Tarixçə
Jurnalist
Müsəllim Həsənovun Azərbaycan tarixinin ən
müxtəlif dövrləri ilə bağlı son illər qələmə
aldığı tədqiqat və araşdırmaları,
tarixi sənədlər əsasında yazdığı
ssenarilərə çəkilmiş filmlər, televiziya
verilişləri istər oxucuların, istərsə də
tamaşaçıların diqqətini çəkən ən
yaddaqalan layihələrdəndir.
Bu
materiallar həm də tariximiz, ayrı-ayrı tarixi şəxsiyyətlərlə
bağlı bir çox qaranlıq məqamlara işıq
salınması baxımından zəruri və
lazımlıdır.
Müəllifin
son vaxtlar öz Feysbuk səhifəsində "Bilirdinizmi"
başlığı altında tarixin ən fərqli dönəmlərini
əks etdirən tarixçə tipli yığcam
paylaşmaları isə sosial şəbəkə istifadəçiləri
tərəfindən xüsusi maraqla izlənilir.
Bu diqqət və marağa güvənərək həmin
yazıları "525"in oxucuları ilə də
bölüşmək qərarına gəldik. Niyyətimizi
bildirəndə, sağ olsun, jurnalist dostumuz istəyimizi geri
çevirmədi və razılaşdıq ki, bu yazılar
vaxtaşırı qəzetimizdə dərc olunsun.
Buyurun, oxuyun.
"525"
***
1946-cı il. İranın baş naziri Stalinlə nələri
müzakirə edir?
Bilirdinizmi ki, 1946-cı ildə İ.Stalin İranın
baş naziri ilə Cənubi Azərbaycan məsələsini
müzakirə edib?
Məlum olduğu kimi, faşist Almaniyasının
SSRİ-yə hücumundan sonra - 1941-ci ilin avqustunda sovet
qoşunları İrana yeridilir. Həmin ilin
noyabrında S.C.Pişəvərinin rəhbərliyi ilə Azərbaycan
Milli Hökuməti yaradılır.
Təbii ki, müharibənin qurtarmasına baxmayaraq, sovet
qoşunlarının İranda qalması və ölkənin
şimalında azərbaycanlıların Milli Hökumət
yaratması İran rəhbərliyini ciddi narahat edir. Ona görə
də 1946-cı ilin yanvarında İranın baş naziri
seçilən Qəvvam Əs-Səltənə bu problemləri
həll etmək üçün Moskvaya İosif Stalinlə rəsmi
görüşə gəlir.
Həmin görüşün Moskva arxivlərindən
birində saxlanılan stenoqramından məxfilik qrifi
götürüldüyü üçün biz həmin
stenoqrama əsaslanırıq.
1946-cı
il fevralın 21-də axşam saat 9-da
İ.Stalin Qəvvam Əs-Səltənəni qəbul edir.
Qəvvam Stalinə bildirir ki, "mən diplomat deyiləm,
ona görə də səmimi və açıq
danışmaq istəyirəm", Moskvaya iki problemi həll
etmək üçün gəlmişəm.
Birincisi, sovet qoşunlarının İrandan
çıxarılması xahişidir.
Qəvvam xatırladır ki, Məclisdə (parlamentdə)
tərəfdarlarım azdır, mövqeyimi möhkəmləndirmək
üçün yeni seçkilər keçirməliyəm. Ancaq sovet
qoşunları İranı tərk etməyincə seçkilər
keçirmək mümkün deyil.
Qəvvam
bildirir ki, müzakirə etmək istədiyim ikinci məsələ
Azərbaycan məsələsidir...
Baş nazir İranın ərazi
bütövlüyünün saxlanılması şərtilə
bu işdə Sovet İttifaqından kömək istəyir.
İ.Stalin
Qəvvam Əs-Səltənəni diqqətlə dinləyir və
fikrə gedir...
İ.Stalin: "Biz Bakısız
yaşaya bilməzdik"
Bilirdinizmi ki, Stalin İranın baş naziri Qəvvam
Əs-Səltənəyə 1921-ci ildə "biz
Bakısız yaşaya bilməzdik" deyib?
İ.Stalin
Qəvvam Əs-Səltənəyə sovet
qoşunlarının İrana 1921-ci il
müqaviləsinə əsasən yeridildiyini
xatırladır. Bu müqavilənin isə iki səbəbdən
imzalandığını yada salır: "Birincisi, sovet
Rusiyası təsir zonasından imtina etdi, ona məxsus əmlakı,
dəmir yollarını və s. İrana verdi.
Bu, ondan ötrü edildi ki, Bakını
müdafiə edə bilək, biz Bakısız yaşaya bilməzdik".
İkinci
səbəb ondan ibarət idi ki, biz yaxşı bilirdik ki,
Versal müqaviləsi bağlanarkən İran nümayəndə
heyəti bəyanat verərək Dərbəndin,
Teymurxan-Şuranın, Rusiya Ermənistanının, Azərbaycanın
və Xəzərin o tayındakı ərazilərin (Orta
Asiya - M.H.) İrana birləşdirilməsini tələb
etmişdi. Bu, İranın Sovet Rusiyasına
qarşı ciddi aqressiv istəyi idi.
Bundan
sonra Stalin İranın şimalında hollandlar və
amerikanlar tərəfindən neft çıxarılması məsələsinə
toxunur və birbaşa etirazını bildirir: "İran neft
konsessiyasını üçüncü ölkələrə
verməli deyil, onu Sovet İttifaqına verməlidir".
Onda hələ
sovet qoşunları İranda idi və Stalin əminliklə
danışa bilirdi...
Daha sonra
Stalin deyir: "İran Azərbaycanının müxtariyyət
məsələsi İranın daxili işidir. Əgər
Qəvvam mənim məsləhətimi və köməyimi
istəyirsə, vicdanla danışsaq, azərbaycanlılara nəsə
vermək lazımdır. İndi başqa
zamandır. Separatizmin
qarşısını muxtariyyətlə almaq olar.
... İran azərbaycanlıları görür ki, Sovet
Azərbaycanının məktəbləri, məhkəmələri
var. Bu, onlarda təbii istək yaradır ki, bu şeylər
onlarda da olsun. Muxtariyyət İrana
heç bir təhlükə yaratmır. Hər
şey İrana məxsus olacaq".
Cənubi Azərbaycanda muxtariyyət
məsələsinə iki baxış
Bilirdinizmi ki, İ.Stalin həmin görüşdə əgər
cənubdakı "Azərbaycanlılar SSRİ-yə birləşmək
xahişi ilə müraciət etsələr, onlara bu məsələdə
etiraz olunacaq" deyib?
İ.Stalin
Qəvvam Əs-Səltənəyə Azərbaycana (Cənubi
Azərbaycana) muxtariyyət verməyin daha düzgün
olduğunu xatırladır və deyir: "Bir halda ki məsləhət
istədiniz, əlbəttə, bu, mənim məsləhətimdir.
Razılaşmaq, ya razılaşmamaq Qəvvamın
öz işidir. Hesab edirəm ki, azərbaycanlıları
sakitləşdirmək üçün nəsə vermək
lazımdır".
Qəvvam
muxtariyyət təklifi ilə razılaşmır, bildirir ki,
oxşar hərəkat başqa yaşayış məntəqələrində
də başlayar və İranın dağılmasına səbəb
ola bilər.
Stalin xatırladır ki, vaxtilə Gürcüstan və
Ermənistan sovet Rusiyasından ayrılmaq istəyirdilər,
onalara güzəşt edildi, indi çıxmaq istəmirlər. Muxtariyyət
separatizmə qarşı vasitədir.
Sonra
Stalin Baş nazirdən soruşur ki, daha kim
muxtariyyət istəyər? Kürdlər?
Daha kimlər?
Stalin əlavə edir ki, nəsə vermək
lazımdır, İran nəticədə daha da möhkəmlənər.
Qəvvam soruşur ki, hər əyalət muxtariyyət
istəsə, İran necə möhkəmlənə bilər?
Stalin bildirir ki, ruslar İranın möhkəmlənməsini
istəyir, biz İran azərbaycanının
ayrılmasını istəmirik. Hətta əgər azərbaycanlılar
SSRİ-yə birləşmək xahişi ilə müraciət
etsələr, onlara bu məsələdə etiraz olunacaq.
Qəvvam
Stalindən xahiş edir ki, İrana himayədarlıq etsin,
amma "muxtariyyət" sözü olmasın...
Bəs Azərbaycan Milli Hökumətinin taleyi necə
olsun?
Stalin: “Azərbaycanlılar həddini
aşıblar”
Bilirdinizmi ki, İ.Stalin İranın baş nazirinə Cənubda
yaşayan "Azərbaycanlılara güzəştə getmək
lazımdır" təklifini verib?
İranın baş naziri Stalinlə görüşdə
İran Azərbaycanında yaradılmış Azərbaycan
Milli Hökuməti ilə bağlı müzakirəni davam
etdirir.
Baş nazir bildirir ki, biz İran Azərbaycanına
ordakı hökumətlə (S.C.Pişəvərinin rəhbərlik
etdiyi Milli hökumət nəzərdə tutulur - M.H.)
danışıq aparmaq üçün xüsusi missiya
göndərmək istəyirik. Mən hazıram ki,
orda bəzi islahatlar aparım, amnistiya elan edim, azərbaycanlılar
təqib olunmasın, "muxtariyyət" söhbəti
yığışdırılsın, nazirliklər ləğv
edilsin, Azərbaycana öz daxili işləri ilə məşğul
olmaq imkanı yaradılsın.
Qəvvam Stalinə deyir ki, İran konstitusiyasında
muxtar qurumlar nəzərdə tutulmur. Amma indi azərbaycanlılar
öz nazirliklərini yaradıblar, nazirləri var.
Stalin: Azərbaycanlıların
hərbi naziri var?
Qəvvam təsdiq cavabı verir.
Stalin:
Xarici İşlər naziri də var?
Qəvvam:
Belə çıxır ki, onların Xarici İşlər
naziri də var...
Stalin: Azərbaycanlılar
həddini aşıblar. Bu, muxtariyyət deyil.
Onların hərbi naziri, xarici ticarət naziri və
xarici işlər naziri olmamalıdır.
Qəvvam təklif edir ki, nazirliklər ləğv
edilsin, "muxtariyyət" sözü də işlənilməsin.
Stalin soruşur ki, bəs dil məsələsi necə
olsun?
Qəvvam cavab verir ki, Azərbaycan dili İran Azərbaycanında
yaşayan əhalinin doğma dili deyil, burda məskunlaşan Səlcuq
işğalçılarının dilidir. İndi azərbaycanlılar
İran hökumətinə, Tehrana məktubları Azərbaycan
dilində yazırlar, bu dili isə tehranlılar başa
düşmür, ona görə də xüsusi tərcüməçilər
saxlamaq lazım gəlir.
Qəvvam Stalinə özünü onun yerinə
qoymağı təklif edir. Deyir ki, Azərbaycanda
mülküm var, onu idarə edən mənə məktubu Azərbaycan
dilində yazır. Mən onu necə
oxuyum?
Stalin: Bu,
şəxsi məsələdir, sənin mülkünü
idarə edən fransız da ola bilər...
Qəvvam
bildirir ki, azərbaycanlıların öz dili yoxdur...
Stalin:
Əvvəllər Rusiyada da deyirdilər ki, belorusların və
ukraynalıların öz dili yoxdur, onların dili də rus
dilidir. Lakin onlara güzəştə gedildi,
indi ukraynalıların da, belorusların da öz dili var,
baxmayaraq ki, onların slavyan kimi öz aralarında ümumi
olan çox şeyləri var. Bu baxımdan azərbaycanlılara
güzəştə getmək lazımdır.
Qəvvam
Gilan hadisələrini xatırladır və Azərbaycan Milli
Hökuməti ilə bağlı Stalindən bir xahiş
edir...
İranda Azərbaycan dili tədris
edilə bilər, bir şərtlə ki...
Bilirdinizmi ki, İranın baş naziri İ.Stalindən
Cənubi Azərbaycanda yaradılmış Milli Hökumətə
məsləhət verməsini xahiş edib?
Stalinlə
görüşdə söhbət İranda yaşayan azərbaycanlıların
dil məsələsindən düşür və Qəvvam
orda yaşayan əhalinin Tehrana məktubları Azərbaycan
dilində yazmasından narahatlığını bildirir.
Qəvvam
Stalinə: Türkmənistan hökuməti Moskvaya məktubu
hansı dildə yazır?
Stalin:
Rus dilində yazırlar, amma respublikada ziyalılar, fəhlələr,
qadınlar türkmən dilində danışır. Məktəblərdə
rus dili keçilir və respublikalar arasında əlaqəyə
xidmət edir...
Qəvvam
bundan sonra məktəblərdə Azərbaycan dilinin tədrisinə
razılıq verəcəyini bildirir, amma
yazışmaların Azərbaycan dilində aparılmasına
etiraz edir...
Stalin:
Yazışmanın Azərbaycan dilində aparılması ağılsızlıqdır.
Stalin
daha sonra Qəvvama deyir ki, Azərbaycan məsələsi barədə
düşünmək lazımdır və bu barədə əlavə
bir dəfə də söhbət etməyimizə ehtiyac var.
Qəvvam
Stalinin bu təklifinə başı ilə təsdiq işarəsi
verir.
Sonra
müzakirə başqa istiqamət alır.
Bir qədər sonra Stalin yenidən Azərbaycan
məsələsinə qayıdır: “Milli məsələ
indiki zamanda çox ciddi və mürəkkəb məsələdir.
Azərbaycan məsələsinin üstündən sadəcə
xətt çəkmək olmaz, məsələ çox
böyüyüb. Azərbaycan əhalisi indi
azadlığı hiss edir və heç nə onların vecinə
deyil. Biz bu məsələni fikirləşək, 2-3 gündən
sonra ikinci görüşdə danışarıq”.
Qəvvam
xatırladır ki, 1921-ci ildə Gilanda da hərəkat
başlanmışdı. Onda biz kömək
üçün Rusiya səfirinə müraciət etdik, o da
gilanlılara barışmağı məsləhət
gördü. Bundan sonra Gilana İran qoşunları yeritdik.
Qəvvam
xahiş edir ki, Stalin bu dəfə də azərbaycanlılara
oxşar məsləhət versin.
Stalin:
Gilanla Azərbaycan arasında fərq böyükdür. Azərbaycanda məsələ Gilandan daha ciddidir.
Milli məsələ ən kəskin məsələdir.
İndi hər yerdə milli hərəkat başlayıb...
Görüşün sonunda Stalin sovet
qoşunlarının hələ İranda
qalacağını bəyan edir. "SSRİ nə
İngiltərədən, nə də Amerikadan qorxur" deyərək,
soruşur ki, daha sual qalmadı ki?
Qəvvam
"yox" cavabı verir və əlavə edir ki, onun
qaldırdığı heç bir problem həll edilmədi...
Stalin
bildirir ki, Azərbaycan məsələsinə gəlincə,
bu barədə yenə fikirləşmək və bir də
söhbət etmək lazımdır...
Hələ Moskvada qalmağa məcbur olan Qəvvam
növbəti gün İ.Stalinə məktub göndərir.
Yenə də
Azərbaycan məsələsi...
P.S. Materiallar Rusiya Dövlət Sosial
Siyasi Tarix Arxivində uzun illər gözdən-könüldən
uzaq saxlanılan və "Stalin fondu" kimi tanınan,
üzərindən məxfilik qrifi yaxınlarda
götürülən 558-ci fondun sənədləri əsasında
hazırlanır...
Müsəllim HƏSƏNOV
525-ci qəzet.-
2020.- 19 sentyabr.- S.12.