O mehriban, o əziz...

 

O, İncəsənət Universiteti teatr sənəti fakültəsinin aktyorluq şöbəsinə qəbul olunanda artıq Bakı Dövlət Universitetinin kimya fakültəsini fərqlənmə diplomu ilə bitirmişdi. Kimyaaktyorluq! Qəribə gəlirdi bizə, axı bu, tamamilə bir-birindən uzaq sahələr idi, amma o, bacardı.

Tələbəlik illərimiz bir yerdə keçdi, öz bacarığı, istedadı ilə yanaşı, həm də ürəyi ilə, ruhu ilə hamımıza doğma bacı, dost oldu. 1991-ci ildən 2012-ci ilə qədər Badamdar mədəniyyət evinin direktoru kimi fəaliyyət göstərdi və bu illərdə onun rəhbərliyi altında formalaşan özfəaliyyət kollektivləri neçə-neçə uğura imza atdı. O dövrdə Badamdar mədəniyyət evinin teatr kollektivi ölkənin ən tanınmış Xalq teatrlarından biriydi və Fəridə Babayeva bu teatrın səhnəsində 30-a yaxın tamaşaya quruluş verdi. Repertuarda olan klassika, xarici və yerli dramaturgiya, səhnələşdirilmiş ədəbi əsərlər kollektivin daima axtarşda olduğunu gösərirdi. Kollektiv müxtəlif qastrollara gedir, festivallara qatılır, tamaşaçılar qarşısında uğurla çıxış edirdi.

2009-cu ildə Bakıda fəaliyyət göstərən Xalq teatrlarının festivalı həm də 20 ilə yaxın bir dövr üçün onun hesabatı oldu və sanki tezliklə başqa sahəyə keçəcəyini duymuşdu. Festivalda onun kollektivi Xalq yazıçısı Elçinin "Qatil" pyesi ilə çıxış etdi və birinci yeri götürdü, baş rol ifaçısı isə "ən yaxşı kişi rolu" nominasiyası üzrə diploma layiq görüldü.

Fəridə Babayeva içi daima yaradıcılıq eşqi ilə alışıb yanan sənət adamıdır, tələbəlik illərindən bu yana hər zaman mütaliə edən, yeniliklər axtaran, eksperimentlər aparan sənət adamıdır və rəhbərlik etdiyi özfəaliyyət kollektivləri ilə birgə qazandığı uğurlar onun peşəkarlığının sübutudur.

2009-cu ildə "Azərbaycan Dövlət Akademik Milli Dram Teatrında yeni estetik ifadə vasitələri: 1985-2005-ci illər" mövzusunda yazdığı işlə sənətşünaslıq üzrə fəlsəfə doktoru elmi adını aldı. Daha sonra 2013-cü ildən 2015-ci ilə qədər Mədəniyyət və İncəsənət Universitetinin "səhnə danışığı" kafedrasında pedaqoji fəaliyyətlə məşğul oldu və onun açıq dəsrləri ilə bağlı hələ də adı çəkilən təhsil ocağında xoş xatirələr dolaşır.

O, həm istedadlı aktrisa, həm də peşəkar qiraət ustasıdır, filmlərdə, seriallarda yaratdığı maraqlı obrazalarla sevilir, yadda qalıb, amma bütün bunlarla yanaşı, Fəridə Babayeva əvəzsiz dostdur, sirdaşdır. Onunla söhbət etmək, dərdləşmək, xatirələri bölüşmək sadəcə və sadəcə könül xoşluğudur və bu il yanvarın 30-da tələbə yoldaşımızın, dostumuzun, kursumuzun gözəl bacısının yubileyidir. Bu münasibətlə əziz tələbə dostumu bütün kursumuz adından ürəkdən təbrik edir, ona can sağlığı, yaradıcılığında və şəxsi həyatında uğurlar arzulayıram.

Hər zaman belə gözəl qal, əziz Fəridəmiz!

Hörmətlə, səni sevən tələbə dostların: Əyyub Qiyas (yazıçı-tərcüməçi), Mahəddin Əsgər (əməkdar mədəniyyət işçisi), Nüsrət Hacıyev (ehtiyatda olan polkovnik). Ədalət Əbdülsəməd (aktyor), Şirzad Pirallahi (aktyor), Mehriban Xanlarova (əməkdar artist), Kəmalə Müzəffərməkdar artist), Kəmalə Mehdiyeva (sənətşünaslıq üzrə fəlsəfə doktoru, dosent), Rövşən Məmmədov (iş adamı), Müşfiq Hətəmov (əməkdar incəsənət xadimi), Şahbaz Xuduoğlu (naşir).

 

 

525-ci qəzet.- 2020.- 29 yanvar.- S.22.