İlləri
ömür kimi yaşadı...
GENERAL-LEYTENANT ÇİNGİZ MƏMMƏDOVUN
İŞIQLI XATİRƏSİNƏ DƏRİN
EHTİRAMLA
Ömür - yaşanılmış illər, aylar deyil. Xalq üçün, Vətən üçün
yaşanılmış illərdir, aylardır ömür. İllərə, aylara ömür qüdrəti
verənlərə həmişə xalqın qədərsiz
sevgisi olur.
Bu sevginin qüdrəti məkana
sığmır, zamanın hüdudlarını aşır. Mustafa
oğlu Çingiz hərbçi ömrü
yaşamağı qərara alanda 17 yaşlı orta
məktəb məzunu idi, bu dünya ilə vida
anlarında yaşadığı ömrü kino lenti kimi
gözlərinin önündə son dəfə
canlanarkən "Mən illəri ömür kimi
yaşadım" deyə düşünəndə isə
general-leytenant idi, 69 yaşı vardı.
Polkovnik rütbəsində Hərbi Elmi
Mərkəzdə xidmət edəndə zabitlərin hər
uğuruna azərbaycanlı
çılğınlığıyla sevindiyini
görəndə yaşadığım duyğuları dan
yeri söküləndə çiçəklərin ləçəklərində
közərən şeh bilirdim, o anlarda kimsənin
baxışına bənzəməyən
baxışını bürüyən fərəhi,
qüruru yaz yağışından sonra göy
üzünə yayılan qövsi-qüzeh bilirdim.
"Çingiz müəllim"
müraciəti də ona "Cənab polkovnik", sonralar
"Cənab general" müraciəti qədər
könül xoşluğu verirdi. Tanıdıqlarının
bir ürək tutumunca sevgisiylə əhatələnən
Çingiz müəllimimiz yoxdu indi. Məsləhət,
güvənc və inam yerimiz idi Çingiz müəllim. Tanıdığım, xarakterinə yaxından
bələd olduğum general-leytenant Çingiz Məmmədov
illərə ömür qüdrəti verib yaşadı.
Xalq şairi Məmməd Rahimin təbirincə desək,
insan elə yaşamalıdır ki, son nəfəsindən bir
nəfəs dərimincə vaxt belə keçməmiş
ellər desin ki, dünyadan gözəl bir insan gedir. "Gözəl insan" ifadəsi təkcə
mənim, sənin, onun üçün yaxşı
xasiyyətli olanlara şamil edilmir. Belə
insanlar cəmiyyət üçün gərəkli
işlər görənlərdi, yaşantıları
xalqın, dövlətin mənafeyinin zərrəsi olanlardı. Mehmandarov
da belə yaşadı, Əlağa Şıxlinski də,
Həbib bəy Səlimov da, Məmməd (Masey)
bəy Sulkeviç də, Murad Gəray Tlexas da, Cəmşid
Naxçıvanski də... neçə on illər də
keçəcək, bu adlar-soyadlarla birlikdə Çingiz
Məmmədov ad-soyadı da tarixdə qalacaq, yaşadılacaq.
Vəfa borcu kimi biz yaşatmalıyıq və
yaşadacağıq...
Çingiz Mustafa oğlu Rostov Ali Hərbi Məktəbini,
sonra F.E.Dzerjinski adına Hərbi
Akademiyanı bitirmişdi. 1973-1992-ci
illərdə SSRİ Silahlı Qüvvələrində
xidmət etmişdi. Çingiz
Məmmədovun sovet ordusundakı sonuncu vəzifəsi strateji
təyinatlı raket qoşunlarının komandiri
vəzifəsi idi. Bu vəzifə sovet
dövləti üçün son dərəcə strateji
əhəmiyyətli bir vəzifə idi və Çingiz
Məmmədov öz savadı, təcrübəsi və xidməti
keyfiyyətləri ilə bu vəzifəyə irəli çəkilmişdi.
Çingiz Məmmədov 1992-ci ilin may ayında
Azərbaycan Respublikası Silahlı Qüvvələri
sıralarında xidmətə başladı. O zaman Silahlı
Qüvvələrin Baş Qərarfah rəisi olan
general-leytenant V.Bərşadlı elə ilk
görüşdə Ç.Məməmədovun
yüksək savada və dərin zəkaya malik olduğunu
görüb dərhal Müdafiıə Nazirliyində yeni
yaradılan Hərbi Elmi Tədqiqatlar və Nizamnamələr
şöbəsinin rəisi vəzifəsini təklif
etdi. Bu şöbə sonralar Hərbi Elmi
Mərkəzə çevrildi. Çingiz
Məmmədovun qarşısında yeni yaradılan
Azərbaycan Ordusu üçün hərbi
nizamnamələrin və digər rəhbər
sənədlərin hazırlanması, Azərbaycan dilində
hərbi terminalogiyanın formalaşdırılması, Azərbaycanın
hərb tarixinin araşdırılması kimi
vəzifələr qoyulmuşdu. Bütün
bu işlərin təşkilatlandırılması
üçün Çingiz Məmmədov təcrübəli
mütəxəssisləri tapıb şöbəyə
topladı və qısa müddət ərzində ordu
üçün lazımlı olan çox dəyərli
işlər görməyə müvəffəq oldu. Əvvəlcə ümumqoşun
nizamnamələrinin uyğunlaşdırılmış
variantı, sonradan isə yeni hazırlanmış variantı
Milli Məclis tərəfindən qəbul edildi. Hərbi terminologiya ilə bağlı bir
neçə lüğət nəşr edildi. Çingiz
Məmmədovun böyük xidmətlərindən biri də
onun rəhbərliyi ilə Azərbaycan Ordusunun
şəxsi heyətinin geyim eskizlərinin hazırlanması
idi. Bu eskizlər çox kiçik
əlavələrlə bu gün də qüvvədədir.
Çingiz Məmmədovun
rəhbərliyi ilə Azərbaycanın hərb tarixinin
peşəkar səviyyədə araşdırılmasına
başlandı. Onun qayğısı ilə
Azərbaycanın hərb tarixinin çox maraqlı
səhifələri araşdırılaraq çap etdirildi
və bu gün də bu iş dəyərli hərbi
tarixçi alimlərimiz tərəfindən çox
yüksək peşəkarlıqla davam etdirilir.
1992-ci ildən 2003-cü ilə kimi
Azərbaycan Respublikası Silahlı Qüvvələrində
müxtəlif vəzifələrdə, 2003-cü ildən
2014-cü ilədək isə Müdafiə nazirinin müavini
vəzifəsində xidmət etdi general-leytenant Çingiz
Məmmədov. Onun erudisiyası da,
istənilən rütbəli zabitlə səmimi
münasibəti də, hərbi elmi biliyə əlahiddə
əhəmiyyət verməsi də zamanında ordu
quruculuğuna gərəkli idi, indi tarixdi. Bu
günə o illərdən baxanda qürurlanıram:
general-leytenant Çingiz Məmmədovu şəxsən
tanımışam, dəfələrlə
səmimiyyətlə kəlmələşmişik,
erudisiyasından, dünyaduyumundan
bəhrələnmişəm. Bu və ya digər
gərginliyi onun səbrinə sığınıb
yaşadığım anlar da olub; zabit rütbəsi
vətəndaşlığını,
vətəndaşlığı zabit rütbəsini
mənən tamamlayan zabitlərdən idi zəngin və
hərtərəfli biliyə, güclü yaddaşa, qibtəolunacaq istedada,
yüksək azərbaycançılıq ruhuna malik olan
general-leytenant Çingiz Məmmədov.
Azərbaycan Silahlı Qüvvələrində
xidmətimin və fəaliyyətimin təxminən son 10 ili general-leytenant Çingiz
Məmmədovun bilavasitə tabeçiliyində keçib. Bu
illər ərzində tanıdığım və son
nəfəsiməcən unutmayacağım ən ali rütbəli zabitlərdən olub
Çingiz müəllim...
General-leytenant Çingiz Məmmədov
ölkəmizdə keçirilən NATO
tədbirlərində tez-tez iştirak edirdi.
Beynəlxalq Hərbi
Əməkdaşlıq İdarəsində NATO-nun Sülh
Naminə Tərəfdaşlıq Proqramının həyata
keçirilməsi bölməsinin rəisi
vəzifəsində xidmət edirdim. Xarici
ölkələrdən biri ilə ikitərəfli hərbi
əməkdaşlıq planı ilə tanış olandan
sonra Çingiz müəllim məni qəbul edib bəzi
məsələlərə aydınlıq gətirməyimi
xahiş etdi (məhz xahiş etdi!). Səbirlə
dinlədi, plana xeyli əhəmiyyətli qeyd və
əlavələr etdi. Bu
əlavələr Silahlı Qüvvələrimizin
şəxsi heyətinin hərbi bilik və
bacarıqlarını təkmilləşdirmək, onların
beynəlxalq miqyasda təcrübə qazanması
baxımından olduqca əhəmiyyətli idi.
General-leytenant Çingiz Məmmədov
Müdafiə nazirinin müavini vəzifəsində xidmət
edirdi və istər ölkədaxili, istərsə də
xarici tədbirlərlə bağlı sənədlərin
əksəriyyəti onunla razılaşdırılırdı. Təqdim edilən sənədləri çox
diqqətlə oxuyar, həsəd aparılası səliqə
ilə düzəliş və əlavələrini edərdi. Anlaşılmazlıq olanda isə lazımi suallar
və şərhlər verər, kollegial şəkildə
düzgün seçim edilməsinə şərait
yaradardı.
Ölkəmizdə Beynəlxalq Hərbi İdman
Şurası (BHİŞ) çərçivəsində
2004-cü ildə hərbçilərin cüdo üzrə
30-cu, 2006-cı ildə güləş üzrə 24-cü,
2008-ci ildə boks üzrə 52-ci
dünya çempionatı, 2010-cu ildə BHİŞ-in Avropa
Konfransı və 2013-cü ildə hərbçilər
arasında futbol üzrə dünya Kuboku keçirildi. Bu tədbirlərin hazırlanmasında,
yüksək səviyyədə başa çatmasında
general-leytenant Çingiz Məmmədovun əvəzolunmaz
əməyi və fədakarlığı da indi tarixdir.
Heç bir əsaslı səbəb olmadan xidməti
vəzifəmin yerinə yetirilməsinə
açıqdan-açığına maneçilik
törədildiyinə, özümə də məlum olmayan
səbəblərə görə təqib olunduğuma,
verilmiş qeyri-qanuni tapşırıq və
göstərişləri yerinə yetirməkdən imtina
etdiyimə görə haqsız və ədalətsiz
basqılara məruz qalırdım. Günahım
olmaya-olmaya cəzalanmaqdan hədsiz dərəcədə
narahat idim. Hərbi xidmətimin
belə davam etməsini istəmirdim. Ona görə
də 2006-cı il mart ayının sonunda tərxis olunmağımla
bağlı raport yazdım, Müdafiə nazirinin müavini
mənim obyektiv faktlarımı dinlədi,
mənə inandı və təkidli
xahişimlə sənədləri imzaladı. Təsadüfən həmin məqamlarda
Müdafiə naziri hazır sənədlərin imzalanmağa
gətirilməsini tələb edibmiş. Əmr iki saat müddətində imzalandı. Müdafiə naziri ehtiyata buraxılmağımdan
xəbər tutanda əmrin surəti artıq müvafiq
yerlərə göndərilmişdi. Mənim
nə fikirdə olmağımı öyrənmək
istəyənlərə, söz-söhbət yaranmasın
deyə, xidmətə qaytarılmağımı təklif
edənlərə "heç yerə müraciət
etmək fikrində deyiləm. Silahli
Qüvvələrin Hərbi Akademiyasında işləmək
istəyirəm. Müdafiə nazirinin buna
razılıq verməsi bəsimdi" dedim... Xahişim yerinə yetirildi.
Güləş üzrə 24-cü
Dünya Çempionatına hazırlıqda iştirakım
nəzərdə tutulmuşdu. Çempionatın
keçirilməsi üçün yaradılmış
Qərargah Silahlı Qüvvələrin Təlim-Tədris
Mərkəzində yerləşdiyinə görə
tədbir qurtarana kimi orada Xarici dillər kafedrasının
baş müəllimi vəzifəsinə, tədbir başa
çatan kimi isə Silahli Qüvvələrin Hərbi
Akademiyasında Xarici dillər kafedrasının rəis
müavini-baş müllimi vəzifəsinə təyin
edildim. 14 il bu təhsil
müəssisəsində işlədim. Yeni təyin
olunmuş komandanlığın diqqəti, qayğısı,
ədalətli qərarı və təqdimatı
əsasında möhtərəm prezidentin müvafiq
sərəncamı ilə 2015-ci ildə "Əməkdar
müəllim" fəxri adına layiq
görüldüm. Çingiz
Məmmədovun köməkliyi sayəsində akademiyada iki
ən müasir ingilis dili linqafon kabineti yaradıldı,
gənc və istedadlı qadın müəllimələr
Xarici dillər kafedrasında işə qəbul edildi və bu
gün akademiyanın ən qabaqcıl və
sayılıb-seçilən müəllimləri kimi
tanınırlar.
Nazir müavininin diqqət və
qayğısı sayəsində qadın
müəllimlərin xaricə ezamiyyətə
göndərilməsi qadağası aradan
qaldırıldı. Nəticədə,
Xüsusu təyinatlı hərbi təhsil
müəssisələrinin qadın müəllimələri
beynəlxalq kurslarda iştirak etmək və öz dil
biliklərini NATO standartları səviyyəsində
təkmilləşdirməyə nail oldular. Bunun nəticəsində bu gün Azərbaycan
Ordusunun yüzlərcə zabiti NATO-nun Sülh Naminə
Tərəfdaşlıq Proqramı
çərcivəsində keçirilən bütün
tədbirlərin ən fəal iştirakçılarından
biridir.
Mən onun yüksək intellekt sahibi
olmasının, insanlıq və saflığı hər
şeydən üstün tutmasının, nəfsi
toxluğunun, həmişə haqqın-ədalətin
tərəfdarı olduğunun, hərbçilərə
kömək edəndə mənəvi zövq
aldığının şahidiyəm.
2008-ci il avqust ayının 27-si
səhər saat 10 idi. Keçmiş döyüşçu
dostum və həmyerlim Ələsgər Əhmədov
zəng vurub bildirdi ki, sabah axşam
qızı Günayın toyu olacaq, ancaq kürəkənimi
(Kəlbəcərli leytenant Nicat Rzayevi. Hal-hazırda
mayor rütbəsində hərbi xidmətini davam etdirir)
xidmətdən buraxmırlar. Qəti bildiblər
ki, sabah səhər tezdən
buraxılacaq və toydan sonra xidmətdə
olmalıdır. Xidmət xidmətdi. Bəs insanlıq? Dərhal
Çingiz müəllimə zəng etdim. Bir
neçə dəqiqədən sonra məlum oldu ki, toyu olan
gənc zabiti yola salmaq üçün
axtarırlar... Növbədənkənar
məzuniyyət verilmiş zabit komandanlığın
ayırdığı maşınla Bakıya göndərilmişdi...
Yüzlərcə hərbçiyə
göstərdiyi xeyirxah qayğı və köməklik
sayəsində haqsız, qərəzli cəzaların və
Silahlı Qüvvələrdən qanunsuz tərxis
olunmaların qarşısı vaxtında alınıb. Onların bir çoxu Vətənə öz
oğulluq borclarını bu gün də layiqincə
verməkdə davam edir.
2015-ci ildə ingiliscə-azərbaycanca
hərbi lüğət üzərində işi
tamamladığıma görə nəşrə
hazırlamaq istəyimi Çingiz müəllimə bildirdim. Kitabın elmi redaktoru olmasını xahiş etdim. Əvvəlcə razılaşmadı. Xeyli
müddətdən sonra razılıq verdi. Lüğəti üç dəfə redaktə
etdi, (özünün) peşəkar töhfəsini və
çox lazımi köməyini əsirgəmədi. Lüğət nəşr
ərəfəsindədir. Çox
təəssüflər olsun ki, Çingiz müəllim onun
nəşrini görmədi...
Keçən yay general-leytenant Çingiz Məmmədov
artilleriya təyinatlı "Dağlarda döyüş"
adlı kitabı yazdığını, bu kitaba
azərbaycanca-rusca-ingiliscə izahlı lüğət
hazırladığını dedi və köməyimi
xahiş etdi. Təbii ki, köməyimi
əsirgəmədim. Coğrafiya
İnstitutunda hörmətli generalımızı
yüksək səviyyədə qəbul etdilər. Onun
peşəkarlıqla hazırladığı və
tərtib etdiyi lüğətə və
kitaba layiq olduğu yüksək rəy verildi.
Onu da qeyd edim ki, dəyərli
generalımızın həmin kitaba əlavə kimi
hazırladığı dağçılıq
terminlərinin izahlı lüğəti Hərbi
Nəşriyyatda nəfis şəkildə işıq
üzü gördü. Çox təəssüflər
olsun ki, mükəmməl şəkildə ərsəyə
gətirdiyi və Dağlıq Qarabağın azad edilməsi
üçün aparılacaq döyüşlərinin
çətin dağlıq şəraitdə gedəcəyini
nəzərə alsaq, ordumuz üçün qiymətli
vəsait olan "Dağlarda döyüş"
kitabının nəşri gözəgörünməz
qüvvələr tərəfindən məsləhət
görülmədi...
Sonuncu dəfə zəng edəndə xəstə
olduğunu bildirdi...
Bu ləyaqətli və layiqli general həqiqi hərbi
xidmətdə olduğu müddətdə Silahlı
Qüvvələrimizin daha qətiyyətlə
formalaşmasında, komplektləşdirilməsində,
təkmilləşdirilməsində, təhsil sisteminin NATO
standartlarına uyğun qurulmasında, səviyyəsinin
yüksəldilməsində, hərbi dərsliklərin
hazırlanmasında, hərbi elmi tədqiqat işlərinin
təşkilində, ordumuzun döyüş
potensialının yüksəldilməsində, hərbi
nizamnamələrin, təlimatların, direktivlərin,
hərbi lüğətlərin hazırlanmasında və
nəşrində olduqca dəyərli işlər
görüb.
Həm yaradıcılığa, həm
də tarixə böyük ehtiramı vardı. Bu ehtiram xalqa sevgi idi. Xalqımıza,
dövlətimizə dərin və tükənməz sevgisi
ilə yaşayırdı, xidmət edirdi. Hərbçilərin hərbi biliklərə
dərindən yiyələnməsini arzulayırdı. Elə
bu arzunun nəticəsiydi ki, leytenant Rəşid Hüseynovun
(hazırda ehtiyatda olan mayor, "Əməkdar jurnalist")
redaktorluğu, Çingiz Məmmədovun baş
redaktorluğu (ictimai əsaslarla) ilə "Hərbi
Bilik" jurnalı, 1930-cu illərdə tam artilleriya
generalı Əlağa Şıxlinskinin nəşr etdirdiyi
eyniadlı jurnalın davamı kimi nəşrə
başladı.
O vaxtlar "Hərbi Bilik" jurnalının
tele-variantı da hazırlanır, ayda bir dəfə
Azərbaycan TV ilə yayımlanırdı. Jurnalda dərc edilmiş materialları
müşayiət edəsi süjetlərin
çəkilişində televiziyanın operatorlarının
köməyindən bəhrələnilirdi ki, bu da vaxt
itkisinə yol verirdi, bəzən çəkilişlər
hərbi tələblərə cavab vermirdi. Yəni operator, rejissor nə qədər
peşəkar olsa da hərbi səriştəsi
olmadığına görə arzulanan süjet
alınmırdı. Onda Müdafiə
Nazirliyinin Sənədli Filmlər Kino-Tele Studiyasının
yaradılması ideyası gündəmə gəldi. Bu
qiymətli və son dərəcə əhəmiyyətli
ideyanı da məhz Çingiz Məmmədov
reallaşdırdı...
On illərin deyil, yüz illərin tarixini
yaşatma vasitələrindən biri də muzeylərdir. Hər eksponatı tarixin bir dönəmini, bir
çağının yaşadan muzeylər xalqın
mənəvi dünyasının mühafizəçisi olur. Bu baxımdan Hərb Tarixi Muzeyinin yaradılması
təkcə hərb tariximizin deyil, həm də
dövlətçilik tariximizin səlnaməsidir. Çingiz Məmmədovun təşəbbüsü
və bilavasitə rəhbərliyi ilə Hərb Tarixi Muzeyi
yaradıldı. Bu gün onun eksponatları tariximizin
əski çağlarından üzü bu yana zəngin
mədəni, mənəvi, dövlətçilik irsidir.
O illərdə, hələ Hərbi Akademiya
yaradılmamışdan əvvəl hərbi elmi tədqiqatlar
da unudulmaz Çingiz Məmmədovun rəhbərliyi ilə
aparılmağa başladı.
... Təzəcə yaradılan ordumuzun şəxsi heyətinin istifadəsində Azərbaycan dilində, təbii ki, heç bir dərslik, təlimat, nizamnamə və s. vəsait yox idi. Artıq onların
tərcümə və tərtib olunmasına,
hazırlanmasına başlanılmışdı. Bu işdə ikinci çətinlik həmin
zəruri vəsaitlərin nəşri məsələsi idi. O
illəri xatırlayanlar yaxşı bilirlər ki, digər
sahələrdə xammal çatışmazlığı
olduğu kimi, kitab nəşri sahəsində də poliqrafiya
materiallarının qıtlığı
yaşanırdı. Lazımi
ədəbiyyatı özəl mətbəələrdə
çap etdirmək isə Müdafiə Nazirliyinə çox
baha başa gələrdi. Onda Çingiz
müəllim Müdafiə Nazirliyinin rəhbərliyi
qarşısında Hərbi nəşriyyatın
yaradılması məsələsini qaldırdı, bunun
hərtərəfli səmərəli və vacib olduğuna
yüksək vəzifəli şəxsləri inandırdı
və müsbət cavab aldı... Məhz onun
rəhbərliyi, birbaşa köməyi və
qayğısı sayəsində Müdafiə Nazirliyinin
Hərbi Nəşriyyatı qısa bir müddətdə
yaradıldı, o illər üçün kifayət edəcək
maddi-texniki baza ilə təmin edildi və fəaliyyətə
başladı... hamı gördü və inandı ki,
sifarişlərin kənarda deyil, Hərbi nəşriyyatda
nəşr edilməsi Müdafiə Nazirliyinin nə
qədər vəsaitinə qənaət edilməsinə imkan
yaradır.
Hərbi Nəşriyyat birbaşa
Çingiz müəllimin tabeliyində fəaliyyət
göstərdiyi illərdə bütün şəxsi
heyət onun tələbkarlığı ilə
yanaşı, qayğısını da daim hiss edir, hər bir
əməkdaş təkcə vəzifə borcu yox, həm
də bir İNSAN kimi onu sevir və hədsiz hörmət
bəsləyirdi.
Böyük ürək sahibi idi Çingiz
müəllim. İlləri ömür
kimi yaşayırdı o. İnsanları, insanlığı,
Vətəni tükənməz məhəbbətlə
sevirdi. Xatirəsini onun Vətən
sevgisinə layiq səviyyədə yaşadacağıq.
Hərbçi məsuliyyətiylə, vətəndaş
məsuliyyətiylə, azərbaycançılıq
məsuliyyətiylə yaşadacağıq...
Məmmədov Bayram
525-ci qəzet.- 17 sentyabr.- S.14.