Ordubadın Anaqutu, Dırnısı...
Sosial şəbəkələr gündəlik həyatımızın ayrılmaz bir hissəsinə çevrilib. Bundan öz şəxsi maraqları üçün istifadə edən də var, ümummilli maraqlara xidmət edənlər də. Orxan Cəfərli və Xudayar Mirzəyev kimi. Hər iki gənc doğulub boya-başa çatdıqları Dırnısın və ona qonşu kənd olan Anaqutun gözəlliklərini, insanlarını, adət-ənənəsini, mətbəxini çəkir və dünyaya təqdim edirlər. Aktiv sosial şəbəkə istifadəçilərinin dəvəti ilə eyni icra nümayəndəliyinə tabe olan kəndlərə yol alırıq. Məqsəd yayla payızın qovşağında bir də bu gənclərin gözü ilə hər iki yaşayış məntəqəsinin təbii gözəlliklərini, turizm potensialını çoxsaylı oxucularımıza çatdırmaqdır.
Beləcə, yol alırıq üzü
Ordubada sarı. Magistral
yoldan ayılıb Dırnısa aparan qolla yolumuza davam edirik. Kəndləri bir-bir geridə qoyuruq. Onu da xüsusilə vurğulamaq lazımdır ki, kəndlərimizin
abadlaşması, infrastrukturun yaradılması həm də kənd
turizminin inkişafına yol açır. Bir
zamanlar hansısa dağ kəndinə getmək istəyən
yerli sakinlər ünvana yetişmək üçün əziyyət
çəkirdilərsə, bu gün artıq vəziyyət
tam başqadır. Kəndlərimiz
artıq xarici turistləri öz füsunkar mənzərəsi
və abadlığı ilə məftun edir. Kompleks
quruculuq tədbirlərindən sonra müasir görkəm alan Vənəndin abadlığı muxtar
respublikada həyata keçirilən məqsədyönlü
tədbirlərin bariz ünvanı kimi göz oxşayır. Elə bu gözəlliklərə aludəykən təbiət
öz cilvəsiylə gözlərimizdən ruhumuza dolur.
Göz oxşayan yaşıllıqlar,
baş-başa verən ağaclar, avtomobilimizin şüşəsindən
içəri dolan təmiz hava artıq bu yerlərin fərqliliyinin
müjdəçisi kimi bizi xoşhal edir. Anaqutun elə girişində foto çəkib bu
gözəllikləri tez bir zamanda şəbəkə istifadəçiləri
ilə paylaşmaq keçir könlümdən. Belə də edirəm. Yaşıllıqlar
bizi sehrinə salıb dərinliklərə aparır. Vənənd çayının səsi,
quşların nəğməsi qarışıb bir-birinə.
Demək yuxarılara qalxdıqca bizi daha fərqli
gözəlliklər müşaiyət edəcək. Deyəsən, elə izləyicilərimiz də
paylaşdığımız videodan bu fərqliliyin fərqinə
varır. “Bura Quba yoludur?”,- deyə
bizə sual ünvanlayırlar. Bizsə “Xeyr, bura Ordubadın
Anaqut kəndidir”,- deyib kəndi görməyənlər,
tanımayanlar üçün fotolar paylaşmaqda davam edirik.
İlin əvvəlindən dünyanı saran pandemiya həm
də yollara sərhəd çəkdi. Hər kəs
öz sərhədi, yaşadığı bölgəsi
daxilində yaradılan imkanlardan istifadəyə diqqətini
yönəltdi. Nəticədə daxili
turizm hərəkətə gəldi. Yaşadıqları
bölgəni qarış-qarış gəzən insanlar bəlkə
də bugünədək rastlamadıqları gözəlliklə
baş-başa qaldılar. Və bir daha əmin
oldular ki, ölkə sərhədindən kənara
çıxmadan da istirahətlərini xoş və mənalı
keçirə bilərlər. Bu mənada
Ordubadın Anaqut və Dırnıs kəndləri təbiətsevərlər
üçün cazibədar məkanlardır.
Anaqutlular və dırnıslılar gələn turistlərə
daha yaxşı xidmət göstərmək məqsədilə
bağlarında istirahət guşələri yaradıblar. Deyirlər ki,
şənbə-bazar günləri burada boş yer tapa bilməzsiniz.
İnsanlar təbiətdən zövq almaq
üçün elə təbiətin ən gözəl
guşələrinin də axtarışında olurlar. Təbii
ki, bu yerlərin tanıtımında kənd sakinlərinin
rolu az deyil. Turizm də zəncirvaridir.
Bu elə bir sahədir ki, yalnız əlaqədar qurumların
deyil, hər kəsin az da olsa bu şəbəkəni
genişləndirməkdə payı olur. Burada hər
iki tərəf qazanır. İnsanlar vaxt
itkisindən azad olur, təklif olunan xidmətdən istifadə
edir, kəndli üçün isə əlavə qazanc mənbəyidir.
Həm də o bu yolla öz
yaşadığı kəndi tanıtmış və
sevdirmiş olur. Diqqətimizi yolboyu vurulmuş lövhələr
çəkir: “Təmizliyə riayət edin”. Kənd
əhalisi öz torpağını sevdiyi,
tanıtdığı kimi, həm də təmizliyini,
yaşıllığını qoruyur.
Bir yer təsəvvür
edin: ətraf yaşıl rəngə boyanıb, ağaclar boy
atmaqda sanki yarışa girib, çayın
şırıltısı və üzünü oxşayan xəfif
meh. İnsan təiətin
bir parçasıdır, ona görə təbiətlə vəhdətdə
özünü daha gümrah, daha sağlam hiss edir. Bu səbəbdəndir ki, asudə vaxtında rahat, hər
şəraitə malik evindən çıxıb təbiətə
sığınır. Ana təbiətsə
çox səxavətlidir. Heç bir
insan övladından öz payını əsirgəməz.
Bol oksigen, cana məlhəm bulaq suları və
gözoxşayan mənzərələr. Nə
deyim? Cənnət elə budur. Məşhur Pəzməri şəlaləsi, həmçinin
Qaplançay və Alçalıq şəlalələri bu
qol üstündə yerləşən Pəzməri kəndinin
yaxınlığındadır. Təbiət
vurğunları üçün şəlalələrə
səyahət də təklif olunur.
Ekoturizm və onun bir qolu olan kənd yaşıl turizmi
bu gün turizmin digər növləri ilə sanki rəqabətə
girib. Bunu zaman və mövcud imkanlar şərtləndirdi.
Kənddə artıq kirayə verilən evlərin
də sayı artıb. Artan tələbat
kənd sakinlərinin bu sahəyə diqqətini yönəldib.
Güllü-çiçəkli
bağçası, ana laylasının, nənə
nağılının, baba nəsihətinin kəraməti
çökmüş kənd evlərinin aurası bir
başqadır. Kim belə evdə qalmaq istəməz
ki? Əzəmətli dağlarla əhatələnən
kənd evləri Vənənd çayının sağ və
sol sahilində yerləşir. Müasir
tipli, ikimərtəbəli evlər də üstünlük təşkil
edir. Yəni hər bir turist öz zövqünə və
istəyinə uyğun ev tapa bilər.
Təbii
ki, Ordubad mətbəxinə söz ola bilməz.
Burada hər hansısa meyvə hədər
olmaz. Ehtiyaclarını ödəyəcək
qədər toplayıb yeyərlər, qalanını kompot,
cem, mürəbbə, lavaşa edər, əsasən də
qurudarlar. Meyvə qurutma ənənəsi
Ordubadda tarixən mövcuddur. Meyvə
qurularından həm çay süfrəsində istifadə
edərlər, həm də müxtəlif yeməklərin
hazırlanmasında geniş şəkildə istifadə
olunar, bu da yeməklərə fərqli dad verər. Bir də
sırf Ordubad bölgəsinə məxsus miyanpur, alana, sucuq
adlanan nemətlər var, dadını yeyənlər
bilər. Bir sözlə, ilboyu Ordubad süfrəsindən meyvələrdən
hazırlanan məhsullar əskik olmaz ki, bunların da hər
biri cana faydalıdır. Sağlamlığını
və rahatlığını düşünərək yola
çıxan bir turist üçün də belə təmiz
və faydalı məhsullar vazkeçilməzdir. Həm yeyəcək, həm alıb aparacaq, həm kəndliyə
xeyir verəcək.
Və gələk Ordubad zonasında təklif olunan
çay süfrəsinə. Çay süfrəsi
meyvə quruları, çərəzlər, mürəbbə
və şirniyyat çeşidləri ilə o qədər zəngin
olar ki, xörək yeməyə artıq iştahan qalmaz.
Ordubad limonu ilə çay da bir başqa.
Qonağı məmnun etmək üçün ən ləziz
təamlarını bişirməkdən zövq alarlar. Bu işi
xüsusi diqqət və sevgi ilə icra edərlər. Kimisi ocaq başına keçər, kimisi təndir
başına. Hətta Ordubad qayğanağının
necə hazırlanması prosesini izləmək istəyənlər
də az deyil. Təndirdə
bişən kabablar, qutablar, kökələr süfrəyə
düzülər, həm də bu elin, bu obanın bərəkətli
torpaqlarından, zəhmətkeş insanlarından xəbər
verər.
Kənd
camaatının əsas məşğuliyyətini burada maldarlıq
və arıçılıq təşkil edir. Təsərrüfatın bu sahələrindən
alınan təmiz məhsullar-bal, süd və süd məhsulları-qatıq,
xama, şor, kərə səhər süfrəsində
qonaqlara təklif olunan ən ləziz təamlardır.
Təbii ki, bağçılıq da kənd
adamlarının məşğul olduğu geniş sahədir. Nələr
yetişdirilmir ki bu torpaqlarda?! Növbənöv
əriyindən tutmuş, gilənarı, şaftalısı,
armudu, alması, ta zoğalına qədər. Cəviz və fındıq ağacları isə
daha çox üstünlük təşkil edir. Burada yetişdirilən fındıq məşhur
Zaqatala fındığından nə ölçüsünə,
nə saflığına, nə də dadına görə
heç də geri qalmır. Bir sözlə,
zəhmətkeş kənd adamları torpağı
qızıla çevirib öz alın təri ilə becərdiyi
məhsullardan faydasını götürər,
gününü-güzəranını qurar, həm də gələn
qonağı məmnun edərlər. Daha dəqiq
desək, zəngin mətbəx çeşidləri ilə
heyran edərlər.
Üstəgəl
sərin bulaqları, mineral suları cana məlhəmdir.
İçməmiş bu kənddən
ayrılsan, demək ki, çox şey itirmisən.
İnsanların qonaqpərvərliyindən dolayı
özünü bu kənddə yad hiss etmərsən. Hansı qapını açsan, gülər üzlə
qarşılanacaqsan.
Dırnıs təbiətinə görə hələ 70-ci
illərdə düşərgə salınan
yaşayış məntəqələrindən olub. Ona görə Dırnıs bu gün də əksəriyyətin
yaddaşında yay düşərgə mərkəzi kimi
qalıb.
Muxtar
respublikamızı qarış-qarış gəzdikcə belə
bir fikir hasil olur: Naxçıvan təmizliyin,
yaşıllığın və sağlamlığın
ünvanıdır. Bu ünvana gələnlər
şəfa tapar, mənən paklaşar, ruhən dincələr.
İlboyu itirdiyi enerjini yaşıl təbiətindən,
mineral bulaqlarından, nəğməli çaylarından,
sakit və təhlükəsiz ortamından, zəngin mətbəxindən
və bütün bunlara vəsilə olan qonaqpərvər,
sevgi dolu insanlarından alar.
Ordubad ulu öndərimiz Heydər Əliyevin də dediyi
kimi, Azərbaycanın incisidir. Bu incidə Anaqut və
Dırnıs parlayan qaş kimi göz qamaşdırır.
Kənd turizminin ilk tətbiq olunduğu
Şahbuz rayonunun Ağbulaq kəndindən sonra bu
yaşayış məntəqələri ideal ünvan kimi
özünü sübut edir.
Ordubadın
Anaqutu, Dırnısı,
Gözəlliyə dəvət edir hər kəsi.
Gəlin, bu gözəlliklərdən siz də doya-doya
zövq alın.
Ruhiyyə Rəsulova
Naxçıvan televiziyasının
baş redaktoru
525-ci qəzet.- 2020.- 16 sentyabr.- S.22.