Pandemiya, ədəbi intellektuallıq və ədəbiyyatda yaşamaq formulu

 

"ULDUZ" JURNALI İLƏ "525-Cİ QƏZET"İN BİRGƏ LAYİHƏSİNDƏ AZƏRBAYCANIN ÜÇ TANINMIŞ SÖZ ADAMININ BU ÜÇ SUALA CAVABLARINI TƏQDİM EDİRİK

***

 

- Karantin rejimi insanlara xeyli stresli, depressiv hallar yaşatdı. İnsanlarda xüsusən də dünyanın gələcəyi ilə bağlı pessimist ovqat yarandı. Karantin günlərində evdə qalan insanlar mütaliə ilə, film seyr etməklə günləri yola verirdilər. Yazıçılar təkliyə, evdə qalmağa öyrəşən sənət sahibləridir. Yazıçıların işi yazı masası arxasında oturub orada öz dünyasını yaratmaq və dünyaya oradan baxmaqdır. Ona görə də, evə qapanmaq yazıçılar üçün elə də əziyyətli olmadı. Pandemiya dövründə keçirilən iki yazı müsabiqəsinin münsiflər heyətinin üzvü oldum. İnsanların pandemiya ilə bağlı keçirdiyi hiss və duyğular, xüsusilə gələcəklə bağlı proqnozlar müxtəlif idi: pessimist olanlar da vardı, nikbin yanaşanlar da. Əslində, bəziləri bu pandemiyanın bəşəriyyəti xilas edəcəyini, qlobal istiləşmənin və digər problemlərin qarşısını alacağını deyirdilər. Karantin günlərində populyarlığını müəyyən qədər artırsa da, ədəbiyyat əvvəlki dövrlərdəki kimi cəlbedici deyil. İndi ədəbiyyatın yerini yeni texnologiyalar daraldır. Güman edirəm ki, postpandemiya dövründə ədəbiyyatın populyarlığı daha da aşağı düşəcək. Çünki bütün dünya - insanlar bir telefonun içinə yığılıb, az qala, bütün ünsiyyətlər, münasibətlər telefon vasitəsilə həyata keçirilir. Bundan əlavə, insanlar böyük həcmli yazılar oxumaqdan da yorulublar. Bu mənada, yəqin ki, ədəbiyyat da formasını dəyişərək daha dinamik, canlı, fərqli formalarda təqdim olunacaq. Necə ki canlılar təbii şəraitə uyğun dəyişir, çox güman ki, ədəbiyyat da formasını dəyişəcək. Ədəbiyyat hər zaman olacaq, amma yəqin ki, artıq klassik formada yox, hansısa başqa bir formada olacaq...

 

- Bu gün bestsellərə çevrilən bir çox bədii əsərlərin uğurunu zəngin informasiya, intellektuallıq, məlumatın çox olması ilə izah edirlər. Belə ədəbiyyat nümunələri bədii cəhətdən dolğun, təhkiyəsi dinamik olmayanda, o zaman bu zəngin informasiyalar da, məlumatlar da oxucu üçün darıxdırıcı və maraqsız gəlir.

 

Bu mənada mən o ədəbiyyata üstünlük verirəm ki, özündə həm bədii yük daşıyır, bədii dəyəri və səviyyəsi yüksək olur, həm də müəllif bu bədiiliyin içərisində intellektual informasiyanı çatdırmağı bacarır. Məsələn, mən Orxan Pamukun bir neçə əsərində müşahidə etmişəm, müəllif informasiyanı oxucuya onu həyəcanda saxlayaraq çatdırır. Son oxuduğum romanda - dostum Şain Sinarianın Əhmədiyyə Cəbrayılov haqqında yazdığı "Bir ömür iki tale" kitabında da zəngin informasiyalar bədii şəkildə çatdırıldığından, eyni zamanda, əsər axıcı dildə, dərin bədii qatlarla qələmə alındığından oxuduca zövq aldım. Şahin bu əsərdə informasiyanı oxucuya rahatlıqla həzm etdirə bilir. Bu tipli əsərlər yazıçının peşəkarlığı, bədii istedadı və intellektual səviyyəsindən asılıdır. Dəyərli əsərlər də məhz bu komponentlərin vəhdətindən yaranır.

 

- Ədəbiyyatla yaşamağın formulunu müxtəlif cür izah edə bilərlər. Mənə görə isə birinci şərt bədiilikdir. Söhbət ədəbiyyatdan gedirsə, ədəbiyyatın başqa sahələrdən fərqi odur ki, həyatı yüksək səviyyəli bədii obraz və çalarlarla təsvir edir. Bu yüksək bədiilik min il əvvəl yazılan əsərdə də, çağdaş ədəbiyyatda da olanda yaddaşlarda qalır, yaddaşından silinmir. Bu mənada, fikrimcə, yüksək peşəkarlıq və bədiiliklə yazılan əsərlər yazıçını daha uzun illər yaşadır. Hətta yüksək bədiiliklə deyilmiş bir misra, bir cümlə belə müəllifi əsrdən əsrə apara bilər.

 

Məti OSMANOĞLU (Tənqidçi):

 

 

 

- Pandemiyadan sonra insanlığın taleyi necə olacaqsa, ədəbiyyatın da taleyi elə olacaq. Təbii ki, pandemiya bəşəriyyət üçün qlobal dəyişmə zərurəti yaradıb. İndi dərin iqtisadi və mənəvi böhran içində olan iqtisadi sistemlərdə, insanların həyat tərzində, texnoloji imkanlardan istifadə mədəniyyətində kəskin dəyişmələr gedir və qloballaşma daha da sürətlənir. Bu dəyişmələrin insanların psixologiyasına sirayət etməsi qaçılmazdır və bunlar ədəbiyyatda da öz əksini tapacaq. Ən azından yaşadığımız günlərin metamorfoz proseslərini ədəbiyyat öz dilinə çevirib bizə və gələcək nəsillərə çatdıracaq. Heç şübhəsiz, gələcək nəsillər də geri dönüb bu günlərdə bəşəriyyətin yaşadıqlarını bədii ədəbiyyatda əks etdirəcək. Ədəbiyyat bu tarixə etinasız qalmayacaq.

 

Bəs ədəbiyyatda, bədii sözün nizamında konkret olaraq nə baş verəcək, estetik sistemlərdə hansı yerdəyişmələr olacaq? Mənə elə gəlir ki, bu suallar açıq qalır və açıq da qalacaq. Bu sualların cavabını bədii sözü yaradan fərdi istedadlar verəcək. İstedadın mahiyyəti isə həm bədii sözə, həm də ictimai fikrə gözlənilməzlik  gətirməsindədir.

 

- 1970-ci illərdə Sovet ədəbiyyatında, eləcə də bizim ədəbiyyatda "intellektual poeziya" termini işlədilir, ədəbiyyatşünaslıq "elmi-texniki inqilab"ın bədii ədəbiyyata təsirlərini araşdırırdı. O vaxt belə bir təmayülün yaranmasının başlıca səbəbi bədii ədəbiyyatda gedən köklü proseslər idi. Azərbaycan ədəbiyyatı özünün kifayət qədər canlı və bir o qədər də dramatik dövrünü yaşamışdı. Sovet siyasi və ideoloji buxovlarının boşaldığı, mənəvi iqlimin nisbətən mülayimləşdiyi müəyyən ara müddəti istər-istəməz ədəbi münasibətlərə də təsirsiz qalmamışdı. Zövqlər qarşıdurması, "radikal yenilikçilərlə" "mühafizəkar ənənəçilər" konflikti gərginləşmişdi. Həmin "radikal yeniliklər"dən biri də qəribə, "əndirəbadi" görünən anlayış və obrazları şeirə gətirməklə özünü intellektual göstərmək cəhdləri idi. Ancaq zaman keçəndən sonra sular duruldu...

 

İntellektuallığı bayraq edənlər anladılar ki, bədii ədəbiyyatda intellektuallıq məsələsinin qoyuluşu təzə hadisə deyilmiş. Dahi Füzuli intellekt məhsulu olmayan şeiri özülsüz divar hesab edir, son nəticədə bu cür divarın etibarsız, uçmağa, dağılmağa məhkum olduğunu göstərirdi: "Elmsiz şeir, əsassız divar olur, əsassız divar qayətdə bietibar olur".

 

Mənə elə gəlir ki, bugünkü Azərbaycan ədəbiyyatı elmsizlikdən daha çox əziyyət çəkir. İstər poeziyamız olsun, istər nəsrimiz, istərsə də dramaturgiyamız, publisistikamız - bunların intellektual qatı xeyli nazikdir və bədii sözün duyğu "örtüyü" müəyyən mənada köməksizdir. Mən bunu gəlişigözəl metafora kimi işlətmirəm. Təəssüflər olsun ki, oxucu da dərin mətnlərdən uzaqlaşmağa daha meyllidir. Azərbaycanda ədəbiyyat oxuyanların sayı onsuz da azdır, oxuyanların da əksəriyyəti belletristikanın, mənasız detektiv mətnlərin girovluğundadır. Bizim vəzifələrimizdən biri də insanların zövqünün immunitetini gücləndirmək olmalıdır.

 

- Ədəbiyyatın fərqliliyi və gözəlliyi formullara, düsturlara yerləşməməsindədir. Böyük ədəbiyyat mövcud formulları, düsturları dağıdır. Zamandan-zamana qiyama qalxan söz yeni sistemlər, formullar təklif edir. Bu mənada ədəbiyyatda yaşamağın formulu (əgər sualı düzgün başa düşmüşəmsə) mövcud formulların dəyişməsindədir. Ancaq bu dəyişmə o qədər mükəmməl olmalıdır ki, sözün intellektual qatı ilə duyğu örtüyü bir-birinin boyuna biçilsin, bir-birini üzvi şəkildə tamamlasın. Bir də özünə yaşamaq haqqı axtaran yeni yaşayan köhnəni zədələməsin...

 

Elşən ƏZİM (Şair):

 

 

 

- Pandemiya ümumbəşəri fəlakətdir. Əgər onu dünyada baş verən müharibələrlə müqayisə etsək, yeni bir ədəbi  prosesin, yeni mövzuların, obrazların yaranmasına səbəb olacağını görə bilərik. Təsəvvür edin, ədəbiyyatımızın ilk yazılı nümunələrindən biri Davdaq adlı şairin Cavanşirin ölümünə həsr etdiyi ağı hesab olunur. Deməli, müharibələr, fəlakətlər həmişə ədəbiyyatın əsas mövzularından biri olmuşdur. Antik ədəbiyyatın aparıcı xəttinin faciələr olduğunu da bilirik. İsgəndərin dünyanı fəth etməsi hətta Azərbaycan şairi Nizamini də düşündürmüş və özünün ən mükəmməl əsərini bu mövzuda yazmışdır. Dünya bu günə qədər Covid-19 boyda fateh görməyib. Tolstoyun "Hərb və sülh", Şoloxovun "Sakit Don", "İnsanın taleyi", Pasternakın "Doktor Jivaqo" Heynrix Böllün hekayələri və s. kimi dünyaca məşhur əsərlər, Markesin əsərlərindəki bədbəxt taleli hərbçi obrazları dünyanı bürüyən fəlakətlərin ədəbiyyatdakı bədii-fəlsəfi həllidir. Ümumiyyətlə, fəlakətlərdən yalnız ədəbiyyat qazanır. Çexovun hakayələrində o dövrdə yayılmış və müalicə yolları tapılmamış vərəm xəstəliyinin faciəvi nəticələrinə rast gəlmək olur. Elçinin "Ölüm hökmü" əsərində ölkəni bürüyən epidemiya qurbanlarının kütləvi şəkildə yandırılması  səhnəsi çox təsirlidir. Bir neçə il bundan əvvəl hansısa saytdan oxudum ki, Səməd Vurğunun "Ananın öyüdü" şeiri ABŞ-da İkinci Dünya müharibəsinə həsr olunmuş şeirlər müsabiqəsində nəticə qazanmışdır. 1943-cü ildə Nyu-Yorkda çap edilərək əsgərlər arasında geniş yayılmışdır. Bu məlumat IX sinfin ədəbiyyat dərsliyində də var. Azərbaycanda yazılan şeirin okeanın o tayında uğur qazanması onu deməyə  əsas verir ki, fəlakətlər ədəbiyyatın meydanını daraltmır, əksinə... Hesab edirəm ki, pandemiya da ədəbiyyata təsirsiz ötüşməyəcək, obrazlı desək, ədəbiyyata da yoluxacaq və artıq yoluxub. İlk simptomları hiss olunmaqdadır. Ancaq bu yoluxmadan ədəbiyyat qazanacaq, itirməyəcək. Mükəmməl əsərlər yaranacaq, filmlər çəkiləcək və s.

 

- Çox mübahisəli və hər zaman müzakirə olunan məsələdir. Ədəbiyyatın bədii-estetik tərəfinə intellektin mənfi təsirini mən daha çox Alber Kamyunun əsərlərində müşahidə etmişəm. Bu, oxucu kimi mənim şəxsi fikrimdir, ola bilsin ki, fərqli  düşünənlər də var. Ancaq  intellektli yazıçıların dünya ədəbiyyatına bəxş etdiyi sevilən əsərlərə də aid yüzlərlə örnək gətirmək olar. Nizami öz dövrünün bütün elmlərini mükəmməl bilən dərin bir intellekt sahibi olub. Onun əsərlərinin hər sətrində dərin intellektin, mükəmməl biliyin əks-sədasını duymamaq mümkün deyil. Bununla yanaşı, Nizami poeziyasında Şərq ədəbiyyatına məxsus estetikanın, simvolizmin ən üst qatda olduğunu da görürük. Çağdaş ədəbi mühitimizdə intellekt və istedad məsələsində tərəzinin gözü çox  zaman düz gəlmir. Bəzi istedadlıların intellekti, bəzi intellektlilərin isə istedadı zəifdir. "Duyğu örtüyü"nü zədələyən məhz bu haldır. Bu problem xüsusilə şeirdə özünü göstərir. Bəzi şeirlər yalnız duyğu ilə süslənir, kəpənək qanadı, çiçək ləçəyi kimi zərifdir, ancaq çəkisi də elə kəpənək qanadı, çiçək ləçəyi kimidir. Bəzi şeirlərdə isə duyğu, estetika, ümumiyyətlə, gözə dəymir. Ancaq mən bunu ciddi problem hesab etmirəm. Düşünürəm ki, ədəbiyyatda intellektin və istedadın tən gəldiyi əsərlər qalacaq.

 

- Bu suala ədəbiyyatşünaslar daha mükəmməl cavab verə bilər. Əgər bir şair, yazıçı ədəbiyyatda qalmağın dəqiq formulunu bilsəydi, yəqin, özünün ədəbi və əbədi yaşamını təmin edə bilərdi. Ədəbi yaşam  daha çox zamanın hökmünə bağlıdır. Bir ədəbiyyat müəllimi kimi bu suala həmişə cavab axtarmışam. Hətta diplom işim də "Azərbaycan ədəbi tənqid tarixi" mövzusunda olub. Bütün bunlar mənim ədəbiyyata, sənətə yanaşmamda dəhşətli bir məsuliyyət hissi yaradıb. Bu məsuliyyət get-gedə artdıqca yaradıcılığımda məhsuldarlıq azalır. Hərdən ixtisasca filoloq olmayan şair dostlarıma qibtə edirəm. Hər gün yazırlar, böyük ruh yüksəkliyi ilə paylaşırlar, "like"lərdən, şərhlərdən vəcdə gəlirlər...

 

Deyirlər Gəncə zəlzələsindən əvvəl sosial şəbəkələrdə Kəpəz o qədər uca olub ki, günün müxtəlif saatlarında ətrafındakı geniş əraziləri günəş işığına həsrət qoyub, kölgəsi gah Gəncənin, gah da Murovun üzərindən çəkilməyib. Sonra zəlzələ baş verdi, Kəpəz parçalandı, ancaq başqa bir möhtəşəm gözəlliyin yaranmasına səbəb oldu. Füzuli ilə Vaqif yaradıcılığını da belə bir müqayisə ilə səciyyələndirmək olar. Bu iki klassikin yaradıcılıq dövrləri arasında 200 il fərq var, ancaq Füzulidən Vaqifə qədər böyük bir klassikin olduğunu görmürük. Çünki Füzuli qüdrətinin kölgəsi geniş bir ədəbi məkanın və zamanın üzərindən çəkilmirdi. Vaqif yaradıcılığı isə bu məkanda zəlzələ effekti yaratdı. Füzuli mifi də Kəpəz kimi parçalandı, ancaq yenə kiçilmədi. Kəpəzin parçalanması Göygöl, Maralgöl kimi gözəllik ilahələrinin yaranmağına səbəb olduğu kimi, Füzulinin də yaradıcılığı hələ də ədəbi estetikamızı formalaşdırmağa israrlıdır. Eyni zamanda, Füzuli simvollarından tam fərqli real ədəbi obrazlar yaradan Vaqifin də poeziyası XVIII əsri "Vaqif əsri" adlandırmağımıza nədən olur və bugünkü poeziyamızın dil-üslub xüsusiyyətlərini müəyyənləşdirməkdə davam edir.

 

Özündən əvvəlkilərə, hətta Füzuliyə də tənqidi yanaşan Axundzadənin yaradıcılığı isə tamam başqa bir zəlzələyə, hətta vulkana səbəb oldu. Baxmayaraq ki, Səbuhi imzasıyla yazdığı qəzəllərdə o da Füzuli epiqonçusu idi. Ancaq ədəbi taleyində bu qəzəllərin heç bir önəmi olmadı. Dramaturgiyanın, ədəbi tənqidin, yazılı bədii nəsrin əsasını qoyduğu üçün ədəbi və əbədi yaşam qazandı. Hərdən düşünürəm ki, Seyid Əzim Şirvani mənzum hekayələrini, təmsillərini, mənzum məktublarını yazmasaydı, qəzəlləri nə qədər möhtəşəm olsa belə, ədəbiyyatda indiki urvat və hörmətini qazana bilməzdi. Bunu Sabir haqqında da demək mümkündür.

 

Kimi ədəbi cığır aça bilir, kimi ədəbi yol aça bilir, kimi dünya ədəbiyyatına körpü sala bilir, ən böyüklər isə ədəbi məktəb yarada bilir. Bax ədəbiyyatda yaşamağın formulu bunlardır. Bu isə hər sənətkara qismət olmur.

 

525-ci qəzet.- 2020.- 31 oktyabr.- S.20.