"HƏDƏF"
NƏŞRLƏRİNİN TƏSİSÇİSİ,
DOSENT ŞƏMİL SADİQLƏ BU YAXINLARDA NƏŞR
ETDİKLƏRİ "GENERAL POLAD HƏŞİMOV XATİRƏLƏRDƏ"
KİTABI HAQQINDA SÖHBƏT
Artıq iki aydır, iyulda baş vermiş Tovuz
döyüşləri, bu döyüşlərin qəhrəmanları,
şəhidlərimiz gündəmdən düşmür. Xalqımız
böyük coşğu içərisində qəhrəmanları
yad edir, qisas almaq üçün könüllü səfərbərliyə
yazılanların ardı-arası kəsilmir.
Döyüşlərin qızğın vaxtında
paytaxtın küçələrinə çıxan 30 min vətənpərvərin
dinc yürüşü, müharibə
çağırışı, "Qarabağ bizimdir!"
şüarları da bu qəbildəndir.
Tovuz döyüşlərilə assosiasiya olunan qəhrəmanlardan
ən birincisi, şübhəsiz, şəhid general-mayorumuz
Polad Həşimovdur. Həzi Aslanovdan sonra döyüşdə
şəhid olan ilk generalımız öz ölümü ilə
tarix yazaraq bir anda xalqın sevimli övladına, kumirinə
çevrildi. Xüsusən, gənc nəslin
idealı oldu. Hazırda
generalımızın şəkli sosial şəbəkə
profillərini, avtomobil şüşələrini, vitrinləri,
bannerləri bəzəyir. Haqqında
kitablar yazılır, filmlər çəkilir. Hərə öz sahəsinə,
bacarığına, istedadına uyğun şəkildə
şəhid generalımıza olan borcunu ödəməyə
çalışır. Bu kitablardan birinin,
üstəlik, ən əhatəli, ən dolğun
olanının naşiri, "Hədəf" Nəşrlərinin
təsisçisi Şəmil Sadiqdir. Onunla "Xatirə
ədəbiyyatı" seriyasının 52-ci kitabı olan
"General Polad Həşimov xatirələrdə"
memuarından danışdıq:
***
- Şəmil bəy, bu kitabın nəşri ideyası
necə yarandı?
- "General Polad Həşimov xatirələrdə"
kitabının nəşri göydəndüşmə, təsadüfi
qərar deyil.
"Hədəf" Nəşrlərinin bəlli
strategiyası, konsepti
var. Digər nəşrlərimizə nəzər
salsanız, aydın görünəcək ki, əsas
ideyamız milli kimliyimizi təbliğ və tərənnüm
etməkdir. Bu kitabdan əvvəl də
böyük şəxsiyyətlərə həsr edilən nəşrlərimiz
olub. Yusif Səmədoğlunun, eləcə də
İsa Hüseynovun 40 mərasimində onların həyat və
yaradıcılığına işıq tutan
kitablarımızı mərasimə gələnlərə
paylamışıq. Bir neçə günə bundan əvvəl
isə üzərində 4 il işlədiyimiz
Milli Qəhrəman Mübariz İbrahimova həsr olunan cizgi
romanı oxuculara təqdim etdik.
Bundan
başqa, uşaqlara milli kimliyimizi təlqin etmək,
böyük şəxsiyyətləri tanıtmaq
üçün nəzərdə tutulmuş layihə çərçivəsində
"Böyük adam olmuş uşaqlar" seriyasından
Nizami Gəncəvi, Memar Əcəmi, Şah İsmayıl Xətai,
Yusif Məmmədəliyev, Kərim Kərimov və
başqalarına həsr olunmuş nəşrlərimiz var.
Yaxud ərsəyə gətirdiyimiz boyama kitabları digər
nəşriyyatlardan fərqli olaraq təbiət lövhələri,
heyvanlar yox, milli geyimlərimiz, milli qəhrəmanlarımız,
tarixi şəxsiyyətlərimiz, generallarımız,
idmançılarımız barədə hazırlanıb.
Tovuz hadisələrində, Azərbaycan xalqının
yaşadığı acı günlər, ümumiyyətlə,
düşmənlərimizin torpaqlarımıza qarşı
yenidən hücumu, şəhid verməyimiz, xüsusilə,
yüksəkçinli zabitləri itirməyimiz bizi dərindən
ağrıdır. Polad Haşımov milli hərbi sistemdə
yetişən general idi. Onun haqqında
sosial şəbəkələrdə yayılan yazılar
çox geniş vüsət aldı. Bu da xatirələrin
toplanıb geniş oxucu kütləsinə təqdim
olunmasına rəvac verdi. Bu
cür hadisələr tarixdir, kitab statusdan fərqli olaraq tarixə
keçir, uzunömürlüdür.
Sevindirici haldır ki, kitab haqqında sosial şəbəkələrdə
elan verərkən dostlar, tanışlar, hətta
tanımadığımız şəxslər, kimin nəyə
gücü çatır, kömək əlini uzatmaq istədi. Hətta bir
neçə dostumuz maliyyə dəstəyi göstərmək
istədi. Amma bütün bu xərcləri
nəşriyyatın qarşılamaq gücü olduğundan
imtina etdik. Kitabın tərtibatından,
dizaynından tutmuş hazırlanan materiallara qədər ən
yüksək səviyyədə hazırlamağa
çalışdıq. Özümü xoşbəxt
hiss edirəm ki, bunu bacara, zamanında oxuculara çatdıra
bildik.
-
Hansısa dövlət qurumu sizə öz köməyini təklif
etdimi?
- Biz
özümüz müraciət etmədik. Dövlət
qurumlarının iş prinsipi bəllidir. Müraciət
etməsən, haradan biləcəklər ki, belə bir layihə
həyata keçirilir, yaxud kömək lazımdır? Müdafiə Nazirliyinə məktub yazaraq kitabın
hazırlanması ilə bağlı dəstək istədik.
Bu dəstək də ondan ibarət idi ki, kitaba salmaq istədiyimiz
ictimaiyyətə tanış olmayan arxiv
materialları, şəkillər vardı. Müdafiə
Nazirliyinin nəzdində olan nəşriyyatın rəhbəri
Samir müəllim bizə dəstək oldu. Mətbuat xidmətinin rəhbəri Vaqif Dərgahlı
ilə görüşdüm. Müəyyən
sənəd və materialların, tərcümeyi-halın,
xasiyyətnamənin əldə edilməsi üçün
köməklərini əsirgəmədilər. Bundan başqa, hərb elə sahədir ki, hər
materailı çap etmək olmaz. Elə nüanslar var,
hərbi sirr ola bilər. Bu
baxımdan nazirlik köməyini əsirgəmədi. Əlavə dəstək istəmədiyimizə
görə təklif də olmadı.
Kitabın paylanması prosesində isə çox əziyyət
çəkdik. Çünki cəmi 2 min tiraj çap
olunmuşdu. Nəşr barədə məlumatı
olan hər kəs heç olmasa bir nüsxə əldə etmək
istəyirdi. Bu da
mümkünsüzdür. Əlbəttə,
istərdim ki, bütün gənclər, məktəblilər,
tələbələr bu kitabı əldə etsinlər,
oxusunlar. Hər evdə, hər ocaqda bu nəşr
olsun. Amma nəşriyyatımızın
müəyyən maddi bazası var və bu baza arzumuzu həyata
keçirməyə imkan vermir.
Bir məsələ
də var ki, istər Müdafiə Nazirliyi, istər Mədəniyyət
Nazirliyi, istərsə də digər qurumlar müraciət etsə,
kitabın çap olunub təhsil müəssisələrinə,
qurumlara, sadə vətəndaşlara paylanılmasına
kömək edə bilərik. Əlbəttə,
heç bir təmənna güdmədən. Yalnız çap xərclərini ödəməklə
bu işi təşkil etmək olar. Lap əvvəldən
demişəm ki, bu kitabdan qazanc güdmürük. Bu, bir növ mənəvi borcdur.
- Kitab elə
"Kitabevim.az"a verilən gün tükəndi...
- Əvvəl də qeyd etdiyim kimi, "General Polad Həşimov
xatirələrdə" kitabı cəmi 2000 tirajla çap
olunmuşdu.
Nəzərdə tutmuşduq ki, Təhsil (150 ədəd), Mədəniyyət
(100 ədəd), Müdafiə nazirliklərinə (100 ədəd),
universitet kitabxanaları və digər kitabxanalara (150 ədəd),
xaricdəki diaspor təşkilatlarına (50 ədəd),
ictimai-siyasi şəxslərə (150 ədəd), sıravi
oxuculara (500 ədəd), təşkilatçı, dəstəkçi
və məqalə sahiblərinə (200 ədəd), mətbuat
orqanlarına (50 ədəd), "Hədəf Şirkətlər
Qrupu"nun müəllim heyəti və digər
personalına (200 ədəd), Polad Həşimovun qırx mərasiminə
(350 ədəd) ayıraq. Amma tələbat o qədər
çox, kütləvi oldu ki, sıravi oxucular
üçün "Kitabevim.az" mağazasına qoyulan 500
kitab 4-5 saat ərzində tükəndi. Hətta
biz daha 100 ədəd kitab göndərməli olduq. Amma əlbəttə, tələbatı
qarşılamadı. Nəşriyyata hər
gün onlarla, bəzən yüzdən çox zəng gəlir.
Hamı da generala həsr edilmiş kitabı
soruşur.
- İkinci nəşri olacaqmı?
- Əvvəlcə onu qeyd edim ki, çoxları
kitabın hədiyyə edilməsinə qarşıydı. Təklif
edirdilər ki, kitab mütləq pulla satılmalıdır.
Təklifi bu cür izah edirdilər ki, belə
olan halda kitabı, həqiqətən, istəyən şəxslər
gəlib pul verib alacaqlar, beləcə, ehtiyacı olanların
hamısına çatacaq. Amma əvvəldən
elan etmişdik ki, kitab satışda olmayacaq. İlk nəşr tamamilə pulsuz şəkildə
paylanacaq. Qaldı ikinci nəşrə
artıq, yaxın günlərdə hazır
olacağını düşünürük. "General Polad Həşimov xatirələrdə"
kitabının çap prosesində istər redaktə, istər
korrektə, istər mətn baxımından mümkün
olanının ən yaxşısını etməyə
çalışmışıq. Düzdür,
çox qısa vaxtda - 20-25 gün ərzində ərsəyə
gəlib. Amma buna rəğmən, düşünürəm
ki, dolğun və keyfiyyətli iş ortaya qoyulub. İkinci nəşr əməkdaşlıq etdiyimiz
kitab mağazalarına paylanacaq. Onlardan da
xahiş etmişik ki, kiyabın qiymətinə hansısa faiz əlavə
edilməsin. Qiymət sırf kitabın
maya dəyərində təyin edilib - 3 manat. Yəni bayaq da dediyim ki, biz bu kitabdan hansısa gəlir
güdmürük.
-
Kitabın xərclərinə kömək edən təşkilat,
yaxud şəxslər oldumu?
- Demək
olar, bütün xərci nəşriyyatımız,
hansısa təmənna güdmədən
qarşılayıb. Min tirajın
kağızını almaq üçün "Halal"
şirkəti kömək göstərib. Bir də
övladı "Hədəf" Liseyində təhsil alan valideynlərdən birinin xeyli israrından
sonra cüzi məbləğdə yardımını qəbul
etmişik.
-
Çox qısa müddətdə, təxminən 1 ay ərzində
ərsəyə gəlib bu kitab. Bir naşir
kimi, kitabda hansısa nöqsanlar görmüsünüz?
- Məncə,
ciddi çatışmazlıq yoxdur. Əvvəl
də dediyim kimi, redaktə və korrektəsinə,
materialların seçilməsinə ciddi əmək sərf
etmişik. Mümkün qədər
pafosdan qaçmışıq. Üstəlik,
kifayət qədər peşəkar qələm
adamlarını yazı təklifinə
razılaşmamışıq. Çünki
onlar sağlığında generalı tanımayıblar,
ünsiyyətləri olmayıb. Eşitdiklərindən,
oxuduqlarından yaranan təəssüratlarını qələmə
almaq istəyirdilər. Bu isə kitabı
memuar kontekstindən çıxaracaqdı. Ona görə də kitabı sırf xatirələr
və məktublar üzərində qurmuşuq.
Hə, bir məsələ var ki, vaxt
azlığından xeyli şəxs - döyüş
yoldaşları, tanışları, eləcə də
generalla ünsiyyəti olan adamlar xatirələrini
bölüşə bilmədilər.
- Nəşrin
strukturu barədə danışa bilərsinizmi?
- Kitab özlüyündə dörd hissədən
ibarətdir. Birinci hissədə ("Polad Həşimov
xatirələrdə") ailəsi, qohumları, dostları,
sinif yoldaşları, yaxınlarının xatirələri
yer alıb. İkinci hissə ("Zabit xatirələri")
zabit və döyüş yoldaşlarının xatirələrindən
ibarətdir. Üçüncü bölmədə
("Əsgər xatirələri") komandiri olduğu hərbi
hissələrdə xidmət edənl əsgərlərin
memuarları toplanıb. Dördüncü hissə ("Polad
Həşimov fotolarda") isə 60 səhifəlik
fotokollajdan ibarətdir. Az qala bütün ömrünü -
bağça yaşından tutmuş şəhid olduğu
dövrədək - əhatə edir.
-
Kitabı artıq xeyli adam oxuyub. Təəssüratını sizinlə, nəşriyyatla
bölüşən olurmu?
- Əlbəttə,
təkcə mənə hər gün onlarla adam
zəng edir, mesaj yazır. Hətta bir nəfər
zəng etməklə də yetinməyib nəşriyyata gəlmişdi.
General haqqında, kitab haqqında,
ümumiyyətlə, kitab industriyası haqqında xeyli
söhbət etdik. Hiss olunurdu ki, mütaliə bazası kifayət
qədər geniş, analiz qabiliyyəti yüksəkdir.
Bir məsələni
də qeyd edim, bütün bu sadaladıqlarımla
yanaşı, qələm adamlarında "General Polad Həşimov
xatirələrdə" kitabına bir qədər
etinasızmı deyim, soyuqmu deyim, bilmirəm, yad münasibət
var. Demək olar ki, heç bir yazıçı, şair,
jurnalist kitab haqqında bircə yazı, resenziya yazmayıb,
fikrini bölüşməyib. Təxminən
eyni vaxtda Milli Qəhrəman Mübariz İbrahimova həsr
etdiyimiz cizgi roman işıq üzü gördü. Bu
nəşr haqqında isə ümumiyyətlə,
danışan yoxdur.
Cavid QƏDİR
525-ci qəzet.- 2020.-
10 sentyabr.- S.8.