Sadəliyin zirvəsi...

 

Dünya təsadüflərlə doludur. Təsadüfən kim isə məni gecə, yuxunun ən şirin vaxtı qəfil silkələyib yatağımdan qaldırıb dünyanın ən gözəl insanının adını soruşsa, təbii ki, ilk ağlıma gələn onun adı olar...

Bir gün kimsə qarşıma keçib məndən dünyanın beş ləyaqətli kişisinin adını çəkməmi tələb etsə, heç tərəddüd etmədən yenə də onun adını birinci çəkərəm...

Bir gün düşmənə əsir düşərəmsə, zərurət yaranarsa, ömrümün bağışlanması üçün düşmən mənə fürsət verib ədalətli bir insanın adını çəkməmi tələb edərsə, yenə də Nəsir müəllimin adını deyərəm. Mənə elə gəlir ki, dost da, düşmən də Nəsir müəllimin necə adil, necə aqil insan olduğunu gözəl bilir.

Söhbət bizim hamımızın (söhbət əli qələm tutanlardan gedir) ustadı, Bakı Dövlət Universiteti jurnalistika fakültəsinin professoru Nəsir Əhmədlidən gedir. O Nəsir müəllimdən ki, düşüncəmə görə, hamı onu sadəliyin zirvəsi, insanlığın simvolu, kişiliyin ümumiləşmiş obrazı, şərəfin və ləyaqətin güzgüsü kimi görür, ədalət mücəssəməsi kimi tanıyır...

Onunla tanışlığım, təbii ki, Bakı Dövlət Universitetinin jurnalistika fakültəsindən başlanıb. Keçən əsrin səksəninci illərində... SSRİ-nin nağıl dövrü idi... Sovet ideologiyası bizim kimi saf sovet uşaqlarının başını dumanlandırmışdı... Bəxtiyar Vahabzadənin "Gülüstan" poemasının əlyazmasını tapıb gizlincə oxuyar, Süleyman Rüstəmin cənub həsrətli şeirləri düşüncəmizə hakim kəsilər, ustad Şəhriyarın "Heydər baba"sına salam verib keçərdik... Sibir çöllərini  "gülüstana" döndərənləri vəsf edən mahnılara, az qala, toylarda rəqs edənlər də olurdu. Korun tutduğu əlindəki əl ağacı olar... Nə görmüşdük ki, nə də biləydik? Belə bir dövrdə kənddən şəhərə gəlib, jurnalistika fakültəsi kimi "qarışıq" bir fakültənin tələbəsi olmaq çoxlarına əlçatmaz, ünyetməz görünsə də, biz artıq bu xoşbəxtliyi yaşayırdıq. Müəllimlərimiz də ki, müəllim idilər haaa... Düzünü desəm, bəzən elə düşünürdüm ki, yer kürəsi öz oxu ətrafında deyil, Şirməmməd müəllimin şəhadət barmağının başında fırlanır. Düşünürdüm ki, dünyanın hər cür əzabını, əziyyətini çəkmiş Qulu Xəlilov zəmanəni əməliyyat edib pislikləri kəsib götürəcək tək kişilərdəndir... Bəzən mənə elə gəlirdi ki, dünyanın bütün gözəllikləri Famil Mehdinin dodaqları arasından süzülüb gəlir. Ceyran Əbdürəhimova adlı müəlliməmiz var idi... Tanrı onu insan cildində bir mələk yaratmışdı... Hələ nisbətən gənc nəslin nümayəndələrini demirəm... Cahangir müəllim, gözümüzdə xeyirxahlıq nümunəsi, tələbə-müəllim sərhədlərini keçib dostluq, qardaşlıq zirvəsinə yüksələrək tələbələrinin qəlbində öz abidəsini ucaldırdı...

Belə bir məqamda bir gün Tanrı onu bizə dərs deməyə göndərdi... Davamiyyəti yoxlaya-yoxlaya hər birimizi ayağa qaldırıb gözümüzün içinə diqqətlə baxır, haradan olduğumuzu, nə üçün bu peşəni seçdiyimizi soruşurdu. Qısa sual-cavabdan sonra dedi: "25 nəfərsiniz. Aranızda cəmi beş, ya altı nəfər  jurnalist ola biləcək şəxs görürəm. Qalanların niyə bu ixtisası seçdiyini anlaya bilmirəm?" Bir qədər ara verib əlavə etdi: "Əzizlərim, jurnalistika fakültəsi ciddi fakültədir. Jurnalistin gördüyü iş göz qabağında olur. Onu hamı görür, ondan nə isə götürməyə çalışırlar. Başa düşürəm ki, belə ciddi bir fakültəyə qəbul oluna bilmisinizsə, buranı da hamınız bitirə biləcəksiniz. Hamınız diplom alacaqsınız. Amma buna arxayın olmayın. Çalışın, yaxşı oxuyun. Savadlı jurnalist olun. Bu millətin savadlı kadrlara ehtiyacı böyükdür".

O gündən müdrik bir insanın, böyük və təcrübəli bir müəllimin, fədakar bir vətən sevdalısının, demokratik düşüncəyə sahib bir insanın, nəhayət, səni anlaya biləcək çox etibarlı bir dostun, nümunə götürüb, örnək ola biləcək bir məsləkdaşın həyatımıza girdiyinin şahidi olduq. "Radio və televiziya jurnalistikası" fənnindən dərs deyirdi bizə. Jurnalistin ekranda davranış qaydalarını, nitq mədəniyyətinin incəliklərini öyrədirdi. Bəli, öyrədirdi... Anadolu türkləri demiş, əsl öyrətmən idi Nəsir müəllim. Qısa müddətdə o qədər doğmalaşdıq ki, bir gün baxıb gördük, qəlbimizin, ürəyimizin açarı da onun əlindədir. Bir atanın, bir böyük qardaşın bilməli olduğu, bəzən insanın valideyninə deyə bilmədiyi, aça bilmədiyi, hətta etibar etmədiyi sirri də Nəsir müəllimlə bölüşmək olardı... Əsl sirdaş, qayğıkeş bir ata, mehriban, hər dərdini başa düşə bilən, səni olduğun kimi anlayan bir böyük qardaş oldu bizə Nəsir müəllim...

Qəribə xarakteri var bizim Nəsir müəllimin. Gözünün içinə baxan kimi, ürəyindən keçəni duyardı. Bir sıxıntın, bir dərdin olardısa, onu mütləq ilk duyan Nəsir müəllim olmalı idi. Dərhal adama müraciətlə, "dərsdən sonra səninlə işim olacaq" deyirdi. Kasıbı üstündən, dərdlini köksündən bilirdi... Qoluna girib səni kimsənin görmədiyi, hiss etmədiyi bir tərəfə çəkərdi. Əlinə cibinə aparıb, "Biz də müəllimlərimizdən belə gördük, belə öyrəndik. Al, bunu qoy cibinə. İşləyəndə, kefin kök olanda qaytararsan", - deyərdi. Cibində olanı tələbəsi ilə bölməyi bacarardı. Sonra da üzündə günəş doğmuş birisi kimi çöhrəsi parlayardı. Ağır bir yükü üstündən götürüb rahatlanmış kimi özünü rahat hiss edərdi. Adamın kürəyindən əli ilə vurub "Bura jurnalistika fakültəsidir. Dəqiq bilirəm ki, jurnalistliyi öyrənə bilməsəniz də, buradan insanlığı öyrənib gedəcəksiniz. Bu fakültənin bünövrəsi belə qoyulub", - söyləyərdi...

Tələbəliyimizin əsas çağları ölkəmizdə Milli Azadlıq Hərəkatının başlandığı dövrə düşmüşdü. Mənfur ermənilər Topxana meşəsində bir neçə ağacı kəsib yerində sanatoriyamı, istirahət mərkəzimi, nə isə tikmək istəyirdilər. Bu hadisələrin fonunda ölkəni etiraz dalğası bürümüşdü. Millətimiz ermənilərin məkrini vaxtında, olduqca düzgün anlamışdı... Meydanlar dəniz kimi təlatümə gəlmişdi. Bu vaxtları bizə dərs deyən sovetbaşlılar, sosializm cəmiyyətinin yetişdirdiyi "müəllimlər" (sonradan onların bəziləri deputat, bəziləri daha yüksək vəzifələrə təyin edildilər) bizləri meydanlara çıxmamağa, imtahandan qiymət yazmayacaqları, Universitetdən qovdura biləcəkləri ilə hədələyirdilər. Biz həmin dövrdə Nəsir müəllimi yenə hadisələrin episentrində gördük.  "Uşaqlar, meydanlara çıxın. Bu gün ağaclarımızı qıranlar sabah belimizi qıracaqlar. Meydanda kütləvilik olsa, biz Şərə qalib gələcəyik", - deyirdi...

Nəsir müəllim bir azadlıq carçısına, təmənnasızlıq simvoluna, mübariz şəxsiyyət nümunəsinə çevrilmişdi. Hələ nəyin nə ilə nəticələcəyini heç kim bilmirdi. Çoxları astagəl davranırdı. Çoxları bunu dəlilik kimi qiymətləndirirdi. Nəsir müəllim həm mübarizəyə inanırdı, həm də inandırırdı. Aydın zəkası, güclü məntiqi, səlis nitqi, böyük elmi potensialı ona qarşısındakını ram etmək imkanı verirdi. Bir də hamı, onu tanıyanlar, onu dinləyənlər gözəl bilirdi ki, Nəsir müəllim olan yerdə yalan olmaz, riyakarlıq olmaz. Hərislik kök sala bilməz... İnsan nə edirsə, bu vətən, bu millət, onun işıqlı gələcəyi üçün edir. Nəsir müəllimdən tələbəsi olaraq "mən" sözünü eşitmədim. Nə edirdisə, bizlər üçün, tələbələri, bu vətəni sevənlər üçün edirdi... Bu vətəni sevdiyi üçün edirdi...

Yazımda quru rəqəmlərdən, statistik təhkiyədən uzaq olmağa, Nəsir müəllimin tələbəsi olaraq ona layiq gördüklərimi, bildiklərimi, eşitdiklərimi qeyd etməyə çalışıram.

Nəsir müəllimin bütün şüurlu fəaliyyətinin əsas hissəsi Bakı Dövlət Universitetinin auditoriyalarında keçib. Bu günümüz üçün, işıqlı sabahımızı yetişdirmək üçün jurnalist kadrların hazırlanmasında, nəinki biliyini, bacarığını, hətta canını qoyub desək, məncə, mübaliğə etmiş olmarıq. Nəsir müəllim həm gözəl pedaqoq, həm gözəl jurnalist, həm də bənsərsiz, saf duyğulu bir şairdir. Nəsir müəllim siyasi publisistikanın ölkəmizdəki banilərindəndir. Onun "Müxalifət" qəzetində işləyərkən yazdığı siyasi təhlillər, zamanın siyasi palitrasını yaradan, bədii sözdən, sözün qüdrətindən məharətlə istifadə etməyi bacaran bir qələm sahibinin, qərəzdən uzaq bir ziyalının, əsl vətəndaş mövqeyi olan bir jurnalistin mövqeyini göstərən yaradıcılıq nümunələridir. Bütün yazılarından ədəb, ərkan, vətən sevgisi, ədalət qoxusu, bu millətə kökdən bağlılıq duyğusu hiss olunmaqdadır.

Nəsir müəllimin poeziyası doğulub boya-başa çatdığı torpağın suyu, havası kimi təmizdir, safdır, rəvandır... Onun şeirlərini oxuyarkən adama elə gəlir ki, daşların dibindən süzülən, torpağın altından axıb gələn bir bulağın suyunu içir, dağ çiçəyini qoxulayır, yovşandan şirə çəkmiş arının balını yeyirsən. Canını, qanını şeirlərinin ruhuna qata bilir Nəsir müəllim. Şeirlərini vətənin bir parçasına çevirə bilir, hissini ruhu ilə yovurub yapa bilir Nəsir müəllim. Bu millətin tarixini, mədəniyyətini, sazını, sözünü sevən adamların bəlkə də ümumiləşmiş obrazının ən yaxşı nümunələrini özündə cəmləşdirən bütöv bir kişinin obrazdır Nəsir müəllim. Bəzən bir adam haqqında fikir yürüdəndə hərə bir sözlə fikirini ifadə etməyə çalışır. Belə bir dilemma qarşısında qalsam, tək bir kəlmə ilə "Saz adamdır" deyərdim Nəsir müəllim. Dindirsən, dillənər, bu millətin dərdinə ağı deyər, nalə qoparar, sevincini də, kədərini də, xoş xəbərini  Allaha qədər çatdırmağı bacarar Nəsir müəllim... Elə buna görə də bir zamanlar Tovuzun Alakol kəndində dünyaya göz açmış bir körpə, bir elin, bir obanın sərhədləri çərçivəsinə sığmadı. Bir elin, bir elatın, bir ananın, bir atanın övladlığından çıxıb böyük bir millətin, özünə türkəm deyənlərin və bir də, bu vətəni, bu milləti canı qədər sevənlərin oğlu olmağı bacardı... Adını bu millətin tarixinə yaza bildi. Hər kəsə nəsib olmayan bir sevgi qazandı. Sadəliyin zirvəsinə yüksələ bildi. Elmin, ürfanın sirlərinə sahib oldu. Bəzən insanlar biri haqqında söz düşəndə ortalığa dələngavaz bir sual da çıxır. Nə qazandı, qazancı nə oldu? Mənə belə gəlir ki, yaşadığı bu şərəfli ömür ona insanların gözünün içinə dik baxmağı, alnıaçıq  yaşamağı, yaşadığı bütün ömrünün adını Şərəfli insan ömrü adlandırmaq haqqını qazandırdı... Hamıya nəsib olmayan bir ömür... Hə, nə olsun - deyənlərə verəcək cavabımız da var...

Nəsir müəllimin əvəzsiz fəaliyyəti dövlət tərəfindən də layiqincə qiymətini alıb. Bakı Dövlət Universitetində çoxillik və səmərəli fəaliyyətinə görə dəfələrlə universitetin və Təhsil Nazirliyinin fəxri fərmanları, üçüncü dərəcəli "Əmək" ordeni, Media açarı, Əməkdar jurnalist fəxri adı bir jurnalistin, pedaqoqun əməyinə verilən rəsmi qiymətin təzahürü də hesab oluna bilər. Ən böyük mükafat isə bir müəllim üçün, tələbələrinin, işlədiyi kollektivin, dostlarının və onu tanıyan insanların sevgisini qazanmaqdır.

Bu vətəni, bu dövləti canı, qanı qədər sevən professor Nəsir Əhmədli bu sevginin zirvəsini fəth edən nadir insanlardandır. Bu dünyada onun kimi şərəfli, ləyaqətli ömür yaşayan insanlar, təəssüf ki, azdır. Təəssüf ki, bu müqəddəs yolu getmək istəyənlərin də sayı yetərli deyil. Amma nə yaxşı ki, bu ləyaqət, kişilik, bir sözlə, ölməzlik yolunu salanlar var və onun önündə gedənlərdən biri də bizim örnək müəllimimiz, professor Nəsir Əhmədlidir.

 

Elşən QƏNİ

 

525-ci qəzet.- 2020.- 25 sentyabr.- S.12.