Təhsil və cəmiyyət mədəni-intellektual inkişaf müstəvisində

 

Cəmiyyət ilə məktəb fərqli baxışlara malik ola bilməzlər, cəmiyyətin inkişafı məktəbdən asılıdır. Bütün dövrlərdə təhsil cəmiyyətin aparıcı, strateji qüvvəsi olub.

Təhsil cəmiyyətin inkişafında müstəsna əhəmiyyətə malikdir, təhsil almadan, insan cəmiyyətinin yaranışı, təkmilləşməsi, formalaşması qeyri-mümkündür. Məktəb sabahkı cəmiyyəti yetişdirir, cəmiyyət də buna adekvat olaraq onun bu günü və gələcəyi barədə düşünməlidir. O cəmiyyət udur ki, məktəbə çox böyük önəm verir, onu özünün fövqündə saxlayır.

Məktəb rəhbərlərinin səmərəli fəaliyyətini təmin etmək məqsədilə onlar üçün peşə standartları əsasında təlimlərin keçirilməsində məqsəd təhsilin keyfiyyətinin, məktəb direktorlarının idarəetmə səriştəliliyini artırmaq, onları məktəblərdə nazirlik üçün prioritet olan hədəflərə çatmaqda əsas menecerlərə çevirmək və ümumilikdə məktəb idarəetməsinin səriştəli, bilikli kadrlar tərəfindən həyata keçirilməsinə nail olmaqdan ibarətdir. Özünüidarə o demək deyil ki, məktəb direktorları bu və ya digər şəkildə hər şeyi özləri etməlidirlər. Burada söhbət qanunvericilik çərçivəsində fəaliyyət göstərməklə səlahiyyətlərin artırılmasından gedir. Səlahiyyətlərin artırılması isə öz növbəsində daha yüksək cavabdehlik və hesabat vermə tələb edir. Səlahiyyətlər aşağı olduğuna görə məktəb rəhbərliyi nəticələrə görə cavabdehlikdən boyun qaçıra bilir və "idarəetmə məsələləri səlahiyyətimdə olmadığından, nəticəyə də mən məsuliyyət daşımıram" deyir.

İdarəetmənin keyfiyyətinə müsbət təsir göstərən "məktəb-valideyn" əlaqələrinin tənzimlənməsi sahəsində də vəziyyət qənaətbəxş deyil. Hətta Valideyn-Müəllim Asossiasiyalarının təsis edilməsi də bu sahədə nəzərəçarpacaq dəyişikliklər edə bilməyib. İnkişaf etmiş ölkələrdə valideynlər məktəbin idarə olunmasında iştirak edirlər. Bu qurum idarəetmədə əsas amil hesab olunur və məktəb rəhbərliyi onları doğru-düzgün istiqamətə yönəltməlidir. Təhsil sistemində, xüsusilə məktəbin idarə olunmasında direktor valideynlərin iştirakına geniş yer verməli, onların arzu-istəyini, tələblərinin mümkün olanını nəzərə alaraq həyata keçirməli, dərslərdə əyləşməsinə şərait yaratmalı, "açıq qapı" günlərini təşkil etməli, onları dəyirmi masalara dəvət etməli, anket sorğular keçirib şagirdlərin, müəllimlərin müxtəlif məsələlər, problemlər barədə fikirlərini öyrənməlidir. Bunlar da şagirdlərin düzgün təlim-tərbiyəsinin təşkili və formalaşmasına təsirsiz ötüşmür.

Rəhbərlik üslubu sahəsində aparılan tədqiqatlar mahiyyətcə mübahisəli xarakter daşıyır, idarəetmədə kollegiyallıq prinsipinin gözlənilməsi demokratik dəyərlər baxımından əvəzsizdir. Mütləq məktəblər fəaliyyətinə bu günün tələbləri gözü ilə baxıb, onda dəyişiklik etməlidirlər, hətta qoyulan məsələlərin də cəmiyyət üçün çıxarılmasını bəzən bir lüzum da görünür, ehtiyac hiss olunur. Cəmiyyət üçün məktəbdə baş verənləır maraqlıdır, pedaqoji şuralar cəmiyyətin bu marağı istiqamətində bəzi məqamlara diqqət yetirməlidirlər.

Gənc müəllimlərə rəhbərlik öz bacarıq və qabiliyyətlərini göstərmək üçün pedaqoji-psixoloji mühit yaratmalıdır, onların açıq dərslərini təşkil edərkən qarşılıqlı dərsdinləmə yolu ilə bir-birinin əməkdaşlığına zəmin yaradır, aralarında işbirliyini formalaşdırır. Direktorun ən ümdə bir arzu-istəyi də o olur ki, məktəbdə yaxşı müəllimin özünəməxsus nəfəsi, duyumu, dəsti-xətti görünsün. O, dərsi dinlənilən müəllimlə ən əvvəl fərdi söhbət edir, imkanı çatan metodik və pedaqoji tövsiyə xarakterli ədəbiyyatla onları tanış edir.

Əvvəllər müəllimin işə qəbulu bir məktəbdən digərinə köçürülməsi işini direktorlar aparırdı. Ancaq bu sahədə o qədər neqativ hallar baş verdi ki, nəticədə Təhsil Nazirliyi işə qəbulu mərkəzləşdirilmiş qaydada keçirməyə məcbur oldu. Hesab edirəm ki, gələcəkdə bu səlahiyyətlər ya yenidən məktəb direktorlarına verilməli, ya da müəllimin işə qəbulu, qiymətləndirmə sahəsində vasitələrin hazırlanması və digər məsələlər başqa bir qurum tərəfindən mərkəzləşdirilmiş qaydada həyata keçirilməlidir. Kadr məsələsi konkret olaraq məktəb rəhbərliyinin səlahiyyət dairəsində olunması üçün düzgün, ədalətli formatda təqdimat olmalıdır. İşə qəbulla bağlı bəzi ölkələr lisenziyalar tətbiqinə üstünlük verir, 3-5 ildən bir imtahan verib onu yeniləşdirirlər, bu lisenziyalar üzrə əmək haqqı müəyyənləşdirilir.

Müəllim dərsə hazırlıq prosesində bütün daxili imkanlarından istifadə etməli, tədris materialları üzərində aparılan işi məqsədəmüvafiq ardıcıllıqla yerinə yetirməli, hər dərsə qabaqcadan ciddi hazırlaşmalı, öyrətməyin yollarının, üsullarının, metodlarının düzgün tətbiqini təmin edən texnologiyaları mənimsəməli, pedaqoji prosesin bütün incəliklərini öyrənməklə bərabər, o, eyni zamanda, öz təcrübəsini həmkar yoldaşları ilə də bölüşüb onların pedaqoji ustalığının təkmilləşməsinə kömək göstərməlidir.

Məktəbdə təhsilin keyfiyyətinin yüksəldilməsinə yönəlmiş tədbirlər müəyyənləşdirilir, müasir təlim metodları, yeni pedaqoji texnologiyalar və innovasiyalar tətbiq edilir. Hələ maddi baza şagirdin yaxşı oxuması üçün əsas deyil, əsas məsıələ müəllim kadrların yetişməsidir. Müəllim təkcə şagirdə bilik öyrətmir, həm də onda xarakterin formalaşmasına kömək edir. Hazırda ümumtəhsil məktəblərində işləyənlərin 80-90 faizi qadınlardır. Bu cəhət gələcəkdə oğlanların psixikasında müəyyən problemlər yaradır ki, bu problemlərin rüşeymlərinin məktəbdə, cəmiyyətdə hiss edirik.

Müəllimin potensial bilikləri ilə yanaşı, onun peşəkarlığı da çox vacib olan bir şərt kimi dəyərləndirilir. Səriştəli olmaq, apardığı pedaqoji işi böyük ustalıqla həyata keçirmək zəruri keyfiyyətlərdən hesab olunur. Müasir müəllim klassik təcrübəyə söykənməklə, eləcə də qabaqcıl təcrübələr əsasında işini qurmaqla yanaşı, həm də zamanın müasirlik aynasında özünü görə bilməli, istiqamətlərini müəyyənləşdirməyi bacarmalıdır.

Cəmiyyətdə belə bir yanlış təsəvvür yaranmışdır ki, əgər hər hansı bir şəxs müəllimlik diplomu alıbsa, lap pis işləsə belə, onu bu peşədən heç vəchlə uzaqlaşdırmaq olmaz. Belə çıxır ki, biz müəllimin təminatı xatirinə onun səmərəsiz fəaliyyətinə göz yumuruq. Müəllimlərin attestasiyadan keçmə məsələsi çoxdan yetişib. Reytinqin hesablanması da çox ağrılı qaydalardır. 200 mindən çox müəllimin attestasiyasını nazirlik təkbaşına keçirə bilərmi? Xarici ölkələrdə isə diplomu alandan sonra müəllimin peşəsi üzrə işləmək üçün minimum 1 il müddətində əlavə müəllimlik peşəsinin sirləri ilə bağlı tədris keçilməli və sertifikat alınmalıdır. 5 ildən bir bu məsələ təkrar olunur. Təəssüf ki, bizdə bunu eləmək hələ mümkün deyil.

Bütünlüklə təhsil sistemində islahatların keyfiyyəti və səmərəliliyi, ilk növbədə pedaqoji kadr hazırlığı sahəsində aparılan islahatlarla xarakterizə olunur. Hal-hazırda təhsilə verilən əsas tələblərdən biri şəxsiyyət yönümlülük və nəticə yönümlülükdür. Müasir cəmiyyət tələb edir ki, şəxsiyyət öz peşəsinə dərindən yiyələnməklə yanaşı, həm elmi cəhətdən məlumatlı, əməyə, yaradıcılığa hazırlıqlı və mənəvi cəhətdən zəngin olsun. Pedaqoji kadr hazırlayan ali məktəblər və kolleclər yeni tədris planlarının tərtib olunmasında, habelə təlim-tərbiyə işinin təşkilində müasir tələblərə cavab verən müəllimin formalaşdırılmasını qarşıya məqsəd qoymalı və mütəxəssislərin bütün potensialı həmin məqsədin həyata keçirilməsinə yönəldilməlidir.

Repetitor təhsili orta məktəblərdə tədrisin vəziyyətinin aşağı düşməsi hesabına yaranıb. İndi valideynlər hətta ibtidai təhsildə övladlarına repetitor tuturlar. Belə olan surətdə fikirləşməyə əsas var ki, məktəb getdikcə öz keçmiş dəyərini və mahiyyətini itirməkdədir. Əgər məktəblərdə tədrisin səviyyəsi qaldırılsa, müəllimlər bütün şagirdlərə eyni vəziyyətdə yanaşsalar, onda repetitor təhsilinə ehtiyac qalmaz. Ən əvvəl müəllimin vəziyyətini, onun durumunu inkişaf etdirmək qayğısına qalınmalıdır.

Azərbaycanda dərslik yazmaq təcrübəsi gec formalaşıb. Dərsliklərin dili xeyli sadələşdirilib, mövzu seçimi və şərhlər aktuallaşıb, şagirdlərin mövzunu mənimsəməsi asanlaşıb. Amma bəzən dərs saatları mövzulara uyğun gəlmir, proporsiya itir, mövzu ağır olduğundan çətin mənimsənilir, şagirdlərin ədəbi təfəkkürünün inkişafı üçün məqsədəmüvafiq pedaqoji strategiya və taktika işlətməyə imkan vermir və sair. Bu neqativ cəhətlər təəssüflər olsun ki, bütün dərsliklərdə bu və ya digər dərəcədə olur.

Müasir tələblərə cavab verən müəllimin hazırlanması üçün ali təhsil müəssisəsinin maddi-texniki bazasının möhkəmləndirilməsi istiqamətində də ciddi işlərin aparılması aktual məsələdir. Bu, gələcək müəllimlərin təhsil keyfiyyətinin yüksəldilməsinə xidmət edən mühüm amillərdəndir. Müəllim hazırlığı ilə məşğul olan ali təhsil müəssisələrində fənn proqramları ümumtəhsil sistemində həyata keçirilən islahatların müxtəlif istiqamətləri baxımından işlənməli və gələcək müəllimlər praktik xarakter daşıyan təlim proqramlarından yararlanmalıdırlar.

Dərslərimizi kompütersiz, müasir tələbləri özündə cəmləşdirən əyanilik olmadan təsəvvür etmirik. Texniki avadanlığı və zəngin əyaniliklərin hazırlanmasına şagirdləri və onların valideynləri cəlb olunmalıdır. Uşaqlar yeni informasiya dünyasında yaşayırlar və məktəblərin maddi-texniki bazasının hazırlığından asılı olmayaraq məktəblilər artıq müstəqil hərəkət edirlər. Kompüterlər dinamik təlim vasitəsi olub şagirdlərə həyatla bağlı olan interaktiv öyrənmə təcrübələri təmin edir, bu o demək deyil ki, sinifdə istifadə olunan bütün vasitələr ona uyğulaşdırılmalı, ona tabe olmalıdır. Bütün təhsil pillələri üçün İKT üzrə proqramlar hazırlanıb, distant təhsil üzrə ilk eksperimentlər aparılmağa başlanmışdır. Təhsil portalının informasiya resursları formalaşmaqdadır.

Təcrübə göstərir ki, tədris prosesində fəndaxili və fənlərarası inteqrasiyanın təmin edilməsi bilik və bacarıqların şsgirdlər tərəfindən daha asan mənimsənilməsi, dərslərin maraqlı və məzmunlu qurulması, uşaqlarda tədqiqatçılıq meyllərinin yaranması üçün vacib şərtdir.

Müasir dərs elə qurulmalıdır ki, təkcə şagirdlərin hafizəsinə deyil, onların təfəkürünə təsir göstərsin, həmin fənn şagirdlərin idrak fəaliyyətinin inkişafında mühüm rol oynasın, inkişafına nail olunsun. Təhsilin yalnız məzmununu dəyişdirmək kifayət deyil, daha çox tədris metodlarına təsir edən dəyişikliklər etmək lazımdır.

 

Möhsüm ALIŞOV

Pedaqogika üzrə elmlər doktoru, professor

 

525-ci qəzet.- 2020.- 29 sentyabr.- S.14.