Qələbəyə tükənməz inam

 

İNDİ HƏR BİRİMİZ QARABAĞDAN DANIŞMALI, ƏSGƏRLƏRİMİZİ ÇOX YAXINDA OLAN BÖYÜK QƏLƏBƏYƏ DAHA DA RUHLANDIRMALIYIQ...

 

 

Bu günlərdə Gənc Tamaşaçılar Teatrının "Əsgərə salam" adlı iki video-müraciəti internet resurslarda və sosial şəbəkələrdə yayıldı.

 

Hər kəsə bəllidir ki, bu teatrın repertuarında patriotik əsərlər üstünlük təşkil edir. Aktyorların həmin video-müraciəti son dərəcə təsirli, emosional, zəngin vətənpərvər ruhda səslənib.

 

Əlbəttə ki, bu uğurlu işdən danışarkən layihənin rəhbəri, gənc və istedadlı yazıçı-dramaturq Pərvin Nurəliyevanın və tamaşaları hər zaman orijinallığı ilə seçilən rejissor Bəhram Osmanovun xidmətini xüsusi vurğulamalıyıq. Və elə bu müraciətlərin təsiri ilə Pərvin Nurəliyeva ilə söhbət etmək qərarına gəldik.

 

Xeyli sayda respublika və beynəlxalq ədəbi-yaradıcı mükafatlara layiq görülən, Azərbaycan Yazıçılar Birliyinin və Avrasiya Yazarlar Birliyinin üzvü olan publisist-esseist, əsərləri rus, özbək, ingilis, türk, latış, Litva dillərinə çevrilən, Gənc Tamaşaçılar Teatrının mətbuat xidmətinin rəhbəri Pərvin Nurəliyeva "Kaspi" qəzetinə müsahibəsində bu qeyri-adi layihə üzərində işin necə getməsi haqqında danışdı. 

 

- Artıq iki ildir ki, Gənc Tamaşaçılar Teatrının mətbuat xidməti kimi çalışıram. Amma buna qədər də mən sevimli teatrın heç bir tamaşasını buraxmırdım, hamısına böyük maraqla baxırdım və çoxunu əzbər bilirdim. Birinci video-müraciətin mətnini yazanda direktorumuz Naidə xanım İsmayılzadə ilə ideyanı bölüşdüm. Deməliyəm ki, komendant saatı və karantin rejiminin məhdudiyyətlərinə baxmayaraq, Naidə xanım hər cür dəstək oldu və çəkilişin təhlükəsiz, qaydalara əməl olunaraq aparılması üçün şərait yaratdı. İlk video-müraciətdəki bütün obrazlar, lakonik şəkildə hisslərini ifadə edən aktyorlar həqiqətən illərlə səhnədə bu qəhrəmanları yaradıblar və bu problemin, ağrının unudulmaması, yeni nəsillər arasında da aktuallığını itirməməsi, zamanı gələndə onların öz əcdadlarının torpağını qaytarmaqdan ötrü vətənpərvər ruhda böyüməsi üçün çalışıblar. 

 

- Dediyiniz kimi, çəkilişlər teatrda baş tutdu...

 

- Bəli, ilk müraciət son otuz ildə teatrın Qarabağ mövzusunda yaratdığı səhnə əsərlərinin əsas məğzini, mənasını ifadə etmiş oldu. Buna görə əziz aktyorlarımıza minnətdarlığımız böyükdür. Bu gün yaradıcı adamlar Azərbaycan ordusunun qələbə əzmini, qalibiyyət xəbərlərini, müqəddəs müharibədə qalib gələn xalqın hisslərini ifadə edən əsərlər yaratmaq arzulayırlar.

 

- Pərvin xanım, müraciətin mətni, müharibənin dəhşətlərini və itkilərini yaşamış insanların hissləri o qədər təsirli idi, sanki bir ox kimi adamın qəlbinə sancılırdı, o sözləri deyən aktyorları sakit dinləmək mümkün deyildi, hətta deyərdim çox çətin idi... Azərbaycan qadınının, əsgərinin qəlbinin dərinliyindən gələn sözlər sanki ürəyin harayı idi və burda Azərbaycanı qılınc və öz həyatı bahasına qorumuş böyük sərkərdələrin çağırışı öz əksini tapmışdı. Burda hansısa konkret rol, oyun, aktyor texnikası yox idi, bu, sadəcə insanın - qəddarlıq, əzab, yalan, ədalətsizlik görmüş adamın üsyanı idi. Və gerçək vətəndaşlıq, səmimilik, sözlərin içdən gəlməsi elə budur, axı bizim aktyorlarımız Azərbaycan xalqının bu faciələri yaşamış oğlanları, qızlarıdır.

 

- Haqlısınız. İndi ikinci müraciət artıq hazırlanıb və burda müraciət ananın dilindən səslənir və iki dildə - Azərbaycan və rus dillərində təqdim olunacaq. Ana, Azərbaycan üçün əsgər böyüdən qadın Qarabağ konflikti başlayanda artıq dünyaya gəlmişdi və olaylar, faciəvi hadisələr onun gözünün önündə baş verib, uşaqlıqdan müşahidə edib bütün bunları - müharibə, qaçqınlar, şəhərlərin dağıdılması, yaxınların itkisi... Qadın bu ağrı ilə böyüyüb və indi öz beş yaşında olan oğluna baxanda arzu edir ki, balası o dəhşətləri görməsin, bununla yaşamasın, yaşıdlarının yetim qalmasını, əzab çəkməsini müşahidə etməsin. Və əlbəttə bütün bunlar, yəni çağdaş nəsilin, balalarımızın daha gözəl cəmiyyətdə, hürr dünyada yaşaması, gələcəyinin qorxusuz, komplekssiz olması indi səngərdəki əsgərdən asılıdı, ona görə ana əsgərə müraciət edir...

 

- Bütün bunlar çox səmimidir, ona görə ki yaşamısız bunları...

 

- Bəli, hamısı yadımdadır, biz paytaxt uşaqları idik, amma anamın, nənəmin günahsız qurbanları, şəhidləri necə ağlaması, evimizin yasa bürünməsi yaxşı yadımdadır. Həmin müraciətdə də yazmışam... Nə olsun ki, yaxşı oxudum, əla təhsil aldım, lap dissertasiya müdafiə etdim, amma həyat göstərdi ki, bütün öyrəndiklərin sadəcə vətənə xidmət etməlidir... Və hardasa özünü zəif hiss edəndə, həkimlər və hərbçilər kimi birbaşa faydalı ola bilməyəndə qələmə güc verməli olursan. Bir də vətənə sevgi də intellektual hadisədi, məncə, sən hardan başladığını, hara getdiyini və bu yolda öz missiyanı dərk edirsən. Pafosdan qorxuram, amma bu, pafos deyil, qanımızdan, genlərimizdən gələn duyğudur.

 

(Bu məqamda Pərvin xanım tərəddüd içində söhbəti dayandırır... Fikrə gedir və sanki bütün bu müddətdə ona rahatlıq verməyən sözləri dilinə gətirir - A.İ.)

 

Bilirsiz, Gəncənin raket atəşinə tutulmasından sonra balaca Nilayı tanıdıq, onun barəsində çox oxudum, öyrəndim. Bir gecədə baş verən hadisədən atasını, anasını və nənəsini itirib. Nilayı görən kimi övladlığa götürmək istədim. Bu gün də əgər yaxınları razılıq versə, düşünmədən qızlığa götürərəm onu. Qohumlarını axtardım, telefon nömrələrini tapdım və xalası ilə - ata nənəsinin bacısı ilə danışdım, bu səmimi arzumu da bildirdim, amma söylədilər ki, sağ qalmış yeganə nənəsi onu böyüdəcək... 

 

- Sizin ana və yaradıcı adam kimi əsas silahınız qələmdi, mübarizəni  yazaraq apara bilərsiz. Bu qazanmaqda olduğumuz qələbəmizi və artıq xeyli uğurlarımız var ki, onları öz tərəfinizdən necə yazacaqsız?   

 

- İndi də informasiya-ideoloji və mənəvi - virtual müharibədə çox aktiv iştirak edirəm, sosial şəbəkələrdə üç dildə lazımi səhifələrdə şərhlər yazmağa və xalqımızın həqiqətlərini bacardığım qədər ifadə etməyə çalışıram. Bunu həm də oğlum üçün edirəm, məncə, hamımız balaları düşünürük. Həmişə çalışıram ki, o sevinc göz yaşlarımı görsün. Son günlərdə sevincdən kövrələndə də oğlum nə baş verdiyini soruşur və onun anlayacağı şəkildə izah edirəm... Deyirəm ki, düşmənlər evlərimizi əlimizdən alıb yandırıblar, indi isə əsgərlərimiz oraları geri qaytarırlar. Bizim o yerlərdə daha gözəl evlər tikəcəyimizi danışıram ona... Öz yaşına uyğun düşüncəsi ilə başa düşür, sevincdən boynuma atılır... Nazim Hikmət deyir: "Cocuqlar ölməsin, şəkər də yeyə bilsinlər". Mən də elə hesab edirəm ki, uşaqların sevinmək üçün həmişə səbəbi olmalıdır...

 

- Doğrudur, bunu müraciətinizdə də dəqiq yazmısız...

 

- Bəli, həqiqətən son günlərdə telefonumda Qarabağ müharibəsi və terror qurbanı olan uşaqların şəkillərini paylaşımlar üçün saxlayıram, amma oğlumdan  gizlədirəm telefonu. Çünki mən onun yaşında olanda gördüklərimi unuda bilmirəm, əslində, mən deyəndə bütün həmyaşıdlarımı nəzərdə tuturam, üç on illik ərzində bu ağrı qəlbimizdə böyüyüb. İndi isə, tunelin sonunda gördüyümüz işıq hər gün daha da gurlaşdıqca, gözümüzü qamaşdırdıqca, bu ağrılar, illərlə yaşatdığımız emosiyalar ananın, dostun, şəhidin, aktyorun, vətəndaşın əsgərə müraciəti formasında üzə çıxır...

 

- Amma siz birinci müraciəti qələmə alanda ikincisini də yazacağınızı düşünməmişdiniz, deyilmi?

 

- Xeyr, qətiyyən düşünmürdüm! Bu, həqiqətən bir ananın arzusu kimi yazıldı. Axı bütün bu hadisələr, elan edilməmiş müharibənin hərtərəfli ab-havasında böyümüşük. Amma oğlum "Azad olundu, bizimdir, Qarabağ Azərbaycandır" sözlərini eşitdi və mən arzuladım ki, o, elə bu ovqatda böyüsün. Biz  yaradıcılığın, ədəbiyyatın böyük gücünü hər zaman hiss edirik və bu gün döyüş meydanında vuruşan gənclər məhz bu sənətin təsiri, tərbiyəsi ilə böyüyüblər. Teatr da heç zaman bu mövzulardan kənarda qalmayıb, siyasi-hərbi mübarizəni səhnədən, sənətin qanunları ilə ifadə edib. Amma mən müraciətimdə bu gün səngərdə döyüşən əsgərə müraciətlə demişəm - İndi ən gözəl əsəri onlar yazırlar, daha dəqiq desək, məhz onlar Azərbaycanın yeni tarixini yazırlar!

 

- Pərvin xanım, siz bu mövzuda teatr üçün bütöv bir dramturji material, pyes yazmaq planlaşdırırsınızmı?

 

- Bəli, hal-hazırda yazdığım pyesdə qəhrəmanlarımdan biri möcüzə nəticəsində erməni əsirliyindən xilas olmuş qadındır. Artıq pyesin ideyası ilə bağlı teatr rəhbərliyinə xəbər vermişəm və gənclərə hər zaman dəstək olan böyüklərimizi bu fikir maraqlandırıb. Bu, həm də müasir interaktiv üsullarla təqdim olunacaq bir səhnə əsəri kimi nəzərdə tutulub. Həmçinin, bir neçə il öncə yazdığım, Qarabağ mövzusunda olan "Çarəsiz yalan" hekayəm də rejissor, Xalq artisti Ramiz Həsənoğlunun diqqətini çəkib. Əgər bu hekayənin ekranlaşdırılması fikri qəti olsa, mətn əsasında ssenari yazmağı planlaşdırıram. Deyim ki, bu hekayə Şuşa nisgili ilə yaşayan, son nəfəsində də Şuşaya görə əzab çəkən qaçqın bir nənə haqqındadır. Bir neçə dilə tərcümə olunub, müxtəlif festivallarda, ədəbiyyat tədbirlərində bu hekayə ilə çıxış etmişəm. Bu günlərdə yeni işıq üzü görən "Serpantin" kitabıma da həmin hekayə daxil edilib. Kitabın rusca çapı da nəzərdə tutulur.

 

- Ümumiyyətlə, sizcə, bu mövzularda layiqli əsərlər yaranacaqmı?

 

- Yaradıcı adamlara bütün baş verənləri içindən keçirmək, tam dərk etmək və yazmaq üçün zaman lazımdır. Hadisələrin əsas məğzini tutmaq üçün lazımdı bu zaman. Xalqımızın birliyi, ruh yüksəkliyi, Ali Baş Komandanın qətiyyəti  nəticəsində gəlib çatdığımız məqam, ordumuzun qalibiyyətləri hər kəsi qanadlandırır. Uzun zaman idi ki, bu cür qeyri-adi özünəinam hissləri  yaşamırdıq! İndi hər birimiz Qarabağdan danışmalı, əsgərlərimizi yaxında olan böyük qələbəyə daha da ruhlandırmalıyıq. Məncə, bundan böyük, uca, ali məqsəd ola bilməz!

 

Söhbətləşdi:

 

Afət İSLAM

 525-ci qəzet.- 2020.-  31 oktyabr.- S.16.