Ağsaqqal

 

Fəttah Heydərov: “Ömür geri dönsəydi, elə bu cür yaşayardım...”

 

"Prezident İlham Əliyev bütün vətəndaşlarımızı zəngin görmək istəyir"

- Ulu öndər Qəbələyə də gəlmişdi...

- Gəldi... Gəldi, yolüstü ağsaqqallarla görüşdü, söhbət elədi. Hətta bir axşam da qaldı orada. Sakinlərlə görüş keçirdi, hər kəslə əl tutdu, kəlmə kəsdi, dərd-sərləri, problemləri ilə maraqlandı. Siz onun sadə insanlarla davranışını, mehribanlığını görəydiniz!.. Hə, o vaxtdan Qəbələdə də dönüş yarandı, hər yanda irəliləyiş başladı... İndiki uğurlar, Qəbələnin bugünkü gözəlliyi bax o uğurlu kişinin, o nurlu kişinin o vaxt ora düşən işığının nəticəsidir. Allah böyük öndərimizə rəhmət eləsin... Kaş Allah ona bir az da möhlət verəydi, Azərbaycanda ayağı dəyməyən yerlərin hamısına gedəydi. Hamısının bu gününü görəydi! İnsanların razılığını, onların üzündəki təbəssümü görəydi! Çox şükürlər olsun ki, təskinlik var! Çox şükürlər olsun ki, Allah böyükdür, Heydər Əliyevin yeri boş deyil. Onun məktəbini bitirən möhtərəm Prezidentimiz İlham Əliyev indi onun işlərini davam etdirir. Xalqın ən böyük xoşbəxtliyidir ki, o yol qırılmayıb, o yol davam edir... İlham Əliyev də xalqın qayğısına qalır. Elə atası kimi onun da ayağı dəyən yerlər gülüstana çevrilir. Azərbaycan yenidən qurulur... O lider xoşbəxtdir ki, özündən sonra varisinə layiqli miras saxlayır, varisi isə onu ləyaqətlə əvəzləyir. Bu, həmin lideri yetirən xalqın da xoşbəxtliyidir. Biz xoşbəxtik ki, Azərbaycanın dövlət müstəqilliyini qoruyan, milli dövlətçilik əsaslarını möhkəmləndirən, ölkədə demokratik ənənələrin əsasını qoyan, onu inkişaf etdirən, xalqın rifahı naminə böyük işlərə imza atan Heydər Əliyevin müasiri olmuşuq...

- İndi Qəbələ tanınmaz dərəcədə dəyişib...

- Tək Qəbələ deyil, bütün Azərbaycan müdrik dövlət başçımızın qətiyyəti ilə laləzara dönür. Ağıllı, düzgün tutulmuş yol davam edir. Belə getsə, ölkəmiz çox qısa müddətdə dünyanın ən gözəl guşəsi olacaq. Azərbaycan artıq müstəqil dövlətdir. Allah-Təala böyük nemətlər verib bizə. Neft verib, gözəl təbiət verib. Zəngin meşələrimiz, dağlarımız, sulu çaylarımız var. Ucu-bucağı görünməyən torpaqlarımız var. Və burada da insanların bir-birinin sözünü tutması lazımdır, bir-birinə dəstək verməsi gərəkdir. Hamı həmrəy olmalıdır. Suyumuz boldur, gərək susuz yerlərə yönəldək, torpağımız boldur, gərək o sularla torpaqlarımızı görüşdürək, meşələrimiz boldur, onları qoruyaq, saxlayaq, onlardan səmərəli istifadə edək. Gərək torpağı qoruyaq. Torpağı qorumaq onu becərməkdir, düşmən əli ilə məhv edilmiş üzümlükləri bərpa etməkdir və s. Torpağı qorumaq bol suyu susuz səhralara yönəltməkdir. Su həyat mənbəyi, aydınlıq rəmzidir, təmizliyin simvoludur. Bakımızın böyük suya ehtiyacı var. Məhz bunu nəzərə alan Prezident İlham Əliyyev paytaxt Bakımızı da saf su ilə təmin etmək üçün Qəbələ-Oğuz-Bakı su kəməri layihəsinin çəkilməsinə xüsusi önəm verdi. İndi həmin böyük su kəməri çəkilir, bu nəhəng layihə gerçəkləşmək üzrədir. Çox keçməz Azərbaycanımızın ucqar bölgəsinin bulaq suyu paytaxtımıza yetişər... Hacı Zeynalabdin Tağıyev o zaman o balaca Bakını su ilə təmin etdi. Ulu öndər Heydər Əliyev inkişaf etməkdə olan Bakıya Kür suyu gətirdi, Ceyranbatan tikildi. Prezident İlham Əliyev isə mənim millət vəkili olduğum o yerin göz yaşı kimi dumduru, şirin yeraltı sularını, kəhriz sularını Bakıya gətirir...

- Bu, hər şeydən əvvəl xalqın həyat şəraitinin yaxşılaşdırılmasına yönələn xidmətdir...

- Prezident İlham Əliyev ölkənin bütün vətəndaşlarını zəngin görmək arzusunu dəfələrlə öz çıxışlarında bəyan edib. Hər zaman deyir ki, xalqımızın yaxşı yaşamağa haqqı var və bunu təmin etmək lazımdır. Dediklərini də əməlləri ilə gerçəyə çevirir. Görürsünüz, son illərdə yoxsulluq nə qədər aşağı düşüb. Daha bir məsələ. Biz öz xalqımıza yoxsul deməməliyik. Əgər bir insan kənddə yaşayır, onun evi, həyəti, təsərrüfatı, mal-qarası varsa, ona necə kasıb demək olar? Yaxud əgər biri müəllimdirsə, tibb işçisidirsə, işə gedib, işdən evinə qayıdırsa, özünə ruzi qazanırsa, ona necə yoxsul demək olar? Xalqımız özünü zəngin mənəviyyatı ilə varlı hesab edir, kasıblığı mənəviyyatsızlıqda görür. Tarixən belə olub, indi də belədir. Biz bunu qoruyub saxlamalıyıq. Əgər insan mənən zəngindirsə, o, həmişə varlıdır, dövlətlidir...

- 9-cu əsrdə Qafqaz Albaniyasının paytaxtı olan qədim Qəbələ bu gün dünyanın da diqqətindədir. Sürətlə inkişaf edən, müasirləşən Qəbələ artıq paytaxtdan sonra böyük mədəniyyət mərkəzinə çevrilib, mötəbər musiqi festivallarına ev sahibliyi edir...

- Bilirsiniz, Prezident İlham Əliyev ölkəni siyasi və iqtisadi yenidənqurma prinsipləri ilə idarə edir. Buna görədir ki, Azərbaycanın hər bir bölgəsi sürətlə inkişaf edir. Bu gözəlliyin sorağı artıq bütün dünyanı özünə cəlb edir. İki ildir ki, dalbadal Heydər Əliyev Fondunun dəstəyi ilə Qəbələdə keçirilən Beynəlxalq Musiqi festivalını izləyərkən sevincdən ürəyin köksünə sığmır, təbiətimizin, mədəniyyətimizin, musiqimizin zənginliyi ilə qürur duyursan. Şəxsən mənim üçün sevindirici bir fakt da odur ki, Qəbələdəki yeni piano zavodunun istehsalı olan Beltman royalı həmin festivalların qəhrəmanına, əsas rəmzinə çevrilib. Bu il dünyanın 15 ölkəsindən gələn musiqiçilər, virtouz sənətçilər "Beltman"ın arxasına keçdilər. Festivalın açılış mərasimində Prezident İlham Əliyev, Azərbaycanın Birinci xanımı Mehriban Əliyeva, habelə ölkəmizdə səfərdə olan YUNESKO-nun baş direktoru xanım İrina Bokovanın iştirakı festivalın dəyərini daha da artırdı. İrina Bokova "Bu beynəlxalq festival üçün Qəbələ möhtəşəm səhnədir" dedi. Amma məncə, Qəbələnin tərifini Heydər Əliyev Fondunun Prezidenti Mehriban xanım Əliyeva daha dürüst verib: "Qəbələnin füsunkar təbiətinin özü elə bil ki, təkrarsız bir musiqi əsəri yaradır və bizləri bu əsəri dinləməyə dəvət edir. Buraya qədəm qoyan hər bir insan əsrlərin nəfəsini hiss edir. Hazırda dünya xəritəsində Qafqaz Albaniyası olmasa da, Qəbələ mədəniyyətin paytaxtı kimi çıxış edir..." Bu fikir festival boyu öz təsdiqini tapdı. Bilirsiniz, mən uzun müddət mədəniyyət sahəsində çalışmışam. Yaxşı bir fikir var ki, bir ölkənin böyüklüyü ərazisinin böyüklüyü ilə deyil, insanlarının mədəni səviyyəsi ilə ölçülür. Baxın, bütün dünya indi görür Azərbaycan mədəniyyətinin qüdrətini...

- Qəbələnin gözəlliyindən danışırıq, digər bir dilbər guşəmiz, Qarabağ yada düşür, o, hələ də erməni tapdağındadır...

- Yox, Qarabağ erməni tapdağında çox qalmayacaq... Qarabağ işğal olunanda mən böyük ürək ağrısı keçirmişəm. O ağrı indi də ürəyimdədir. Amma biz Qarabağı işğaldan azad edəcəyik... Bax, haqqında danışdığımız Qəbələ festivalı onu da göstərdi ki, Vətən, həm də bu cənnət torpağın, bu torpaqda doğulan insanların yaratdığı bənzərsiz sənət incilərində - musiqidə, sözdə, səsdədir. Bu ölümsüz musiqini, bu səsləri yetirən torpaq isə basqı altında qala bilməz və qalmayacaq da. Mən buna inanıram...

 "Millət vəkili insanların yanında olmalıdır..."

- Qəbələnin bugünkü tərəqqisində sizin də xidmətiniz az deyil. Bunu qəbələlilər deyir...

- Mən fövqəladə bir iş görməmişəm... Qəbələdə çox gözəl kadrlar var. Hər kəs öz sahəsində yeni bir iş görmək istəyir, öz işinə halallıqla yanaşır. Sadəcə, onları yönəltmək, onların gücündən istifadə etmək lazımdır. Qarşılıqlı hörmət də oradan yaranır. Gərək insanların fikirləri düz gəlsin, halallıq və böyük məqsəd olsun. Bu da var. İndi Qəbələ inkişaf yolundadır. O, meyvəçilik rayonudur. Camaatın öz məhsulunu pula çevirmək üçün uzaq yerlərə getməyə ehtiyacı yoxdur. Artıq burada meyvə konservləri istehsal edən zavod, fındıq zavodu, çınqıl-asfalt... zavodları tikilib. Hər il 5-10 yeni məktəb inşa edilir, yaxud təmir olunur. Müasir diaqnostika mərkəzi tikilib. Mövcud xəstəxanalar təmir olunub, indi ətraf rayonlardan da bura gəlirlər. Qəbələnin abad yolları, bərəkətli meyvə bağları, üzüm bağları var. Adamlar halal zəhmətlə məşğuldur. Gözəl turizm mərkəzləri yaradılır, mehmanxanalar tikilir. Turizm ölkənin inkişafı üçün vacib sahələrdən biridir. Turizmlə yanaşı, kənd təsərrüfatı da inkişaf edir. Qonaqlara Azərbaycanın ləziz təamları təqdim edilir, xalqımızın zəngin süfrə mədəniyyəti nümayiş etdirilir. Əhalinin yaşayışı da yaxşılaşır. Qəbələnin bu günü sakinləri də fərəhləndirir, çünki onlar özləri də quruculuq işlərinin iştirakçısıdır. Orada böyük tikinti işləri gedir, insanların mənzil şəraiti yaxşılaşdırılır. Rayonda Avropa səviyyəli ticarət mərkəzinə bütün regionlardan axın var. Qəbələnin bu günü gözəldir, gələcəyi bundan da gözəl olacaq. Çox müdrik ağsaqqallar var orada. Onlarla söhbət mənə ləzzət verir. Özümü onların yanında həddən artıq öyüd-nəsihətə ehtiyacı olan körpə uşaq kimi hiss edirəm. Ağıllı adamlardır. Gözəl gənclər var orada. Hər il məktəbi qurtaranların böyük bir hissəsi yüksək balla ali məktəblərə qəbul olur.  Məktəblərdə tədrisin səviyyəsi yaxşıdır. Gözəl müəllimlər var orada. Nə desən, gözəldir Qəbələdə...

- Necə düşünürsünüz, millət vəkilinin ən başlıca vəzifəsi nədir?

- Milli Məclisdə qanun yaradıcılığında iştirak etmək - bu, divarlar arasında olan məsələdir. Millət vəkili seçicilərin yanında olmalıdır. Özü də hökmən deyil ki, təkcə deputat seçildiyi yerdə olsun, ölkəmizin hər yerində olmalıdır, insanların yaşayışı, qayğıları ilə maraqlanmalıdır. Azərbaycan çox da böyük deyil, mütləq adamların yanına getmək lazımdır. Çətinliyə düşənlərə ürək-dirək vermək lazımdır. Uğur qazanıblarsa, bu uğura sevinmək lazımdır, şərik olmaq lazımdır ki, uğurunu bir az da artırsın. Millət vəkilinin vəzifəsi bundan ibarətdir. Millət vəkili nümunə olmalıdır öz seçicilərinə, indən sonra millət vəkili olmaq istəyənlərə. Nümunə olmalıdır öz dostlarına, yoldaşlarına...

- Noyabrın 7-də Azərbaycan Parlamentinə növbəti seçkilər keçiriləcək. Namizədlər arasında siz də varsınız...

- Bilirsiniz, adətən, seçkilər öncəsi namizədlərin öz seçicilərinə ilk sözü belə olur: "Mən söz verirəm ki... Mən vəd edirəm ki..." Xeyr, mən bu sözləri təkrar etməkdən uzağam. Mən vəd verməyi sevmirəm, çünki insanları həmişə vəd verənlərdən gileylənən görmüşəm. Vəd verirlər, sonra unudurlar... Mən konkret iş görməyə üstünlük verirəm. Möhtərəm Prezidentimiz İlham Əliyev dediyi kimi: "Əsl siyasət konkret, real iş görməkdən ibarətdir..."

"Xeyirxahlıq sərvətini özləri ilə gəzdirənlər xoşbəxtdir..."

- Yaxanızda müstəqil Azərbaycanın "Şöhrət" ordeni var...

- Möhtərəm Prezidentimiz İlham Əliyev məni bu ali mükafatla layiq görüb. Bu şad xəbəri Vyanada eşitdim, həddən artıq sevinclə qarşıladım. Səmimi deyirəm, gördüyüm iş üçün heç vaxt mükafat gözləməmişəm, yaxşı işləmək hər bir insanın borcudur. İşləyirsənsə, yaxşı işləməlisən. Amma "Şöhrət" ordeni... Xüsusilə də onu müstəqil Azərbaycanın memarı, Ulu öndər Heydər Əliyevin əmanəti, nişanəsi olan bir rəhbərin - Prezident İlham Əliyevin imzası ilə almaq, bunun sevincini, doğrudan da, böyük duyğularla, intəhasız duyğularla yaşadım... Prezidentimizə bir də ona görə minnətdaram ki, verdiyi vədə, dediyi sözə sadiqdir. İlham Əliyev prezident seçiləndə çox gözəl bir söz işlətdi: "Mən hər bir Azərbaycan vətəndaşının Prezidentiyəm". Bu, sadəcə, söz kimi qalmadı, əmələ çevrildi. Ən böyük vədlərdən biri də o idi ki, bir dənə də çadır şəhərciyi qalmayacaq Azərbaycanda. Bu vədinə hələ bir il əvvəl əməl etdi. Tək bunlar deyil... Bakı yenidən qurulur, regionlar durmadan inkişaf edir. Hara gedirsən, orada quruculuq var. Mən xaricdə olanda - ATƏT Parlament Assambleyasının üzvü kimi 57 dövlətin deputatlarının iştirak etdiyi forumda uzun illərdir iştirak edirəm - bu işlərdən onlara danışanda heyrətləndilər. 9 milyonluq əhalisi olan bir ölkədə son illərdə onlarla regional diaqnostika mərkəzi tikilib. Hamısı dünyanın ən müasir avadanlıqları ilə təmin olunub. Bu, elə bir əməldir ki, bunu yalnız möcüzə hesab etmək olar...

- Şanslı insansınızmı?..

- Bunu Allah bilir... Taleyim, qismətim budur. Heç nəyi şansla, yaxud şanssızlıqla bağlamıram. Taleyimə nə yazılıbsa, onunla razıyam. Bir məsələ var: heç vaxt tək özümü düşünməmişəm. Kənddə müəllim işləyəndə də, bir rayona rəhbərlik edəndə də, nazir, millət vəkili olanda da bu millətə xidmət etdiyimi unutmamışam...

- Yəqin ona görə də hamı sizi Allah adamı, xeyirxah insan kimi tanıyır...

- Mən sizə bir söz deyim: sağlam adamların hamısı həyatı sevir, həyatı sevən insan isə xeyirxah olur. Xeyirxahlar bu dünyaya gərəkdir, insanlara lazımdır. Məncə, xeyirxahlıq insanın ən böyük mənəvi sərvətidir, bu sərvəti özləri ilə gəzdirənlər xoşbəxtdir. Ömrüm boyu çalışmışam bu mənəviyyatlı insanların sırasında olum. Allah-Təala qismət edib, dörd dəfə Həcc ziyarətində, dəfələrlə Ümrə ziyarətində olmuşam. Müqəddəs Kəbəni, Məhəmməd Peyğəmbərimizin qəbrini ziyarət etmişəm. Orada xalqımıza dualar etmişəm. Qaçqın-köçkünlərimiz var, onların çoxu ilə yaxın münasibətlərimiz var. Dəfələrlə Qarabağda qonaq qalmışam. Həmişə dua edirəm ki, ay Allah, o gün olsun ki, həmin dostlarımızın evinə bir də gedək, orada böyük Qələbəni bayram edək. İnsanların təhsilinə kömək etmişəm, işığı gələn adamların əlindən tutmuşam. O kəsdən ki, bir işıq gəlir, onun ziyası var, o, gələcəkdə xalq üçün, millət üçün faydalı bir iş görə bilər, onun əlindən tutub qaldırmaq lazımdır. İmkanım daxilində etmişəm bunu...

- Dostluğa münasibətiniz necədir? Deyirlər, dostluq ömrün sonunadək boy atan bir ağacdır və o insan xoşbəxtdir ki, uşaqlıq dostunu da, məktəb dostunu da, tələbə dostunu da, həyat dostunu da saxlaya bilir...

- Dost - bu, gözəl məfhumdur. Dost insanın daim təmasda olduğu, ürəyini bölüşdüyü insandır. Amma çox qəribədir ki, zaman keçdikcə dostluq da dəyişir, ona görə də daimi dostlar yoxdur. Zamanın gedişiylə, yer dəyişmə ilə bağlı insanlar bir-birindən ayrı düşür, sonradan görüşə bilmirsənsə, o dostluq xatirə kimi qalır. İkinci mühit yeni dostlar gətirir... Rəsul Həmzətovun dostluq haqqında gözəl bir şeiri var. Gənclərlə söhbətimdə həmişə o şeiri söyləyirəm.

Mən də dostluq etmişəm, həyata göz açandan,

Sanardım acizlikdir hamıya mehribanlıq.

Neçə dost itirmişəm öz günahım ucundan,

Neçə dost da nahaqdan məni itirib artıq...

Siz ey məni sevənlər, ey mənim sevdiklərim,

İndi siz hardasınız, sizsiz kimim, nəyim var,

Bircə an günahından keçə bilmədiklərim,

Ya mənim günahımdan keçə bilməyən dostlar....

Bu şeirdə dostluğa çox yüksək qiymət verilir. Ancaq həyatımda onu da hiss etmişəm ki, yaxşı, yaman günün də dostları var. Və bəzən görürsən ki, elə dost sənin özünsən (gülür)...

"Mən özümü Jan Val Jana oxşadıram..."

- "İşdən macal tapanda mütaliə edirəm" - müsahibələrinizin birində belə demisiniz. Ədəbiyyata marağınız nə ilə bağlıdır? Bu mənəvi tələbat nədən doğur? Kimləri mütaliə edirsiniz?

- Çox təəssüflər olsun ki, kitaba maraq azalıb. Elə mənim özümdə də... Bu, iki səbəbdən ola bilər. Ya artıq maraqlı kitablar yazılmır, yaxud yazılsa da, bizim əlimizə gəlib çatmır, vaxt olmur. Amma bütün həyatım mütaliə ilə keçib. Gənc yaşlarımdan bütün antik ədəbiyyatı, rus, Avropa, klassik dünya ədəbiyyatını oxumuşam. Elə bir korifey yoxdur ki, onu oxumayım. Müəlliflərin adını saymaqla qurtarmaz - bunu mübaliğəsiz deyirəm, çünki o zaman kənddə elektrik işığı, televizor olmayıb, bir məşğuliyyətimiz vardı, o da kitab oxumaq. Ona görə də kitabxanada nə görmüşəmsə, əlimə nə düşübsə, hamısını oxumuşam. Oxuduğum əsərlərin qəhrəmanlarından da tərbiyə almışam. Mən özümü Jan Val Jana oxşadıram. Əgər Hüqonu oxumasaydım, onun "Səfillər"ini oxumasaydım, oradakı o xeyirxah şəxsiyyəti "tanımazdım". Aşağı cəmiyyətdən olan, sonradan, bayaq dediyim o ilahi qismətin nəticəsində həm qazamata düşən, həm sürgünə gedən, sonra şəhər merliyinə qədər yüksələn, xeyirxah işlər görən, şəhəri abadlaşdıran, kilsəni, yolları təmir etdirən, Kozzettanı böyüdən, sonradan bədxah bir insanın - Javelin bədxahlığı nəticəsində yenə də əvvəlki vəziyyətinə qayıdan Jan Val Jan... Həyatda, bizim taleyimizdə də yüzlərlə belə misallar bilirəm. Yaxud indi Milli Məclisdə qanun quruculuğunda iştirak edirik... Bu, hüquq kitablarını oxumaqla əmələ gələn deyil. Hüquq insanlar arasında münasibətləri tənzimləyir. İnsani münasibətlər isə... Əgər sən tarixi bilməsən, antik dövrün insanlarının əxlaqı, psixoligiyası, qarşılıqlı münasibətləri haqqında bilgin olmasa, eləcə də orta əsrlər, nəhayət, XIX-XX əsrlər... Bunları da ancaq kitablardan öyrənirsən. Və kitabdan öyrəndiklərini, o şəxsiyyətləri, o obrazları indi səni əhatə edən insanlarla müqayisə edəndə doğru nəticə çıxarırsan, düz yolu tapırsan və bu yol işıqlı olur. Yəni kitabla təmas insanın təfəkkürünü işıqlandırır, yolunu işıqlandırır, ömrünü işıqlandırır...

- Bəs Azərbaycan ədəbiyyatındakı hansı obrazlarla öz aranızda yaxınlıq görürsünüz?

- Hələ 6-cı sinifdə oxuyanda müəllim "Qılınc və qələm" romanını əlimdə görüb çox təəccüblənmişdi: "Sən bunu oxuyursan?" Oradakı surətlər - Nizami dövrünün adamları... Cəlil Məmmədquluzadə, Əbdürrəhim bəy Haqverdiyev... Həyatımda müsbət rol oynayan, poetik hissiyyatımı doyduran Səməd Vurğun olub. "Vaqif" əsərini əzbər bilmişəm. "Xanlar" və s. İmran Qasımovla, Mirzə İbrahimovla yaxın dostluğumuz olub. Yenə altıncı sinifdə oxuyanda üç gün kənddə oturub gözləmişəm ki, müəllim mənə "Gələcək gün" romanını gətirəcək. Nə isə... Elə bir yazıçı yoxdur ki, oxumayım. Amma indi yoxdu, tapa bilmirəm (gülür)...

- Deyirlər, musiqi insanın ruhuna təsir edir, onu düşündürür. Hansı musiqi ruhunuza daha yaxındır?..

- Kənddə böyüdüyüm üçün musiqi təhsilim olmayıb. Ancaq çox böyük arzularım olub həmişə. Və çox şükürlər olsun ki, sonradan həyatda bu arzularımı reallaşdıra bilmişəm. Mədəniyyət naziri işləyəndə plansız-zadsız 16 musiqi məktəbi açmışam. Naxçıvanda on musiqi məktəbi vardı, 16-sını mən açmışam. İstəmişəm ki, uşaqlarmuz musiqi təhsili alsınlar. Öz övladlarımın da hamısına musiqi təhsili vermişəm, baxmayaraq ki, heç biri musiqiçi olmayıb. Amma hər birinin həm ifaçılıq, həm yaradıcılıq qabiliyyətləri var... Milli musiqini də, klassik musiqini də xoşlayıram...

- Deyir, ehtiyat igidin yaraşığıdır, ehtiyatlı adamlar həyatda az səhv edirlər. Ehtiyatlı insansınızmı? Və ən çox nədən ehtiyat edirsiniz?..

- Nadanlıqdan... Çünki bütün mənfi təzahürlər, pisliklər nadanlıqdan gəlir. Bayaq dostluqdan danışdıq. Bilirsiniz, insanlar nədən bir-biri ilə düşmən olur? İkisindən birinin, yaxud da elə hər ikisinin nadanlığından... Böyük miqyasda götürəndə, tarix boyu müharibələr olub, bizim əsrimizdə də, görürsünüz, qanlı müharibələr var. Ya da regionlarda gedən münaqişələr, qarşıdurmalar, bunlar hamısı nadanlığın nəticəsidir. Əgər bir balaca anlaşılma olsa, həyatı dərk etmək olsa... İnsan dərk eləsə ki, onu yaradan var, ona tale verən var, yazı var və onu pozan yoxdur, dərk etsə ki, o, özü ömrünün harada qurtaracağını bilmir, amma onu bilən var, onda hər şey yaxşı olar... Onda nadanlıq olmaz, o nadanlığın fəsadları olmaz. Həyatda ehtiyat etdiyim tək şey nadanlıqdır...

- Sizcə, həddən artıq sadəlik, təvazökarlıq insana mane olmur ki?..

- Məncə, sadə və dürüst insan heç vaxt heç nədə uduzmur, əksinə qazanır...

- Ötənlərə baxanda nəyə təəssüflənirsiz?..

- Bayaq dedim, inanın, mən heç zaman nəyinsə əşhəd arzusunda olmamışam. Deməmişəm ki, bu şey hökmən olmalıdır. Onda təəssüflənirsən ki, onu istədim, o da olmadı, təəssüf orda yaranır. Səhvlər də oradan yaranır. Əslində, bu cür düşünməyin özü bir səhvdir... Yox, heç nəyə təəssüflənmirəm. Mən həyatımdakı çətinliklərdən danışmadım... Çox ağır günlərim olub. Xatirimdə məni sarsıdan, çətin vəziyyətə salan günlərim olub... Anamı itirəndə 22 yaşım vardı. O ağrını yaşamışam: kaş Anam bir az da yaşayardı... Atamı itirəndə ağır sarsıntı keçirmişəm. O, Anamdan az sonra dünyasını dəyişdi... Mənə qarşı haqsızlıqlar olub. "Nadanlıqdan qorxuram" deyəndə onları nəzərdə tuturam. Yox, bunları saymaq, xatırlamaq istəmirəm, hansılar, hansılar... Təbii ki, qəlbimi incidib, incidib bu haqsızlıqlar, amma fikir verməmişəm... Bəzən tək ona təəssüflənirəm ki, reaksiya vermək olardı... Ancaq qoy insanlar bilsinlər ki, heç zaman haqsızlıq edənlərin gələcək həyatı yaxşı olmur, gərək hər zaman haqqı, ədaləti üstün tutasan. Haqsızlıq heç zaman mükafatlandırılmır - Allah və insanlar tərəfindən. Mənə haqsızlıq edənlər də "mükafat"larının hamısını alıblar (gülür)... Bunu özüm görmüşəm... Qorxduğum şeylərdən biri də odur ki, kimsə mənə yenidən haqsızlıq edər və istəmirəm ki, kimsə mənə etdiyi pisliyin cavabını alsın... Mən insanlara ancaq yaxşılıq arzulayıram. İstəyirəm onlar irəli getsinlər, yaxşı yaşasınlar...

"Həyatımı bölüşdüyüm qadın gileylənmək üçün mənə heç bir bəhanə verməyib..."

- İş-gücdə qazandığınız uğurları ailəniz tamamlayıbmı? İşdən sonra ailədə də rahatlıq tapa bilmisinizmi? Bir sözlə, ailəniz sizə arzuladığınız xoşbəxtliyi verə bilibmi?

- Həqiqətən də, ailə, övlad qayğısı dünyanın ən gözəl və şərəfli qayğılarındandır. İşimin çoxluğu məni də bu müqəddəs qayğılardan ayırmayıb. Belə bir deyim var: həyatın məşəqqətlərinə dözmək üçün onu mütləq bir qadınla bölüşmək lazımdır. Şükür Allaha, həyatımı bölüşdüyüm qadın da gileylənmək üçün mənə heç bir bəhanə verməyib. Bir deyim də var: "Ailədə xoşbəxtliyə ata yol açır, ana onu qoruyur". Bilirsiniz, mən belə fikirləşirəm ki, insanın uzun ömür sürməsində ailə xoşbəxtliyinin, ailə rahatlığının rolu az deyil. Dedi-qodusuz, mehriban, səmimi ailələrdə həyat daha xoş keçir. Bunu alimlər, mütəxəssislər də sübut edib. Məncə, dünyada üç böyük xoşbəxtlik var: sağlamlıq, azadlıq, ailə. Həyatım boyu bunları qorumağa çalışmışam...

- Övladlarınızın hər birində siz varsınız, sizin cizgiləriniz var. Bu cizgiləri görəndə, duyanda hansı hissi keçirirsiniz? Bir ata kimi övladlarınızdan razısınızmı?

- Şükür Allaha, övladlarımın heç biri böyük bir nəslin müqəddəsliyinə dönük çıxmayıb. Adət-ənənələri, nəslin, ailənin dəyərlərini, hörmətini qoruyurlar. Bu, nəslin xoşbəxtliyidir, tək mənim yox... Buna görə Allaha duaçıyam, ailəmə minnətdaram. Bizdə Allah verənə "şükür" var, şükranlıq var. Hələ indiyədək eşitməmişəm ki, bizim ailəmizdə kimsə desin, bu şey niyə yoxdur, bu şey niyə çoxdur. Bu, olmayıb, hər kəs başını aşağı salıb öz işi ilə məşğuldur. Hərə öz taleyini yaşayır...

- Övladlarınıza ən böyük nəsihətiniz nə olur?..

- Rəhmətlik atam deyərdi ki, Allaha dost olmaq üçün əvvəlcə xalqla dost olmaq lazımdır. Xalqın dəyərini bilsən, o, səni ucaldacaq. Xalqın ucaltdığını isə fələk də yıxa bilməz. Özüm insanlar arasında çox oluram, hər dəfə də bu fikrə haqq qazandırıb, atama rəhmət oxuyuram. Elə uşaqlara da buna bənzər bir nəsihətim olur: "Özünüzü idarə edərkən ağlınızı, başqalarına rəhbərlik edərkən isə qəlbinizi işlədin..."

- Bir fikri siz də təsdiqləyirsinizmi: dövlətdə dəvə, övladda nəvə...

- Əlbəttə... Əlbəttə... Övlad əzizdir, nəvələr ondan da əziz olur... Nəvələr həyatın, nəslin, şəcərənin davam etməsi deməkdir. Nə yaxşı, həyat davam edir...

- Həyat davam edir dediniz, bu həyat nə imiş, Fəttah müəllim?

- Həyatın yozumları var... Bir dini yozumu da var, bu dünya müvəqqətidir, əbədi dünyamız Allahın yanındadır. Bu dünyada savab sahiblərinin yeri cənnətdir, günah qazananların da cəzası orada olacaq. Bu mənada, həyat müvəqqətidir. Amma bu müvəqqəti həyatı da əbədiyyətə çevirən şəxsiyyətlər olub. Onlar olub, əbədiyyəti də əməlləri ilə qazanıb gediblər... Hər halda, yaxşı işlərin nəticəsi davam edir orada - Allahın yanında. Mən inanclı adamam və ümidim də var ki, bu həyat orada daha yaxşı davam edəcək...

- Xoşbəxtlik... Özünü müdrik hesab edən xoşbəxt deyil, bəlkə, özünü xoşbəxt hesab edən adam daha müdrikdir. Sizi bunların hansından saymaq olar?

- Azərbaycan çox qəribə taleli torpaq olub. Xalqımız əsrlərlə öz azadlığı uğrunda mübarizə aparıb, amma həmişə buna nail ola bilməyib. Biz xoşbəxtik ki, Azərbaycanın müstəqilliyini görmək bizlərə nəsib oldu... Bunu görməyə də bilərdik, əgər Ulu öndər Heydər Əliyev hakimiyyətə gəlməsəydi və bu məsələdə özünün müdrikliyini,  dünya təcrübəsini tətbiq etməsəydi... Min şükür Allaha, Azərbaycanın müstəqilliyini görmək bizə də nəsib oldu...

- Gənclərə sözünüz...

- Öyrənmək, öyrənmək - beşikdən qəbrə qədər. Öyrənməyin ən yaxşı vaxtı gənclikdir. Qoy gənclikdə öyrənsinlər, ahıllıqda mütləq gənclikdə öyrəndiklərinin barını yeyəcəklər. Bir gözəl misal var: "Taledən şikayət etməkdənsə, işləyin..."

Sonra nədənsə bu misraları söyləyir:

Əgər sadiq köhlənin zədələnib

qəfildən çapan yerdə büdrəsə,

tez düşməyə tələsmə...

Onda görmə günahı,

günahı gör yolda sən...

Bununçün öz atını dəyişməyə tələsmə...

- Arzularınız...

- Mən həmişə nə haqda fikirləşmişəmsə, xalqımız, millətimiz üçün olub, bundan sonra da elə olacaq. Bu millətin, bu xalqın içində mən də varam, mənim ailəm də var, qohum-əqrəbam da var, dostlarım, qonşularım da var və təbii ki, bütün Azərbaycan var. Çalışacağam, bundan sonra da tutduğum yolu, getdiyim yolu davam edim. Arzularım? Həyat gözəl olsun! Azərbaycan bundan sonra daha böyük sürətlə inkişaf etsin!.. Müharibələr olmasın Yer üzündə! Anlaşılmazlıq, qarşıdurma olmasın insanlar arasında. İnsanlar bir-birini başa düşsünlər, onda hər şey həllini tapar. İnsanların yaşamağa haqqı var, qoy o haqq qırılmasın...

- Tez-tez bioqrafiyamızı yazmalı oluruq. Belə vaxtlarınızda düşünmürsünüz ki: "Eh, ömür nə tez keçdi..."

- Əlbəttə, elə bir duyğu olur... Dönüb geri baxanda görürsən ki, ömür su kimi axıb gedib. Bunu tez-tez mahnılarda da oxuyurlar. Bir deyim də var ki, həyat gözlə qaş arasında bir göz qırpımıdır. Doğrudan da, elədir. Amma üç şey - atılmış ox, deyilmiş söz və keçmiş günlər heç vaxt qayıtmır. Mənsə dünənimə xiffətlə yox, qürurla baxıram. Xoşbəxtəm ki, xatirələr məni incitmir, mənə əzab vermir, əksinə, onları ürəklə, alnıaçıq yada salıram...

- Çox ənənəvi bir sual var, amma təkrar edəcəyəm: ömür geri dönsəydi...

- Tale əvvəldən yazılır, necə deyərlər, insanın qisməti onunla birgə doğulur, buna körpəliyimdən inanmışam. Mən dinimizə böyük etiqadla yanaşan, adət-ənənələrimizə sadiq olan halal bir ailədə böyümüşəm. Valideynlərimdə Allaha, Yaradana inam vardı və bu, mənim də beynimə həkk olunub. O ki, qaldı... Ömür geri dönsəydi... Ömür geri dönsə, elə bu yolu gələrdim, elə bu cür yaşayardım. Qismətim bu idi  (gülür)...

 

Firuzə Nadir

 

525-ci qəzet.- 2020.- 15 sentyabr.- S.10-11; 12.