İrəli, irəli, ay əsgər oğlum!

 

Döyüşçü oğlum Elvinə və bütün döyüşçülərimizə Allah yar olsun!

 

Silahın mübarək, andın mübarək,

Arzuna çatmısan, ay əsgər oğlum!

Bu könül təpərin, adın mübarək,

Oldun ərənlərə tay, əsgər oğlum!

Arzuna çatmısan, ay əsgər oğlum!

 

İgidlər bəzəyir, bax, sağ, solunu,

Yağılar qanıra bilməz qolunu,

Gözləyir Xankəndi sənin yolunu,

İrəli, irəli, ay əsgər oğlum!

Yurdun vuran əli, ay əsgər oğlum!

 

Hoydu, yağıların üstünə yeri,

Durublar Vətənin qəsdinə, yeri.

Qoy nərən titrətsin bu göyü, yeri,

Açılsın bu eynim, ay əsgər oğlum!

Səninlə öyünüm, ay əsgər oğlum!

 

Qaytarıb bu yurda sən yazı, qayıt,

Əzəlki növrağı, avazı, qayıt.

Sənin ağrın alım, sən Qazi qayıt,

Oxşayım boyunu, ay əsgər oğlum!

Eyləyim toyunu, ay əsgər oğlum!

 

Nəsibəm, sinəmdə Vətən dərdi var,

Vətənin sən tək neçə mərdi var.

Zəfəriniz dərdlərimi tez qovar,

Güvəncim, vuqarım, ay əsgər oğlum!

Qayıdan baharım, ay əsgər oğlum!

 

Nəsib QARAMANLI

 

525-ci qəzet.- 2020.- 9 oktyabr.- S.16.