Sevərək yaşadı, sevilərək
əbədiyyətə qovuşdu...
İllərlə tanıdığın, dostluq
münasibətində olduğun
insanın itkisi necə də ağrılı-acılı olur. O da ola hamının
dostu, ağsaqqallar ağsaqqalı, Respublika Ağsaqqallar Şurasının
sədri, Ulu öndərin ən sədaqətli silahdaşlarından
biri, görkəmli ictimai xadim Fəttah
Heydərovun itkisi.
Fəttah müəllim cismani cəhətdən bizi tərk etsə də, ruhən bizimlədir. Yaxşı adamlar ölmür,
xeyirxah əməlləri
ilə qəlblərdə
məskən salırlar.
Onu tanıyanlar yaşadıqca
yaşayır, onu son xatırlayacaq insan öləndə ölürlər.
Fəttah müəllim elm adamı deyildi. Bununla belə, kamil
insanı şərtləndirən
şəriət, təriqət,
mərifət, həqiqət
mərhələlərini fəth
edərək insanlıq
və nümunə məktə-binə çevrilmişdi.
İnsanlar davranışlarında, rəftarlarında bu məktəbin nurundan faydalanırdılar.
Fəttah müəllim iddiasız və təmənnasız
yaşamağı bacaran
nümunəvi ziyalı,
inamlı, imanlı örnək insan idi. Dəfələrlə Həcc ziyarətinə
gedən nurani ağsaqqal Allah, eyni zamanda, dövlət adamı idi. Bu, hər adama
qismət olmur. Bunun üçün gərək
Fəttah müəllim
kimi həddən artıq vicdanlı, insaflı, ədalətli,
xüsusən də imanlı, inamlı ağsaqqal olasan.
Qəbələ rayonundan deputat olan Fəttah müəllimin Qəbələdə
dövlət əhəmiyyətli
obyektlərin açılışı
mərasimində möhtərəm
Prezidentimiz İlham Əliyevin yanında olması, yeni tərkibdə Parlamentin
ilk iclaslarının açılmasının
ona həvalə olunması dəyərli ağsaqqal kimi xalq və dövlət
qarşısında xidmətlərindən
və nüfuzundan xəbər verirdi.
O, uzun müddətli səmərəli fəaliyyətinə
görə ölkə
rəhbərliyi tərəfindən
yüksək mükafatlara
layiq görülmüş,
ordenlərlə təltif
olunmuşdu.
2013-cü ildə Millət
vəkili Fəttah Heydərov Respublika Ağsaqqallar Şurasına
sədr seçiləndə
burada keçmiş rəhbərlikdən miras
qalmış hərc-mərclik,
dedi-qodu, ağsaqqallar
arasında soyuqluq baş alıb gedirdi. Müdrik ağsaqqal Fəttah
müəllimin əməlinin
saflığı, təmənnasızlığı,
ədalətli qərarları
sayəsində Şurada
hökm sürən bu neqativ hallar
aradan qaldırıldı.
İyirmi mindən çox
üzvü, 84 şəhər
və rayon təşkilatı
olan (onlardan səkkizi Naxçıvan
Muxtar Respublikasının
payına düşür)
Ağsaqqallar Şurasında
işgüzar, ürəkaçan
mühit yaradıldı.
Nəinki paytaxtda, bölgələrdə
də ağsaqqallarla görüşlər keçirilməyə
başladı.
Qafqaz Müsəlmanları İdarəsi
nəzdində fəaliyyət
göstərən Elmi-Dini
Şuranın Şeyx
həzrətləri və
Fəttah müəllim
başda olmaqla, demək olar ki, bütün üzvləri, mərhum akademiklər Bəkir Nəbiyev, Fuad Qasımzadə, Vasim Məmmədəliyev, eləcə
də akademiklər Teymur Bünyadov, Ziyad Səmədzadə və bu sətirlərin
müəllifi, eyni zamanda, Ağsaqqallar Şurasının üzvləri
idik. Odur ki, bir çox hallarda yığıncaqları birgə
keçirirdik.
İbrətamizliyini nəzərə alaraq Şeyx həzrətləri
və Fəttah müəllimin rəhbərliyi
ilə ölkəmizin
Qərb bölgəsində
ağsaqqallarla, din xadimləri
və ziyalılarla keçirdiyimiz yığıncaqları
yada salmağı münasib bildim (ona qədər Cənub və Şirvan bölgələrində
yığıncaqlar keçirmişdik).
İlk gün Ağstafa və Tovuzda çox maraqlı görüşlər
keçirdik. Tovuzda "Ayan" mehmanxanasında
gecələdik. Səhərisi gün Qazaxda olmalı idik. Lakin Şeyx həzrətləri dedi ki, saat 11:00-da Gəncədə İmamzadə
məscidində tədbirdə
olmalıdır. Tovuzun
İcra Başçısı
Tofiq Zeynalov məni çağırıb
dedi ki, Qazax camaatı sizi gözləyir. Getməsəniz, narahatlıq və
peşmançılıq olacaq.
Mən deyilənləri olduğu
kimi Fəttah müəllimə çatdırdım.
Fəttah müəllim
dünya görmüş
müdrik adam
idi. Şeyx həzrətləri ilə danışdı və Qazaxa getdik. Nəinki zal, park da insanlarla dolu idi. Yüksək səviyyəli bir
görüş oldu.
Hamımızın çıxış etməyini istədilər.
Qazax camaatı çox razı qaldı. Yığıncaqdan sonra Fəttah müəllim dedi ki, bizə
göstərdiyi qayğıya
və məsləhətinə
görə Tovuzun İcra Başçısına
minnətdarlığımızı çatdırarsan. Bu, Fəttah müəllimin necə diqqətli və müdrik ağsaqqal olduğundan xəbər verirdi.
Fəttah müəllim xoş rəftarı ilə Respublika ağsaqqalları
arasında böyük
nüfuz qazanmışdı. Ağsaqqallar Şurasının yığıncaqları
toy-bayrama çevrilirdi.
Hamı Şuranın növbəti
yığıncağının keçiriləcəyi günü
səbirsizliklə gözləyir
və yığıncağa
sevinclə gəlirdilər.
Məlumdur ki, yaşlı
adamlar xatirələrlə
yaşayırlar. Yığıncaqdan sonra çay süfrəsi ətrafında
xatirələr vərəqlənirdi.
Fəttah müəllim heç
vaxt yığıncaqdan
sonra çıxıb
getməzdi. Ağsaqqallarla dərdləşər, zarafatlaşardı.
Təəssüf ki, bir daha
onun şirin söhbətlərini və
incə yumorlu zarafatlarını eşitməyəcəyik.
Nə edəsən ki, fani dünya keşməkeşlidir: "Həyat
daimidir, insan amanat". Təsəllini onda tapırıq
ki, Fəttah müəllim xeyirxahlığı,
insanpərvərliyi, inamı,
imanı ilə o dünyalığını da
qazanmışdı.
İndi
Fəttah müəllim
Fəxri Xiyabanda Ümummilli lider Heydər Əliyev, Zərifə xanım Əliyeva, Həsən bəy Zərdabi, Üzeyir Hacıbəyov, Cəlil Məmmədquluzadə,
Yusif Məmmədəliyev,
Əziz Əliyev, Həsən Əliyev,
Mustafa Topçubaşov, Mikayıl
Hüseynov, Cəfər
Cabbarlı, Səməd
Vurğun, Rəsul Rza, Qara Qarayev,
Fikrət Əmirov, Rəşid Behbudov, Bülbül, Müslüm
Maqomayev kimi zirvələrin uyuduğu
məkanda uyuyur.
Hər cümə axşamı Fəttah müəllimi ziyarət edəndə bu müqəddəs məkanda dahi Üzeyir bəyin dəfn mərasimində Səməd Vurğunun göz yaşı tökə-tökə oxuduğu,
ölümə meydan
oxuyan şeiri qəlbimə hakim kəsilir:
Ölüm sevinməsin qoy,
ömrünü vermir
bada
El qədrini canından
daha əziz bilənlər.
Şirin
bir xatirətək qalacaqdır dünyada
Sevərək yaşayanlar, sevilərək
ölənlər...
Canında vətən sevgisi olanlar, eli-obanı, xalqı ürəkdən
sevənlər dünyamızı
sevilərək tərk
edirlər. Fəttah müəllim də
xalq qədrini bilərək, xalqı, dövləti, dövlətçiliyimizi,
mənəvi dəyərlərimizi
sevərək yaşadı,
sevilərək əbədiyyətə
qovuşdu.
Allah rəhmət eləsin, yeri behişt olsun!
Qəzənfər PAŞAYEV
Respublika Ağsaqqallar Şurası
İdarə Heyətinin
üzvü,
Əməkdar elm xadimi, professor
525-ci qəzet.- 2020.- 12 sentyabr.-
S.11.