Pandemiya – qlobal dərs
Psixoloqun qeydləri
Zülməti qovmaq üsulu
Qəflətən baş verən gözlənilməz
hadisələr zamanı insan davranışlarında adekvat dəyişmələr
meydana çıxır. Qlobal mühitə, o cümlədən, cəmiyyətə
yönəlik müxtəlif təsirlərin ilk hədəfi isə təbii
ki, insan psixologiyası olur. İstər adi, istərsə də
fövqəladə vəziyyətlərdə psixologiya
bütövün tərkibində komponent deyil,
bütövün, yəni insanın özüdür, bu və
ya digər təpkiyə qarşı müqavimət enerjisini
toplayan və idarə edəndir...
Təsəvvür edək ki, gecə vaxtı
işıqlar gözlənilmədən sönür.
Bu halda nə baş verir?
Əlbəttə,
araya zülmət çökür...
Belə məqamda insan hansı bir çıxış
yolu düşünə bilər? Əgər işıq sönübsə,
təcili tibbi yardım maşınını, yaxud
yanğınsöndürmə xidmətini
çağırmağa lüzum yoxdur və yəqin ki, belə
düşüncə heç kəsin xəyalına
gəlməz.
Qəfil
çökən qaranlığı aradan
qaldırmağın yolu olduqca sadədir - şam, yaxud
çıraq yandırmaq lazım gələcək!
Dünya
dövlətlərinin COVİD-19 pandemiyasını aradan
qaldırmaq üçün göstərdikləri qətiyyəti,
bu məqsədlə xərclənən milyardlarla vəsaiti
heç inkar etmədən demək istərdim ki, ekstremal
durumda əhalinin aldığı psixoloji dəstək məhz
işığı qəfil sönmüş otaqda şamı yaxud çıraq yandırmaqla
müqayisə oluna bilər.
Mən bu
barədə danışmaq istəyirəm...
Qısa qapanma
Oxucular, zənnimcə, "Loqos" Psixoloji və Nitq
İnkişaf Mərkəzinin, eləcə də Psixoloji Xidmət
və Tədqiqatlar Mərkəzi İctimai Birliyinin fəaliyyəti
ilə kifayət qədər tanışdırlar.
"Loqos"
təşkilatı son altı il ərzində
Azərbaycan dövləti tərəfindən uğurla
aparılan siyasətin nəticəsi olaraq, başqa sözlə,
özəl qurumların, eyni zamanda, QHT-lərin
inkişafını təmin edən konsepsiyadan bəhrələnərək
ölkə vətəndaşlarına psixoloji yardım sahəsində
fəaliyyət göstərən kollektivlərin ön
sırasında yer almışdır. "Loqos"un psixoloji yardım şəbəkəsi demək
olar ki, respublikamızın bütün bölgələrini əhatə
edir. Peşəkar psixoloqların qatqısı
ilə insanların üzləşdikləri psixoloji problemlərin
aradan qaldırılması, məhz psixoloji aspektdən
qadınların ictimai fəallığının
artırılması, uşaqlarda psixoloji
dayanıqlılığın formalaşdırılması,
ailə anlaşılmazlıqlarının nizamlanması,
bütün bunlar fəaliyyətimizin prioritetləri
olmuşdur. Altı il ərzində
psixoloji və nitq inkişafı məsələləri
mövzusunda saysız-hesabsız tədbirlər, treninqlər,
layihələr reallaşdırılmışdır. Psixoloji
maarifləndirmə məqsədi ilə "Loqos" təşkilatının
egidası altında teleproqramlar yaradılmış,
"Loqos" elmi-publisistik jurnalı işıq üzü
görmüş, kitablar, bukletlər, posterlər çap
olunmuş, "Psixoloq" qəzetinin hər sayında
qoşa səhifə həcmində ən aktual mövzulu məqalələr,
müsahibələr, xəbərlər təqdim
edilmişdir.
Bəli,
biz ölkəmizin ən populyar mətbuat orqanlarının
tribunasından arzularımız, niyyətimizin üfüqlərindən də bəhs
açmışdıq. Biz,
uğurlarımızdan qanad alırıq, demişdik. Biz daha böyük nailiyyətlərin hələ irəlidə
olduğuna inandığımızı söyləmişdik.
Biz yenə də ümidliyik. Bəs yaxşı onda nə üçün feilləri
keçmiş zaman şəkilçisi ilə yazırıq?
Çünki bütün dünya əhli kimi biz də
qısa qapanma fəsadından kənarda deyildik...
Rəqəmlər... ağlı-qaralı...
Yəni qəfil
işıqlar söndü... Ötən ilin
sonlarından başlayaraq COVİD-19 pandemiyası
tüğyanla baş qaldırdı.
Hadisələr başlayanda Çinin Uhan vilayəti bizə
çox-çox uzaq görünürdü. Az sonra
ÜST (Ümumdünya Səhiyyə Təşkilatı)
haray-həşir qoparanda məlum oldu ki, dünyanın
heç bir ölkəsi bu qasırğadan
sığortalanmayıb, hər kəs müşahidəçi
yox, iştirakçı olacaq... Bu gün dünyada 1 milyon
insan koronavirusa yoluxub, pandemiya dünyanın bütün
ölkələrini əhatə edib, milyonlarla test aparılıb,
yüz minlərlə insan fəlakətin qurbanı olub.
Ən çox yoluxma sayı Amerika, Hindistan, eləcə də
ən qabaqcıl Avropa dövlətlərindədir!
Ölkəmizə
aid son məlumatlara hər gün - səhər də,
axşam da baxıram: hazırda bizdə yoluxma sayı 40 minə
yaxınlaşır, 35 min insan müalicə olunaraq
sağalıb, 548 nəfər dünyasını dəyişib,
1 milyona yaxın vətəndaşımız üzərində
COVİD-19 təyinatlı test aparılıb.
Mart
ayında infeksiyaya şübhə ilə yanaşanlar, hətta
pandemiyanın hegemon dünya dövlətləri tərəfindən
hansısa gizli məqsədlə qurulmuş oyun hesab edənlər
də tapıldı... Dünyanın ümumi bəlasına
çevrilən virusa qarşı əsasən və nə
yaxşı ki,
qlobal, ciddi mübarizə tədbirləri görüldü və
görülməkdədir. Yeri gəlmişkən,
pandemiyanın yayılmağa başladığı ilk
gündən Azərbaycan Respublikasının Prezidenti İlham
Əliyevin problemlə əlaqədar göstərdiyi qətiyyət
və şəxsən
həyata keçirdiyi ardıcıl mübarizə tədbirləri
həqiqətən də beynəlxalq nümunədir. Dövlət
başçısının tapşırıqlarını rəhbər
tutan bütün icra qurumlarının pandemiya elan olunduğu
ilk günlərdən başlayaraq insanların
sağlamlığını qorumaq naminə məqsədyönlü fəaliyyət
göstərməsi və həm də vətəndaş həmrəyliyi
nəticəsində ölkəmiz elə ilk mərhələdə
ən az itkilərlə vəziyyətdən çıxa
bilmişdir.
Davam edir pandemiya...
Bununla belə,
insanlarla təmas və canlı əlaqələrin
psixoloqların iş üslubu olduğunu düşünsək,
koronavirusun bəşəriyyətin başı üzərində
qılınc oynadıb hamını evə doldurduğu bir
şəraitdə psixoloji yardım sahəsində fəaliyyət
göstərən təşkilat və mütəxəssislərin
necə bir çıxılmazlıqla
qarşılaşdığını təsəvvür edə
bilərik. İtkilərdən, maliyyə
durumunun enişindən danışıb vaxt aparmaq istəməzdim,
onsuz da bu, özü-özlüyündə və hər kəsə
bəllidir. İndiki halda "sərt",
yaxud "yumşaldılan" karantin qaydalarına əməl
etmək hər bir kəsin özünün və cəmiyyətin
sağlamlığı naminə tabe olduğu... məsuliyyətdir,
bu, bizim vətəndaşlıq borcumuzdur. Amma bununla belə, sözümün əvvəlinə
qayıdıb deməliyəm, hələ ki, davam edən
pandemiya təcrübəsi də göstərdi ki, psixoloji
yardım mövzusu indi daha da aktualdır. Çünki
insanlara yaranmış vəziyyətdə necə davranmaq
qaydaları izah olunmalıdır. Onlara
streslərdən necə yaxa qurtarmağın, qorxu və
fobiyaları dəf etməyin yolu göstərilməlidir.
Sosial məsafənin saxlanılması, evdə qalmaq
çağırışları, şəxsi gigiyenanın
bir an belə unudulmaması zərurəti
yeni davranış qaydaları təlqin etsə də, cəmiyyətə
psixoloji yardım göstərmək ehtiyacı qətiyyən
arxa plana keçmir.
Düzdür, tədricən bir çox zəruri xidmət
sahələri açılmaqda, necə deyərlər, həyat
nizama düşməkdə və davam etməkdədir. Buna yalnız
sevinmək olar. Xalqımızın
böyük əksəriyyətinin qlobal xəstəliklə
mübarizənin ciddiliyini dərk etməsi milli həmrəyliyin
göstəricisidir. İnanıram ki, bizim bundan
sonrakı, artıq sınaqdan çıxmış davranışlarımız
pandemiyanın sonunun daha tez yaxınlaşmasına
səbəb olacaq...
Ödənişsiz psixoloji yardım
almaq istəyirsinizsə...
Maraq doğuracağını düşünüb, bu
çətin ilin gərgin keçən aylarına, günlərinə
aid bir neçə faktı qeyd etmək istərdim. Pandemiyanın tüğyan
etdiyi günlərdə biz Azərbaycan Respublikasının
Ailə, Qadın və Uşaq Problemləri üzrə
Dövlət Komitəsinin və QHT-lərə Dövlət Dəstəyi
Şurasının qrant müsabiqəsinin qalibi olduq;
"Regionlarda ailə dəyərlərinin təbliği və
gənc ailələrə psixoloji yardım" adlı layihəyə
start verildi. Fəaliyyət planına uyğun
olaraq avqust ayının 1-dən Bakı, Lənkəran, Bərdə
və Xaçmaz sakinlərinə səhər saat 8-dən
axşam 20-yə qədər bizim mütəxəssislər tərəfindən
ödənişsiz psixoloji yardım göstərilmişdir.
Pandemiyanın yaratdığı qeyri-müəyyənliyə
baxmayaraq, aradan ötən az müddətdə
psixoloji xidmət filiallarımıza 550-yə qədər
müraciət edilmişdir.
Digər bir məqam; ictimai əlaqələrin kəskin
şəkildə azaldığı dönəmdə üzərimizə
düşən məsuliyyəti, xüsusilə insanların
psixoloqların dəstəyinə ciddi ehtiyacı olduğunu nəzərə
alaraq internet imkanlarından istifadəyə tam
üstünlük verirdik. 7-8 ay ərzində
Feysbuk, Yutub, İnstaqram səhifələrində mövzu ilə
əlaqədar statuslar, tövsiyələr, məsləhətlər
paylaşıldı. Mənimlə həmrəy
olaraq, təşkilatımızın bütün mütəxəssisləri,
həm bizim tövsiyələrimiz, nə də real vəziyyətdən
çıxış etməklə ümumi ictimai
çağırışa qoşulmuşlar. Layihə çərçivəsində
psixoloqlarımızın qələmə aldıqları məqalələr
müxtəlif saytlarda yayımlandı, izləyicilər tərəfindən
yüksək dəyərləndirildi. Əməkdaşlarımız
demək olar hər gün həm yazılı, həm də
onlayn qaydada rəylərlə çıxışlar edir, dəyərli
tövsiyələrini təmənnasız olaraq əhaliyə
çatdırırlar.
Amillər - dövlət, ailə, cəmiyyət
Yaxşı
deyiblər ki, dost da, düşmən də yaman gündə
bilinər. Ən çətin günlərdə qanunun
aliliyini gözləyərək insanlarla əlaqələrimizin
üzülməməsinə çalışdıq,
sınaq zamanı bir daha təsdiqləndi ki, "Loqos" insanların
dostudur, xalqımızın hər cəhətdən
sağlamlığı bizə görə hər şeydən
üstündür.
Biz istədik əhaliyə inandırıcı mesaj
ötürək ki, həyatda baş verən hər hansı
bir hadisə insan psixologiyasına təsirsiz
ötüşmür.
Biz insanlara dedik ki, pandemiya ölüm qorxusunu
artırır, bu, təbiidir, amma ölümdən qorxmaq
lazım deyil, sadəcə həyat tərzini elə şəkildə
nizamlamalıyıq ki, nəinki koronavirus, eləcə də
digər xəstəliklər bizə yaxın düşə
bilməsin. Bu, həqiqətdir, pandemiya insanlarda panik atak, stress,
depressiya yaratmışdır. Əvvəllər, eləcə də
pandemiyanın qol-qanad açdığı müddətdə
psixoloji gərginlik yaşamış insanlar qlobal xəstəliklə
əlaqədar daha çox əziyyət çəkirlər.
Hər zaman olduğu kimi, bir çox amillər var ki,
onları nəzərə almadan həmrəyliyə
qovuşmaq çətin olur, əslində, heç
mümkün olmur. Mən ilk öncə dövlət tərəfindən
sərgilənən dəstəyi xatırlatmaq istərdim.
Hansı dövlətlər ki, fəlakət
qarşısında vətəndaşları tək
buraxmadı, insan sağlamlığını cəmiyyət
daxilində ən yüksək dəyər elan etdi, o hallarda
itkilər son sədləri aşmadı. Azərbaycan
prezidentinin gecə-gündüz bilmədən vəziyyəti
nəzarətdə saxlaması, son illərdə səhiyyənin
yüksək inkişafına, məzmunca yeniləşməsinə
baxmayaraq, modul tipli yeni xəstəxanaların
yaradılması, həkimlərimizin misli görünməmiş
fədakarlığı, pandemiyadan maddi zərər çəkən
iş adamlarının, işləyən əhalinin maliyyə
yardımlıarı ilə təmin olunması müasir Azərbaycan
mühitinin sosial mahiyyətini bir daha təstiq etdi.
Pandemiyanın
diktə etdiyi tələblərlə ayaqlaşmağa
çalışdığımız bir mərhələdə ailə amilinin rolunu xüsusi
qeyd etməyə dəyər. Nəticələrə
baxaraq deyə bilərik ki, ailələr reallığı, əsasən,
anlayışla qarşıladılar.
Yaşlı
insanlara, uşaqlara fasiləsiz qayğıdan bəhs edən
telesüjetlər indi də gözüm önündədir...
Yəqin
ki, xatirinizdədir; könüllülər, müxtəlif
ictimai qurumların nümayəndələri qaydalara uyğun
olaraq tənha, yaşlı insanlara baş çəkir, onlara
zəruri ərzaq çeşidləri
çatdırırdılar...
Cəmiyyətimiz,
mənim fikrimcə, pandemiyaya qarşı mübarizədə
dövlətin çağırışlarına hər zaman
olduğu kimi, inamlı bir şəkildə dəstək verdi. İnsanlar başa
düşdülər ki, yas yerində, toy məclislərində
əvvəlki qaydada toplaşmaq olmaz, bu, onların kütləvi
surətdə tələfatı ilə nəticələnə
bilər. İnsanlar Allahın verdiyini evdə
yedilər, nə gizlədək, buna qədər əhali
imkanı çatdı-çatmadı, sanki qonşudan geri
qalmamaq xatirinə restoranlardan, kafelərdən, toylardan, bəzən
heç mənası olmayan əyləncələrin əlindən
evə yığışa bilmirdi.
Müşahidələrim mənə deyir ki, indi bizim mənzillərimiz
əvvəlkindən daha təmiz və səliqəlidir. İndi biz
şəxsi gigiyena qaydalarına daha mükəmməl əməl
edirik. Hər həftə uyğun kimyəvi
məhlullarla dərindən yuyulan küçələrimizdə
xəstəlik mənbələri yoxa çıxır.
Faciənin acığına
Deyir, hər
itkidə hansısa bir qazanc da var. Məntiqə görə, pandemiya dünyanın
digər yerlərində də cəmiyyətləri yenidən
şəkilləndirmişdir.
Yer
üzündə insan həyatından dəyərli sərvət
yoxdur və ola da bilməz. COVİD-19
pandemiyası planetimizə düşəndən bəri
yüz minlərlə insanın həyatını qəhr
edib. Bu, böyük bir dərs
olmalıdır bəşəriyyətə.
Qlobal faciənin acığına bizə o qalır ki,
fövqəldüşməni dərindən tanıyaq. Tanıyaraq
mübarizə aparmağın sonunda mütləq zəfər
var.
Daim
ovqatınızı yüksəkdə tutun!
Psixoloji
faktorları bir an belə unutmaq yolverilməzdir.
İnsan psixologiyası fərdi olduğuna
görə kömək etmək istədiyimiz kəslərə
fərdi yanaşmaq zorundayıq. Ellə gələn
qada-bala toy-bayramdır - deyib, laqeydləşmək, ehtiyatı
əldən buraxmaq fəsadlarsız ötüşməz.
İtkilərə
darılmayın, salamatsınızsa ən böyük qazanc
budur!
Uşaqlarınızı
qorxulardan aralı tutun!
Evinizin içində, övladlarınızla bir masa
arxasında təbii, təmiz ərzaqları yeyin.
Yaman
günün ömrü az olur. Dünya psixoloqları məhz bu inancı təqdim
etməklə saysız-hesabsız çarəsizləri həyata
qaytarıblar.
Təranə PAŞAYEVA
Psixologiya üzrə fəlsəfə
doktoru
525-ci qəzet.- 2020.- 9 sentyabr.-
S.14-15.