Əsgər anasının
çağırışı
Qədim
tarixə, zəngin mədəniyyətə malik Azərbaycan
xalqı əsrlər boyu öz azadlığı və
müstəqilliyi uğrunda mübarizə aparıb. Tarix boyu torpaqlarına göz dikən bədxahlar böyük quruculuq və yaradıcılıq keyfiyyətləri
ilə hər zaman öyünə biləcək, şəhidlik
zirvəsinə ucalmağa
hazır, şücaətli,
qəhrəman övladları
olan bir xalqı talamaq, əzəli torpaqlarını
işğal etmək və digər məkrli niyyətlər güdmüşlər. Odur ki, tarixin bizə keçdiyi dərsləri
daha yaxşı öyrənməli, dostu düşməndən yaxşı
ayırd etməliyik.
Azərbaycan torpağı əzəldən
çoxmillətli, multikultural
bir diyar olub. Burada müxtəlif
kökənli, o cümlədən,
türk, Qafqaz, ərəb, fars,
slavyan və digər etnik mənşəli əhali
yaşayıb, bu gün də bir çoxları Azərbaycan Respublikasının
bərabərhüquqlu vətəndaşlarıdır.
Onlar hər zaman olduğu kimi, bütün imkan və imtiyazlardan istifadə edərək, vahid azərbaycançılıq
ideyasının formalaşması
və inkişafında
müstəsna xidmətləri
olan insanlardır.
Lakin bir neçə onilliklər ərzində
Azərbaycan torpaqlarına
köç edərək
məskən salmış
ermənilər özlərinin
uydurduğu "Böyük
Ermənistan" xülyasını
həyata keçirmək
niyyəti ilə XX əsr boyu məqsədyönlü
şəkildə Azərbaycan
xalqına məxsus torpaqları, milli-mənəvi
və maddi-mədəni
sərvətləri ələ
keçirmək iddiası
ilə özlərinin
çirkin siyasətini
gerçəkləşdirməkdədir.
1988-ci ildə Azərbaycan Respublikasının
Dağlıq Qarabağ
ərazisini Ermənistana
birləşdirmək məqsədilə
başlanan işğalçı
siyasət 32 ildir, erməni milliyyətçiləri
və terrorçularının
fəaliyyətində ana
xətt kimi qalmaqdadır. Erməni milliyyətçilərinin
işğal, təcavüz,
qətliam, soyqırım
kimi vandalizm hərəkətləri Azərbaycanın
qəhrəman oğul
və qızlarının
şəhid olmasına,
günahsız uşaqların
valideynlərini, anaların
isə övladlarını
itirməsinə gətirib
çıxarıb.
Lakin xalqımız
yenə də sarsılmadı. Qəhrəman analarımız yenə
də Vətənə
layiq oğullar dünyaya gətirdilər,
onları Vətənə
sevgi və hörmət ruhunda yetişdirdi.
Bu gün cəbhədə
yenə də atəşkəs pozulub və şanlı Azərbaycan ordusu düşmənə layiqli
cavab verərək, Azərbaycanın ərazi
bütövlüyünün bərpa olunması üçün əlindən
gələni edir.
Ordumuzda xidmət çəkən
Azərbaycanın cəsarətli
oğul analarının
qulaqları səsdə,
gözləri yoldadır. Belə analardan
biri də Olqa Həşimovadır.
Azərbaycan və Ukrayna soylarını özündə birləşdirən
Olqa xanım Bakı şəhərində
dünyaya göz açıb, burada böyüyüb, təhsil
alıb, Azərbaycan torpağına, xalqına,
adət-ənənəsinə, milli mədəniyyətinə
böyük hörmət
və ehtiramla yaşayıb, fəaliyyət
göstərib, peşəkar
musiqi təhsili alıb. Hazırda Bakı Xoreoqrafiya
Akademiyasının orta
ixtisas (kollec) təhsil pilləsinin direktor müavini vəzifəsində çalışan
O.Həşimova bu günlər həm qürurlu, həm də həyəcanlıdır.
Çünki hazırda N saylı
hərbi hissədə
xidmət çəkən
böyük oğlu çavuş Cavanşir öz əsgər yoldaşları ilə birgə cəbhədəki
döyüşlərin iştirakçısı
olaraq, Vətənin keşiyində dayanıb.
Olqa xanımın gözlərində
eyni zamanda, qürur və həyəcan göz yaşları görmək
mümkündür. Bu
azmış kimi, o, çox böyük fəxrlə Ali Baş Komandanın çağırış
edəcəyi təqdirdə
kiçik oğlu Cavidin də cəbhəyə yollanacağını
deyir.
Olqa xanım
söhbət əsnasında
vurğuladı ki, Azərbaycan Respublikasının
Prezidenti cənab İlham Əliyev prezident seçildiyi ilk gündən Dağlıq
Qarabağ münaqişəsinin
nizama salınmasına
xüsusi diqqət yetirib və bu məsələdə yalnız respublikamızın
milli və dövlətçilik maraqlarını
üstün tutduğunu
nümayiş etdirib. Azərbaycan
Prezidenti bütün xarici səfərlərdə, eləcə də,
Bakıda keçirdiyi çoxsaylı
görüşlərdə Ermənistanın hərbi təcavüzü
məsələsini daim önə çəkərək
Azərbaycan xalqının öz
torpaqlarının işğalı ilə heç
zaman razılaşmayacağını, ehtiyac yarandığı halda
hərbi əməliyyatların başlanmasına qərar verəcəyini
vurğulayıb. Bununla yanaşı, dövlət başçısı həmişə
Azərbaycanın xarici siyasət kursunun mühüm tərkib
hissələrindən birinə çevrilən Ermənistan-Azərbaycan,
Dağlıq Qarabağ münaqişəsinin
dinc vasitələrlə nizama
salınmasının tərəfdarı olduğunu
bildirərək, beynəlxalq təşkilatların bu sahədə səylərini gücləndirməsinin
zəruriliyini də bəyan edib. 30 il ərzində davam edən
işğala gec-tez son qoyulmalı idi. Və həmin
zaman yetişdi. Biz hamımız cənab Prezident,
Ali Baş Komandan İlham Əliyevin
ətrafında birləşərək, ön
və arxa cəbhədə düşmənə
layiqli cavab verməli,
məsələni birdəfəlik həll etməliyik. Bu, bir qürur
və Vətən borcu məsələsidir.
Səfərbər
olan və ordu sıralarında xidmət çəkən Azərbaycan
oğullarının analarına müraciət edən Olqa
xanım özünü bütün əsgər
övladlarımızın anası hesab etdiyini deyib, onları
güclü olmağa çağırıb.
Allah şəhidlərimizə
rəhmət eləsin!
Allah
zabit və əsgərlərimizi qorusun!
Amin!
Əbülfəz
BABAZADƏ
525-ci qəzet.- 2020.- 30 sentyabr.-
S.14.