Yenilikçi pedaqoq

 

Gələcəyimiz təməli möhkəm olan uğurlu təhsildən asılıdır. Bu yolda övladlarımıza elmin sirlərini ilk olaraq məktəbdə öyrətməyə başlayan fədakar müəllimlərimizin zəhməti çox önəmlidir. Elmin başlanğıcı idrak, idrakın başlanğıcı səbrdir deyiblər.

Xalqımız istedadlı zəhmətsevər xalqdır. Bu istedadın təməlini məktəbdə çox səbrlə övladlarımıza aşılayan, onu üzə çıxaran isə müəllimlərimizdir. Bu mövqeyə doğru insanın seçilməsi məktəbin təhsilin təşkilatlanması qədər əhəmiyyətlidir. Yaxşı hazırlanmış uğurlu bir heyət olmadıqda tədris fəaliyyətində gözlənilən nəticələri əldə etmək mümkün deyil. Bu səbəbdən bir-biri ilə uzlaşan məktəb rəhbəri müəllimlər toplusu məqsədə daha uğurla çata bilirlər. Təlim-tədris fəaliyyətinin müvəffəqiyyətli şəkildə həyata keçirilməsində məktəb rəhbərliyinin rolu böyükdür. Bu mənada təhsil ocaqlarımızda, xüsusilə məktəblərimizdə ədalətli, vətənpərvər, operativ tələbkar məktəb direktorlarının olması çox vacibdir.

Qəhrəmanım olan Sevil Cavadova məhz müasir təhsil tələblərinə cavab verən vətənpərvər müəllimləri, ixtisasını dərindən bilib, hər zaman öz üzərində işləməyi üstün tutan pedaqoqlarımızı üzə çıxarmaqla, onlara layiqli qiymət verməyi özünə borc bilən məktəb direktorlarındandır. Cəsarət insanın ən mühüm məziyyətlərindən biridir, onun digər xüsusiyyətləri cəsarətin sayəsində inkişaf edir. Təlim-təhsil sistemində ən ağır yük məktəb rəhbərlərinin müəllimlərinin üzərinə düşür. Elm tərbiyə ocağı olan orta məktəblərimizdə Sevil xanım kimi güclü, dəyanətli, cəsarətli, yenilikçi məktəb rəhbərlərinə böyük ehtiyac var.

Sevil Cavadova 2002-2006-cı illərdə Azərbaycan Dövlət Pedaqoji Universitetinin Filologiya fakültəsinin bakalavr, 2006-2008-ci illərdə Bakı Dövlət Universitetinin Filologiya fakültəsinin magistr pilləsini fərqlənmə diplomu ilə bitirib. 2011-ci ildə Azərbaycan Respublikasının Təhsil Problemləri İnstitutunun əyani doktoranturasına qəbul olunub. "Ədəbiyyat dərslərində inteqrasiyadan istifadənin imkan yolları" adlı dissertasiya işləyib. 2015-ci ildə UNİCEF Xəzər Universitetinin birgə təşkilatçılığı ilə təşkil olunmuş "Potensial məktəb direktorları" kursunu uğurla başa vurduqdan sonra, 2016-cı ildə Səbail rayonu 163 saylı tam orta məktəbə direktor təyin edilib. Eyni zamanda, Azərbaycan Respublikasının Prezidenti Yanında Bilik fondu, YAP Səbail rayonu təşkilatı, Gender Araşdırmaları Mərkəzi, "İnkişaf" elm fondu, "LLL" təhsil cəmiyyəti, "Amerika Azərbaycan" müəllimləri birliyi, Fransa Kültür Mərkəzi, Bakı Şəhəri üzrə Təhsil İdarəsinin Həmkarlar İttifaqı Komitəsi kimi peşəkər cəmiyyətlərin fəal üzvü olub.

163 saylı tam orta məktəbə direktor təyin ediləndən indiyədək məktəbin inkişafı üçün əlindən gələni əsirgəmir. Fənn müəllimlərinin müxtəlif ixtisasartırma təlimlərində inkişafı, xarici dil müəllimlərinin ingilis dili üzrə sertifikatlaşdırılması üçün "British council" kursunda iştirak etmələrinə şərait yaradaraq, birbaşa özü bu işlərin təşkilində təşəbbüs göstərib. Şagirdlərin rayon üzrə müxtəlif müsabiqələrdə iştirakı məktəbdə fəallıq yaradaraq, daha da uğurlu yarışlara stimul verib. Həmçinin, ümumtəhsil məktəblərinin 9-cu 11-ci sinfi üçün "Azərbaycan dili" metodik vəsaitlərin Ümumtəhsil məktəblərinin 9-cu sinifləri üçün "Azərbaycan dili" (dövlət dili kimi) dərsliyinin müəllifidir.

Sevil Cavadovanın direktor vəzifəsində çalışdığı bu müddət ərzində, onun pedaqoji işi bir çox dövlət qurumları tərəfindən yüksək qiymətləndirilib. Səbail Rayonu İcra Hakimiyyətinin Fəxri fərmanı 2019, Səbail Seçki Dairəsinin Fəxri fərmanı 2019, Azad Həmkarlar İttifaqının Səbail Rayon Komitəsinin Fəxri fərmanı 2018 kimi fəxri fərmanlara layiq görülüb. 2019-cu ildə keçirilən "Pedoqoji mühazirələr"də ölkə birinciliyini qazanmaqla, Təhsil Nazirliyindən diplom şəklində ən böyük mükafatı alıb.

S.Cavadova məktəbin direktoru təyin edildiyi zamana nəzər salsaq görərik ki, 295-ci yerdə olan məktəbi qabaqcıl məktəblər siyahısına salmaq üçün əzmlə çalışaraq sonda məktəbin 116 pillədən çox irəliləməsinə nail oldu, bəli, həm də düz bir il sonra. Əslində, bu faktlar bizlər üçün böyük örnək olan fədakar pedaqoqlarımızla fəxr etməyə qürur verir.

Birincilik uğrunda daim mübarizə aparan, gələcəyimizin təhsili naminə əlindən gələni əsirgəməyən təşkilatçı, cəsarətli gənc məktəb rəhbəri olan Sevil Cavadova kimi xanımlarımızı gördükdə bir daha övladlarımızın etibarlı əllərdə olduğunu görürük.

2016-cı ildə 163 saylı tam orta məktəbə direktor təyin edildiyi zamandan amalı, məqsədi yalnız ilklərə imza ataraq istedadlı şagirdləri üzə çıxarmaqdan ibarətdir. Sevil xanımın qeyd etdiyi kimi, "hələ çox işlərimiz arzularımız var, məqsədimiz məktəbimizin bərəkətli mənəvi torpağına dirilik suyu çiləməklə, vətənimizin ətirli mənəvi bağına çevirməkdir". Həqiqətən də mən yuxarıda sadalanan naliyyətlərə baxdıqda görürəm ki, Sevil Cavadova bu məqsədə çatmaq üçün kifayət qədər uğurlu işlərə imza atıb. O, bir təhsil işçisi kimi üzərinə düşən öhdəlikləri artıqlaması ilə yerinə yetirərək, hələ də uğurlu fəaliyyətini yorulmadan davam etdirir.

Vaxt həyatın vicdanıdır. O insan xoşbəxtdir ki, bu zamanı çox faydalı keçirə bilir. Vətənə, dövlətə, gələcəyə xeyir verən hansı addımı atırsa, o zaman vətənpərvər insanların vicdanı rahat olur. Gələcəyimiz üçün, təhsilimiz üçün, övladlarımız üçün etdiyiniz bütün fədakarlıqlara görə Sizə təşəkkür edirik. Sevil xanım, Sizə tutduğunuz bu şərəfli və çətin yolda uğurlar arzulayırıq. Yalnız Sizin kimi vətənə, təhsilə, şagirdlərə can yandıran insanların əməyi hesabına gənclərin layəqəti, şərəfi, millətinə bağlılığı möhkəmlənir və inkişaf edir. Bütün bu əldə etdiyiniz nailiyyətlər əlbəttə ki, sizlərlə birlikdə daha uğurlu gələcəyə aparan yoldur.

 

Suma HÜSEYNOVA

Fizika üzrə fəlsəfə doktoru, dosent

 

525-ci qəzet.- 2020.- 22 sentyabr.- S.11.