SƏNƏ

 

Gözlərində gün işığı,

qapama,

ürəyim qopar.

Birdən,

bu adamlardan

incisən, küssən,

üz döndərib getsən,

unutma,

məni apar...

 

SEVGİ

 

Sevsən,

qəlbən seviləcəksən.

sevməsən,

nurun itəcək,

anbaan sönəcəksən.

Solğun çiçəyə,

qurumuş bir ağaca çevriləcəksən.

yaxşı ki sev,

həyatda

sevməli varsa.

Yoxsa,

itəcək ləzzəti,

tamı dünyanın.

Bir ki, fəhm elə

anla sevgini -

tanı dünyanı...

 

ARAZ

 

Çay adıyla

adam yoxdur,

təkcə Arazdan başqa.

Çaydan

bu qədər yazan yoxdur,

təkcə bizdən başqa.

Bəlkə var,

mən bilmirəm.

Harda çaya

Xan deyirlər,

Can deyirlər.

Bir bilin, ey insanlar,

Araz bölən Vətənimə

yurddaşlarım kövrək-kövrək

qəlbi dağlı

Azərbaycan deyirlər!..

ANLAŞILMAZLIQ

 

Yenə döyülür

ürəyimin qapısı.

Azca bundan əvvəl

bomboş idi

qapının astanası.

Kimsə

yox idi orda.

Bəlkə,

gözüm seçməyib?

Axi, necə olur, de,

kimsənin

burdan səssiz keçməsi

yarıyuxulu ürəyimin

yarıaçıq qapısının döyülməsi?

Mən

heç anlamadım,

yalandan söyləyim?

Əgər bilirsinizsə,

siz deyin...

 

SƏN DEMƏ

 

Sən demə,

həsrətin

yandırıb-yaxan

yuxuymuş.

Sən demə,

qəlbimi ovlayan

varlığın, vücudun

heç yoxuymuş.

Sən demə,

uzaqdan səslənən

bu xoş nidalar

bir həzin nəğməymiş.

Sən demə,

bu həzin nəğmə

ruhumu

oxşamağa gəlirmiş...

 

BƏLKƏ

 

Sıldırım qayadan

qopan daş.

fəlakət, təhlükə.

çıxsa qarşısına

edəcək tikə-tikə.

Yazqabağı

daşan çay.

Salacaq hay-haray.

Vahimə içində

tərk edəcək evini

səksənən adamlar.

Gecənin bu vaxtı

görsən,

nəyə əl uzatsan

bir ağrı, qorxu.

Bütün bunlar

bəlkə,

bir aldanış,

bəlkə ,

ötəri bir yuxu...

 

AXŞAM BULUDU

 

Yenə

qarışdı bulud,

hardansa tapılmış

yelkən parçası kimi

qırış-qırışdı bulud.

axırı torpağa,

sulara qovuşan

nizamı pozulan

yağışdı bulud...

 

DOSTUMA MƏKTUB

 

Salam, qardaş!

Gör vaxtdır,

Biz tərəfdə quraqlıqdır.

Bomboz Muğan çöllərinin

rəngi çöküb

üzümüzə, gözümüzə.

Tozdan pərdə çəkilib

göy üzünə.

Saksaullar, yulğunlar da

bədrəng olub.

İçimizdə çox şey solub.

...İndi payızdır,

çəmən-çəmən göyərir hər yer.

Elə torpaq kimi

çat verən ürəyimiz .

Söylə, qardaş,

o tərəflərdə var -

bizdən uzaq ellərimizdə?..

 

BİR QADINA

 

Payızdır,

havalar tutqun,

gecələr uzun.

İşartısı yox

Ayın, ulduzun.

Qış gəlir qarşıdan.

Görən,

halı necə olacaq

gözlərimdən

uzaq düşən,

yuxularımdan çəkilən

o qadının -

kimsəzin,

mənsizin?..

 

Ələddin Əzimli

 

525-ci qəzet.- 2020.- 8 yanvar.- S.23.