürətli axarın içərisində çox
həqiqətlərdən də, bütöv mənzərədən
də dəqiqliyi ilə hali olmaq mümkünsüzdür. Böyük
hadisələrsə onlardan aralandıqca, uzaq məsafədən,
vaxtın hündürlüyündən baxdıqca daha
aydın görünür.
Bu günlərin gerçək və dolğun
tarixçəsi bütün gərginlikləri,
ayrıntıları, dərinliyi və əhatəsi ilə gələcək
illərdə yazılacaq.
Yəqin
ki, keçmiş savaşlardan bəhs edən əski salnamələrdə
olduğu kimi, Azərbaycanın Qarabağın xilası
uğrunda apardığı Vətən müharibəsinin
ayrı-ayrı mərhələləri də mühüm
döyüşlərin adı ilə xatırlanacaq:
"Füzuli döyüşü", "Xudafərin
döyüşü", "Zəngilan
döyüşü", "Qubadlı
döyüşü", "Dəhliz
döyüşü", "Əsgəran
döyüşü", "Şuşa
döyüşü", "Kəlbəcər
döyüşü"...
Lakin Vətən müharibəmizin həmin tarixi
yazılanda gərək başqa, elə həmin
döyüşlər qədər gərgin, atəşli,
barışmaz qarşıdurmalı digər döyüşlər
də bircə-bircə qələmə alına.
Axı bu gün cəbhə bir yox, İKİdir.
Həm də
ikinci cəbhə keçmiş müharibələrdən
bizə tanış olan və məcazi mənada
bu cür adlandırılan "arxa cəbhə" deyil.
O da
ÖN CƏBHƏdir!
Həm də
bu ön cəbhədəki savaş o qədər önəmli,
oradakı qələbələr (və yerinə görə
elə qələbə qədər kəsərli olan
müqavimətgöstərmələr, duruşgətirmələr,
sözündəndönməzliklər) o qədər həyati
əhəmiyyətlidir ki, həmin cəbhədəki
uğurlar olmasa, o biri cəbhədə zəfərə
çatmağın da qarşısında çox
yarğanlar ortaya çıxar, çox aşılmaz maneələr
törəyərdi.
Bu gün ülvi məqsədimizə yetməyimizin,
torpaqlarımızı erməni istilasından
qurtarmağın tək yolu hər iki cəbhədəki
uduşlardan keçir.
Eyni anda hər
ikisində!
Hər ikisindəki hər addım bərabər dərəcədə
məsuliyyətli, çəkicə biri digərinə təndir. İraq olsun,
birində büdrəsən, o birində yıxılacaqsan,
digərində zəiflik göstərsən, o birində itirəcəksən.
Həmin iki ön cəbhədən birincisi önündə
Ali Baş Komandanımız İlham Əliyevin getdiyi Milli
Ordumuzdur ki, 2020-nin sentyabr-oktyabrında hünər dastanı
yazır, əsgər və zabitlərimiz cəsurluğu, Vətənə,
dövlətə sonsuz sədaqəti ilə canı-qanı
bahasına qarış-qarış torpaqlarımızı
yağı tapdağından azad edir.
Digər cəbhədə isə Prezident İlham
Əliyev özü təkbaşına bir ORDUdur və
dünyanın böyük gücləri ilə üzbəüzdür.
O, təkdir,
onlar çox.
Amma yenilməz
iradəsi, sarsılmaz qətiyyəti və əzmi ilə
Prezident İlham Əliyev bu mübarizədə dünya erməniliyinin
fitvası ilə hərəkət edən, artıq
maskalarını da çıxararaq aşkarca Azərbaycanın
haqqı, ədaləti yerbəyer etmək naminə
apardığı savaşda onun zəfərli irəliləyişlərini
ləngitmək və ya dayandırmağa canfəşan
ardıcıllıqla səy göstərən məkrli
qüvvələrin qarşısında dayanıb.
Döyüş
meydanında Azərbaycanın diz
çökdürdüyü Ermənistanı bataqlıqdan
qurtarmaq naminə dəridən-qabıqdan çıxan və
təcavüzkar niyyətlərin bundan sonra da davam etməsinə
havadarlıq etməkçün əlləşən o iri
güclərin, dünyada söz və yumruq sahibi olan dövlətlərin
arasıkəsilməz basqılarına tablaşmaq, bu bərabər
olmayan savaşda duruş gətirmək heç kəsə qətiyyən
sadə gəlməsin!
Əlbəttə,
Prezident İlham Əliyevi sevən və gücünün
üstünə güc qoyan xalqı var, mübarizəmizi
"öz mübarizəmizdir" deyərək ləyaqətlə
müdafiə edən qardaş, dost Türkiyə var, Pakistan
var, bir neçə gün öncə Minsk qrupu həmsədrlərinin
təhriki və diktəsiylə Birləşmiş Millətlər
Təşkilatı Təhlükəsizlik Şurasında Azərbaycana
zidd, ədalət əleyhinə, Dağlıq Qarabağ
münaqişəsinin həllinə əlavə əngəl
yaratmağa hesablanmış riyakar sənədin qəbul edilməsinin
qarşısını alan Qoşulmama Hərəkatına
daxil ölkələr və dünya boyunca çoxlu, lap
çoxlu etibarlı dostlarımız var.
Lakin əsas güclərlə son anda bilavasitə
üz-üzə duran, axırıncı qəti, yekun
mövqeyi ifadə edən yenə də tək Prezident
İlham Əliyevdir.
Şiddətli selin qarşısında məğrur və
qalib dayana bilməkçünsə güclü lider, qüdrətli
şəxsiyyət olmaq yetərli deyil.
Gərək ORDU olasan. Ordu Adam!
Diplomatiya təcrübəsində
"danışığın, görüşün
yazısı" (Meeting notes) deyilən bir anlayış var.
Bu, stenoqram deyil və bir qayda olaraq o səviyyəli qapalı
danışıqlarda nə stenoqramçı iştirak edir,
nə audio-videoyazılışlar aparılır. Danışığın
yazısı isə adətən mahiyyəti və məzmunu
yetərincə əks etdirir.
İctimaiyyətə, mətbuata məxfi qalan,
bağlı qapılar arxasında cərəyan edən
mühüm siyasi danışıqların qeydə
alınmış məzmunu zaman sovuşandan sonra dünənin
bir çox həlledici həqiqətlərinin düzgün dərk
edilməsi, tarixi gerçəklərin bərpası
üçün mötəbər qaynağa çevrilir.
Örnəyi,
ilk milli parlamentimizin - Məclis-i Məbusanın sədri
olmuş Əlimərdan bəy Topçubaşovun Azərbaycan
dövlətinin rəhbəri kimi Parisdə müstəqilliyimizin
tanınması, Azərbaycan Xalq Cümhuriyyətinin taleyi ilə
bağlı ümdə məsələlər ətrafında
müxtəlif ölkələrin səlahiyyətli və
sözükeçər siyasət və dövlət xadimləri
ilə 1919-1920-ci illərdəki
danışıqlarının məhz həmin şəkildə
yazılarının aparılması sayəsində biz bu
gün istiqlal tariximizin bir çox qaranlıq,
örtülü məqamlarından agah olur, müstəqilliyimizi
qorumaq, yaşatmaq yolunda fədakar vətənpərvərlərin
müasirlərə bəlli olmayan hansı usanmaz mübarizələr,
qəliz sınaqlardan keçdiyinə şahid kəsilirik.
Prezident İlham Əliyevin İkinci Qarabağ
savaşının başlandığı gündən
yüksək beynəlxalq səviyyədə indiyədək
apardığı danışıqların əksəri
haqqında məlumatımız çox ümumi, dövlət
başçımızın özünün bizə
çatdırdığı həddən ziyadə qısa, həm
də o danışıqlardakı əsas gərginliklərin
təfərrüatlarını açmadığı bilgilər
qədərdir.
İllər
ötəcək, gün yetişəcək ki, o sənədlərin
də arxiv susqunluğunun müddəti bitəcək və
sabahdakılara aydın olacaq ki, nəticə etibarilə millətimizə,
yurdumuza torpaqlarımızın mənhus düşmənin
çirkli ləpirlərindən təmizlənmək bəxtiyarlığının
qismət olduğu 2020-ci ilin narahat payızında Prezident
İlham Əliyev haqqa, insafa, ədalətə məhəl
qoymayan, açıq-aşkar şərin tərəfini
saxlayan hansı nəhəng güc sahiblərinin təzyiqləri
ilə qarşı-qarşıya idi, hansı yenilməz iradənin
və parlaq zəkanın müqabilində onların yaylım
atəşi kimi arasıkəsilməyən həmlələrinin
qarşısını alaraq yurdu, dövləti, milləti
naminə, sözün birbaşa mənasında, aslan kimi
çarpışırdı.
Lap
üzdən də olsa, bunu 2020-nin 26 oktyabrında milləti
qarşısındakı növbəti hesabatında, xalqa yeni
müraciətində gizlətmədi də: "Mən bir ay
buna dözürdüm, bir ay. Demirdim bunları,
yığılmışıq boğaza".
Yenə
diplomatik çərçivələri gözləyərək
açıb-ağartmır çox şeyi,
açıqlayarsa, elə ertəsi günü əsəbləri
tarıma çəkilmiş hiddətlənən millət 28
il ərzində bu xalqı boş "sabah-sabah" vədləri
ilə bezdirmiş saxtakar münsif dövlətlərin
elçilərindən hesab sormağa qalxar.
Prezident
haqdan, ədalətdən, bütün dünyanın qəbul
etdiyi qaydalardan kənar artıq bircə kəlmə demir,
düzlüyə çağırır, xəbərdarlıq
da edir, yada salır ki, bu günün sabahı var: "Beynəlxalq
hüququn kənarında heç bir addım atmırıq. Ermənistan torpağına girmirik, beynəlxalq
birlik tərəfindən tanınmış
torpaqlarımızı bərpa edirik. Əgər
BMT Təhlükəsizlik Şurasının daimi üzvləri,
Minsk qrupunun həmsədrləri bunu edə bilməyiblərsə,
çəkilsinlər kənara, mane olmasınlar. Ermənistandan fərqli olaraq, biz heç kimdən
kömək istəmirik. Mane olmasınlar və
Azərbaycan xalqının səbri ilə oynamasınlar.
Sabah bu müharibə qurtaracaq, biz istədiyimizə
nail olacağıq. Bəs necə olacaq
bizim münasibətlərimiz? Azərbaycan
xalqı bu haqsızlığı unudacaqmı? Unutmayacaq. Bunu bir fikirləşsinlər.
Azərbaycan indi o dövlət deyil ki, onun
maraqlarını kimsə kənara qoya bilər. Xeyr. Gün yetişəcək, gələcəklər
xahişlərlə, əməkdaşlıq təklifləri
ilə. Bəs hansı üzlə bizə
baxacaqlar?
Bu gün bütün imkanları səfərbər ediblər
bizə qarşı".
Bircə bu son cümlənin içərisində ən
yüksək dövlət səviyyəsində hansı təzyiqlərin,
təhdidlərin, şantajların olduğunu, əziz vətəndaşlarımız,
təsəvvür etməyə çalışın.
Minnətdar
olaq Prezidentimizə! Hər an səsinə səs verək
Prezidentimizin! Hər birimiz dayaq duraq Prezidentimizə! Hər kəs
bacardığı qədər, hər kəs öz
imkanınca!
Bu gün Prezident İlham Əliyev bütöv millətin
səsidir, millətin iradəsidir, hər növ düşmənimizin
və düşmənə hər çeşid dəstəkçilərin
qarşısında millətin gərilmiş
köksüdür.
Prezident 3
böyük dövlətin həmsədr olduğu Minsk qrupunun
bədnamlığını dünyaya car çəkir və
kişi kimi onların riyakar iç
üzünü əyan edir: "Biz öz
torpaqlarımızı işğalçılardan azad etməyə
başlayanda, görün, nələr baş verir. Azərbaycana hər tərəfdən nə qədər
böyük təzyiq göstərirlər. Əl-ayağa düşdülər. Bəs nə oldu? İyirmi səkkiz il bu məsələni belə
süründürə-süründürə, elə bil ki, həll
edirdiniz. Gəlib-getmək... orada görüş, burada
danışıqlar... Deməli, bunların
bütün fəaliyyəti indi Ermənistanı xilas etməkdir.
Təcavüzkarı, Xocalı
soyqırımını törədəni, Gəncəni Ermənistan
ərazisindən ballistik raketlərlə bombalayanı. Budur bu fəaliyyət".
Dabanyalayanların,
metastaz vermis xərçəng xəstəliyi kimi dünya
boyu şaxələnərək kök atmış erməni
lobbisinin gecə-gündüz imdad dilədikləri
böyük güclərin yüksək yetkililərinin, elə
həmin Minsk qrupu üçlüyü pəzəvənglərinin
Azərbaycan rəhbərinə pərdə ardında
hansı təzyiqlərlə üz tutduğunu təxmini olsa
da, təsəvvür etməkçün elə təqribən
eyni mənbədən istiqamətləndirilərək Azərbaycan
dövlət başçısından müsahibələr
alan bir para aparıcıların davranışına nəzər
salmaq yetər.
İrəvanda,
ya erməni lobbisinin hansısa hücrələrində ermənicə
hazırlanaraq sonra ingiliscəyə tərcümə
edilmiş təəssüratı oyadan qərəzkar
sualları bir televiziya aparıcısı və jurnalist kimi
deyil, dövlət ittihamçısı ədası ilə,
hikkə ilə Prezident İlham Əliyevə ünvanlayanlara
baxın, Vaşinqtondan, Parisdən, Moskvadan, daha haralardan
Bakıya olan zəngləri təsəvvür edin.
Prezident İlham Əliyev tərbiyəli, mədəni
insandır, yava danışanın ağzından
vurmağı da bacarandır, lazım gələndə daha
münasib fürsət gözləyərək o əyri
ağıza tərs şapalağın əsl dəminə qədər
səbir edəcək qədər də hövsələlidir.
Sentyabrın
27-dən bəri az qala hər gün
dünyanın müxtəlif informasiya agentliklərinə,
televiziyalara müsahibələr verir. Hamısını
ekranda seyr edirik. Bütün bunlar bir
adamın fotokamera qarşısında dayanaraq şəkil
çəkdirməsi kimi bir şeydir. Nə
qədər istəsən də, heç nəyi gizlədə
bilmirsən, kamera olanı olduğu kimi əks etdirir. Biz
baxırıq, dünya da seyr edir, elə bir neçə dəqiqə
sonra kimin kim olduğu müəyyənləşir,
müsahibə alan da, sualları cavablandıran da bəsirətli
tamaşaçıya həqiqətdə necə varsa elə
görünür, kimin nə istədiyi də çətinliksiz
duyulur.
Bu
danışan Prezident İlham Əliyevdir:
"İndi xarici mətbuat da, Azərbaycan xalqı da
görür ki, mən bütün bu suallara necə
lazımdır cavab verirəm. Onların səviyyəsinə
də düşmürəm. Heç vaxt.
Necə lazımdır cavab verirəm də,
susurlar da. Çünki cavab verə bilmirlər.
Deyirəm, get güzgüyə bax, sən burada
bizi ittiham etməyə gəlmisən? Sual
vermir, elə bil ki, prokurordur, bizi ittiham edir.
...Bax,
budur reallıq. Bizə qarşıdır bu
reallıq".
Bəs
Prezident İlham Əliyev, Döyüşçü İlham
Əliyev, Ordu İlham Əliyev bu viruslu, bulaşıq, bu
naxoş reallığı necə dağıdır, tərsini
avanda çevirərək paxırını necə
açır, obiri cəbhədə ermənini əzən
kimi, bu cəbhədə erməniçiləri necə tərksilah
edir, təslim olmalarını onlara necə etiraf etdirir?
Oktyabrın 25-i Prezident İlham Əliyev Amerika Birləşmiş
Ştatlarının "Fox News" televiziya kanalına
müsahibə verir.
Əslində, elə bu da bir döyüşdür. Həm də hec vəchlə
asan sayılmayacaq döyüş!
Çünki
aparıcının qırımından, hər yeni
sualını yalanlar, böhtanlar, saxtalaşdırmalar üzərində
qurmasından və bütün bunları gerçək kimi təqdim
etməsindən, həm də hər sualını bir
televiziya müxbirinin bir dövlətin
başçısına yönələn müraciəti kimi
yox, yekəxanalıqla qarşısındakını ittiham
edirmiş sayaq, əzazil prokuror tərzində səsləndirməsindən
dərhal bəlli olur ki, bu, sadəcə intervü deyil,
tapşırıq yerinə yetirməkdir.
Amma daş qayaya rast gəlib. Özü də necə qayaya!
Prezident
İlham Əliyevin bir dövlət başçısı,
diplomat, danışıqçı, müsahib kimi məharətlərindən
biri də odur ki, ona qarşı əks ovqata köklənmiş
rəqibi hansısa məqamda dəqiq zərbə ilə ən
ağrıyan, ən yandıran yerindən sancmağı, ən
zəif, ən göynədən nöqtəsindən
vurmağı bacarır, bu gedişi ilə də bayaqdan
qarşısında xoruzlananın tısını
yatırtmağa, özünü
yığışdırmağa vadar edir və həmin andan
söhbətin məcrası da dəyişir, qarşı tərəfdə
daha əvvəlki mənəm-mənəmlikdən əsər-əlamət
qalmır.
İlk
baxışdanca anlaşılır ki, "Fox News"
telekanalının müxbiri həm xeyli təcrübəli
(özü bildirir ki, 30 il Avropada işləyib),
həm də siyasi debatları siyasi döyüşə
döndərməkdə səriştələri olan yetərincə
hazırlıqlı mütəxəssisdir və onu Prezident
İlham Əliyevlə müsahibəyə hansısa qüvvələrin
sifarişi ilə öz ağır artilleriyaları kimi
çıxarıblar. Elə
başlanğıcdanca aydın olur ki, bunlar tərəfsiz bir
jurnalistin sualları deyil, Azərbaycanı sırf erməni
mövqeyindən kor dalana dirəmək, məsələlərin
tam ermənisayaq qoyuluşu ilə hücum çəkmək
məqsədli bir müsahibədir. Sualların
da hər biri həmsöhbəti çətinə salmaqdan və
tamaşaçı auditoriyasında rəy formalaşdırmaqdan
ötrü ciddi şəkildə hazırlanıb, daha kəskin,
daha iynəli və məhkumedici səslənmələri
üçün məxsusi redaktədən keçirilib.
Prezident İlham Əliyevsə öz
ampluasındadır.
İlk dəqiqələrdəncə
bütün sualların düşmənçi qərəz və
erməni kəsafəti ilə doluluğunu duyur, lakin təmkinini
pozmadan, təbəssümünü də əskiltmədən
suallara bir-bir dəqiq, etiraz yeri qoymayan, yalanları,
iftiraları dərhal, yerindəcə ifşa edən obyektiv,
məntiqli, hər eşidəni inandıran cavablarını
verir.
Fəqət sualları verəni və onun simasında
sualları tədarük etmiş qüvvəni yerində
oturtmaq üçün məqama da hazırlıq gedir.
Prezident
İlham Əliyev yüksək peşəkardır və ali səviyyəli peşəkarlara da
yaxşı bəllidir ki, adətən, illərin
yaratdığı təcrübə ilə sən belə bir
dönüş məqamını yetişdirmək
üçün məxsusi olaraq hazırlaşmırsan, digər
suallara cavablarını verə-verə bu barədə
düşünmürsən. Təcrübə
özü səni yönəldir və sanki həmin zərbə
qəfildən, ekspromtla gəlir. Amma zahirən
bədahətən yaranan kimi təsir bağışlayan o
nokdauna, bəzənsə elə dərhal nokauta salma anına
doğru əslində, daxilində daim sərrast işləməkdə
olan saatın diktəsi ilə saniyə-saniyə irəliləyirsən.
Aparıcı növbəti həmləsini edir və
qara eynəkli bir sualın içərisində bir neçə
ittiham, tənqid, həm də qarayaxma var. Sual uzun deyil, vur-tut
yarım dəqiqə ola-olmaya. Amma bir qısa suala bu
qədər qınayıcı çalarlar
sığışdırılıbsa, mətn bir daha göstərir
ki, bu sualların hər biri cidd-cəhdlə hazırlanıb.
Sual eşidilincə belə təsəvvür
yaranır ki, sanki azı 4-5 uzantısı olan qısa
sualın altından çıxa bilməkçün uzun
cavab verməyə ehtiyac duyulacaq. Lakin
Prezident İlham Əliyev elə həmin sualın səsləndiyi
vaxta tam tən gələn saniyələr ərzində
öz cavabını verir və müxbirin nəzərincə,
guya sualın ən effektli hissəsi olacaqmış kimi
görünən son müddəanın da əsassızlığını
rahatlıqla rədd edir. Korrupsiyadan, insan
hüquqlarından, söz azadlığından bəhs edən
aparıcı köntöy sualını, yəqin ki, Prezident
İlham Əliyevin həyat yoldaşının ölkənin
Birinci vitse-prezidenti olması eyhamı ilə ailə idarəçiliyi
məsələsi üzərinə gətirir. Əvvəlki
ittihamları arqumentli cavabı ilə dəf etdiyi kimi,
Prezident İlham Əliyev eyni ailədən olan üzvlərin
siyasətdə, dövlət işində görünməsinin
normal bir hal olduğunu dərk etməkçün müxbirə
uzağa getməməyi, öz ölkəsinə nəzər
salmağı təklif edir: "Korrupsiya var və biz buna
qarşı mübarizə aparırıq. Biz
geniş iqtisadi islahatlar proqramı təqdim etmişik.
...Ailə
idarəçiliyinə gəlincə, mən bir daha sizin
öz ölkənizə diqqət çəkmək istəyirəm:
orada mühüm vəzifələri ata və oğul
tutmuşdu - Buş ailəsi, Klinton ailəsi, ər və
arvad, Kennedi ailəsi və bir çox başqa ölkələrdə
də belə. Beləliklə, bu, ABŞ-da
baş verənlərdən fərqlənmir".
Lakin müxbir əl çəkmir, iddia edir ki, belə
hallar Amerikada da varsa, orada onların hamısı demokratik və
şəffaf şəkildə seçilmişdir.
Və müsahibədəki həmin həlledici
dönüş məqamı yetişir.
Bayaqdan
durmadan hücuma keçən aparıcının öz
ölkəsini demokratiya örnəyi kimi göstərməsinin
heç də həqiqət olmadığını Prezident
İlham Əliyev bircə istehzalı cümləsiylə
ortaya qoyur: "Bəli, xüsusilə ABŞ Ali Məhkəməsinin
qərarı ilə seçilmiş Buş".
Bütün
dünyanın da, təbii ki, "Fox News"un
müxbirinin də ABŞ-dakı 2000-ci il prezident seçkiləri
yaxşı xatirindədir. O vaxt Albert Qor seçkilərdə
qalib gəlmişdi. Amma bu, "demokratiya
etalonu" hesab edilən dövlətin döşünə
yatmadı, səsləri təzədən başqa cür saydılar
və Buşu qalib elan etdilər. Ayrı ölkələrdə
seçkiləri müşahidə etməkçün
ATƏT-in Demokratik Təsisatlar və İnsan Haqları
Bürosu (DTİHB) qatılmazsa, həmin seçkiləri
qeyri-legitim, yetərincə demokratik olmayan hesab edən ABŞ
nədirsə, 200-ə yaxın ölkədə seçkiləri
izləmiş bu qurumun Buş seçkiləri vaxtı tam tərkibli
missiya ilə fəaliyyətinə qadağa qoydu.
Və
Prezident İlham Əliyevin rişxəndli cümləsinin
müqabilində aparıcının reaksiyası artıq məğlubiyyətin
ifadəsidir, "haqlısınız" anlamındadır:
"Siz Amerika siyasətini bilirsiniz, cənab
Prezident".
Və
indi Prezident İlham Əliyev hücum edir, rəqibi
karıxdırmış zərbəsinin ardınca növbəti
yıxıcı zərbəsini endirir:
"Bəli, bilirəm. Mən
hazırlıqlı adamam".
Yəni
sizin ölkənizlə bağlı mən tək bunu yox,
çox şeyləri bilirəm, yəni
qarşınızdakının hər anda daha kəskin əks-zərbəsinin
gələ biləcəyinə də əmin olun, yəni
özünüzü yığışdırın!
Qarşısındakının
sadəcə hazırlıqlı deyil, çox
hazırlıqlı adam olduğunu püxtə aparıcı,
söz yox ki, elə müsahibənin əvvəlindən anlayırdı,
amma həmsöhbətinin nəzakətli rəftarını
görüncə belə sərt dönüşlə onu
naqolay vəziyyətə sala biləcəyini, ola bilsin, fərz
etmirdi və çərtiləndən sonra başa
düşdü ki, qulaqburmanın ardı da gələ bilər.
Ona görə məhz həmin andan - 17-ci dəqiqədən
sonra intervünün ahəngi dəyişir.
Əks tərəfin
sənin gücünü bütün əyaniliyi ilə hiss
etməsinə hər qarşıdurmada ehtiyac var. Həm də
rəqib bu gücün sadəcə söz yox, məhz onu yenə
biləcək GÜC olduğunu çılpaqlığı
ilə duymalıdır.
İlham Əliyev həmin məqamda qarşı tərəfin
zəif nöqtəsini taparaq zərbəni də düz ora
endirib, olsun ki, cavabını bir cümlə ilə
yekunlaşdırmayıb bir neçə cümləyə də
çevirə bilərdi və bayaqdan hücumda olan müxbir
o haqlı, danılmaz deyişlərin qarşısında daha
namünasib vəziyyətdə qalardı. Amma Prezident dərinə
getmir, çünki bu anda hədəf başqadır, əsas
məqsəddən yayınmaq olmaz.
Həm də digər incəlik var. Aradakı pərdəni
saxlayır - həm necəliyindən asılı olmayaraq mətbuatla,
həm də bu telekanalın məxsus olduğu dövlətlə.
(Axı beynəlxalq münasibətlərin kamil bilicisi
kimi Prezident İlham Əliyev çox şey bilir. Axı məlum
həqiqətdir ki, hələ Avraam Linkoln əyyamlarında
da Amerikada seçki saxtakarlığı olub. O,
prezidentliyə namizədliyini irəli sürəndə partiya
qurultayında iştirak etməyəcək adamları salona yığdırmış,
səslər onun xeyrinə verilmiş və beləcə,
Linkoln qondarma yolla prezidentliyə vahid namizəd kimi təsdiqlənmişdi.
Bu, uzaq dünən! ABŞ-dakı ən son prezident
seçkilərinin də 4 il qabaq baş
tutmasına baxmayaraq, əyintilər, pozuntularla bağlı
tozanağı hələ də yatmayıb. Bunu da biz yox, elə
Amerikanın sabiq prezidentlərindən olan Cimmi Karter söyləyib:
"ABŞ-da olan seçki sistemini ən bəsit inkişaf
etməkdə olan ölkə belə qəbul etməz").
Beynəlxalq efir, mətbuat müstəvisinin də əsl
ikinci cəbhə sayılmasının, qızğın
döyüş zolağı olmasının bir təsdiqi də
budur ki, ara-sıra elə qarşı tərəf - Ermənistan
da öz təmsilçiləriylə orada görünür və
hər dəfə də, digər cəbhədəki kimi,
şil-küt edilir, biabırçı məğlubiyyətə
düçar olur.
Baş nazirləri ki heç, üzüqaralıq, baş
vurduğu hər sahədə pərtliyə uğramaq o
dövlətçilik və siyasət fərsizinin alnına
yazılıb.
Adam dəmdəməki,
cırqursaq ola bilər. Ancaq
beləsi hansısa təsadüfün, ya tarixi
avantüranın nəticəsində gəlib hakimiyyət
taxtının ən yuxarısına dırmaşıbsa, bu,
çox xatalıdır, çünki beləsi ölkəni ən
ağır fəsadlara sürükləyə bilər.
Di gəl, dövlət özü belə bir ipləmənin
fitnələrinə uyursa, iqtidar ucdantutma hərdəmxəyallıq
mərəzinə yoluxubsa, bu gün dediyi ilə dünən
söylədiyinin uzlaşmaması o yana qalsın, bir saat əvvəl
təsdiqlədiyi ilə 1 saat sonrakı əməli bir-biri ilə
daban-dabana ziddirsə, bu, həmin dövlətin vətəndaşları
üçün artıq fəlakətdir. Çünki
belə davranışlar dövlətin əsaslarını
sarsıdır, onun varlığını təhlükə
altına qoyur. Bu gün Ermənistan həmin
vəziyyətdədir. Dağlıq
Qarabağda yaşayan ermənilərə illərdən bəri
yekə-yekə öz müqəddəratını təyinetmə
tələbləri ilə yaxa cıran Ermənistanın
özünün gələcək müqəddəratı bu
gün baş verənlərdən sonra çözülməsi
müşkül görünən pırtlaşıq
düyün halındadır.
Yaxşı,
tutalım, baş nazirləri zəifdir, diplomatiyadan
başı çıxmır, tarixdən kəmsavadddır,
başda öz ana dili olmaqla heç bir dildə, o cümlədən,
ingiliscə və rusca içərisində
aydın fikir daşıyan bircə cümlə qura bilmir,
harada müsahibə veribsə, hansı efirə çıxıbsa,
xar olub, öz biabırçı durumu ilə bizə işləyib,
haqlılığımızı miskinliyi ilə əlavə
dəfə isbata yetirib. Onu başa
düşdük. Bəs Xarici İşlər
naziri Zöhrab Mnasakanyan? O ki 30 ildir xarici siyasətdədir,
əcnəbi dilləri də bilir, Avropa ölkələrində
də işləyib, diplomatik üslubun fəndlərinə də
bələddir. Bəs o, niyə aciz
qalmışdı?!
BBC-nin
aparıcısı Kristian Amanpur onu dirəmişdi divara, onsuz
da elə həmişə görkəmindən
fağırlıq yağan Z.Mnasakanyan bir az da
cılızlaşmışdı, işğalçı
ölkəsinin ordusu Azərbaycan Ordusu qarşısında
darmadağın olan kimi, o da amansız müxbirin haqlı
sualları qarşısında tam iflas vəziyyətində
idi.
K.Amanpur
aman vermədən sərt sual qoyur: "Dövlətinizin
başçısı deyir ki, "Qarabağ Ermənistandır".
Bu, Qarabağı özünə birləşdirmək
istəməsi kimi qəbul edilə bilərmi?"
Ermənistan xarici işlər naziri guya diplomatik gediş
edərək əvvəldən bu deyilişin kontekstdən
ayrıldığını, baş nazirin belə söyləməklə
məqsədinin guya Ermənistanın Dağlıq Qarabağ
ermənilərinin təhlükəsizliyində rolunu diqqətə
çatdırmaq olduğunu, yəni bunun məcazi mənada
işlənmiş olduğunu söyləyir. Öz aləmində
sanki baş nazirini təmizə çıxarmaq istəyir.
Amma faktiki olaraq uduzur. Çünki etiraf
etmiş olur ki, Qarabağ Ermənistan deyil!
Əlbəttə
deyil! Əlbəttə olmayıb və əlbəttə ki,
heç vaxt da olmayacaq!
Biz bu gün yalnız Güclü Ordusu olan dövlət
deyilik. Rəhbəri
də bir Ordu olan xalqıq!
Savaşa İki Ordu ilə girən Xalq Qalib
Olmazmı?!
...Qarabağda atəşlər
açılır, toplar gurlayır, qırıcı təyyarələr
uçur, mərmilər partlayır. Gözəlliklər məskəni
o doğma yerlər 30 il olar ki, itirdiyi dincliyin,
rahatlığın həsrətindədir. Vətən
müharibəsi gedir.
Qarabağ savaşının son
payızının o tayında qələbədən
sonrakı ilk qış gəlir. Əzab görmüş bu
torpağa, bəmbəyaz tənzifə dönüb
yaralarını sarıyırmış kimi ağappaq qar
yağacaq. Sonra yaz gələcək, Böyük Qələbədən
sonrakı birinci bahar!
Buralardan hürküb
qaçmış quşlar qayıdacaq, köhnə səngərlərin
yerində çiçəklər açacaq, ağaclar
pöhrələnəcək, yolu itmiş bulaqlara iz
düşəcək, Qarabağın dünyaya
köçkün kimi gəlməyən uşaqları
doğulacaq...
Sabahkı Qarabağın, sabahkı Azərbaycanın
yiyəsi olacaq xoşbəxt yurddaşlarım!
Bu gözəlliklərdən, bu
azadlıqdan, bu sərbəstlikdən, bu nəfəs genliyindən
zövq ala-ala yaşayın, sevin, şadlanın,
qurun-yaradın, daha fərəhli günlərə ümidlər
bəsləyin, amma heç vaxt unutmayın, daim minnətdar
olun, həmişə əziz tutun!
O fədakar, mərd, yenilməz
kişiləri ki, burulğanlı zəmanədə
mümkünsüzü mümkün etməyi bacardılar,
İKİ CƏBHƏdə çarpışaraq
bütün bunları düşmən caynağından
qurtardılar, sizə əbədi yadigar və əmanət
etdilər!
Rafael Hüseynov
525-ci- 2020.-28 oktyabr.-
S.-6,7.