Ağsaqqal
FƏTTAH HEYDƏROV:
"ÖMÜR GERİ DÖNSƏYDİ, ELƏ BU CÜR
YAŞAYARDIM..."
20 fevral 2008-ci il. Həmin gün Prezident İlham
Əliyevin sərəncamı ilə ölkənin mədəni
və ictimai-siyasi həyatında fəal iştirakına
görə "Şöhrət" ordeni ilə təltif
olunmuşdu. Üç
gündən sonra 70 yaşı tamam olacaqdı. Onun haqqında AzTV-nin "Xəbərlər"
proqramına süjet hazırlamalı idim. Milli Məclisdə görüşdük.
Qarşımda dünya
görmüş, mənən zəngin, peşəkar və məsuliyyətli
bir insan vardı. O qədər maraqlı müsahib idi ki,
söhbətimiz uzun çəkdi - bir televiziya süjetinə
sığışmayacaq qədər uzun. Operator kasseti mənə
verəndə "Tamam dolub" dedi...
Təvazökarlıq etməyəcəyəm,
süjet də maraqlı alınmışdı, efirə
getdi. Özü də çox bəyənmişdi...
Üstündən bir neçə il
keçmişdi, "Səhər" proqramına qonaq gəlmişdi
Fəttah müəllim, AzTV-nin həyətində
rastlaşdıq, o süjeti bir də xatırlatdı,
"Milli Məclisə seçkilər zamanı təkcə
onu göstəririk seçicilərə, vəssalam" dedi
və gülümsündü...
O vaxt iki saata yaxın müsahibəni
kassetdən silməyə qıymamışdım, həmin
müsahibə əsasında mətbuat üçün də
yazı hazırlamışdım, amma heç harada dərc
etdirməmişdim, arxivimdə qalmışdı...
... Bu il avqustun 4-də
Fəttah müəllimin vəfatı xəbəri, sanki o
söhbəti "diriltdi". Və bu
"diriliş" göstərdi ki, müdrik insanlar
ölmürlər, hər zaman xatirələrdə
yaşayırlar. 12 il əvvəl
alınan müsahibəni Fəttah müəllimin xatirəsinə
hörmətlə oxuculara təqdim etməyi özümə
borc bildim. Çünki onunla söhbətdə bir daha dərk
etmişdim ki, insanlar doğulduqları torpağa çox bənzəyirlər:
dağ adamları vüqarlı, çölçülər
genişürəkli, cənublular coşğun,
şimallılar soyuqqanlı... Onu da doğulduğu torpağa
bənzətmişdim: vüqarlı, müdrik, alicənab, qətiyyətli,
sədaqətli, xeyirxah... Milli adət-ənənələrə,
ali dəyərlərə hörmət
xarakterinin əsas cizgiləri idi. Amma o, həm də
doğulduğu yurda başucalığı, şərəf
gətirənlərdəndir. Fəaliyyəti el-obasına,
xalqına, millətinə, dövlətinə sədaqət
nümunəsi, həyat tərzi, vətənpərvərliyi,
humanistliyi gənclərə örnək idi...
Ömrü boyu müxtəlif məsul
vəzifələrdə çalışıb, ona etibar edənlərin
inamını doğruldub. Bir üstünlüyü də o
olub ki, hansı vəzifəyə sahiblik etməsindən
asılı olmayaraq, həmişə haqqın, ədalətin
tərəfində olub, problemləri yoluna qoyan insan olub.
İşgüzarlığına, idarəçilik məharətinə,
insanlara təmənnasız münasibətinə qibtə edənlər,
həsəd aparanlar da az olmayıb.
Heç vaxt gördüyü işlərdən isə
mükafat ummayıb, şöhrət dalınca
qaçmayıb. Amma elə şöhrət də, yüksək
mövqe və nüfuz da, mükafat da bütün
ömrü boyu onu izləyib...
Naxçıvanın Babək
rayonunun Çeşməbasar kəndində sadə, zəhmətkeş
bir kəndli ailəsində doğulan Fəttah Səməd
oğlu Heydərov 1990-1995-ci illərdə Naxçıvan MR
Ali Sovetinin deputatı olmuşdu, müxtəlif məsul vəzifələrdə
işləmişdi. 6
çağırış Milli Məclisin deputatı, Azərbaycan
Ağsaqqallar Şurasının sədri idi...
***
"Mən hər səhər yuxudan
İlanlı dağın arxasından
çıxan Günəşin şüaları altında
oyanmışam..."
- Deyəsən,
ömrünüz qaçaqaçda, qovhaqovda keçib. Yəni
heç bekar, işsiz vaxtınız olmayıb...
- Orta məktəbi
bitirib birbaşa əmək fəaliyyətinə
başlamışam, qiyabi təhsil almışam. İlk dəfə
kənd klubunun müdiri olmuşam, sonra da öz kəndimizdə
müəllimlik etmişəm...
- O kənd,
o illər necə qalıb yadınızda?..
- O kənd
bir an da yadımdan çıxmır. İndiki Babək rayonunun, o zaman Naxçıvan
rayonu adlanırdı, Çeşməbasar adlı bir kəndidir.
Naxçıvanın 10-12 kilometrliyində bir
aran kəndidir. Mən hər səhər
yuxudan İlanlı dağın arxasından çıxan
Günəşin şüaları altında oyanmışam,
Ağrıdağın arxasında Günəş gizlənəndə
yuxuya getmişəm. O kənd xatirimdə belə
qalıb. Ağlım kəsəndə kəndimizin
çox ağır illərini görmüşəm.
Müharibənin son illərində məktəbə
getmişəm...
- Orta məktəbdə
necə şagird idiniz, müəllimləriniz sizdən
razı idimi?
- Bircə
gün də dərs buraxmazdım, oxumağa çox həvəsim
vardı, qiymətlərim əla idi. 7 il
öz kəndimizdə oxuyandan sonra 3 il qonşu kənddə -
Nehrəmdə oxudum. XIX əsrin sonlarında o kənddə
yazıçı-dramaturq Cəlil Məmmədquluzadə dərs
deyib. Məktəbi bitirən kimi işə
başladım. Camaatla isti münasibətim, onlara
bağlılığım az vaxtda məni
partiya işinə apardı. 1966-cı ildən irəli
çəkildim və Naxçıvan şəhərinə
köçdüm...
- Bəs
ailənizi, valideynlərinizi necə
xatırlayırsınız? Onların sizə öyüd-nəsihəti ən
çox nə ilə bağlı idi?
- Həyatda
üç şeyi özümüz seçmirik: valideynləri,
nəsil-kökümüzü, Vətənimizi, bir də nə
qədər ömür sürəcəyimizi. Azərbaycanın
cənnət guşəsindənəm, gileylənməyə
haqqım yox. Sadə bir ailədə
doğulmuşam. Bunun üçün də
Tanrıya şükranlıq edirəm. Nə qədər
ömrüm var, bunu da tək olan Allah bilir... Valideynlərim
əkin-biçinlə məşğul idilər. Çoxlu mal-qaramız vardı. Ailəmiz
onun gəliri ilə dolanırdı, üstəlik,
qonum-qonşuya, qohum-əqrəbaya, imkansızlara da əl
tuturduq. Müharibə dövrü idi.
Xatirimdə qalıb ki, kənddə kişi
az idi, çoxu cəbhəyə getmişdi. Atam
da, anam da başsız ailələrə kömək edirdilər.
Atamın sözü bu idi ki, dözün, çətin
günün ömrü az olar. "Payız keçər, qış qurtarar, yaz
olar, yaman günün fasiləsi az olar" - onun bu sözləri
o vaxt kənddə dillər əzbəri idi. O, çox
danışmağı sevməzdi, amma elə
danışardı ki, beynimizə əbədi həkk
olardı. Təkrarı da xoşlamazdı,
sözü bir dəfə deyirdi, elə deyirdi ki, bəs
edirdi. Atam həyatda ilk bələdçim,
ilk tərbiyəçim, ilk yolgöstərənim olub.
O mənə həyatı sevdirib, zəhmətə
alışdırıb, xeyirxahlıq öyrədib. Atamın gözlərindəki aydınlıq,
sönməyən işıq ömrüm boyu mənə
arxa, kömək, dayaq olub. O, işıq əllərimdən
tutub yerimək öyrədib, beynimi, düşüncələrimi
nura qərq edib, fikrimi formalaşdırıb. O müqəddəs
insanın sevgisini, xeyir-duasını indi də
başımın üstündə hiss edirəm... Atam həm də poetik ruhlu insan idi, öyüd-nəsihətini
də poetik dillə verərdi. Təhsil
almağın tərəfdarı idi, heç vaxt razı
olmazdı ki, bir gün belə dərsdən qalım. Mən Bakıya təzə gələndə arxamca
bir məktub göndərmişdi. Orada
yazdıqlarını indiyədək unutmuram:
Kotan
sürən deyər yaxşı kəl ola,
Xırman
döyən deyər yaxşı vəl ola.
Mərd
igidin qaşısında ləl ola,
Dönüb
baxmaz görüm hansı rəngdədir...
Bu bayatı sonralar mənim həyat
devizimə çevrildi...
- Bəs
ananız?..
- Anam zəngin
bir ailənin qızı idi. Öz müqəddəs
ailə ocağına möhkəm tellərlə bağlı
olan, ailə-ər-uşaq qayğısı çəkən
əsl Şərq qadını idi. Başımıza
pərvanə tək dolanardı. Səliqə-sahmanına,
ədəb-ərkanına söz ola bilməzdi.
Böyük-kiçiyin yerini bilərdi, bizə
də bunu öyrədərdi. Bişirdiyi xörəklərin
dadı hələ də damağımdadır... Həddən artıq sadəliyi, nəcibliyi onu təkcə
qohum-əqrəbaya yox, qonum-qonşuya, kənd camaatına da
doğmalaşdırmışdı. Necə
deyim, Allah öz sevgisini ondan əsirgəməmişdi, o da bu
sevgidən hər kəsə pay verə bilirdi. Anam xalq təbabətini
də gözəl bilirdi, xəstələrin də dadına
çatırdı... İndi də kəndimizdə hamı:
"Allah rəhmət eləsin, o cür insanlar bir də
dünyaya gəlməyəcək" deyə onları rəhmətlə
yad edir. Bir xatirə dastanı yazıblar elə
bil. Sanki ömürləri boyu bir
boxça bağlayıb, bu boxçaya da yaxşılıq,
xeyirxahlıq yığıb, sabaha əmanət qoyublar.
Hər dəfə valideynlərimi xatırlayanda bir daha əmin
oluram ki, bu dünyada yaxşılıqdan, yaxşı addan
başqa heç nə qalmır...
- Söhbətiniz
o qədər təsirlidir ki... Qəribədir, insan yaşa
dolduqca ilk beşiyi, doğulduğu yurd onu daha çox çəkir
özünə, unudulmur onlar...
-
Mümkün deyil axı... Yalnız manqurtlar
unuda bilər. Dünyaya gözümü
ilk açdığımda onları görmüşəm
başımın üstündə, ilk duyduğum nəfəs
də, ilk eşitdiyim səs də onlarınkı olub. Anamın ruhumu oxşayan nazlı laylaları,
atamın xoş avazlı pıçıltıları indi də
yaddaşımdadır. Bu,
yaddaşımın ən əziz, ən məhrəm guşəsidir.
Necə unutmaq olar? Atamın öyüdləri
qalıb yadımda, anamın əllərinin istisi, ətri,
dadı... Valideynlərimin üz cizgiləri,
çöhrələrindəki riyasız məsumluq, təmizlik
bu gün də gözümün önündən çəkilmir.
Onlar biz övladları üçün hər
cür fədakarlığa hazır idilər. Kəndimiz,
el-obamız, qonum-qonşularımız da hafizəmin pozulmaz
guşəsinə köçüblər... Nə isə...
- İndi
o yerlərin, o illərin xiffəti varmı ürəyinizdə?..
- Hər
gün... Hər gün... Yenə deyirəm, hər səhər
İlanlı dağın arxasından boylanan Günəşin
şüaları altında yuxudan oyanmışam, o yerləri
necə unuda bilərəm?.. Bilirsiniz, insan keçmişini bilmədən,
keçmişinə hörmət qoymadan bu gününün,
sabahının mənasını anlamaz, qiymətini bilməz.
Dünənim mənim üçün çox
dəyərlidir. Çox şükürlər
olsun Allaha ki, dünənim mənim üçün xiffət
olaraq qalmır. Nə vaxt yadıma
düşürsə, qısa müddətə olsa da, gedib
ürəyim istəyən yerləri görüb, əzizlərimi
ziyarət edib qayıdıram. Bu, qəlbimi doydurur,
gözümü doydurur, göz yaddaşımı təzələyir,
ruhumu rahatlayır...
"... Yaddaşıma ən çox
hopub qalan
kənddə müəllim işləməyimdir..."
- Az
vaxtda partiya işinə irəli çəkildiniz. Necə
düşünürsünüz, hansı xarakteriniz sizi belə
tez tanıtdı, sizə vəzifə həvalə etdilər?..- Tez-tez özüm də ötənləri
saf-çürük edirəm... Bilirsiniz, səbəb nə
idi?.. Məktəb illərində
bədii, tarixi ədəbiyyatı çox oxuyurdum. Oradakı obrazlar hafizəmdə, həm də
"bizim millət, bizim xalq" anlamını
formalaşdırırdı. Xarici ədəbiyyatı
oxuyandan sonra isə hər iki mühiti, obrazları, onların
idrakını, düşüncə tərzini, insanların
münasibətini müqayisə edirdim. Məsələn,
Fransada belə olub, Almaniyada belə, Amerikada da belə... Bu müqayisə məni, həm də öz
xalqım, öz millətim haqqında düşünməyə
vadar edirdi. Bu, əlbəttə, bir yeniyetmənin,
bir gəncin ürəyində baş qaldıran ilk vətənpərvərlik
duyğuları idi. Böyüdükcə
bu məsələlər diqqətimi daha çox çəkirdi.
O zaman elə bil ki, insanların təfəkkür tərzində
nəsə çatmırdı, onları səfərbər
etmək, mütəşəkkillik yaratmaq, qabağa
düşüb nəsə bir yaxşı işin dalınca
aparmaq lazım idi. Bir sözlə, elə bil
lider çatışmırdı, belə bir liderə ehtiyac
vardı. Bu cür fkirlər o vaxt dərnəklərdə
səslənirdi və tezliklə də yayılırdı...
Təsəvvür edin, müəllim işləyəndə
diplom işim didaktikadan olub: "Sənin tədrisində məntiqin
və intuisiyanın yeri"... Hə, bir gün
məni gözlənilmədən kənd məktəbindən
götürüb Vilayət Partiya Komitəsinin ideologiya
şöbəsinə təlimatçı apardılar. İnsanların ərizə və şikayətləri
ilə məşğul olurdum, tədbirlərdə
çıxış edirdim. Bu
çıxışlar nə idi, nə məqsəd
güdürdü? Bu cür
çıxışlar cəmiyyəti istiqamətləndirmək
məqsədi daşıyırdı, əslində,
bütün tarix boyu belə olub. Həmin
tədbirlərdə insanlar məni dinləyir, başa
düşür, anlayır, qəbul edirdilər. Və buradan da qarşılıqlı inam və
hörmət, nüfuz yaranırdı. Belə-belə,
sabahım üçün zərrə-zərrə zəmin
yaranırdı, hörmət, nüfuz qazanırdım.
Sonra da vəzifələrə yolum başladı...
- Həyatınızı
mərhələlərə, dövrlərə
bölürsünüzmü? Fəaliyyətinizin
Naxçıvan dövrünü necə səciyyələndirirsiniz?
- Yox, həyatımı
hansısa mərhələlərə, dövrlərə
bölməzdim, çünki ömrümün bütün
çağlarında öz əqidəmə, öz təfəkkürümə
sadiq olmuşam. Yaşadığım
ömrün Naxçıvan dövrünə gəlincə,
onu xatırlayanda yaddaşıma ən çox hopub qalanı
kənddə müəllim işləməyimdir. O illər
mənim üçün daha unudulmazdır. O səbəbdən
ki, saf, beyni ağappaq kağız kimi olan uşaqlarla işləyirdim.
O mühitdə süni heç nə yox idi. Hətta o
uşaqların qidalanması belə süni deyildi! Bəli, mən
bu fikri xüsusi vurğulayıram... Bu uşaqlara
həm fənləri tədris edirsən, həm oxuduğun
kitablardan, sevdiyin qəhrəmanlardan söhbət
açırsan, həm də xalqının tarixindən
danışırsan. O uşaqlar da sənin dediklərini
maqnit kimi çəkirlər, sözlərini göydə
tuturlar, qavrayırlar, ağappaq beyinlərinə yazırlar.
Beyinləri, düşüncələri təmizdir axı... İnanın, ömrümün həmin dövrü
mənimçün olduqca dəyərlidir. Hərdən
o illəri xatırlayanda müəllimlərə qibtə edirəm...
Vilayət Partiya Komitəsində isə
özümdən böyüklərlə işləmişəm,
savadlı, təhsilli, təcrübəli, təşkilatçı,
xüsusilə insanları cəlb etməyi, səfərbər
etməyi bacaranlarla. Onlardan çox şey
öyrənmişəm. Bu insanların hər biri heykəlləşib,
abidələşib ürəyimdə, gözlərimin
önündə, yaddaşımın əziz yerində
qalıblar... Şəxsi həyatım da o təkrarsız
yerlərlə bağlı olub. Naxçıvanın
bənzərsiz təbiətindən zövq almışam, min
bir nemətindən dadmışam. Doğma
yurdun halal nemətlərinin dadı hələ də
damağımdadır. Mən
keçmiş günləri çox şirin, çox əziz
xatirələrlə, amma kövrək hisslərlə yada
salıram. Xatirələrim məni incitmir, əksinə,
sevindirir və bir az da kövrəldir...
"Qəbələnin
bugünkü gözəlliyi Heydər
Əliyevin ora düşən
işığının nəticəsidir..."
- Amma Naxçıvandan yox, Qəbələdən millət
vəkili seçildiniz, xalqın elçisi oldunuz. Özü də Qəbələ
camaatı sizi üç dəfə dalbadal deputat
seçdi...
- Həyat
qəribədir... Mən taleyə, qismətə,
alın yazısına inanan adamam, ona görə də
ömrüm boyu nəyinsə dalınca
qaçmamışam, sidq-ürəkdən inanmışam
ki, insana qisməti böyük Allah verir. Sözsüz
ki, üzərimə düşən vəzifəyə
böyük məsuliyyətlə yanaşmışam. Bəlkə
ona görə də həmişə məni dəvət
ediblər ki, filan işi gör, filan vəzifəyə get... Naxçıvandan məni Ordubada ikinci katib göndərdilər.
İkinci katiblikdən isə Naxçıvana
Əhaliyə Məişət Xidməti naziri təyin etdilər.
Ab-hava, mühit fərqli idi, tamam başqa sahənin
adamları ilə işləməli idim. İl
yarım işlədim. Sonra... Allah Ulu
öndər Heydər Əliyevə rəhmət eləsin,
onun insanlara münasibəti, iti zəkası, uzaqgörənliyi
nəticəsində təzədən partiya işinə
qayıtdım. O görmüşdü mənim
işimi, qiymətləndirmişdi məni... Ordubadda birinci
katib işlədim, sonra Culfada... Sonra yenə
Naxçıvana qayıtdım, bu dəfə Mədəniyyət
naziri kimi. 12 il bu vəzifədə
çalışdım... Sonra dövr dəyişdi, zaman dəyişdi,
çox hadisələr baş verdi, necə
deyərlər, çox sular axdı, duruldu. Ölkəmiz
ikinci dəfə müstəqilliyini qazandı. Azərbaycanın xilaskarı, Ümummilli lider Heydər
Əliyev xalqın təkidi, istəyi, arzusu ilə ikinci dəfə
hakimiyyətə gəldi. Öz qüdrəti ilə
ölkəni dağılmaq, yox olmaq təhlükəsindən
qurtardı... Və mən cəsarət edib
müstəqil dövlətimizin ilk Milli Məclisinə
deputatlığa namizədliyimi irəli sürdüm. Özü də Naxçıvandan yox, Qəbələdən,
çünki məni, həm də Qəbələyə
bağlayan tellər vardı. Əhali də
məni çox isti qarşıladı, səmimi qəbul
etdi, seçkilərdə qalib gəldim. Həyatımın
yeni dövrü, yeni mərhələsi başladı. Bu dövr, bu mərhələ yeni mühitdə yeni
adamlarla işləmək idi. Onlarla
böyük məmnunluqla işlədim, əlimdən gələni
etdim. Bir-birimizi duyduq, anladıq, başa
düşdük...
- Və
dostlaşdınız...
-
Bilirsiniz, insanların qəlbinə yol tapmaq üçün
onlara xidmət etməlisən, onlarla həmrəy
olmalısan, onların halına yanmalısan. Sevincini
öz sevincin, kədərini öz kədərin bilməlisən.
Dərdinə şərik çıxıb,
şad gününə sevinməyi bacarmalısan. Bax,
belə olsa, çox iş görə bilərsən, lap
dağı dağ üstünə qoyarsan... Bəli, bizim
dostluğumuz tutub və mənə elə gəlir ki, bu
dostluq hələ uzun müddət davam edəcək... İndi Qəbələ tanınmaz dərəcədə
dəyişib. Orada hər şey gözəldir: təbiət
də, insanlar da...
- Dediniz
ki, Heydər Əliyev sizin fəaliyyətinizə hər zaman
yüksək qiymət verib. Ulu öndəri necə
xatırlayırsınız?
- Böyük öndərimiz Naxçıvanda cahanşümul işlər görəndə, ölkəni bəlalardan xilas edəndə, camaat ayağa qalxıb onu birmənalı olaraq hakimiyyətə gətirəndə, demək olar ki, mən onun yanında idim! İndi də fəxr edirəm ki, bax o müqəddəs mübarizədə mən onun yanında olmuşam! Bir yerdə çalışırdıq, bir yerdə işləyirdik! Dahilərin, rəhbərlərin, liderlərin, böyük şəxsiyyətlərin yanında olmaq da insana şərəf gətirir, onu tanıdır başqalarına. Məni də görmüşdülər. Və ona görə də mən qəbələlilərlə görüşəndə böyük ümidləri vardı ki, bu tanışlığın, mənim başımın üstündə olan o böyük qüvvənin, o kölgənin onlara da çox böyük xeyri dəyəcək. Dəydi də... Ulu öndərdə ilahi bir xüsusiyyət vardı. Onun ayağı hara dəyirdisə, ora gülüstana dönürdü. Bunun canlı şahidiyəm. Mən hələ Naxçıvanda işləyəndə hamımız arzu edirdik ki, Heydər Əliyevin ayağı bizim rayona, bizim sahələrə dəysin. O gəlib-gedəndən sonra hər şey dəyişirdi, məhsuldarlıq artırdı, xeyir-bərəkət aşıb-daşırdı. Lap möcüzə idi!..
(Ardı növbəti
sayımızda)
Firuzə NADİR
525-ci qəzet.- 2020.- 12 sentyabr.-
S.10; 12.