Yunanıstan: səfər təəssüratları
və zəngin keçmişi barədə
düşüncələr
I FƏSİL
Səyahət xatirələri
1983-cü ilin avqustunda Moskvadan Afinaya işgüzar səfərə
yollanmışdıq. Bu ölkə və onun ibrətamiz keçmişi ilə,
mütaliəm hesabına bir qədər tanış
idim. Hamıya yaxşı məlumdur ki,
Yunanıstan qədim və böyük tarixə malik bir
ölkədir, onun torpaqlarında Elladanın çox sayda
gözəl abidələri qalmışdır. Qədim yunanların elmi, incəsənəti, mədəniyyəti,
arxitekturası Avropa, əslində, əsasən bütün
dünya mədəniyyətinin başlanğıcı
olmuşdur. Bu böyük xidmətinə
görə Yunanıstan haqlı olaraq "Avropa
sivilizasiyasının beşiyi" adlanır.
Paytaxtda
qarşılanmağımız
Təyyarə
Afina Beynəlxalq Hava meydanında yerə enəndə pilot
kabinəsinin yanındakı qapıya da pilləkən verdilər.
Cavan bir oğlan salona daxil olub, birinci cərgədə
oturduğumuza görə bizə müraciət etdi və mənim
soyadımı səsləndirdi. Tanışlıq
verdikdə bildirdi ki, sizi səfir qarşılayır. Nəzakət xatirinə əlimdəki diplomat keysini
də aldı. SSRİ-nin
Yunanıstandakı səfiri, təcrübəli diplomat olan
V.F.Kabişkin pilləkənin yanında məni salamladı və
baqajlar verilənə qədər aeroportun ikinci mərtəbəsində
oranjad və kofe içməyə dəvət etdi. Azacıq istirahətdən sonra biz qanadında
SSRİ dövlət bayrağı olan "Mercedes"ə əyləşib,
şəhərin kənar hissəsində yerləşən
səfirliyə getdik. İri kompleks fasadı ağ mərmərdən olan binalardan ibarət
idi və bir az əvvəl tikilib istifadəyə
verilmişdi. Mərasimdə SSRİ Nazirlər
Sovetinin sədri N.A.Tixonov da iştirak etmişdi.
Səfirlik bizim eradan əvvəl 490-cı ildə Marafon
döyüşündə yunanların, onları cəzalandırmaq
üçün I Dara tərəfindən qaldırılan
ikinci yürüşdə Persiya ordusu üzərində qələbə
çalması xəbərini gətirən
döyüşçünün yıxılıb
öldüyü yerdə yerləşirdi. Səfir Vladimir
Fyodoroviç bizi xanımı ilə tanış
etdi, özü xidməti işi ilə əlaqədar üzr
istəyib, kabinetinə yollandı. Biz isə dəhlizdə
xanımının göstərişi ilə çərəzə
və sərin içkilərə qonaq olduq. Səfir qayıtdıqda xüsusi otaqda təşkil
edilən ziyafətə dəvət edildik. Ziyafətdə xanımı da iştirak edirdi və
ofisiant yaxınlaşıb boşqablara xörək qoyurdu.
Birdən
yadıma təyyarə salonunda yanımda oturmuş yeni
tanışım - görkəmli riyaziyyatçı,
V.A.Steklov adına Riyaziyyat İnstitutunun
Leninqrad filialının direktoru, SSRİ Elmlər
Akademiyasının həqiqi üzvü L.D.Fadeyev
düşdü. Bu gənc, istedadlı alim
olduqca sadə bir insan idi, qızmar yay olduğuna baxmayaraq, qara
yun kostyum geyinmişdi. Pencəyinin qolunda
siqaretin yandırmasının izi kimi deşik də var idi.
Lyudviq Dmitriyeviç aeroportda qalmışdı
ki, Krit adasına uçuşunu gözləsin. Onu da
nahara gətirməyi təklif edəndə, səfir lazımi
tapşırıqlar verdi və bir qədər
sonra minnətdarlığını izhar edən akademik də
məclisimizə qatıldı.
Moskvadan tələsik
uçduğuma görə səfər proqramı ilə tanış olmamışdım, ona görə
də səfir gedəcəyimiz marşrutu elan etdi. Beləliklə, biz Fadeyevlə birlikdə axşamüstü
Krit adasına, Xanya şəhərinə nəhəng
"A-300" aerobusunda uçmalı olduq. Orada onunla
xudahafizləşəndə, əlində kiçik bir keys
olduğunu gördüm və özümüzün suvenir
ehtiyatından ona bir butulka konyak və bir butulka şampan şərabı
verdim. O, Ortodoks (pravoslav) Akademiyasında mühazirə
oxumağa gəlmişdi və bir neçə həftə
adada olacaqdı. Hədiyyələrə görə
razılığını və Leninqradda
görüşümüzü arzu etdiyini bildirdi.
Paytaxtla
qısa da olsa tanış olmadan, biz beləliklə,
ölkəyə səfərə çıxdıq.
Yunanıstanın təbii şəraiti
Yunanıstan qədim olduğu kimi, həm də təbiəti
etibarilə maraqlı ölkədir. Aralıq dənizi
ölkəsi olmaqla, Avropanın və Asiyanın
çıxıntısında yerləşir. Belə coğrafi vəziyyəti onun bu diyarın
mühüm ticarət-nəqliyyat əhəmiyyətinə
malik olmasına şərait yaratmışdır. Ölkə Balkan yarımadasının cənub
qurtaracağıdır, dənizlərdəki mindən
çox adaya malikdir. Onlardan ən
böyüyü isə bizim ilk səfər mənzilimiz olan
Kritdir.
Yunanıstan sahillərini Egey, Krit, İon və
Aralıq dənizlərinin suları yuyur. Çox
saydakı körfəzlər əlverişli təbii liman
rolunu oynayır. Qədim yunanlar
finikiyalılardan və karfagenlərdən sonra ən fərasətli
dənizçilər sayıla bilərdi.
Ölkənin təbii şəraiti, dağlıq, həm
də dənizlərlə əhatə olunması, buradakı
iqlim hələ qədim yunanların xarakterinə, iradəliliyinə,
axtarışlara, kəşflərə meyl etmələrinə
də mühüm təsir göstərmişdir. Dağlıq,
meşəsiz qayalıq ərazi dənizdən gələn
mülayim meh ilə havanı yumşaldır, bu qəribə
sintez yunanlarda həyata vurğunluq, qəribə də olsa,
özünü elmə, incəsənətə ehtiraslı
şəkildə həsr etmək vərdişi, həm də
yüksək vətənpərvərlik hissləri
aşılamışdır.
Dənizçilik onlar üçün torpaqda işləməyi
də əvəz etdi. Hərbi sahədəki uğurları da
xeyli dərədə döyüşkən donanmalara malik
olmaları ilə əlaqədar idi. Bizim
eradan əvvəl VI əsrin sonunda və V əsrin
başlanğıcında üç dəfə
Persiyanın, Əhəməni imperiyasının təhlükəli
müdaxiləsinə məruz qalan yunanlar nəticə etibarilə
düşmənə tutarlı cavab vermiş və qəti qələbə
çalmışdılar. Minillər keçdikdən
sonra da yunanların ruhundakı mübarizə alovu sönməmiş,
XIX əsrdə 400 ilə qədər davam edən Osmanlı əsarətindən
xalq nəhayət xilas ola bilmişdi.
Yunanıstanın
landşaftı qayalıq, adətən meşəsiz və az sayda əhalinin yaşadığı məkan
olmaqla, həm də dənizlərdən ibarətdir. İlin çox hissəsində buludsuz göy və
günəşin qızdırdığı hava, həm də
subtropik iqlim, əhval-ruhiyyəyə yaxşı təsir
göstərir. Ölkənin ən
böyük problemlərindən biri seysmik aktivlik, zəlzələlərin
baş verməsidir, bu sahədə Yunanıstan Avropada
yalnız İtaliyadan geri qalır. Digər
bir problem isə torpaqların eroziyaya uğramasıdır.
Bu dağıdıcı proses bütün dağlıq
ölkələrə xasdır.
Yunanıstanın dağları bizim Kiçik Qafqaz
dağlarına bənzəyirlər, uca deyillər. Yalnız Olimp
dağ silsiləsinin hündürlüyü 3 min metrə
çatır. Dağlar iqlimə də
böyük təsir göstərir.
Aralıq dənizi sularının verdiyi nəhəng
isti ehtiyatları hesabına qışda havanın hərarəti
xeyli yüksək olur. Çökəkliklərdə və
dağların aşağı hissəsində bitkilərin
vegetasiya prosesi kəsilmir. Portağal və
mandarin ağacları bizdəki xurma bağlarında olan kimi
yetişən qızılı rəngdəki meyvələrini
qışda da saxlayır.
Yay, ümumiyyətlə, quraqlıq keçir. Sahil
zonalarında dəniz mehi istini mülayimləşdirir, biz
bunu xüsusən adalarda hiss edirdik.
Yunanıstanda meşələr azdır, kolluqlar daha
geniş yayılmışdır. Onların ən tipik
nümayəndəsi zeytundur. Bu həmişəyaşıl
ağac kiçik yarpaqlara və geniş çətirə
malikdir. Zeytun plantasiyaları, adətən,
təpələrin yamaclarında və daşlıq vadilərdədir.
Yunanıstan üç materikin qovuşmasında yerləşdiyinə
görə ölkənin faunası qarışıq xarakter
daşıyır. Meşələr az olduğuna
görə ölkənin heyvanlar aləmi məməlilər
barədə kasıbdır. Quş faunası isə
müxtəlif olmaqla yanaşı, həm də bolluğu ilə
seçilir.
Egey dənizinin adalarına gəldikdə, Krit
adasının bitki örtüyü və heyvanat aləmi
özünəməxsusdur və ölkənin digər ərazilərindən
fərqlənir. Bu adalar yazda və yayın əvvəlində
çox mənzərəli olur. Dağların
yamacları üzümlüklər, zeytun meşələri,
meyvə bağları ilə örtülmüşdür.
Yunanlar yayın əvvəlində yetişən
portağal da becərirlər.
Adaların, demək olar ki, hamısı rütubətin
çatışmamasından əziyyət çəkir. Orada
kiçik çaylara da rast gəlmək mümkün deyildir.
İsti yayda burada içməli su hətta
şərabdan baha olur. Adaların xeyli hissəsinə,
Küveyt, Malta və Kıprıs (Şimali Kipr) ölkələri
kimi içməli su kənardan gətirilir.
Təbii şəraitin insanlara təsiri
Dağlıq ərazi və dənizlərlə əhatə
insan xarakterinin və iradəsinin möhkəmləndirir, onu
qeyri-adi qaydadakı işgüzarlığa öyrədir. Təbiət
heç nəyi yunanlara zəhmətsiz, hazır şəkildə
verməmişdir. Belə şəraitdə
yaşayanlar kiçik nəticə üçün
böyük əmək sərf etməli olur, onlarda tənbəllərə
heç də xas olmayan ehtiras və torpağa güclü
bağlılıq hissləri yaranır. Qədim
yunanlar nə ilə məşğul olurdularsa, ona ehtirasla
girişir, uğur naminə hər cür fədakarlığa
gedirdilər. Onların elmə, mədəniyyətə,
şəhərsalmaya qızğın
bağlılıqları xarakterlərinin cilalanmasından xəbər
verirdi.
Qədim yunanların həyat tərzində tənbəlliyə,
bekarçılığa yer yox idi. Atletika
yarışları qədim yunanların həyatında
böyük yer tuturdu. Yunan şəhərlərində
gənclərin məşğul olması üçün
qimnasiya və palestr adlanan xüsusi meydançalar düzəldilirdi.
Gənclər və yeniyetmələr ilin
mövsümündən asılı olmayaraq bütün
günlərini orada keçirir, müxtəlif növ idmanla məşğul
olurdular. Məşhur Olimpiya oyunları hər
dörd ildən bir keçirilirdi. Hər
şəhər bu oyunlarda öz şərəfini qoruyurdu.
Yunanlar yalnız şəhər divarları
arasında keçirilən yaşayışı normal həyat
hesab edirdilər, çünki burada ruhi və fiziki fəaliyyətin
bütün növləri ilə məşğul olmaq
mümkün idi. Azad insana - həqiqi ellinə
məhz belə həyat tərzi layiq olan kimi
sayılırıdı və bunda da yunanlar ətrafdakı
"barbar" xalqlardan özlərinin başlıca fərqlərini
görürdülər.
İstənilən sahədə ehtiraslı fəaliyyət, özünü hansısa bir işə qızğınlıqla həsr etmək olduqca faydalı, həm də böyük nəticələr verir. Yunanların fəlsəfədə, elmin digər sahələrində, arxitektura və hərb sənətindəki qazandıqları yenilikəri məhz həmin fenomenin bəhrəsi saymaq olar. Qədim yunanlar bu məsələdə müasir yaponları xatırladırlar. Yaponlar Meydzi inqilabından (1868-ci il) sonra öz müsbət ənənələrinə sadiq qalmaqla, bütün sahələrdə avropalaşmağa, təhsildə və texnologitada proqressə aid olanların tətbiqinə böyük diqqət verməklə, hərbi qüdrətlərinin yüksəlməsilə xüsusi ilə məşğul oldular. Bunun sübutu kimi, qısa müddətdən sonra, 1905-ci ildə Tsusima boğazında Rusiya donanmasını darmadağın etdilər. Onlar hərb sənətinə böyük həvəs göstərir, bu işin bütün sahələrində qeyri-adi bir qaydada xüsusi ehtiras, özünü vurğunluqla həsr etmə nümayiş etdirirdilər. II Dünya müharibəsində ağır məğlubiyyətə uğradıqdan sonra yaponlar hərbi işə ehtiraslı münasibətdən uzaqlaşıb, bu güclü hissi indi də iqtisadiyyatın inkişafına yönəltdilər. Məğlub olmuş və viran qalmış ölkə, xalqın yeni fədakarlığı hesabına, bu ağır böhrandan çıxmaqla, heç 20 il keçməmiş iqtisadi inkişafdakı "Yapon möcüzəsi" ilə dünyanı heyrətə gətirdi. Tarix belə sürətli bərpa olunma və heyrətamiz inkişaf tempi görməmişdi. Qədim dünyada isə bu möcüzəni yunanlar nümayiş etdirmişdilər.
Dənizlə səfərə çıxan isə, adətən, öz torpağına qayıtmaq həsrəti ilə yaşayır, bu yolda hər cür əzablara dözür. Döyüşdə isə qədim yunan, daha dəqiq desək, spartalı hətta ölüm təhlükəsinə də məhəl qoymurdu, qələbə naminə dəlisovluğa meyl edirdi. Bu yolla onlar metalı qələbə timsalında döyüb, istədikləri bir şəklə sala bilirdilər.
(Ardı var)
Telman ORUCOV
525-ci qəzet.- 2020.- 12 sentyabr.-
S.22.