Tarixçə

 

Jurnalist Müsəllim Həsənovun Azərbaycan tarixinin ən müxtəlif dövrləri ilə bağlı son illər qələmə aldığı tədqiqat və araşdırmaları, tarixi sənədlər əsasında yazdığı ssenarilərə çəkilmiş filmlər, televiziya verilişləri istər oxucuların, istərsə də tamaşaçıların diqqətini çəkən ən yaddaqalan layihələrdəndir.

Bu materiallar həm də tariximiz, ayrı-ayrı tarixi şəxsiyyətlərlə bağlı bir çox qaranlıq məqamlara işıq salınması baxımından zəruri və lazımlıdır. Müəllifin son vaxtlar öz Feysbuk səhifəsində "Bilirdinizmi" başlığı altında tarixin ən fərqli dönəmlərini əks etdirən tarixçə tipli yığcam paylaşmaları isə sosial şəbəkə istifadəçiləri tərəfindən xüsusi maraqla izlənilir.

Bu diqqət və marağa güvənərək həmin yazıları "525"in oxucuları ilə də bölüşmək qərarına gəldik. Niyyətimizi bildirəndə, sağ olsun, jurnalist dostumuz istəyimizi geri çevirmədi və razılaşdıq ki, bu yazılar vaxtaşırı qəzetimizdə dərc olunsun.

Buyurun, oxuyun.

 

***

 

1902-ci il: Bakı müsəlmanlarının xeyirxah ənənəsi...

 

Bilirdinizmi ki, 1902-ci ildə Bakı müsəlmanları Qurban bayramında hansı xeyriyyəçilik aksiyası keçiriblər?

Həmin il Qurban bayramı mart ayının 8-ə təsadüf edir.

Adətən bu bayram günündə Bakı müsəlmanları bir qayda olaraq yoxsul ailələri sevindirmək üçün xeyriyyə tədbirləri keçirir, kasıb-kusubu qurban sovqatları ilə sevindirirdilər.

1902-ci ilin Qurban bayramı isə bir qədər fərqli olur.

Yanvarın 31-də Şamaxıda dağıdıcı zəlzələ baş verir. Şəhər əhalisi zəlzələdən zərər çəkənlərə hərtərəfli yardım edir. Təxminən 35 gün sonra qeyd edilən Qurban bayramında da bu faciə unudulmur...

"Kaspi" qəzetinin yazdığına görə, bayram günü Bakıda kəsilən bütün qoyunların dərisi xüsusi qəbz əsasında məhəllə axundlarına təhvil verilir. Sonra toplanmış dəri satılır və satışdan yığılan pul bütünlüklə zəlzələdən zərər çəkənlərə göndərilir.

Növbəti gün - martın 9-da isə Novruz bayramı başlayır.

O vaxtlar Novruz bayramı martın 9-10-da qeyd edilirdi. Çünki hələ təqvim dəyişməmişdi.

Qərara alınır ki, bu bayramla əlaqədar İctimai Məclisin binasında təşkil edilən ənənəvi ziyafətdə yığılan ianənin də hamısı zəlzələdən zərər çəkənlərə verilsin. Bakının müsəlmanlarının və qeyri-müsəlmanların iştirak etdiyi ziyafətdə 1500 rubl ianə toplanır və həmin vəsait də Şamaxıya göndərilir...

Bakıda yaxşı ənənələr olub...

 

Mirzə Cəlil müvəkkil olub, çəyirtkə ilə mübarizə üzrə müvəkkil...

 

Bilirdinizmi ki, 1922-ci ildə Cəlil Məmmədquluzadə Xalq Torpaq Komissarlığının Qarabağ üzrə... çəyirtkə ilə mübarizə müvəkkili təyin edilib?

Məlum olduğu kimi, Azərbaycanda sovet hakimiyyəti qurulanda Mirzə Cəlil İrana köçmüş, Təbrizdə "Molla Nəsrəddin" jurnalının nəşrini bərpa etmişdi.

1921-ci ilin fevralında Ümumazərbaycan Şuralar qurultayında Dadaş Bünyadzadə deyir: "Yəqin ki, sizlərin çoxunun xatirindədir. Bir neçə il bundan qabaq, hələ Nikolay vaxtında "Molla Nəsrəddin" jurnalı nəşr edilirdi. O jurnalın redaktoru İrandadır. Biz onun Bakıya qayıtması üçün tədbirlər görürük".

Mayın 1-də Naxçıvan İnqilab Komitəsinin sədri Qədimov İrana rus və fars dillərində teleqram vurur: "Təbriz, Mirzə Cəlilə. Mən bu gün Bakıdan aşağıdakı məzmunda təcili teleqram almışam: "Xahiş edirəm Azərbaycan İnqilab Komitəsinin adından Təbrizə, Cəlil Məmmədquluzadəyə teleqram göndərəsiniz ki, o, Xalq Maarif Komissarlığında məsul vəzifə tutmaq üçün təcili Bakıya gəlsin. Xalq Hərbiyyə komissarı Qarayev".

Mirzə Cəlil iyunun 4-də ailəsi ilə birlikdə Bakıya çatır.

Hörmətlə qarşılanır, amma ona mənzil verilməsi uzanır. Yalnız özü N.Nərimanovun qəbuluna gedəndən sonra mənzil verilir.

Ona vəd olunan "məsul iş" isə unudulur...

Mirzə Cəlil 1922-ci ilin əvvəllərində Xalq Torpaq Komissarlığının bütün Qarabağ üzrə müvəkkili təyin olunur. Çəyirtkə ilə mübarizə üzrə müvəkkil...

Bakıda "Molla Nəsrəddin"i bərpa etmək isə yalnız 1922-ci il noyabrın 2-də mümkün olur...

P.S. Azərbaycan mətbuatının keçdiyi yol...

 

"Yeddi gəmi adası" barədə əfsanələr və həqiqət 

 

Bilirdinizmi ki, Neft daşları salınarkən həmin ərazidə "Yeddi gəmi adası" deyilən süni ada yaradılıb?

1949-cu ilin yayında Neft daşları rayonunda qazma işlərinə başlanarkən ətrafdakı "Qara daşlar" adlanan qayalıqdan özül kimi istifadə edilir. Lakin qazma işləri artdıqca həmin qayalıqlar kifayət etmir və istismardan çıxarılmış "Cvanov" gəmisi bura gətirilərək suya oturdulur.

Sonralar işlərin həcmi artır və daha bir köhnə gəminin - "Lənkəranlı" gəmisinin də bu rayonda suya oturdulmasına, daha doğrusu, batırılmasına icazə verilir.

Lakin sonrakı illərdə bu da kifayət etmir.

SSRİ Neft Sənayesi Nazirliyi Neft daşları mədən rayonunda qazma işlərinin təşkili üçün etbarlı özül yaratmaq, eləcə də qazma avadanlığını və üzən qurğuları küləkdən və dalğalardan qorumaq məqsədi ilə bu rayonda suya oturdulmaqdan ötrü istismardan çıxarılmış daha yeddi gəmi verilməsi barədə Nazirlər Sovetinə müraciət edir.

SSRİ Dəniz Donanması nazirinin müavini S.Bayev SSRİ Nazirlər Sovetinə ünvanladığı 14 yanvar 1952-ci il tarixli məktubunda dənizdə batırılmaq üçün yeddi yox, beş gəmi ayrılmasını təklif edir və həmin gəmilərin siyahısını göndərir: "26-ların xatirəsi", "Lunacarski", "Səmərqənd", "İskra" və "Sovet Gürcüstanı".

Beləliklə, "Cvanov" və "Lənkəranlı" gəmilərindən sonra daha beş gəmi də Neft daşları rayonunda dəniz dibinə oturdulur və mədən rayonunda işlərin təşkili məqsədilə süni "Yeddi gəmi adası" yaradılır.

P.S. Bu barədə yazışmalar Rusiya Dövlət İqtisadiyyat Arxivində saxlanılır...

 

Qəmbər Hüseynli Üzeyir bəydən nələri xahiş etmişdi?

 

Bilirdinizmi ki, tanınmış bəstəkar Qəmbər Hüseynli vaxtilə həbs olunub, amma "Cücələrim" mahnısına görə yox?

"Ötən əsrdə Azərbaycan ziyalılarının başının üstünü alan repressiya dumanı Qəmbər Hüseynlidən də yan keçməyib. Bəstəkarı "Cücələrim" mahnısına görə həbs edirlər.

Mühakimə zamanı ona irad tuturlar ki, "Cücələrim" nədir?

Sən fəhlə sinifini qoyub cücələrə mahnı yazırsan.  Bu, bizim ideologiyamıza ziddir".

Bu cümlələr böyük bəstəkar Qəmbər Hüseynli haqqında saytlardan birində dərc edilmiş yazıdandır.

"Cücələrim" mahnısı 1948-ci ildə yazılıb.

Qəmbər Hüseynli isə 1941-ci ilin dekabrında həbs edilib.

Deməli, bəstəkarın "Cücələrim"ə görə həbs edilməsi uydurmadır.

Qəmbər Hüseynlinin özünün böyük Üzeyir bəyə 1947-ci ilin aprelində göndərdiyi məktubda həbs tarixçəsi barədə maraqlı etirafları var:

"Hörmətli Üzeyir əmi! Bu bir neçə kəlməni yazıb, sizi narahat etməgimə və vaqtınızı almağıma görə sizdən üzr istəyirəm. Mənim sizdən başqa güvəndiyim şəxs yoxdur. Mən Sizə - xalqımızın Ali Sovet deputatına, ittifaqımızın sədrinə müraciət edirəm. Mənim vəziyyətim çox pisdir. Özüm öz vəziyyətimi doğrultmağa çalışdım, ancaq bacarmadım".

İstedadlı bəstəkarın özünün yazdığına görə 3 il 8 ay həbsdə qalıb.

Üzeyir bəyə məktubunda bildirir ki, "1945-ci ilin iyul ayında SSRİ Ali Sovetinin ümumi əfv fərmanına görə mən də başqa vətəndaşlar kimi qazamatdan azad oldum".

Gənc bəstəkar həbsdən çıxandan sonra bir il səkkiz ay işsiz qaldığını xatırladaraq, dahi həmkarından həyat və məişət şəraitini düzəltmək üçün kömək istəyirdi. Görünür, həbsxana həyatı yaşaması bir çox qapıları onun üzünə bağlayıbmış... İncəsənət işləri idarəsindən və radio komitəsindən ona sifarişlər verilmir, əsərləri radioda səsləndiriləndə müəllif kimi adı çəkilmirdi. İfaçılar onun yazdığı əsərləri oxumurdular, ona görə ki, bu əsərlərin qəbul olunacağına əmin deyildilər və s. və i.a.

Ona görə də Q.Hüseynli yazır: "Üzeyir əmi, mən belə hiss edirəm ki, mənə hələ də şübhəli adama baxılan bir nəzərlə baxırlar. Mən şübhəli vətəndaş deyiləm".

Daha sonra isə yazır: "Mən istəyirəm dövlət, partiya, öz ittifaqım qarşısında, şəxsən sizin qarşınızda özümü doğruldum və bizi dinləyən xalqın etimadını qazanım. Mən sənətimi sevirəm".

Bu cümlələr də Q.Hüseynlinin məktubundandır.

O, sonda Üzeyir bəydən iki xahiş edir: "Birinci xahişim odur ki, mənə də başqa yoldaşlarım kimi mümkünat verilsin ki, yazdıqlarımdan mənfəətbərdar olum.

...İkinci xahişim odur ki, əgər bunları etmək imkan daxilindən kənardırsa, o zaman mənim Kirovabad şəhər Filarmoniyasına bədii rəhbər sifətilə işləməgə göndərilməmə köməklik edəsiniz".

Bu məktub 1947-ci il aprelin 3-də yazılıb.

Bundan düz bir ay sonra, mayın 4-də Bəstəkarlar İttifaqından İncəsənət İşləri İdarəsinə bir məktub göndərilir. Məktubda İncəsənət İşləri İdarəsinin xətti ilə rayon musiqi dərnək və müəssisələrinə kömək üçün göndərilən yaradıcı briqadanın siyahısına Cahangir Cahangirov, Andrey Babayev və daha dörd nəfər bəstəkarla yanaşı, Qəmbər Hüseynlinin də adı daxil edilir.

Böyük Üzeyir bəy çətinliyə düşmüş gənc həmkarını hələlik belə xilas edə bilir...

 

106 nömrəli avtobusda partlayış...

Qatil erməni niyə və necə xilas edildi? 

 

Bilirdinizmi ki, 1984-cü ildə Bakıda 106 nömrəli avtobusu partladan erməni elə o vaxt azadlığa buraxılıb?

106 nömrəli marşrut avtobusu sentyabrın 8-də Nərimanov prospektində partladılır. Avtobusda olan 37 yaşlı qadın həlak olur, bir neçə sərnişin ağır yanıq xəsarəti ilə xəstəxanaya çatdırılır.

Cəmi 11 gün sonra - sentyabrın 19-da cinayətkar yaxalanır. Məlum olur ki, partlayış azərbaycanlılara nifrət zəminində Bakının 25 yaşlı  sakini Henrix Surenoviç Vartanov tərəfindən törədilib.

Uzun istintaq prosesi zamanı Vartanovun vəkilləri onun psixi xəstə olduğunu "əsaslandırır" və müalicə üçün Moskvaya göndərilməsinə nail olurlar. O, 3 ay xəstəxanada qaldıqdan sonra Bakıya "daşdan keçən tibbi rəy"lə qayıdır: Henrix Surenoviç Vartanov şizofreniya formalı xroniki psixi xəstəlikdən əziyyət çəkir.

Vartanov cinayəti anlaqsız vəziyyətdə törədib...

Vartanovun sifarişi ilə Bakının zavodlarından birində partlayıcı qurğunu hazırlayıb ona verən tokar İqor Maxovski 15 il müddətinə azadlıqdan məhrum edilir.

Həmin qurğunu 106 nömrəli avtobusa yerləşdirən Vartanov barəsində isə... Azərbaycan SSR Ali Məhkəməsi yalnız xüsusi qərardad çıxarır: H.S.Vartanov cinayət məsuliyyətindən azad olunsun və barəsində tibbi xarakterli tədbir tətbiq edilsin. O, xüsusi tipli psixatriya xəstəxanasına məcburi müalicəyə göndərilsin.

Bundan sonra H.S.Vartanov Ukrayna SSR ərazisinə müalicəyə göndərilir...

P.S. Tarixdə artıq belə təcrübə var idi. Cümhuriyyət hökumətinin daxili işlər naziri olmuş Behbud xan Cavanşir 1921-ci ilin iyulunda İstanbulda Misak Torlakyan tərəfindən qətlə yetirilmişdi. İşə İstanbuldakı Britaniya hərbi tribunalında baxılmış, erməni əsilli həkim-nevroloqun qatilin bu cinayəti "affekt vəziyyətində", psixi gərginlik zəminində törətdiyini "əsaslandıran" arayışına əsasən cinayətkar müalicəyə göndərilmişdi. Özü də Yunanıstana...

O, 10 ay sonra "sağalaraq" Amerikaya köçmüşdü...

Tarix həm də ibrət götürmək üçün öyrənilən elmdir...

 

Müsəllim HƏSƏNOV

 

525-ci qəzet.- 2020.- 12 sentyabr.- S.18.