Şuşa qalasının 270 illiyinə həsr olunmuş virtual sərgi hazırlanıb

 

Mədəniyyət Nazirliyi Azərbaycan Dövlət Rəsm Qalereyasının təşkilatçılığı ilə oktyabrın 12-də Şuşa qalasının 270 illiyinə həsr olunmuş Elturan Avalovun əsərlərindən ibarət virtual sərgi açılacaq.

Nazirlikdən bildirilib ki, sərgi ordumuzun işğal olunmuş ərazilərimizin azad edilməsi uğrunda qazandığı qələbələrinə ithaf olunur. Sərgi Ermənistan tərəfindən işğal olunmuş doğma torpaqlarımızda maddi mədəni irsimizi bəşər mədəniyyətinin çox qiymətli inciləri kimi ictimaiyyətin diqqətinə yenidən çatdırmaq məqsədilə həyata keçiriləcək.

Ekspozisiyada Azərbaycan ziyalısı kimi Elturan Avalovun bir vaxtlar küçələrində gəzib-dolaşdığı Şuşanın evlərini, məhəllələrini, tarixi məscid meydanlarını təsvir etdiyi qrafik işlərindən ibarət olacaq. Rəssamın Şuşadakı "Seyidli məhəlləsi"nin, "Xoca Mərcanlı" "Hacı Yusifli" məhəllələrinin, "Aşağı Gövhər Ağa məscidi"ndə yerləşən məhəllənin, "Tacir Məşədi Tağının evi", "Gəncə darvazası" kimi qrafik əsərləri xüsusilə diqqəti cəlb edir. Y.Salamzadə Şuşanın memarlıq abidələrinin qrafik rəsmlərini tarixi abidələrin "Daşlaşmış poeziya"sı adlandırıb.

Mədəniyyət Nazirliyi tərəfindən Elturan Avalovun qrafika işlərindən ibarət kataloq da çap olunacaq. Dövlət Rəsm Qalereyası sənətsevərləri xüsusi karantin rejimi sosial izolyasiya, komendant saatı şəraitində sərgi salonlarının müvəqqəti bağlı olmasını nəzərə alaraq virtual sərgini izləməyə dəvət edir. Sərgini Dövlət Rəsm Qalereyasının sosial media hesabları vasitəsilə izləmək mümkündür.

 

525-ci qəzet.- 2020.- 9 oktyabr.- S.16.