Gözümüzün nurunu necə hifz edək?

 

PROFESSOR KƏRƏM KƏRİMOVUN MÜƏLLİFİ OLDUĞU SANBALLI KİTAB BUNUNLA BAĞLI BİR SIRA MÜHÜM MƏTLƏBLƏRƏ AYDINLIQ GƏTİRİR

 

Göz xəstəliklərinin müalicəsi üzrə görkəmli mütəxəssis, professor Kərəm Kərimovla ilk görüşümüz və söhbətimiz onun fəaliyyət göstərdiyi Klinikada olub və o vaxtdan da yaddaşımda silinməz izlər qoyub.

Həmin ərəfədə Bakı Musiqi Akademiyasının böyük zalında Kərəm həkimin unudulmaz qardaşı, sənətşünaslıq doktoru, professor, Qədim musiqi alətlərinin yaradılması və bərpası sahəsində əvəzsiz mütəxəssis Məcnun Kərimovun xatirəsinə həsr olunmuş gözəl, nəfis bir kitabın təqdimat mərasimi keçirilmişdi. Mən o tədbirdə çəkdiyim fotoşəkillərin diskini indi ona təqdim etmək üçün gətirmişdim. Kərəm həkim növbəti əməliyyatdan çıxdıqdan sonra öz iş otağında mənimlə xeyli söhbət elədi. Bu söhbət əsnasında onun nə qədər həssas, mehriban, alicənab, müdrik bir şəxsiyyət olduğuna məndə qəti şübhə yeri qalmadı. Ayrılarkən o, son kitablarından birini mənə təqdim elədi. Kitabın adı bir az uzun, bir az qəliz olsa da, ilk baxışdan insan həyatı üçün çox vacib olan mətləblərdən bəhs etdiyi açıq-aydın hiss olunur: "Korluq və zəifgörmə yaradan xəstəliklər: profilaktikası və müalicəsi. Göz nurunu niyə itirir?" Beləcə, elmi dildə qələmə alınmış bu kitabı evə gətirdim və elə o vaxtdan da yazı stolumun üstünə, gözümün qabağına qoymuşam. Ötən bu müddət ərzində professor Kərəm Kərimovun insanlara və insanlığa bəslədiyi böyük sevgi ilə qələmə aldığı, ürəyinin qanı ilə yazdığı bu maraqlı kitabı diqqətlə oxudum, eləcə də vacib bildiyim, gələcəkdə istinad edəcəyim cümlələri işarələdim.

Görkəmli oftalmoloq-alim, akademik Zərifə xanım Əliyevanın əziz xatirəsinə həsr olunmuş bu gözəl, dəyərli kitabın araya-ərsəyə gəlməsində Kərəm Kərimovun rəhbərlik etdiyi Göz Xəstəlikləri Klinikasında çalışan həkimlərdən E.K.Rəşidəlizadə, N.K.Kərimova, K.S.İbrahimova və A.A.Hüseynova ona yaxından yardımçı olmaqla çox gərəkli bir işə imza atıblar. Kitab "Ön söz" və "Giriş" adlı iki ayrı-ayrı yazılarla başlayır. İlk yazıda tanış olduğumuz bu fikir müəllifin başlıca məqsədi və məramı barədə aydın təsəvvür yaratmaqda bizə yardımçı olur: "Bu kitabı yazmaqda məqsəd göz xəstəliyinin gətirdiyi faciəni qabartmaq deyil. Yeganə məqsəd gözü "göz bəbəyi" kimi qoruyub saxlamağın, xəstələndikdə isə vəziyyətdən çıxmağın yolunu göstərməkdir".  İnsan digər şəxslərlə, o cümlədən, hadisə və predmetlərlə ilk növbədə görmə duyğusunun vasitəsi ilə tanış olmaq imkanı qazanır. Göz nurunun qorunub saxlanılması isə can sağlığı anlayışının ən vacib komponentlərindən biri sayılır. Kitabın "Giriş" adlı yazısının ilk cümlələri məna və məzmun etibarı ilə bizim bu fikrimizə qüvvət kimi səslənir: "İnsanın görmə qabiliyyəti ən dəyərli amillərdən biridir və onun sıradan çıxması insanın əhval-ruhiyyəsini pozur, qəmginlik gətirir. Yalnız gözlərimiz bizi qaranlığın zülmətindən xilas edir və həyatımızı ətrafdakı dünyanın əlvan rənglərinə boyayır. Gözlərin köməyi ilə insan kainatın dərinliyini təhlil edir, əllərindəki gülün həssas gözəlliyindən zövq alır".

Kitaba daxil olan yazılardan biri "Göz nurunu niyə itirir?" adlanır. Burda da yenə əsas məsələ kimi sağlam qidalanmaq və sağlam həyat tərzi keçirmək ön plana çıxır. Bu kimi vacib şərtlərə əməl edən insan həm mövcud xəstəliklərə qarşı fəal müqavimət göstərə bilir, həm yeni xəstəliklərə tutulması ehtimalı azalır, həm də bir sıra xəstəlikləri, eləcə də gözün nuru ilə bağlı olan problemlər tədricən aradan qalxmağa başlayır. Bu mövzuda yazılıb çap olunan ayrı-ayrı kitablarla tanışlıqdan da bəlli olur ki, aclıq, təbii dərmanlar və sağlam qidalanma yolu ilə ayrı-ayrı insanlar bir sıra xəstəliklərdən yaxa qurtarıb sağlam həyata qədəm qoya bilmişlər. Kitabın 21-ci səhifəsində oxuyuruq: "Bir qisim adam da sağlam olmağın yolunu dadlı, ləzzətli, yüksək kalorili yeməklərdə görür, buna görə də səhərdən axşamacan "dəyirmanını" işlədir. Belələri nəinki xəstəlikdən yaxa qurtara bilmir, əksinə, xəstəliklərə, o cümlədən, göz xəstəliklərinə hamıdan tez tutulur. Digər qisim adamlar imkanları məhdud olan kasıblardır. Qida rasionunda vitaminlər, duzlar və digər vacib mikroelementlər çatışmadığı üçün çörəyə və un xörəklərinə üstünlük verdiklərinə görə onlar da xəstələnirlər. Halbuki açıq havada, günəşlə təmasda çox olan, çox hərəkət edən bu kateqoriyalı adamlar düzgün qidalanmış olsaydılar, gözlərinin nurunu ölənədək itirməzdilər".

Kitabın növbəti səhifəsində oxuduğumuz bu cümlələr pis vərdişlərin gətirdiyi fəsadlar barədə daha aydın təsəvvür yaradır: "Zənnimcə, insan orqanizmini beş barmağı kimi bilən və öz bədənini məharətlə idarə etmək elminə sahib olan Amerika alimi, professor Pol Breqqin bir müdrik kəlamını burada yada salmaq yerinə düşər. 95 yaşında olarkən qışın oğlan çağında açıq okeanda serfinq sürərkən qəzaya uğrayıb həlak olmuş bu gümrah insan (onun meyitini yaran həkimlər heyrətlə tədqiq etmişlər ki, alimin sinəsində 18 yaşlı oğlanın ürəyi döyünürmüş) deyirdi: "Bizi öldürən qocalıq deyil, pis vərdişlərdir". Biz böyük alimin sözlərini toxunduğumuz mövzunun kontekstində belə ifadə etmək istərdik: "Adamları kor qoyan qocalıq deyil, pis vərdişlərdir".

Haqqında söz açdığım kitabın son tərəfində, arxa hissədəki qabığının iç üzündə dərc edilmiş bir səhifəlik bioqrafiya mətnində oxuyuruq: "2000-ci illərdə K.Kərimov institutun nəzdində birgə fəaliyyət göstərən eksimer və fako lazer mərkəzlərini yaratmış, bununla refraksion ekzimer cərrahiyyəsinin və fako emulsifikasiyanın əsası qoyulmuşdur. Hal-hazırda bu mərkəz Bakı Elmi Tədqiqat Göz Xəstəlikləri Klinikası kimi fəaliyyət göstərir". Xatırlatdığımız kimi, bu gün bu klinikaya professor Kərəm Kərimov rəhbərlik edir. Kərəm həkim cəmiyyətimiz, xalqımız üçün faydalı olan titanik fəaliyyətinə görə dünyanın bir sıra nüfuzlu akademiyalarının həqiqi və fəxri üzvü seçilmişdir. Alimin bioqrafiyasına həsr olunmuş səhifədə bu barədə oxuyuruq: "O, Rusiya Keyfiyyət Problemləri və Nyu-York Akademiyasının, Avropa, Amerika Diabetoloqlar Cəmiyyətinin, türkdilli dövlətlər oftalmoloqlar assosiasiyasının üzvüdür. 2010-cu ildə Türkdilli Dövlətlərarası Elmi Araşdırmalar Akademiyasının həqiqi üzvü və akademiki seçilmişdir. 2011-ci ildə o, həmin akademiyanın Hippokrat adına təsis olunmuş Qızıl medalı ilə təltif olunmuşdur".

Professorun da qeyd etdiyi kimi, bir neçə əsr bundan əvvəl ilk eynəklərin yaradılıb istifadəyə cəlb edilməsi insan övladının ciddi kəşflərindən biri kimi bəşər tarixinin yaddaşına həkk olunmuşdur. Alim yazır ki, insanlar elmin, texnikanın tərəqqisi sayəsində yaratdığı fəsadları və problemləri elə bu texnikanın köməyi ilə də aradan qaldırmağa çalışır ki, nəticədə şüşə gözlər (eynək və linzalar) bu cəhdin nəticəsi kimi ortaya çıxmışdır. İlk eynəyin yaranması barədə kitabın 64-cü səhifəsində oxuyuruq: "Eynəklərin tarixi qədimdir. 1636-cı il noyabrın 28-də rusiyalı knyaz Nikita İvanoviç Adoyevski düzəltdiyi bir cüt boru şəkilli eynəyi rus çarı Mixail Fyodoroviçə təqdim etdi. Çar eynəyin birini keşiş Nikitaya bağışladı, o birini özü taxdı. O vaxtdan gözün qüsurunu şüşə hesabına aradan qaldırmaq ənənəsi geniş yayılmağa başladı və on səkkizinci əsrin sonunda eynək artıq nadir əşya sayılmırdı". Müəllif qeyd edir ki, 300 il rəqibsiz fəaliyyət göstərdikdən sonra nəhayət 1971-ci ildən etibarən cəmiyyətdə geniş şəkildə tətbiq olunan linzalar onun alternativi kimi mövcudluğunu nümayiş etdirməyə başladı.

Kitabda xüsusi bir məqam diqqəti çəkir ki, bəzi müayinə üsullarından başqa, gözün quzehli qişasının tətbiqinə əsaslanan bir üsul da mövcuddur və elmdə bu termin "iridodiaqnostika" adlanır. 143-cü səhifədə oxuyuruq: "Sovet iridologiyasının baniləri Y.S.Velxover, N.V.Şulpina, B.N.Romşov və akademik Zərifə xanım Əliyevadır. Azərbaycanda bu sahənin inkişafı məhz mərhum Zərifə xanım Əliyevanın adı ilə bağlıdır. Yuxarıda qeyd edildiyi kimi, akademik Z.Ə.Əliyeva digər müəlliflərlə birlikdə iridologiya problemlərinə həsr edilmiş monoqrafiya hazırlayıb çap etdirmişdir".

Kitabda göstərildiyinə görə, göz nurunun normal vəziyyətdə qorunub saxlanılması insanın sağlamlığını şərtləndirən əsas məsələlərdən hesab olunur. Bu da təsadüfi deyil ki, insan ən əziz, ən doğma adamına mehrini, ülfətini izhar edəndə ona məhz "gözümün nuru" , "gözümün işığı" deyə müraciət edir. Bu faktın özü də göz nurunun insan həyatı üçün nə qədər vacib əhəmiyyət daşıdığına işarə edir.

Kitab "Nəticə" adlı bir səhifədən bir az artıq olan bir yazı ilə yekunlaşır və həmin maraqlı yazının bir yerində oxuyuruq: "Hər birimiz öz əzizlərimizə, dost və tanışlarımıza gündə yüz dəfə möhkəm can sağlığı arzulayırıq. Bu da təbiidir, çünki sağlam olmayan insan xoşbəxt ola bilməz. Siz isə özünüzü və yan-yörənizdəki adamları xoşbəxt etmək istəyirsiniz. Lakin təkcə arzu və istəklə, alqış və dua ilə iş bitmir. Sağlamlığı necə qurub-yaratmağı və necə qoruyub saxlamağı dərindən bilmək lazımdır. Bu, elmdir, orqanizmə qulluq etmək elmi. Dahi Pol Breqq öyrədir ki, bütün elmlərin zirvəsi, şahı orqanizmə qulluq etmək elmidir. Bu elmi bilməyən insan, digər elmlərdən nə dərəcədə xəbərdar olursa olsun, nadan və bədbəxtdir". Məncə, bu müdrik kəlamlara əlavə şərh verməyə heç bir ehtiyac yoxdur. Bədii əsər kimi maraqla və birnəfəsə oxunan kitab bu ibrətamiz və mənalı sözlərlə başa çatır: "Həmişə xatırlamaq lazımdır ki, insan dünyaya yaşamaq üçün gəlir, qul tək işləmək, pul qazanmaq, mal-mülk yığmaq, qarnını doldurmaq üçün yox. İnsan yaşamaq üçün yeyir, yemək üçün yaşamır".

Kitabı oxuyub başa çatdırdıqdan sonra belə bir qənaətə gəldik ki, professor Kərəm Kərimovun insan sağlamlığını hifz edib qorumaq ideyasına xidmət edən bu gözəl monoqrafiyası təkcə göz həkimləri üçün deyil, bütün həkimlər üçün stolüstü vəsait olmalı, sağlam həyat tərzinə üstünlük verən hər bir digər vətəndaşın da etibarlı dostuna və könül sirdaşına çevrilməlidir.

 

Bayram AFURCALI

 

525-ci qəzet.- 2020.- 8 oktyabr.- S.15.