"Komediyalardan daha çox, insanları tragediyalar cəlb edir" - "Bir rəsmin dedikləri"

 

 

"Bir rəsmin dedikləri" rubrikasının qonağı Əməkdar rəssam Vüqar Muradovdur. Vüqar bəylə onun müəllifi olduğu "Şair" rəsmi haqqında danışmışıq.

 

- "Şair"in yaranma tarixçəsi haqqında deyə bilərsiniz?

 

- Əslində, bu rəsmi çəkərkən mənim əsas qayəm payızın rənglərini, abu-havasını vermək idi. Burada şair yox, payızı özündə əks etdirən meyvə, hovuz, ağac digər predmetlər ola bilərdi. Ancaq mən nədənsə şairi seçdim. Həmişə mənə elə gəlir ki, payızda həm təbiətdən, həm şairdən nələrsə gedir, sanki hər ikisi özündən nələrisə çıxarır.  Digər fəsillər payız kimi deyil. Məsələn, yazda ağaclar çiçəkləyib yarpaqları yaşıllaşırsa, payızda yarpaqlar tökülür. Burada yarpaqlardan sonra gələn boşluğu şairin duyğularının timsalında vermişəm. Ona görə rəsmin yaranmasına konkret bir hadisə yox, hisslər müşahidələr təsir göstərib.

 

- Rəsmi payızda çəkmisiniz?

 

- Düzü, hansı fəsildə çəkdiyimi dəqiq xatırlamıram. Bəlkə payızda çəkmişəm.

 

- Şairi məqsədyönlü şəkildə qəmgin təsvir etmisiniz, yoxsa belə alınıb?

 

- Deyərdim ki, belə alınıb. Bilirsiniz, çox maraqlı bir şey var. İnsanlar qəmgin şeylərə, faciələrə sanki daha çox maraqlı olurlar. Məncə, komediyalardan daha çox, insanları tragediyalar cəlb edir. Pis xəbər tez yayılar, deyirlər. Bu fikir çox güman doğru fikirdir. Pis bir hadisə baş verəndə insanlar onu daha çox müzakirə edir, nəinki yaxşı hadisəni. Qəribəsi budur ki, bu anlayış sənətə təsir göstərir. Fikir versəniz görərsiniz ki, yaradıcı adamlar çox vaxt düşüncəli, qayğılı, bəzən qəmgin görünür. Şair yaradıcı adam olduğu üçün yəqin bu cür təsvir etmək tələbatı yaranıb məndə.

 

- Şairin boynundakı şərfdirmi?

 

- Zahirən . Mahiyyət etibarilə yox. Mən o hissəni şərfdən daha çox, ondan çıxan enerjini xarakterizə edən bir işarə kimi vermişəm. Rəsmin ümumi rəng ahəngində həmin hissə seçilir daha açıq təsir bağışlayır. Əvvəl daha soyuq rənglərlə təsvir etmək istəsəm , daha sonra fikrimi dəyişdim. Rəngkarlığın öz prinsip qaydaları var ki, onları unutmaq olmaz.

 

- Şairi qəmgin çəkməyinizi başa düşdük. Bəs niyə çirkin çəkmisiniz?

 

- Yadıma bir əhvalat düşdü. Bir dəfə dostumla bir qadın işlərimə baxmaq üçün gəlmişdi. Qadın rəsmlərə bir xeyli tamaşa etdikdən sonra dostuma deyib ki, bu işlərdə təsvir olunan alma, armudun hamısı niyə əyridir (gülür)? İnsanlar rəsmə baxanda unudurlar ki, rəsm hər şeydən öncə sənət nümunəsidir. Əgər rəsmdə gördüyümüz hər şey konkret qəliblərlə təsvir olunsa, o zaman incəsənət mahiyyətini itirər. Mən burada şairin üzünü simmetrik çəksəydim, istədiyim effekti ala bilməyəcəkdim. Bu, daha çox intuitiv bir şeydir. Adam ümumi rəsmin az hissəsini tutsa da, fonda itmir. Çənəni üzü bu cür verməklə bir növ rəsmdəki tarazlığı qorumağa kompozisiyanı tamamlamağa çalışmışam.

 

- Əsərin rəng koloriti barədə deyə bilərsiniz?

 

- Rəng olaraq daha çox isti payızı andıran rənglərə üstünlük vermişəm. Buna baxmayaraq, soyuq tonlar da var. İsti tonlar payızı xarakterizə edirsə, soyuq tonlar daha çox şairdən çıxan yaradıcı enerjini simvolizə edir. Ümumiyyətlə, rəsmdə konkret olaraq filan qədər yarpaq təsvir edəcəm deyə bir fikrim olmayıb. Çalışmışam rənglərlə fikrimi çatdırım.

 

- Sizcə, bu rəsm deyir?

 

- Düzü, bu suala cavab vermək çətindir. Biz ölüb gedəndən sonra bu rəsmə baxan hər tamaşaçı fərqli məna yükləyə bilər. Məntiqli, ya məntiqsiz, fərqi yoxdur. Məsələn, elə adam var ki, deyir, mən filan rəsmə ac olanda baxa bilmirəm. Çünki rəsmdəki rənglər məni acdırır. Eşidəndə adama gülməli gəlsə , istənilən halda yaranan təəssürat, yaxud fikirlər olur. Yəqin bu rəsmə fərqli yanaşmalar ola bilər. Əgər sırf mənim bu rəsmlə demək istədiyimi soruşursunuzsa, mən burada şairin duyğuları ilə payızın sintezini göstərmək istəmişəm.

 

Aytac SAHƏD

525-ci qəzet.- 2020.- 28 oktyabr.- S.19.