Naxçıvan faunasına dair yeni tədqiqlər
MUXTAR
RESPUBLİKANIN RƏNGARƏNGLİYİLƏ
SEÇİLƏN HEYVANLAR ALƏMİNİN
ÖYRƏNİLMƏSİ YÖNÜNDƏ MARAQLI
ARAŞDIRMALAR APARILIB
AMEA-nın
Naxçıvan Bölməsinin
Bioresurslar İnstitutunda
bitki və heyvanlar aləminin öyrənilməsi, tədqiqi,
səmərəli istifadəsi
və mühafizəsinin
bioloji əsaslarının
araşdırılması bu
elmi tədqiqat müəssisəsinin qarşısında
duran əsas vəzifələrdən biridir.
İnstitutun tərkibində
4 şöbə, 4 laboratoriya,
Nəbatat bağı,
Təbiət muzeyi, Herbari fondu və
Yaşıl aptek fəaliyyət göstərir. Naxçıvan Muxtar
Respublikanın fauna biomüxtəlifliyinə
daxil olan onurğalı və onurğasız heyvanlar aləminin tədqiqi, genofondunun qorunması və səmərəli istifadə imkanlarının
tədqiqi istiqamətində
bu elmi qurumun
Zooloji tədqiqatlar şöbəsi araşdırma
aparır.
Elmi fəaliyyətə 2003-cü ildən
başlayan və ilk günlərdən hərtərəfli
dövlət qayğısı
ilə əhatə olunan, səmərəli elmi fəaliyyət üçün zəngin
maddi-texniki baza yaradılan şöbədə
iş planına uyğun olaraq tədqiqatlar aparılıb
və mühüm nəticələr əldə
olunub. Belə ki, Naxçıvan Muxtar Respublika şəraitində ilk dəfə
olaraq kənd təsərrüfatı heyvanlarında,
ev quşlarında
parazitlik edən törədicilərin növ
tərkibi, yüksək
virulentli parazit növlər, onların müxtəlif ekoloji mühitlərdə xəstəlik
törətmə qabiliyyəti,
bioloji, ekoloji xüsusiyyətləri araşdırılıb.
İri və xırdabuynuzlu heyvanların,
ev quşlarının
xəstəliklərinin kilinki
gedişi, onların cinsi məhsuldarlığa
təsiri, hematoloji dəyişiklikləri müəyyən
edilib.
Araz su anbarında hidrofaunanın
əsas tərkib hissələrindən olan
dib faunası öyrənilib. Müasir hidrobioloji
metodlarla dib faunasının
kəmiyyət göstəriciləri,
formalaşdırdığı təbii yem bazası, dib orqanizmlərinin
vətəgə əhəmiyyətli
balıq növlərinin
qidalanmasındakı rolu
öyrənilib, yemin enerji tutumu, qidalılıq əmsalı
və həmin orqanizmlərin suların bioloji özünütəmizləmə
proseslərindəki fəaliyyəti
dəyərləndirilib. Hazırda muxtar respublikada içməli suyun əsas mənbəyini təşkil edən çayların dib faunası,
onun əsas sistematik qrupları, biosenozları araşdırılması
davam etdirilir. Hələlik ərazi hidrofaunasında 66 növ ibtidai, 300 növ infuzor, 185 növ zooplankton
orqanizm, 700 növ dib onurğasızı və
32 balıq növü
aşkar edilib.
Eyni zamanda, muxtar respublika bağçılığında
geniş yer tutan çəyirdəkli
və tumlu meyvə ağaclarının
zərərverici həşəratları
59 növ və onların təbii düşmənləri 56 növ
olmaqla, ətraflı öyrənilib. 13 növ parazit və yırtıcının
zərərvericilərin sayının
məhdudlaşdırılmasındakı
rolu və təsərrüfat əhəmiyyəti
daha geniş araşdırılıb.
Şöbədə Naxçıvan
Muxtar Respublikası ərazisində ətraflı
aparılmış entomoloji
tədqiqat işləri
nəticəsində təbiətdə
və kənd təsərrüfatında çiçəkli
bitkilərin çarpaz
tozlanmasında, onların
məhsuldarlığının yüksəlməsində müstəsna
fəaliyyəti ilə
fərqlənən arıkimilər
faunasında 7 fəsiləyə,
53 cinsə mənsub olan 335 arı növü aşkar edilib. Naxçıvan Muxtar Respublikası
üçün 146 növ,
Azərbaycan faunası
üçün isə
77 növ ilk dəfə
göstərilib.
Bundan əlavə, ərazinin sututarlarında yayılmış
32 balıq növü
ətraflı tədqiq
edilib, onların morfometrik əlamətləri,
bioloji xüsusiyyətləri,
boy, çəki artımı,
cinsi məhsuldarlığı,
çoxalma ekologiyası,
qidalanma xüsusiyyəti
və ehtiyatı öyrənilib. Nəticədə ilk dəfə olaraq
Naxçıvan Muxtar
Respublikası faunası
üçün 8 yeni
balıq növü göstərilib.
Şöbədə həmçinin, qədim Naxçıvan torpağının
ornitofaunasının ilk dəfə
olaraq əsaslı şəkildə tədqiqi
aparılıb və muxtar respublikanın ornitofaunasının qorunması
üçün xüsusi
əhəmiyyət daşıyan
7 Mühüm Ornitoloji
Ərazi (MOƏ) aşkar
edilib. Ərazi ornitofaunası 18 dəstəyə,
51 fəsiləyə, 141 cinsə
mənsub olan 241 növ və 167 yarım növ quşla təmsil olunub. Muxtar respublika və
Azərbaycan faunası
üçün ilk dəfə
yeni, çoxsaylı taksonlar göstərilib.
Hazırda digər quru
onurğalıları faunası
ətraflı tədqiq
edilir.
Şöbədə əsaslı aparılmış zooloji tədqiqat işlərinin
nəticələri 2 cilddə
"Azərbaycan Respublikasının
"Qırmızı Kitabı"
(Nadir və nəsli kəsilməkdə olan
fauna növləri)", "Naxçıvan Muxtar Respublikasının "Qırmızı
Kitabı" (Onurğalılar),
2 cilddə "Azərbaycanın
Mühüm Ornitoloji Əraziləri", "Akademik
Həsən Əliyev
adına Zəngəzur
Milli Parkı",
"Naxçıvan Muxtar
Respublikasının onurğasızlar
faunasının taksonomik
spektri", "Naxçıvan
Muxtar Respublikasının
zəhərli ilanları",
"Asiya muflonu və bezoar keçisinin Azərbaycanda
qorunma strategiyası",
"Mühüm Ornitoloji
Ərazilər: Naxçıvan",
"Çay sularında
üzvi çirklənmənin
bioloji analizinin sadə üsulları",
"Naxçıvan Muxtar
Respublikasının arıkimilər
faunası", "Naxçıvan
Muxtar Respublikasında
çəyirdəkli meyvə
ağaclarının zərərverici
həşəratları və
onların entomofaqları",
"Naxçıvan Muxtar
Respublikasının faunası:
Balıqlar və suda-quruda yaşayanlar",
"Azərbaycan faunasının
taksonomik spektri (Onurğalılar)", "Kənd
təsərrüfatı heyvanları
və evquşlarının
sarkosporidiozlarında profilaktikanın
tətbiqi", "Naxçıvanda
quşların müşahidəsi"
və digər kitablarda əksini tapıb.
Zooloqlarımız dünyanın ən
nəhəng ensiklopediyası,
zəngin informasiya mənbələrdən biri
olan Vikipediyada 70 məqalə yerləşdirib,
30 şablon yaradıb,
xeyli redaktələr ediblər.
Şöbə əməkdaşlarının əldə etdikləri nəticələrlə tanış olan xarici ölkə mütəxəssisləri faunamızın
növlərinin zənginliyi
ilə seçilən
quşlar, balıqlar,
kəpənəklər, arıkimilər
ilə maraqlanmış
və müxtəlif illərdə Naxçıvana
səfər etmişlər.
Tədqiqat dövründə
zooloqlarımız, biologiya
elmlər doktoru İsmayıl Məmmədov,
biologiya üzrə fəlsəfə doktorları,
dosentlər Akif Bayramov, Mahir Məhərrəmov, Arzu Məmmədov və elmi işçi Hüseyn Rəsulzadə Azərbaycanda, o cümlədən,
Naxçıvan Muxtar
Respublikasında Türkiyə,
Rusiya, İngiltərə,
Almaniya, Hollandiya, Çexiya, İrlandiya, Macarıstan və digər xarici ölkələrin elmi-tədqiqat
institutlarının mütəxəssisləri
ilə 20-ə yaxın
Beynəlxalq tərkibli
ekspedisiyalarda yaxından
iştirak ediblər. Eyni zamanda, AMEA-nın Zoologiya İnstitutunun Quru onurğasızları
laboratoriyasının əməkdaşları
ilə birgə tədqiqatlar aparıblar.
Alimlərimizin əldə
etdiyi nəticələr
"Web of Science", "Scopus" və
başqa elmi bazalara daxil olan impaktfaktorlu jurnallarda işıq üzü görüb ki, türk, rus və ingilis
dillərində dərc
olunmuş həmin məqalələrə də
çox sayda istinadlar olub. Bir çox xarici ölkələrin və Azərbaycanın elmi müəssisələrinin
tədqiqatçıları ilə sıx elmi əməkdaşlığını
davam etdirən şöbə əməkdaşları
Türkiyə, İran,
Rusiya, Gürcüstan,
Qazaxıstan, Bolqarıstan,
Macarıstan, Çexiya,
Polşa və digər xarici ölkələrdə keçirilən
beynəlxalq konqres, konfrans və seminarlarda maraqlı məruzələrlə iştirak
ediblər.
Şöbədə 2006-cı ildən Azərbaycan Respublikası üzrə Ümumdünya Təbiəti
Mühafizə Fondunun
(WWF) "Naxçıvan Muxtar
Respublikasında bəbirin
monitorinqinin aparılması
və onun mühafizə stratergiyası"
adlı beynəlxalq qrant layihəsi yerinə yetirilir. Əməkdaşlardan İsmayıl Məmmədov
və Pərviz Fətullayev digər məsul qurumların mütəxəssisləri ilə
layihə çərçivəsində
muxtar respublika ərazisində yayılan
nadir və nəsli kəsilmək üzrə
olan vəhşi heyvan növlərinin aşkar edilməsi məqsədilə mütəmadi
olaraq monitorinqlər keçirirlər. Bu istiqamətində bir sıra mühüm işlər də görülüb. Belə
ki, uzunmüddətli aparılan araşdırmalar
zamanı Zəngəzur
dağ silsiləsinin cənub-qərb yamaclarında
bəbir, cüyür
ailələrinin və
Xəzər uları,
Səhra kəkliyi,
Hind tirəndazı kimi
nadir onurğalı heyvan
növlərinin normal yaşam
şəraitinin bərpa
olunduğu qeydə alınıb. Qeyd edək ki, Ətraf
Mühitin Mühafizəsi
üzrə Beynəlxalq
Dialoq (İDEA) və Ümumdünya Vəhşi
Təbiəti Mühafizə
Fondunun (WWF) muxtar respublika ərazisində quraşdırılan foto və videoçəkiliş
qurğuları vasitəsilə
heyvanların yaşam
tərzinə müdaxilə
etmədən onların
həm şəkilləri,
həm də video görüntüləri əldə
edilir. Bu istiqamətdə
işlər hazırda
davam etdirilir. Fondun "Asiya muflonu və bezoar keçisinin Azərbaycanda qorunma strategiyası" mövzusunda
qrant layihəsi, bununla yanaşı, əməkdaş Arzu Məmmədovun iştirak
etdiyi Azərbaycan Ornitoloji Cəmiyyəti ilə birlikdə Beynəlxalq "BirdLife"
təşkilatının Azərbaycanda
və Naxçıvan
Muxtar Respublikada "Yuvalayan quş növlərinin xəritələşdirilməsi"
adlı qrant layihəsi uğurla yerinə yetirilib.
Naxçıvan Muxtar Respublikasının
fauna biomüxtəlifliyinə daxil olan onurğasız
və onurğalı heyvanlar, onların tədqiqi, qorunması və istifadə imkanlarının müəyyənləşdirilməsi
istiqamətində şöbə
əməkdaşları elmi-praktik
və iqtisadi əhəmiyyət daşıyan
tədqiqat işlərinin
yerinə yetirilməsi
istiqamətində işlərini
uğurla davam etdirir. Son illər şöbəyə yeni qəbul edilmiş
gənc elmi işçilər Səkinə Baxşəliyeva,
Gülşad Məmmədova və Çilənay Ələkbərova
ilk günlərdən özlərini ümidverici mütəxəssislər
kimi göstərmişlər. Bu da onu deməyə əsas
verir ki, yaxın gələcəkdə şöbədə
daha geniş tədqiqatlar aparılacaq və onlar tədqiqatları
ilə ölkə elminə yeni töhfələr verəcəklər.
Türkanə BƏYLƏRLİ
Naxçıvan Bölməsinin Mətbuat
xidməti üzrə mütəxəssisi
525-ci qəzet.- 2020.- 12 sentyabr.-
S.24.