52 yaşlı müəllim yenidən universitetə qəbul olundu

 

ŞƏFA ƏHMƏDOVANIN KARYERA HEKAYƏSİ

 

Müəyyən yaş həddini keçmiş insanların ali məktəbə qəbul olunması, yenidən təhsil almaq istəyinə düşməsi bizdə adətən qeyri-adi hadisə kimi qarşılanır. Halbuki belə insanlar təhsildə sərhədin olmadığını, olmamasının doğruluğunu hər dəfə bizlərə göstərirlər.

Şəfa Əhmədova da belələrindəndir. 52 yaşlı Şəfa xanım ingilis dili müəllimidir. Onun karyera hekayəsi insanları motivasiya etməklə yanaşı, həm də bir daha sübut edir ki, həyatda heç nə üçün gec deyil. Təhsil üçün isə, heç vaxt gec deyil. Əgər insanın daxilində  sonsuz öyrənmək, inkişaf etmək istəyi varsa, onun öz potensialını reallaşdırması hər zaman və hər yaşda mümkündür.

Şəfa Əhmədova ilə müsahibəni təqdim edirik.   

 

***

 

"Təhsil almaq heç vaxt gec deyil"

 

- Şəfa müəllim, sizin bu il universitetə qəbul olunduğunuzu öyrəndik. Yaşınızı bilənə qədər bu, təəccüblü deyildi. Amma həm də müəllimsiniz, artıq bir ixtisasınız var. İstərdik ki, sizi daha yaxından tanıyaq.

-  Mən 1 oktyabr 1968-ci il təvəllüdlüyəm. Cəbrayıl rayonunun Quycaq kəndində dünyaya göz açmışam. İlk ali təhsilimi Azərbaycan Dövlət Pedaqoji Universitetində almışam. Bu universitetdə iki ixtisas üzrə ayrı-ayrı vaxtlarda təhsil almışam: Bədii qrafika və İbtidai metodika. Bir neçə il ibtidai sinif müəllimi işləmişəm. Daha sonra, 2003-cü ildə  (o vaxt 34 yaşım vardı) Azərbaycan Dillər Universitetində İngilis dili müəllimiliyi üzrə 3-cü ixtisasa yiyələndim. Bundan sonra, 2004-2020-ci illər ərzində 67 nömrəli orta məktəbdə ingilis dili müəllimi işlədim.

- Bəs illər sonra yeni bir ixtisasa yiyələnmək, yenidən təhsil almaq istəyi sizdə nədən yarandı?

- Mənim iki oğlum da xaricdə universitet bitirib: biri ABŞ-da, bir də Almaniyada. Yəqin ki, bunlar da məndə yenidən, həm də xaricdə təhsilə maraq yaratdı. Həmçinin, övladlarımın təhsil aldıqları təhsil ocaqları ilə tanış oldum ki, onların hər birinin də mənə ayrı-ayrılıqda təsiri oldu. Bütün bunlar məni yenidən təhsilə cəlb etdi. Ümumiyyətlə, düşünürəm ki, təhsil almaq heç vaxt gec deyil. Ola bilər ki, sən müəyyən bir yaşa gələsən, amma öyrənmək insanın beyni, ağlı ilə bağlı bir şeydir. Bunu isə heç vaxt dayandırmaq olmaz.

Mən uzun illər müəllim işləyəndə də şagirdlərimə həmişə tövsiyə edirdim ki, heç vaxt kifayətlənməsinlər. Əgər aldığınız təhsil, qazandığınız diplom sizi qane etmirsə və o şeydən ki daha yaxşı işi görəcəyinizə əminsiniz, o işi niyə də görməyəsiniz? İnsan yaşadığı müddətcə həm özünü, həm də karyerasını inkişaf etdirməlidir, ən yaxşısına doğru.

- Yeni qəbul aldığınız universitet və ixtisasınız haqqında nə deyə bilərsiniz?  Necə oldu ki, məhz bu təhsil ocağına üstünlük verdiniz?

- Berlin Furtvangen Universiteti Beynəlxalq Münasibətlər və Mədəniyyətlərarası Diplomatiya ixtisasına qəbul olunmuşam. Mən dünyanın bir çox ölkələrinə səyahət edərkən, həmin ölkələrin elm, təhsil, mədəniyyət mərkəzlərinə baş çəkir,  maraqlı məlumatlar əldə edirdim. Almaniyanın təhsil sistemində bir sıra fərqliliklər gördüm. Oradakı universitetləri araşdırarkən, bu universitetdəki bəzi üstünlüklər məni cəlb etdi. Bu ixtisası bitirən tələbələr sonda humanitar elmlər üzrə magistr dərəcəsinə yiyələnirlər. Bundan başqa, universitetin müəllim və tələbə heyəti ilə tanış olarkən, çox maraqlı faktlarla qarşılaşırdım. Dünyanın müxtəlif ölkələrindən mədəniyyət işləri üzrə vəkillər həmin universitetə gələrək mühazirələr oxuyurlar. Bununla yanaşı, universitetin verdiyi təhsil paketində dünyanın müxtəlif mədəniyyətləri ilə tanışlıq imkanı yaranır. Həmin universitet praktika imkanı da yaradır və bu yolla tələbələrə daha yaxşı karyera qurmaq şansı verir.

 

"Cəmiyyət imkan verməlidir ki, insan öz potensialını göstərə bilsin"

 

- Universitetə qəbul olunduğunuzu biləndə yaxınlarınız, ailəniz necə reaksiya verdilər?

- Nəinki indi, hətta 2003-cü ildə mən üçüncü ixtisas almaq istəyəndə, ətrafımdakılar, yaxınlarım mənə deyirdilər ki, ixtisas dəyişmək çox gecdir. İndi, bu yaşda da deyirdilər ki, gecdir. Amma əsas odur ki, insan özünə inansın, özgüvəni olsun, qarşısına qoyduğu məqsədə çatmaq üçün özündə güc tapsın və daha çox çalışsın.

Əlbəttə, mən bu ixtisası seçərkən yenə də səs-küy oldu. Bu dəfə bir az çox. Bu, daha çox ətrafdakılara aiddir. Öz ailəmiz -  həyat yoldaşım, oğullarım həmişə mənə dəstək olublar. Mən bütün bu nailiyyətlərimi onların köməyi, dəstəyi ilə əldə etmişəm. Elə indiki məqamda da mən həmin o fikirləri eşidirəm. Amma bu, məni qətiyyən ruhdan salmadı. Cəmiyyət imkan verməlidir ki, insan öz potensialını göstərə bilsin. Ümumiyyətlə, öyrənmək sahəsində "ictimai xəcalət" çox böyük  maneədir. Çalışıb bu stereotiplərdən qurtulmaq lazımdır.

- İndi siz təhsil üçün iki il Almaniyada yaşamalı olacaqsınız. Müəyyən yaşdan sonra başqa bir ölkədə yaşamaq, ora adaptasiya olmaq gözünüzü qorxutmur?

- Qətiyyən, qızım. Mən əvvəllər başqa ölkələrə səyahətlər etmişəm. Biz, ümumiyyətlə, səyahət etməyi sevən bir ailəyik. Buna görə mən hardasa uzun müddət qalaramsa, ora asanlıqla adaptasiya ola bilirəm. Bu da insanın özündən asılıdır. Vətən üçün darıxmağa qalanda, əlbəttə, insan vətəni üçün darıxar. Bir deyim var, bütün buludlar çayların övladlarıdır, çaylardan qalxıblar yuxarı, yenidən bir də çaya qayıdırlar. Bu silsilə həmişə davam edir. Biz də hara gediriksə gedək, harda oluruqsa olaq, vətənimiz üçün çalışırıq. Mən başqa ölkələrdə olanda həmişə imkanım daxilində, bir balaca da olsa, Azərbaycan haqqında məlumatları ordakı insanlara çatdırmağa çalışıram.

 

"Biz şagirdlərə elmlə, təhsillə yanaşı, həyatı da öyrətməliyik"

 

- Sizin bu mübariz ruhunuz, enerjiniz mənə də ilham oldu. Yəqin, bu, sizin dərs dediyiniz şagirdlərə də sirayət edir.

- Hə, qızım, bilirəm, bu, təbiidir. Bu sözləri məktəbdə işlədiyim vaxtlar gənc qızlar, şagirdlərim də mənə deyirdilər. Eyni fikirdə olurlar ki, sizdən sonra bizim motivasiyamız artdı, özümüzə olan inam gücləndi. Mən 67 nömrəli məktəbdə 16 il ingilis dili müəllimi işləmişəm. Həmişə deyirəm ki, biz şagirdlərə elmlə, təhsillə yanaşı, həyatı da öyrətməliyik. Bu, müəllimlərin borcu, vəzifəsidir. Bu baxımdan, hələ uzun illər əvvəl məktəbi bitirmiş şagirdlərim mənim onlara verdiyim təhsillə, biliklə bərabər, onlara verdiyim həyat motivasiyasını da həmişə önə çəkiblər. Həmişə onu misal gətiriblər ki, müəllim, biz sizdən öyrəndiyimiz biliklə yanaşı, o motivasiya və pozitivliklə bilikləri sintez edərək nəyəsə nail ola bilirik.

 

"Gərək öz karyeranı durğun su kimi iylənməyə qoymayasan"

 

- İnkişafa, yeniliklərə və təhsilə, elmə bu qədər maraqlı olan biri kimi, bir müəllim, qadın kimi gənclərə nə məsləhət verərdiniz?

- Mənim yaşımda olan biri durub sizin yaşınızda olan birinə baxanda böyük potensial görür. Sizin hələ görməli işləriniz çoxdur. Bacara biləcəyiniz işlər hədsiz dərəcədədir. O qədər güclü, enerjilisiniz və bizim dövrümüzdən fərqli olaraq, imkanlarınız o qədər genişdir ki, istədiyiniz hər şeyi bacara bilərsiniz. Bu baxımdan çox şanslı nəsilsiniz. Baxın, mən 52 yaşında nəvə sahibi olan bir müəlliməm. Əgər mən nənə olaraq bunu bacarmışamsa, deməli, siz bundan yüz qat artığını bacararsınız.

Hesab edirəm ki, bizim dediklərimiz boşa getmir. Bizim ardımızca gələn gənc nəsil daha çox motivasiya ilə gəlirlər.  Ümumiyyətlə, təhsil elə bir şeydir ki, o, həyatın müxtəlif, istənilən çağırışlarına hazırlıq üçündür. Bu, çoxşaxəli öyrənmə prosesidir. İnsanın həyatda qarşısına çıxan, istər xoş, istər naxoş, istənilən hadisəyə cavab verməsi üçün aldığı təhsil onun köməyinə gəlir.

Əlavə təhsil insana fasiləsiz təhsil almaq imkanı verir. Bax, bu fasiləsiz təhsil sənə imkan verir ki, hər 10 illikdən bir təhsilə gələn yeniliklərlə tanış olasan. Həmin yenilikləri sən öz karyerana gətirərək onu yeniləmiş olursan. Beləcə, öz karyeranı durğun bir su kimi iylənməyə qoymursan, başlayırsan orda dəyişikliklər etməyə. Həmin dəyişikliklər hesabına özün öyrəndikcə, başqalarını da öyrətməyə çalışırsan.

Düşünürəm, insanları ruhdan salmaq yox, onları ruhlandırmaq lazımdır ki, bax, bu cür yanaşmalara daha çox üstünlük versinlər. Öyrənməyin heç vaxt gec olmadığı fikrini isə, yalnız bir atalar sözü kimi qəbul etməsinlər. Həmişə ikiəlli elm tərəfdarı olduğum üçün, mənə elə gəlir ki, insan bütün daxili potensialını elmə yönəltməlidir. İnsan doğulandan, ağlı kəsən vaxtdan ta qocalana qədər elmin verdiyi bütün imkanlardan istifadə edərək öyrənməyə və öyrətməyə borcludur.

 

Natəvan ABDULLA

 

525-ci qəzet.- 2020.- 26 sentyabr.- S.24.