"Mənəm, mən" nidası haqlı qürurla səslənəndə...

 

YUĞ DÖVLƏT TEATRININ NƏSİMİNİN 650 İLLİYİNƏ HƏSR OLUNMUŞ TAMAŞASI MARAQLA QARŞILANDI

 

"Nəsimi ili" olan 2019-cu ilin son həftəsində dahi şair haqqında növbəti səhnə əsərinin premyerası reallaşdı. Dekabrın 26-da Yuğ Dövlət Teatrında böyük Azərbaycan şairi İmadəddin Nəsiminin 650 illiyi münasibətilə hazırlanan "Mənəm, mən..." adlı tamaşa nümayiş olundu.

Rəsmi şəxslərin, mədəniyyət incəsənət xadimlərinin qatıldığı  premyera axşamında öncə teatrın baş rejissoru, tamaşanın quruluş müəllifi Mehriban Ələkbərzadə çıxış edərək "Mənəm mən..."in ideyası rejissor yozumu barədə məlumat verdi. Rejissor Nəsimi irsi, onun sonsuz mənəviyyatı əngin zəkasına özünəməxsus nəzər olan tamaşada Nəsimini fərqli yozumlarda təfsir etməyə çalışdıqlarını dedi. Vurğulandı ki, mistik-psixoloji dramda hürufi elmi, eşqi, ilahi yazısı, ilahi şeiri övliyalığı kimi şaxələndirilmələr edilərək tamaşaçıya fərqli rakurslardan təqdim olunur. Yuğ Teatrı ilə Beynəlxalq Türk Mədəniyyəti İrsi Fondunun birgə layihəsi əsasında hazırlanan tamaşanın yaradıcı heyəti hər bir məqamda Nəsimiyə olan sonsuz eşqin təsvirinə can atıb.

Qeyd edək ki, yazıçı-dramaturq İlqar Fəhminin pyesi əsasında hazırlanmış tamaşanın quruluşçu rejissoru Əməkdar incəsənət xadimi Mehriban Ələkbərzadə, quruluşçu rəssamı Vüsal Rəhim, bəstəkarı Xalq artisti Aygün Səmədzadə, plastik həllin müəllifi Ceyhun Dadaşovdur.

Rolları  Xalq artisti Məmmədsəfa Qasımov (Şeyx Əzəm Şəmsəddin Bağdadi), Əməkdar artist Qasım Nağı (Hürufi ilahi şeir), aktyorlar Əbdülqəni Əliyev (Hürufi elmi-ilahi), Vüqar Hacıyev (Hürufi eşqi-ilahi), Elgün Həmidov (Hürufi ilahi yazı), Amid Qasımov (Hürufi övliya ullah), Ziya Ağa (Seyid Əli Şamlı) Elşən Əsgərov (fərraş) ifa edirdilər.

Onlar fərqli zaman məkan anlayışlarını səhnədə cəm etməklə bizi Nəsimi dövrü, eşqi, kədəri, sevinci, həqiqəti, ölümü ölümsüzlüyü ilə yenidən tanış etdilər.

Biz  sufi, dərviş, tərki-dünya, elə həm bütünlükdə hər zaman diri, yaşar şairi səhnədə real çalarlar, bir növ, içimizdəki qorxuya qarşı çıxmaqla gördük.

Maraqlı oyun, temp, gözəllik zəngin mənəviyyat təlqin edən teatr bizə içində olduğumuz, əslində, dərk etməkdən imtina etdiyimiz mətləbləri hasil etdi.

Başlayaq İlqar Fəhminin "Mənəm, mən..."indən. Əsər ümumilikdə Nəsimi anlayışına - onun əqidə dönməzliyinə, mətinliyinə, mübarizliyinə, aşiqliyinə, iradəsinə, haqqın təcəllasına rəmzi bir akt idi. Məhz insanın bu kontekstdəki duyuma qayıdışı Nəsimiyə bir bu dairədən baxması 650 yaşlı dərvişin kosmos əsrinin ultramüasir, texnogen, robotlaşan adamları üzərində qələbəsidir desək, çox olmaz. Niyə? Çünki elə Nəsimi qəzəllərindən, onun elmindən, eşqindən, dilindən, dünyasından, zəkasından  ən primitiv ifadə ilə desək, fəhmlə baş çıxarmağa çalışan Fəhmi bizi qolumuzdan tutaraq bir göz qırpımında o dövrə atdı.

Bu uzun yolda bircə bələdçi isə tamaşanın quruluş müəllifidir Mehriban Ələkbərzadənin səhnə yozumu Nəsimi irsinin, irsi bir yana qoyaq, bir sufi, dərviş ömrünün ən mükəmməl, ən sadə elə ən didaktik həlli idi. Ən azı ona görə ki,  müəllif rejissor mifik Nəsimini yox, real bir obrazı, etirazçı bir insanı bizimlə görüşdürdülər. Bu qısa tanışlıqdan sonra tamaşaçını aramla hürufilik cərəyanından kamil insan olmaq çağırışına qədər az qala 40 qapıdan keçirdilər. Tamaşaçıya qoşularaq hürufiliyin, təriqətin özünün yaranması, fəlsəfi mahiyyəti, sufizimlə əlaqə ölçüsünü, məqsəd məramını axtardılar.

Tamaşada kütləvi oxucu-tamaşaçı üçün lakonik aydınlatmalar da elədilər. Məsələn, insanı alçaldan, onu despotizmlə idarə edən ən batin, məhrəm hisslərinə belə hökm oxumaq istəyənlərə etiraz forması olan hürufiliyin məğzini əsaslandırmağa çalışdılar. Bir az da dərin qatlara gedərək onların ədalət, Nəsimi ilə eyni məqamda səslənən haqq, mənəvi-əxlaqi kamilliyə çatmaq çatdırmaq istədiklərini göstərdilər. Bunu isə sadə sxem, daha doğrusu, adi detal ilə ifadə etdilər. Allahın adı insanın üz cizgilərində yazılıb deyimini məqamdan məqama təkrarlamaq hürufilik, sufizim, dərvişlik, ən sonda "Nəsiminin haqqı" deyə tələffüz etdiyimiz bir qolu bizim üçün gün işığına çıxardılar: Ərəb əlifbasındakı 28 hərfin zahiri batini mənalarının açarı dünyanı, Allahı qəbul etməyin təməl prinsipini göstərir. Bütün dünyada baş verən proses hisslərin - elmi, dini, fəlsəfi, mənəvi əxlaqi - hamısı Allahı idrak etmənin təməlidir. Bu məqama yetdikdə insanı Allahla eyniləşdirən, daha doğrusu, kamilləşməklə Allah qatına varıb, onu duymasını bir xilas kimi göstərirlər. Müəllifin dramaturji materialda irəli sürdüyü konsepsiya şəklindəki meylləri - elmi, eşqi, ilahi yazını, ilahi şeiri, övliyalığı - obrazlarda bir həlqədə cəm edən rejissor səhnədəki 7 aktyorun simasında Allah bilir daha neçə-neçə yeddimizi göyün 7-ci qatına çıxardı.

Tamaşa birmənalı olaraq hürufiliyin təməl prinsipini açmaq cəhdi idi. Tamaşadan istənilən, daha doğrusu, rejissorun göstərmək istədiyi kamil insan qorxusu idi. Yəni qətliamı mütləq edən hakimiyyətin Nəsiminin kamilliyindən qorxaraq onu kafirliklə, həqiqətdən qaçaraq asiliklə, insanlıqdan aşınaraq Allaha bərabərləşmə qəbahəti ilə cəzalandırmaq istəyinə ən azı 600 ildən sonra tutarlı cavab idi: əslində, hamının içində bir Nəsimi var. Rejissor dramaturji materialdan, o materialı fövqəl-bəşəri edən qəzəllərdən çıxış edərək içimizdəki Nəsimini oyatdı.

Fikrimizcə, teatrın bədii əsər olaraq böyük şairə töhfə olan tamaşası İlqar Fəhminin dramaturq kimi məharətinin, Mehriban Ələkbərzadənin rejissor olaraq azadəliyinin təntənəsi idi. İnsanın kamil insan olaraq Allaha dönüşünü qısa düsturla verən müəllifi duyan rejissorun tamaşa həlli üzərində xeyli axtarışlar etdiyi bəllidir. O, müəllifin ağır mətləblərini, dərin məxəzlərini, gizliliyi ehtiva edən fəlsəfi cərəyanın mətn tezislərini vizual görüntüdə, həm mükəmməl şəkildə tamaşaçıya çatdırmağa çalışıb.

Təbii ki, bu mükəmməl tablonun hasilində Xalq artisti Aygün Səmədzadənin insan ruhuna sığal çəkən musiqisi, onun hiss qatlarına asanlıqla enə bilən melodiyalarının müstəsna yeri oldu. Hər keçid, hər bir obraz yenilənməsində tamaşaçının duyumunu da mətnə qoşan bəstəkar quruluş həllinə rahatlıqla adaptasiya olan bir musiqi hazırlamışdı.

Vüsal Rəhimin (quruluşçu rəssam) məhdud məkana dolğunluq gətirən səhnə tərtibatı, ağ-qara ziddiyyətində fərqli çalarlılıq axtarışı, ən əsası parça taxta konstruksiyanı bütün real-irreal təsvir kimi, həm yormadan göstərməsi zövqlü idi.

Tamaşada xoreoqrafik, plastik həll alqışlanmağa layiqdir. Aktyorlara bədən dilində, həm də sürətli dəyişmələrlə hərəkətlilik verən Ceyhun Dadaşovun səhnə işıqları, aktyora texniki vasitələrlə verməsi yenilik olmasa da maraqlı idi. Ən əsası dinamik aktyor oyunu və səhnəyə hakimiyyətdə bərabərlik baxımından.

Aktyorlardan danışarkən uzun illik səhnə təcrübəsi və bacarığına malik Məmmədsəfa Qasımov, Qasım Nağı və Əbdülqəni Əliyevin yaratdığı obraza hakimliyi, onun dərinliyinə varmaları alqışa layiqdir.

Nisbətən gənc nəsil, səs tembri, səhnə energetikası və tamaşaçı ilə dialoqu baxımından Amid Qasımov, Vüqar Hacıyev, Elgün Həmidov bu səhnə işində də bacarıqlı oyun sərgilədilər. Tamaşada rejissorun əsas aktyor tapıntısı isə Ziya Ağa idi. Aktyorluq ixtisası üzrə 4-cü kurs tələbəsi bu gəncin indiyədək bu cür maraqlı, ağır və məsuliyyətli oyunu olmayıb. Bir saat 30 dəqiqəlik tamaşada başdan sona səhnədə olan və təpədən dırnağa özünü ruh olaraq Nəsimiyə təslim edən Ziya Ağa rejissorun kəşfi idi.

İl ərzində ərsəyə gələn səhnə işlərinə nəzər olaraq mübaliğəsiz demək olar ki, bu tamaşa dahi şairi mövzu seçən əsərlər sırasında "Mənəm, mən..." deməyi haqq edir.

 

Həmidə NİZAMİQIZI

 

525-ci qəzet.- 2020.- 8 yanvar.- S.17.