Müəllimlərin
sertifikasiyası:
yaşlı pedaqoqları nə gözləyir?
İKT-nin
inkişaf etdiyi, yeni texnologiyaların birmənalı olaraq
bütün sahələrə tətbiq edildiyi, az qala gündəlik dəyişən
dünyamızda cəmiyyətin daha çox diqqət yetirdiyi
təhsil sistemi də yeniləşmə tələb edir.
1999-cu ildən
başlayaraq, ölkəmizdə bu sahədə islahatların
aparılması istiqamətində az
işlər görülməyib. Yeni milli
kurikulum proqramlarının qəbulu, təhsildə qiymətləndirmə
standartlarının tətbiqi təhsilalanların yalnız
mükəmməl biliyə yiyələnmələri ilə
deyil, həm də müvafiq olaraq bacarıq və vərdişlərə
yiyələnmələri ilə xarakterizə olunur. Bu, daha çox dəyişən və yenilənən
müasir cəmiyyətin tələblərindən irəli gəlir.
Təhsilalanlarda bilik, bacarıq və vərdişləri
stimullaşdıran təfəkkürün formalaşması
onlarda müstəqil yaradıcılıq və tədqiqatçılıq
qabiliyyətlərini inkişaf etdirir. Gizli
deyil ki, bu problemin həllində müstəsna yük təhsilverənlərin
üzərinə düşür. Bundan
ötrü müasir müəllim özünü və tədris
prosesinə yanaşma formasını dəyişməlidir.
O, indi
yalnız bilik vermir, şagirdlərdə müstəqil həyatın
tələblərinə uyğun bacarıqların və vərdişlərin
formalaşdırılmasına yönəlik bələdçi
rolunda çıxış edir. Artıq
auditoriyanı inzibati-amirlik metodları ilə deyil, demokratik
prinsiplərlə idarə etmək lazım gəlir.
Bundan ötrü təhsilverən gərək yeniliyə
aparan metod və üsullarla tanış
olsun, onu tədris prosesində tətbiq etməyi bacarsın. Necə deyərlər, əvvəlki üsullarla tədris
prosesini "yola vermək" daha işə yaramır. Bəs onda neyləməli?
2014-cü ildən başlanan və mərhələli
şəkildə 4 ilə yaxın davam edən müəllimlərin
diaqnostik qiymətləndirilməsi bu problemin həllinə
doğru ilk addım kimi əhəmiyyətli idi. Belə ki,
imtahana cəlb edilmiş müəllimlərin ixtisas fənlərindən
və kurikulumdan hansı bilik və bacarıqlara malik
olduqları üzə çıxdı. Nəticələr
göstərdi ki, müəllimlərin vaxtaşırı
özünüyoxlama imtahanlarına təhrik edilməsi
onların zəif nöqtələrinin aşkarlanmasına səbəb
olur. Beləliklə, təhsilverənlərin
daha çox keyfiyyətli və səmərəli işləmələri
üçün istiqamətlərin müəyyənləşməsi
asanlaşır.
Cari idən isə ölkə ümumtəhsil məktəblərində
çalışan müəllimlərin
sertifikatlaşdırılması məsələsi gündəmə
gəldi. Beş ildən bir keçirilməsi nəzərdə
tutulan sertifikatlaşdırmanın
reallaşdırılması, şübhəsiz, təhsilin
keyfiyyətinə təsir etmək baxımından növbəti
və daha güclü təkan olacaq. Əlbəttə,
əvvəlki imtahandan fərqli olaraq, burada qoyulan sualların
sınaq xarakteri daşımayacağını və çətinlik
dərəcələrinə görə kifayət qədər
ağır olacağını ehtimal etmək olar.
Digər
tərəfdən, peşəkar komissiya üzvlərinin əhatəsində
kurikulum qaydası ilə dərs nümunələrini təqdim
etməyi bacarmaq, ixtisas fənnindən və
dünyagörüşündən veriləcək müsahibə
suallarını cavablandıra bilmək, xüsusilə, geyiminə,
hərəkətlərinə, davranışına, fikrini
ifadə etmək qabiliyyətinə və nitqinə qədər
hər xırda detalların dəyərləndirilməsi
müəllimlərin nəzərində
sertifikatlaşdırmaya münasibətdə bir həyəcan
və təlaş yaradır. Ən çox da ona görə
ki, təkrar imtahana qalan müəllim yenidən tələb
olunan nəticəni göstərə bilməsə, onun təhsil
sahəsindən kənarlaşdırılacağı təhlükəsi
var. Təhsil nazirimiz "Real TV"yə müsahibəsində
sertifikatlaşdırmanın əsas prinsiplərinə toxunarkən
buna da işarə edib: "...Təbii ki, müəllimlər
sertifikasiya imtahanına görə çox təlaşlanır,
lakin hər kəsə mərhəmətli olanda, uzunmüddətli
vaxtda səmərəliliyi itiririk".
Eyni
zamanda, o, sertifikatlaşdırmanın mahiyyətini də
açıqlayıb və üstünlüklərini göstərib:
"Sertifikasiyanın mahiyyəti ondan ibarətdir ki, müəllimlər
daim hazırlıqlı olsun. Bu, müəllimləri
işdən kənarlaşdırmaq üçün
düşünülməyib. Müəllimin
müasir tələblərə cavab verməsi təhsilalanın
öyrənməsinə təsir edən amildir. Bu, təhsildə ədalətli prosesdir və
söz verirəm ki, belə də davam edəcək".
Hazırkı Təhsil nazirimiz gəncdir, enerjilidir və
müasir texnologiyalara əsalanan praktik düşüncə tərzinə,
innovativ bilik və bacarıqlara malik bir şəxsdir. Onun bu barədə
"Müəllim bu imtahanda iştirak edib tələb olunan səviyyədən
aşağı və ya yuxarı olmasını
aydınlaşdırır. Tələb
olunan səviyyədən aşağıdırsa, əlavə
1 il vaxt verilir ki, həmin səviyyəyə gəlib
çatsın" - deməsi də göstərir ki, o,
müəllimin yeniliklərə sürətlə yiyələnməsində
və özünü inkişaf etdirməsində
maraqlıdır. Burda təəccüblü
bir şey yoxdur və əslində, məsələyə
köklü, ədalətli yanaşmadır. Amma gəlin görək, bunu müəllimlərin
hamısımı bacara biləcəkdir? Yəqin
ki, yox. Nə gizlədək, yaşlı müəllimlər
üçün bu proses çətin və ağrılı
keçəcəkdir.
Sosial şəbəkələrdə və Vatsap
qruplarında aparılan müzakirələr də göstərir
ki, bu, həqiqətən asan olmayacaq. Onda necə olsun: Ömrünün
30-40 ildən çoxunu təhsilə bağlayan, hər halda
bu illər ərzində gənc nəslin təlim və tərbiyəsinə
az zəhmət çəkməmiş
müəllimi 50-64 yaşında indiyədək bütün
vücudu və ruhu ilə bağlandığı məktəbdən
və şagirdlərindən uzaqlaşdıraqmı? Bu, onun sağlamlığında mənəvi-psixoloji
sarsıntılar yaratmazmı? Onsuz da son illər ən
müxtəlif səbəblərdən (əsasən məişət
və iş yeri ilə əlaqəli problemlər üzündən)
daha da çoxalan və insan ömrünə balta çalan
qan təzyiqi, əsəb pozğunluqları, şəkərli
diabet, ürək çatışmazlığı, insult və
sair bu kimi həyat üçün qorxulu, təhlükəli
xəstəliklər yaşama riskini xeyli artırıb. Aydındır ki, bu tip xəstəliklər adətən
bir qayda olaraq 50 yaşdan sonra baş qaldırır və
sürətlə inkişaf edir.
İndi təsəvvür
edin: 55 yaşlı müəlim sertifikatlaşdırma
imtahanının həyəcanını yaşayır,
keçə bilməyəcəyi təqdirdə işdən
çıxarılacağını göz önünə gətirir,
nüfuzdan düşəcəyi təsəvvürünü
xəyalında canlandırır və bunların qorxusu
ondakı mövcud xəstəliklərin şiddətlənməsinə
gətirib çıxarır. Halı pisləşir
və... ömrünə nöqtə qoyulur. Bu, bizə lazımdırmı? - Əlbəttə,
yox! Bəs onda necə edək, imtahan
olmasınmı, belədə, sürətlə dəyişən
və yeniləşən dünya təhsil sistemi çərçivəsində
Azərbaycan təhsilində hansı keyfiyyətdən
danışa bilərik? Çıxış
yolu varmı? Məncə, var.
Birincisi, müəllimlər üçün pensiya
yaşı aşağı salınmalıdır. Tutaq ki,
qadınlar 50-53, kişilər 55-58 yaşlarında təqaüdə
göndərilməlidir. Nümunə: Türkiyə
variantı. Sirr deyil ki, bu yaşlarda insanın hafizəsi,
yaddaşı, xatırlaması, diqqəti getdikcə zəifləyir
və bu, bir qarşısıalınmaz təbii bioloji proses
kimi davam edir. İndiki halda nəinki 65 yaş, hətta
60 yaş belə müəllimlər üçün normadan
çoxdur. Bu barədə
düşünmək lazımdır. Müəllimlər
daha çox beyinlə işləyirlər, onların əmək
fəaliyyəti düşüncəyə söykənir.
Yaşlaşdıqca düşünmək,
qavramaq, yadda saxlamaq kimi zəruri məsələlər
tükənməyə doğru gedir. Bundan
sonra onlara ömürlərinin sonlarınadək yaxşı
dincəlmək, tədris prosesində qazandıqları
psixo-nevroloji sağlamlıqlarını heç olmasa qismən
bərpa etmək lazımdır. Yay tətili
dövründə müəllimlərə verilən əmək
məzuniyyəti həm də, bu dövrdə işlərin ən
qızğın çağına düşür,
xüsusilə kənd yerlərində. Yəni
hər müəllim bundan faydalana bilmir.
İndi zaman dəyişib, hətta məzuniyyət
vaxtı belə, müəllimlər yeni texnologiyaların qəbulu
və təhsil sistemində aparılan islahatlardan dolayı məcburi
qaydada təlimlərə cəlb edilir. Əlbəttə,
bu da vacibdir. Ancaq tədris ili boyu gərgin
çalışmalardan yorulmuş yaşlı müəllimlərə
öz qüvvələrini bərpa etmək üçün
hətta, bir məzuniyyət vaxtının yetərli
olmadığı bir məqamda vaxtaşırı treninqlərə,
ardınca yeni tədris ili ilə əlaqədar
hazırlıq prosesinə qoşulması onun normal istirahətinə
mane olur. Belədə, müəllimin işində
hansı keyfiyyətin olacağından danışa bilərik
axı. Bunlardan çıxış edərək,
müəllimlərin pensiya yaş həddinin azaldılmasını
təkilif edirik.
Məlumdur ki, əmək qanunvericiliyində zərərli
müəssisə və ya istehsal sahələrində
çalışan işçilər üçün müəyyən
güzəştlər nəzərdə tutulub və həmçinin,
bu kateqoriyadan olan işçilərin pensiya həddi də
kifayət qədər aşağı səviyyədə
müəyyən olunub. Zənnimcə, bu tədbir qanunvericilikdə
dəyişikliklər edilməklə müəllimlərə
də tətbiq olunmalıdır.
Bu, məsələnin bir tərəfi. İkinci təklif isə
ondan ibarət ola bilər ki, 50 yaşdan
yuxarı müəllimlər üçün
sertifikatlaşdırma imtahanlarının əvəzinə,
diaqnostik qiymətləndirmə aparılsın və pensiya
yaşına kimi bu, dövri olaraq təkrar edilsin. Məsələn, ildə bir dəfə
keçirilsin. Bunu 6 aydan gec olmayaraq -
yarımilliklərin sonunda da keçirmək olar. Bu, istər-istəməz müəllimə daima
hazırlaşmaq, öz üzərində
çalışmaq, bilik və bacarıqlarını
artırmaqla onu vərdişə çevirmək imkanı
verir. Hər dəfə diaqnostik qiymətləndirmənin
nəticələri yaşlı müəllimlərin şəxsi
səhifələrində qeyd edilir. Düşünürəm
ki, bu üsul yuxarı təhsil orqanlarının mərhələdən
mərhələyə müəllimin hazırlıq səviyyəsini
izləməyə imkan verəcəkdir. Əldə
olunmuş nəticələr əsasında müəllimə
həvəsləndirmə və cəzalandırma tədbirləri
tətbiq oluna bilər. Beş il bu
şəkildə davam edən diaqnostik qiymətləndirmənin
yekun nəticələri əsasında sertifikatlaşdırma
imtahanı aparmadan, yalnız müsahibə keçirməklə,
müəllimə sertifikat verilməsi mümkündür.
Şübhəsiz, respublika səviyyəsində hər
bir imtahanın təşkili yüksək məbləğdə
vəsait və vaxt istəyir. Fikrimcə, bu problemi
aradan qaldırmaq üçün müəllim işindən
ayrılmadan, məktəbdə onlayn şəklində
imtahana qoşula bilər. Yəni
imtahanların canlı deyil, pandemiya problemi səbəbindən,
İTK-nın verdiyi imkanlardan bəhrələnməklə
onlayn qaydada təşkil olunması tövsiyə edilir. Nazirliyin tərtib etdiyi suallar əsasında rayon təhsil
şöbələri bu prosesi özləri nizamlaya və həyata
keçirə bilərlər.
Hesab edirəm ki, bu, daha səmərəli yoldur. Yaşlı
müəllimləri təlaş və həyəcandan
qurtarmaq, sonu streslə bitə biləcək ağır
durumlara düşməsinin qarşısını almaq
baxımından belə bir üsulun tətbiqi barədə
düşünməyə dəyər. Bu
üsul həmin kateqoriyadan olan müəllimlərin
özünü daim inkişaf etdirmək, mütəmadi
hazırlaşmaq, təkrar-təkrar öyrənmək,
diaqnostik qiymətləndirmənin nəticələrini
yüksəltmək üçün daha artıq zəhmətə
qatlaşmaq cəhətdən də faydalı olacaqdır.
Bir
başqa təklifim də var. Məlumdur ki, müəllimlik
ixtisasları üzrə müvafiq ali təhsil
müəssisələrini bitirib, uzun müddətdir bu sahədə
fəaliyyət göstərməyən şəxslər də
az deyildir. Onların bir çoxu hər hansı səbəbdən
pedaqoji sahədən tamamilə uzaqlaşıb, hansı ki, təhsil
aldığı ali məktəbi müvəffəq
qiymətlərlə bitirib. Həmçinin,
ümumtəhsil məktəblərində işləməyən
çoxlu sayda müəllimlər də var ki, onlar müxtəlif
tədris kurslarında çalışırlar, yaxud müstəqil
repetitor kimi fəaliyyət göstərirlər. Mənə
belə gəlir ki, bu kateqoriyadan olan müəllimlik
ixtisasına yiyələnmiş 40-45 yaşadək şəxslərin
sertifikatlaşdırma imtahanlarına cəlb olunması da
faydalı ola bilər.
Fikrimcə, həm müsahibədən, həm də imtahanlardan maksimum bal toplamış pedaqoji təhsilli şəxslərin istəklərinə uyğun olaraq ümumtəhsil məktəblərində yerləşdirilməsi təhsilin inkişafına kömək edərdi. Məqsəd ölkəmizdə təhsil sistemini daha da yaxşı inkişaf etdirməkdirsə, o zaman ən müxtəlif təkliflərə və variantlara baxmaq ümumi işin xeyrinə olardı.
Yusif DİRİLİ
Yazıdakı
materiallar Azərbaycan Respublikası Prezidenti yanında Kütləvi
İnformasiya Vasitələrinin İnkişafına Dövlət
Dəstəyi Fondunun maliyyə dəstəyi ilə çap
olunub
525-ci qəzet.- 2020.- 15 sentyabr.-
S.14.