Berqmanın teatr əzabları

 

... Həmin o qadının adını çəkmir. Amma sonralar yazdığı xatirələrindən oxuyuruq ki, Berqman cavan olmayan o hədsiz istedadlı aktrisanı naxoş xatirələrlə yadına salır.   buna görə özünü həmişə haqlı sayırdı. Məsələn, teatrın vacib siması olan bu naməlum qadın Berqmanın həddən artıq təmizkarlığına lağ edir, onu məsxərəyə qoyurdu. Ki, teatr zibilxanadır, bataqlıqdır, cəhənnəmdir.

- Sən gərək mənimlə yox, Tomas Mannın Doktor Faustu kimi vərəmli fahişə ilə yaşayardın.

Narkotikanın təsirinə qapıldığı üçün Berqman onu "yola verir", bəzən haqq qazandırırdı. Amma inanırdı ki, tale onu məhz teatra zibilxana və cəhənnəm dediyinə görə cəzalandırdı: yaddaşını itirdi, dişləri töküldü, ömrünü dəlixanada başa vurdu.

- O, əxlaqsızlığının əvəzini artıqlaması ilə aldı.

 

Teatrdan çarəsiz gediş

 

1986-cı il. İnqmar Berqman 1944-cü ildən başlayan möhtəşəm film yaradıcılığını başa vurub, "Oskar" mükafatına layiq görülüb, onun haqqında hər yerdə dünya kinosunun əfsanəsi kimi danışırlar. Və həmin ərəfədə Dramatik teatr ona "Hamlet" hazırlamağı təklif edir. Tamaşa üzərində iş başlayır. Səhnə boşdur. Yalnız iki stul ola bilər. Bu da dəqiq deyil. İşıqlar sabitdir, heç bir işıq oyunu olmayacaq.  Səhnənin ortasında radiusu beş metr olan dairə bərkidilib. Tamaşa o dairədə oynanılacaq. Amma vaxt keçdikcə problemlər də artır. Aktyorlar hər gün hansısa bəhanə ilə gəlir, roldan imtina edirlər. Məsələn, Qəbirqazan roluna təsdiq olunan aktyor başqa tamaşada daha böyük rola razılaşır. Ağzından süd iyi gələn aktyor uzunmüddətli məzuniyyətə hazırlaşır - onun uşağı olmalıdır. Üçüncü aktyoru film çəkən rejissor "oğurlayıb". Epizodik rollara dəvət olunan aktyorlar isə narazıdırlar. Hamleti oynayan yaşıdlarının yanında dayanmaq istəmirlər. Hə, əsas məsələ budur: Yaşı 70-ə çatan Berqmanla dostluq əlaqələrini qorumaq onlar üçün o qədər də vacib deyil. Axı o, daha film çəkmir.

Nəhayət, premyera günü... Orkestr işarə verən kimi Berqman teatrın direktoru ilə bayıra çıxır. Fotoqraflar onları dövrəyə alır. Kimsə onun çiyninə vurur ki, cəmi on dəqiqə gecikib, biletsatanlar icazə vermir, onu içəri buraxmaq lazımdır. Berqman həmin tamaşaçının qulağına pıçıldayır ki, onu içəri buraxmaq üçün nə imkanı var, nə arzusu. Və diqqətlə üzünə baxanda görür ki, bu, nüfuzlu qəzetin redaktoru, eyni zamanda, teatr tənqidçisidir.

- Ona yumruq atmaqdan özümü güclə saxladım. Özünü professional hesab edən bu adam elə bilirdi ki, tamaşaya gecikə bilər. Üstəlik, o qədər həyasızdır ki, rejissordan onu zala buraxmağı tələb edir.

Jurnalist Berqmandan uzaqlaşır. Sonra nə olur? Teatrın direktoru qəzetin mədəniyyət səhifəsində uzun tənqidi yazının qorxusundan onun qoluna girib zala aparır.

- Bu əhəmiyyətsiz hadisə istefa verib teatrdan çarəsiz getməyimi daha yəqinləşdirdi.

 

Teatr tarixi və tualetlər

 

Məktəbi bitirəndən sonra Berqman tələbə teatrına yazılır. Stokholm universitetinə isə ancaq görüntü üçün gedir. Teatr və sevgilisi Mariya onun üçün universitetdən daha vacib idi. Axşamlar isə tələbə kafesində oturur, konyak içir, Amerika siqaretləri çəkirdilər. Sonralar etiraf edir ki, Mariya ona çox şeyi öyrətdi. Məsələn, intellektual tənbəlliyini, ruhi müvazinətini idarə etməyi. Gəncliyində seks aclığını doyuzdurduğuna görə isə Mariyaya ömrü boyu minnətdar oldu.

Balaca, birotaqlı evdə qalırdılar. Valideynləri tezliklə Berqmanın evdə gecələmədiyini öyrənirlər. Atası ilə dava edir. Çoxdan pis olan münasibətlər daha da pozulur. Atasını vurub yerə yıxır, anasını itələyib evdən birdəfəlik gedir.

- Qardaşım intihara cəhd eləmişdi, bacım ailənin adını batırmamaq üçün abort etdirmişdi. Mən də evdən qaçmışdım. Atamla anam bədbəxtçilik içində idilər.

Günlərin birində avara aktyorlardan biri Berqmanı axtarıb tapır və təklif edir ki, Strindberqin "Ata" pyesini səhnələşdir, mən də baş rolda oynayım. Gənc rejissor bu təklifi sevincək qəbul edir. Üstəlik, truppa ilə qastrola çıxacaqdılar. Berqman ədəbiyyat tarixi imtahanına girmir, sevgilisindən ayrılır və özünü büsbütün tamaşaya sərf edir. Qastrol cənub şəhərlərindən birinə olur. Tamaşaya cəmi on yeddi nəfər bilet alır. Səhəri yerli qəzetlərin birində çap olunan məqalə onları məhv edir. Truppa dağılır, hamı evə qayıdır. Evdə isə gələcəyin dahisinin bir yumurta, yarım çörək, altı kron puldan başqa heç nəyi yox idi. Mariya isə özünə təzə sevgili tapmışdı. İşə bax: üçü bir yerdə yaşamağa başladılar. Bir neçə gün sonra təzə sevgili Berqmanın gözünün altını qaraldıb evdən qovur.

1939-cu ilin yazı. O, Dram teatrına rəhbərlik edən Paulina Bruniusun yanına gedib iş istəyir. Direktor isə məsləhət görür ki, əvvəlcə təhsilini tamamlasın, sonra iş məsələsi düzələcək. Gənc rejissor dörd dəqiqə sonra suya düşən xəyalları ilə küçədə dayanmışdı. Üstündən xeyli vaxt keçir. Məlum olur, atasının teatr direktoru ilə münasibəti olub və xahiş edib ki, universiteti bitirənə qədər oğlunu işə götürməsin. Çarəsiz qalıb Opera Teatrına gedir. Yenə xahiş edir. Hətta maaşsız işləməyə hazır idi. Rədd edilmək qorxusu ilə direktorun qabağında əsirdi. Nəhayət, az maaşla rejissor köməkçisi vəzifəsinə qəbul edilir. Buna az maaş da demək olmazdı, havayı işləyirdi. Balet artistlərindən biri olan cavan, mehriban qız hər gün onu evinə aparıb yedirirdi.

- Anası yeməyimi hazırlayır, paltarlarımı yuyurdu. Mədəm düzəlməyə başlamışdı.

Hə, mədə demişkən, İnqmar Berqman həzm sistemindən ömrü boyu əziyyət çəkib. Bu, alçaldıcı hiss idi. Həm də utanc gətirirdi. Bağırsaqları sözünə baxmırdı. Ona görə də məktəb onun üçün axırı olmayan işgəncə idi, çünki qarın ağrısının haçan başlayacağını bilmirdi. Böyüdükcə qarın ağrısını idarə etməyi öyrənir. Buna illər lazım olur. Həkim isə məsləhət görürdü ki, qarınağrısı ilə yaşamağa öyrəşsin.

- İşlədiyim bütün teatrlarda mənə həmişə ayrıca tualet verirdilər. Bu tualetlər bəlkə də teatr tarixinə verdiyim yeganə şeydir.

 

Təhsil nazirinin zəngi və Dram teatrına rəhbərlik

 

Dram teatrından dəvət gözləyirdi. Bu gün, sabah... Sevinirdi. Amma teatrda rəhbərlik dəyişir və təzə direktor onun üzünə alçaldıcı tonda deyir: "Sənin iş metodun milli səhnənin tələblərinə uyğun gəlmir". Berqman özünü sakitləşdirmək üçün bir neçə pyes yazsa da, heç biri qəbul olunmur. Paytaxt teatrları ondan yararlanmaq istəmədiyi üçün Malmö teatrının dəvətini qəbul edir. Orada keçirdiyi səkkiz il həyatının ən gözəl illəri idi. Qışda üç tamaşa səhnələşdirir, yayda iki film çəkirdi. Əli-qolu bağlı deyildi, şəxsi həyatı qalmamışdı, yaxşı tamaşalar hazırlamaq üçün kollektivin bir parçası idi. Böyük aktyorlar qışda teatrda oynamağı, yayda Berqmanın filmlərinə çəkilməyin üstünlüyünü başa düşmüşdülər.

Günlərin birində Təhsil naziri montaj otağına zəng edib, Dram teatrına rəhbərlik etməyi təklif edir. Görüşürlər. Nazir fikrini çox uzatmır: Dram teatrını müasir teatr etmək istəyir. Berqman təklifə müsbət cavab verir.  Sadəcə deyir ki, buna çoxlu pul lazımdır. Nazir söz verir: bütün xərcləri qarşılayacaq, təki Berqman Dram teatrının rəhbəri olsun.

İlk gündən teatr işçilərinin ona münasibəti pis olmur, amma işləmək istəyən yox idi, rejissorlar yaxasını qırağa çəkirdi. Məcbur qalıb pyesləri özü oxuyur, repertuar hazırlayır, müqavilələr imzalayır, bütün işləri şəxsən planlaşdırır. Çatışmazlıq çox idi. Məsələn, teatrın katibəsi həm də mətbuatla əlaqələr qurur, restorana şübhəli müştərilər gəlib-gedirdi. Bütün bunlara dözmək, öhdəsindən gəlmək olardı. Daha ciddi problem Ulof Mulander idi. Heç kim onun dahiliyinə şübhə eləmirdi, amma getdikcə daha çox adam onunla işləmək istəmirdi. Ona demək lazım idi ki, artıq teatrdan getmək vaxtıdır. Amma... Amma Ulof Mulander teatrın əslində, nə olduğunu Berqmana göstərən sənətkar idi. İndi ustada deməli idi ki, sən teatra lazım deyilsən, get!

Kabinetdə görüşürlər. Özünü toparlayıb hər şeyi birbaşa deyir. Ki, doktor Mulander, gələn mövsümdə bu teatrda sizin quruluşunuzda tamaşa hazırlanmayacaq. Sonra dediyinə peşman olur.

- Səhv edirdim. Bu adam teatrda qalmalı idi. Teatr direktoru keçən kimi ən böyük səhvimi etdim.

 

Berqmanın ustada uzanan əli havada qalır...

 

Aktyorların maaşı az idi. Orta əmək haqqını qırx faiz qaldırır. Bununla da teatrda mövqeyini bir daha möhkəmləndirir. Hakimiyyət xoşuna gəlirdi. O, ləzzətli idi, stimul verirdi. Şəxsi həyatı isə faciəyə dönmüşdü. Səhər saat səkkizdən axşam on birə qədər teatrda olurdu və şəxsi həyat barədə fikirləşmək də istəmirdi. Rəhbər olduğu qırx iki ayda yeddi tamaşa səhnələşdirir, iki film çəkir, dörd ssenari yazır. Amma narahat idi. Çünki bu, Berqman üçün aşağı yaradıcılıq göstəricisi idi. İnkişaf edə bilmir, fikirləşməyə vaxtı olmur, öyrəşdiyi yollara baş vururdu. Hazırladığı yeddi tamaşadan isə yalnız İbsenin "Gedda Qabler" əsəri ürəyincə alınmışdı. Bunu da yalnız ona görə hazırlamışdı ki, teatrın gözəl aktrisası Qetruda Fri payızda böyük rola düşməmişdi.

 

"Deyirdilər ki, bunların hamısı qanunidir..."

 

İnqridlə təzə evlənmişdilər. Sakit həyat keçirir, dostlarla görüşür, konsertlərə və tamaşalara gedir, filmlərə baxır, həzlə işləyirdilər. Dram teatrının ən üst mərtəbəsindəki rahat zalda "Ölüm rəqsi"nin məşqlərini aparırdı. Qapı açılır, katibə gəlir ki, polis aşağıda sizi gözləyir. Məlum olur, vergi yayınması var və sorğu-suala getməlidir. Teatrın həyətinə düşəndə də, küçəyə çıxanda da görür, növbətçi polislər qoyulub ki, qaça bilməsin. Polis komissarı oxumaq üçün ona müxtəlif sənədlər verir və deyir, vergi bəyannamələrində yalan məlumatlar yazmısan. Berqmanın qorxudan dili-ağzı qurumuşdu, əlləri əsirdi. Su istəyir. Sonra özünə gəlib deyir ki, vergi bəyannamələri ilə vəkili məşğul olduğuna görə heç vaxt rəsmi sənədləri oxumayıb, üstəlik, gəlirlərini dövlətdən gizlətmək niyyəti də olmayıb. Onun pasportunu əlindən alırlar, artıq şəhəri tərk edə bilməzdi. Sonra komissar vəziyyəti yüngülləşdirir və onu arxayın edir ki, istintaq müddətində rahat işləyə bilər.

Onun ölkədən kənarda yaşamağına səbəb olan və nəhayət, vəkillərə külli miqdarda pul qazandıran bu xoşagəlməz hadisədə Berqman özünü yalnız bir məsələdə günahkar bilirdi: oxumadığım kağızları imzalamaqda.

- Başım çıxmayan əməliyyatlar edirdilər və deyirdilər ki, bunların hamısı qanunidir.

 

Cavid ZEYNALLI

 

 525-ci qəzet.- 2020.- 26 sentyabr.- S.21.