Poeziya və musiqi birləşəndə...

 

ARİF MƏMMƏDOVUN MONOQRAFİYASI MARAQLI BİR MÖVZUYA İŞIQ TUTUR

 

Azərbaycan poeziyası ilə musiqisi arasında möhkəm bir bağ, güclü vəhdət vardır. Bu, özünü həm lirikamızda, həm də musiqimizdə göstərir.

Nizami "Xəmsə"sinin "Yeddi gözəl"i Qara Qarayevin "Yeddi gözəl" baletində, Füzulinin "Leyli və Məcnun"u Üzeyir Hacıbəyovun eyniadlı operasında, Cəfər Cabbarlının "Sevil" dramı Fikrət Əmirovun "Sevil" operasında dil açıb danışmırmı?! Yaxud Nizami, Nəsimi, Füzuli, Seyid Əzim, Əliağa Vahid qəzəlləri olmadan muğamlarımız ecazkar təsirini itirməzmi?!

Azərbaycan poeziyası ilə musiqisi arasında olan möhkəm bağlılıq məsələsini Arif Məmmədov "Azərbaycan poeziyasının musiqi ilə qarşılıqlı əlaqəsi problemləri" adlı monoqrafiyasında nəzəri və praktik aspektdən şərh edir. O, bu maraqlı mövzunun az öyrənildiyini, diqqətdən kənarda qaldığını xüsusilə vurğulayır. Xatırladaq ki, 1985-ci ildə, ömrünün 57-ci ilində dünyasını dəyişmiş görkəmli alim, filologiya elmləri doktoru, professor Arif Məmmədov vaxtilə Azərbaycan Dövlət Konservatoriyasının Dillər kafedrasına rəhbərlik edib. Professor A.Məmmədov uzun zaman bu mühüm mövzunu diqqətlə, hərtərəfli araşdırıb, onun tədqiqat əsəri elmi-mədəni ictimaiyyətin böyük marağına səbəb olub.

Nəşrin tərtibçiləri mərhum alimin övladları Azərbaycanın Əməkdar həkimi Gülər İbrahimova və BDU-nun Şərqşünaslıq fakültəsinin məzunu Sirac Məmmədovdur. Kitabın ilk səhifəsində onlar milli mədəniyyətimizə, musiqimizə göstərdiyi qayğıya və bu kitabın ərsəyə gəlməsinə görə Azərbaycan Respublikasının Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyevaya minnətdarlıqlarını ünvanlayıblar.

"Ön söz"ün müəllifi olan mərhum akademik Vasim Məmmədəliyev poeziya ilə musiqinin vəhdətindən danışaraq hər ikisinin effektiv təsirə malik olduğunu qeyd edir. Görkəmli alim "Qurani-Kərim"də qafiyəli nəsr - səc formasından istifadə və əzanların muğam avazı ilə oxunmasını bu təsirlə bağlayır.

Kitabda ilk növbədə guya muğamatın "qəm gətirməsi", musiqimizin "guşənişinliyi", Azərbaycan musiqisinin Şərq incəsənəti içərisində əridilməsi, xalq yaradıcılığına "bədnam" münasibət, musiqiçi və şairlərimizin dini yöndə ifrat təəssübkeşlik göstərənlər tərəfindən növbənöv qınaqlara məruz qalması və musiqi alətlərimizə qarşı "hücumlar"dan bəhs olunur, bunların yanlışlığına diqqət yetirilir.

Söz və musiqi bağlılığından danışarkən əsas qaynaqlardan sayılan xalq ədəbiyyatını və xalq musiqisini unutmaq olmaz. Xatırlayaq, Üzeyir Hacıbəyovun "Koroğlu" və "Əsli və Kərəm", Zülfüqar Hacıbəyovun "Aşıq Qərib", Müslüm Maqomayevin "Şah İsmayıl" operaları, Cahangir Cahangirovun "Aşıq Alı" kantatası və "Cəngi", "Misri", "Koroğlu qaytağısı", "Rübai Koroğlu" kimi aşıq havaları xalq ədəbiyyatından qaynaqlanmırmı?!

Arif Məmmədov monoqrafiyada aşıq yaradıcılığının tarixinə ekskurs edir, müxtəlif dövrlərdə aşığa və saza olan münasibətdən söz açır. Həmçinin, aşıq musiqisinin keyfiyyətlərini şərh edərək ayrı-ayrı folklorşünasların aşıqlığa münasibətini göstərir.

Müəllif "Klassik yazıçılarımız və musiqi irsimiz" bölümündə Qətran Təbrizi, Məhsəti Gəncəvi, Nizami Gəncəvi, Füzuli, Seyid Əzim Şirvani və Nəbatinin musiqiyə olan marağından, musiqiyə bələdliyindən danışır. Ən nəcib insan duyğularının sözçüsü olan lirik şair Məhsətinin məlahətli səsi və gözəl arfa, ud, cəng çalmağı da varmış. Nizami Gəncəvi və musiqi kitabda ayrıca diqqət ayrılan məsələdir. Nizaminin musiqi ilə bağlı görüşləri "Xosrov və Şirin", "İsgəndərnamə" poemalarında əksini tapır. "Rast", "Hisar", "İraq", "Uşşaq", "Rəhavi", "Rahab", "Zirəfkən" kimi muğamlar qəhrəmanın daxili əhvalının təsvirində mühüm rol oynayır. Nizami qəzəllərinin məşhur xanəndələr Barbəd və Nəkisa tərəfindən ifa edildiyi də "Xosrov və Şirin"dən anlaşılır. Musiqi alətlərinin - saz, ney, cəng, ud,qanun (kanon) və setarın başlıca xüsusiyyəti verilməklə bərabər, onların insan duyğuları ilə səsləşməsi ustalıqla qələmə alınıb. Arif Məmmədov Nizami Gəncəvinin tez-tez musiqi terminologiyasından istifadə etməsinə, "İsgəndərnamə" poemasının "İqbalnamə"sində şairin musiqi alətlərinin köklənməsi, məqam kimi məsələlərdə nə dərəcədə səriştəli olmasına xüsusilə diqqəti yönəldir. O, Nizaminin "İsgəndərnamə"də 80-ə yaxın müğənninamə yaratdığını bildirir.

Musiqi və poeziya vəhdəti deyilərkən ilk ağıla gələn poetik nümunələr Füzuli qəzəlləridir. Bəlkə də qəzəlləri muğam üstündə ən çox oxunan şairdir Füzuli! Füzuli qəzəliyyatındakı musiqi onların hələ heç nəğmə üzərində deyil, sadə oxunuşunda belə duyulur. Bu mənada, Xalq şairi Rəsul Rzanın Füzuli qəzəliyyatı barədəki fikrini xatırlamaq yerinə düşər. Rəsul Rza qeyd edir ki, Füzuli qəzəli bir sənət növünün içinə sığmayan qüdrətli bir ilhamın həm danışan, həm də səslənən ifadəsidir.

Füzuli şeirdə musiqilik yaradacaq keyfiyyətlərdən - Şərq şeirinin və Azərbaycan dilinin poetik imkanlarından mükəmməl surətdə yararlanıb. Şairin poeziyasının musiqi ilə bağlılığı "Yeddi cam" poemasında da özünü göstərir. Ney, dəf, cəng, ud, setar, qanunla söhbətdə onların hekayəti dinlənilməklə yanaşı, hər bir musiqi alətinin quruluşu, spesifik xassələri poetik, obrazlı dillə ifadə olunur. A.Məmmədov "Onun hər bir şeiri muğamlarımızı andırır" deyir və o ifaları bizə bir də xatırladır. Üzeyir Hacıbəyli musiqisində Füzuli qəzəlləri "Leyli və Məcnun", "Arşın mal alan", "Əsli və Kərəm" operalarında, Cahangir Cahangirovun "Füzuli kantatası"nda, "Vətənimdir" qəzəli Süleyman Ələsgərovun "Bayatı-Şiraz" üstündə bəstələdiyi "Vətənim" romansında, "Sultanıdır" rədifli qəzəli Ramiz Mustafayevin, "Görüb" rədifli qəzəli Vasif Adıgözəlovun romansında yeni nəfəs qazanır. Məşhur "Məni candan usandırdı, cəfadan yar usanmazmı?" mətləli qəzəli Cahangir Cahangirov musiqisində yeni cildə bürünərək bənzərsiz bir sənət əsərinə çevrilir. "Füzuli kantatası" Şövkət Ələkbərovanın ifasında unudulmazlıq qazanır. Bülbül Füzuli poetikasının təsiri ilə "Füzuli təsnifləri" bəstələyir və bənzərsiz ifası ilə onun əsərlərinə yeni nəfəs gətirir. Kitabda Arif Məmmədovun Füzuli və Üzeyir Hacıbəyli sənətinin müqayisəsi poeziya və musiqi vəhdəti baxımından maraq doğurur: "Əgər Füzuli sözün kəsəri, beytin incəliyi, fikrin dərinliyi ilə buna - məhəbbəti təsvir etməyə nail olurdusa, Üzeyir bəy isə səslərin təsir gücü, melodiya və avazın köməyilə, müxtəlif bədii vasitələrlə mövzunun mahiyyətini, mənasını bədii idrakın zirvəsinə yüksəltmişdi".

XX əsrin görkəmli ziyalılarının musiqiyə həssaslığı onların ayrı-ayrı əsərlərində təzahürünü tapır və bu ədəbi nümunələr maraqlı formada şərh olunur. Kamança Mirzə Cəlilin eyni adlı əsərinin qəhrəmanı erməni Baxşını qan-qadadan sağ çıxardır. Əbdürrəhim bəy Haqverdiyevin "Qoca tarzən"i isə son nəfəsində tarlı günlərini, "Rast"ı xatırlayır, "Şikəsteyi-fars" çalınanda sanki bir anlıq cavanlaşır və ... tarın sədaları altında rahatca dünyadan köçür. Milli dəyərlərimizə, o cümlədən, musiqimizə qarşı hücumlarda Mikayıl Müşfiq tarı dilləndirir və "Oxu, tar, oxu tar, səni kim unudar?" sədası yüksəlir. Bir vaxtlar toyları bəzəyən Dumanın "Sındırılan saz"ı isə amansız hücumlar qarşısında duruş gətirə bilmir, dağa-daşa çırpılır və məhvoluşu ictimai etirazla köklənir. Nəğmələri ilk dəfə toplayıb çap edən Həsən bəy Zərdabi, musiqi sənətinə dair məqalələrlə çıxış edən Nəcəf bəy Vəzirov, "Sınıq saz", "Şair, şeir pərisi və şəhərli" əsərlərində şeiriyyat və musiqi məsələlərini qoyan Abbas Səhhət də Arif Məmmədovun tədqiqatından kənarda qalmayıb.

Sadəcə lirik şairlər deyil, realist qələm sahibləri də qınaqlar və təhqirlərlə üzləşirdilər. Elə Sabir kimi! İctimai qüsurlarımıza ayna olan Sabir şeiriyyatı təkcə kəskin, kəsici dili ilə təsir etmir. Sabir poeziyasının axıcıllığı, rəvanlığı, musiqisi də burada gücünü göstərir. Arif Məmmədov da şeirlə musiqi əlaqəsi zəminində Sabir şeirinin musiqisinə, şairin musiqiyə bələdliyinə diqqət cəlb edir. Sabir şeiriyyatında Füzuli poetikliyindən gələn lirik tonlar da var, ancaq satirik boyalar daha qabarıqdır. A.Məmmədov Sabir poeziyasını Füzuli şeiri ilə əlaqələndirərək yazır: "Həsrət və hicrandan yar cövründə sızlayan Füzuli, Sabir qələmi sayəsində yenidən cana gəlir, ağlayırsa da gülə-gülə ağlayır, göz yaşı içərisində qərq olaraq gülür".

Arif Məmmədov M.Ə.Sabir şeirinin musiqiliyinə diqqəti cəlb edərək yazır: "Şairin sənətindəki vəzn, rəngarəng ritm, gözəl taqt, ahəngdar şeirlər özü musiqini andırır". O, Sabirin xalq musiqisindən bəhrələndiyini "Segah" üstə oxunan "Dad əlindən" adlı xalq musiqisi ilə müqayisədə göstərir. Yaxud: "Mən günəşi göydə dana bilmirəm" şeirini əgər həmin ölçüdə "Şur" məqamı üstə bir motivlə oxusaq, nə qədər təsirli çıxardı" - kimi maraqlı bir fikir ortaya qoyur. Üzeyir Hacıbəyov musiqisi və poeziya, Nəriman Nərimanov və musiqi, Hüseyn Cavid, Cəfər Cabbarlı, Səməd Vurğun şeirində musiqi və digər mövzularla bağlı fəsillərdə son dərəcə diqqətəlayiq düşüncələr, mülahizələr verilib. Saib Təbrizi, Əmani şeirinin musiqi çalarları, Molla Pənah Vaqif və musiqi, Mirzə Şəfi Vazeh, Qasım bəy Zakir, Mirzə Fətəli Axundov, Seyid Əzim Şirvani, Xurşidbanu Natəvan, Abbasqulu ağa Bakıxanov və musiqi sənəti kimi bir sıra məsələlər də əsərdə ətraflı şərh olunub.

Kitabda Azərbaycan musiqisinin poeziya ilə bağlılığı muğamlar kontekstində aydın göstərilib. Musiqi yüksək zövq, lirik duyum, ali dəyərdir. Azərbaycan musiqisinin ən təsirli nəğmələri isə, sözsüz ki, muğamlardır. "Segah"ın sevgi nəğməsini dinləyir, "Şur"da lirik duyğulara dalır, "Çahargah"dakı iztirabı, həyəcanı duyur, "Humayun"un qüssə-kədərini dadırıq. Ancaq hər zamankı kimi kədər uzun çəkmir. "Rast"ın aşıladığı mərdlik, gümrahlıq hissi ilə yenə də həyata bağlanırıq.

Arif Məmmədov "Xalq müğənniləri və poeziya" fəslində poeziya-musiqi vəhdətini ifaya gətirən xadimlərdən, ədəbi məclislərdən və musiqişünaslardan bəhs açır. Burada "Rast" dəstgahındakı ifası bu günə qədər danışılan Kərbəlayi Ağabala, Ərdəbildəki bədnam ruhanilərin təzyiqindən yaxa qurtarıb Tiflisdə yaşayıb-yaradan böyük xanəndə Səttar, Sədi, Hafiz qəzəllərinin mahir ifaçısı Hacı Hüsü, məşhur Zülalovlar nəslinin görkəmli nümayəndəsi Əbdülbağı Zülalov (Bülbülcan), "Nalə" adlı kiçik şeir məcmuəsi də olan Mirzə Məhəmmədhəsən, "Aşıq Qərib" dastanından parçaları muğam üstə ifa edən Oruc, Əbülhəsən xan İqbal, əfsanəvi Cabbar Qaryağdıoğlu, Seyid Şuşinski və İslam Abdullayev kimi xanəndələrin, "Qoca tarzən" Sadıqcanın və böyük vokalist Bülbülün sənətindən geniş bəhs açılır... Monoqrafiya Azərbaycan poeziyası və musiqisinin qarşılıqlı əlaqələri barədə düşünməyə, bu məsələ ilə bağlı yeni tədqiqat əsərləri yaratmağa sövq edir.

 

Təhminə VƏLİYEVA

 

525-ci qəzet.- 2020.- 29 yanvar.- S.16.