Ötən il İçərişəhər Qoruğu İdarəsi üçün əlamətdar olub

 

Yanvarın 23-də İçərişəhər Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsində (DTMQİ) 2019-cu ilin yekunlarına həsr edilmiş mətbuat konfransı keçirilib.

 

AZƏRTAC xəbər verir ki, konfransda İçərişəhər Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsinin İdarə Heyətinin sədri Əsgər Ələkbərov rəhbəri olduğu qurumun ötənilki fəaliyyəti haqqında məlumat verib.

Bildirib ki, Prezident İlham Əliyevin və Birinci vitse-prezident Mehriban Əliyevanın daimi diqqət və qayğısı nəticəsində son illərdə idarə tərəfindən İçərişəhər və Qala qoruqları ərazisində tarixi mədəniyyət abidələrinin, mədəni irsin qorunması, öyrənilməsi və təbliği istiqamətində bir sıra irimiqyaslı tədbirlər həyata keçirilib.

Ə.Ələkbərov ötən il DTMQİ-nin gördüyü işlərdən bəhs edib: Geridə buraxdığımız 2019-cu il bizim üçün yeni bərpa-restavrasiya layihələri, muzey ekspozisiyaları, xarici qonaqlar, müxtəlif mədəni-kütləvi tədbirlər, bir sözlə, uğurlar və çoxsaylı mütərəqqi hadisələrlə yadda qalıb. Belə ki, Azərbaycanda ilk dəfə olaraq İçərişəhərin Zəncirli Binasında Bakı Fotoqrafiya Evinin yaradılması, İstedArt mədəni-xeyriyyə layihəsinin uğurla davam etdirilməsi, Qala qoruğunda IV Beynəlxalq Daşın nəğməsi simpoziumunun təşkili, Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın təşəbbüsü ilə İmadəddin Nəsiminin 650 illik yubileyi münasibətilə Qala qoruğunda Qəlbi təmiz olanın hekayəsi xoşbəxt bitər adlı sufi gecəsinin keçirilməsi, habelə ənənəvi Novruz festivalı - Bahar Qalası bayram şənliklərinin təşkili, Qala Dövlət Tarix-Etnoqrafiya Qoruğunda Sənətkarlıq məhəlləsi - 2019 Novruz festivalının keçirilməsi, İdarə ilə İslam Tarixi, Mədəniyyəti və İncəsənəti Araşdırma Mərkəzinin (İRCİCA) əməkdaşlıq müqaviləsi çərçivəsində birgə təşkilatçılıq ilə El sənəti I Bakı Beynəlxalq Ənənəvi Sənətkarlıq Festivalının təşkili, eləcə də İslam dünyasında incəsənətin inkişaf perspektivləri mövzusunda I Bakı Beynəlxalq Konqresinin keçirilməsi, dahi Nəsiminin 650 illik yubileyinə həsr edilmiş Nəsimi festivalı çərçivəsində silsilə tədbirlər, Beynəlxalq Jazz-2019 festivalının açılışı geridə qoyduğumuz il ərzində görülən işlərin bir hissəsi kimi media mənsublarına təqdim edilib.

Ə.Ələkbərov idarənin xüsusi diqqət və həssaslıqla yanaşdığı bərpa və restavrasiya layihələrinə də toxunub. Vurğulayıb ki, il ərzində qoruq ərazisində 104 ünvanda idarə tərəfindən cari təmir və bərpa işləri aparılıb. 220 kvadratmetr çəmən salınıb, 8950 ədəd müxtəlif növ mövsümi güllər əkilib, 165 p/m su xətti, 330 p/m elektrik xətti yuvaları quraşdırılıb, 9 ədəd su hidrantları və 1738 kvadratmetr yol örtüyü dəyişdirilib. Bildirib ki, Böyük Qala küçəsində yerləşən XVII-XVIII əsrlərə aid Bakı Xanları Evində həyata keçirilən təmir-bərpa işləri davam etdirilircari ilin ortalarına kimi bitməsi nəzərdə tutulub. Eyni zamanda, Bakı Xanları Evinin yanında parkın salınması məqsədi ilə iri ağacların əkilməsi işləri tamamlanıb və hazırda bəzək kollarının və yaşıllığın salınması istiqamətində işlər davam etdirilir.

Böyük Qala küçəsi 50 ünvanında arxeoloji qazıntı vaxtı aşkarlanmış orta əsrlərə aid yeraltı hamam kompleksinin bərpa, rekonstruksiya və konservasiya işləri yekunlaşıb. Qoşa Qala qapı və divarlarının (portal) daxilixarici hissələrində, həmçinin Qala divarının Qoşa Qala qapısından Əziz Əliyev küçəsinə gedən hissəsinin daxili tərəfində təmir-bərpa işləri başa çatdırılıb. Qeyd olunan layihələr tarixi abidələrin bərpası sahəsində dünyada tanınmış Avstriyanın Atelier Erich Pummer şirkəti tərəfindən həyata keçirilib.

Qurumun rəhbəri bütün görülən işlərlə yanaşı, turizmin inkişaf etdirilməsinin idarənin əsas fəaliyyətinin mühüm istiqamətlərindən biri olduğunu qeyd edib. Bildirib ki, son dövrlər müşahidə edilən turistlərin artım dinamikasına görə birmənalı olaraq söyləmək olar ki, İçərişəhərə, eləcə də Qala qoruğuna gələn turistlərin sayı gündən-günə artır. Belə ki, ötən ildə 3040 nəfər rəsmi və qeyri-rəsmi nümayəndə heyəti üçün ekskursiyalar, 3271 nəfərə isə fərdi və qrup turları təşkil edilib.

Ə.Ələkbərov bildirib ki, 2020-ci ildə İçərişəhərin UNESKO-nun Dünya İrs Siyahısına daxil edilməsinin 20 illik yubileyi və bununla bağlı olaraq, ölkəmizdə və bir sıra xarici ölkələrdə silsilə tədbirlər keçiriləcək.

 

525-ci qəzet.- 2019.- 25 yanvar.- S.13.