Simran Qədim

 

1991-ci ildə anadan olub. Əcəl düyünü Hesab vaxtı adlı romanları çap edilib. Azərbaycan Yazıçılar Birliyinin üzvü Prezident təqaüdçüsüdür (2015). Mütəmadi olaraq yazıları Azərbaycan Türkiyənin ədəbiyyat saytlarında, qəzet jurnallarda dərc olunur.

 

İşığa toplaşanlar

 

Bütün zamanlarda olduğu kimi, bu günün ən önəmli tələblərindən, şərtlərindən biri insanın sual vermək bacarığına, arayıb-araşdırmaq, öyrənmək qabiliyyətinə yiyələnməsidir. Ta uşaqlıqdan hər kəsin cavabını tapmağa borclu olduğu çox vacib bir sual var: Vətənpərvərlik nədir? Bu sualın ardında hansı mətləblərin, anlamlarin gizləndiyini axtarıb tapmaq bir insan kimi, həm bizim insanlıq vəzifəmizdir. Mövzunun qədər çözələnib, hansı dərinliklərəcən enilə bilinməsindən asılı olmayaraq, hər bir vətəndaş bundan ötrü əlindən gələni etməlidir. Tez-tez ətrafımızda vətən barəsində gedən odlu-alovlu söhbətlərin, danışıqların şahidi oluruq: yüksək səslə deyilən gəlişigözəl, təmtəraqlı sözlər, qəlibləşmiş ifadələr, ucuz, bayağı, pafoslu, əksər hallarda isə saxta, ikiüzlü, riyakar fikirlər... Çox vaxt eşitdiklərinin reallıqla uzlaşmadığını görüb təəccüblənməli olursan, istər-istəməz, sözün bu qədər cılızlaşdırılması, hörmətsizləşdirilməsi adamda acı təəssüf məyusluq hissləri doğurur.

İnsanlarda özlərini əziyyətə salmamaq, bir sıra hallarda səhlənkarlıq etmək kimi bəlli bir xüsusiyyət var. Məhz bu xüsusiyyətin təsiriylə bir çoxları, hətta həyati önəm daşıyan vətən, millət, ölkə, xalq kimi taleyüklü məsələlərdə ərincəklik edirlər, başa düşmədikləri mətləblərə cavab axtarmaqdan boyun qaçırırlar. Tədricən heç özləri anlamadan sual vermək özəlliyini yadırğayıb unudurlar. Sanki bu qabiliyyət heç onlara xas olmalı deyilmiş, ümumiyyətlə, əzəldən yerli-dibli yoxmuş kimi.

Əsl vətənsevərliyin - milli ruh, tarixi, mədəni irs, adət-ənənələrə, dilə hörmət kimi məfhumların mahiyyəti hələ uşaqlıqdan açılmalıdır. Bu mövzunun müqəddəsliyi söz halında qalmayıb, yetərincə mənimsənilsə, gerçək, həqiqi vətənpərvərlər yetişər. Axı dəblə ayaqlaşırmış kimi, belə bir obraza bürünüb, görüntü yaratməqla əldə etmək olar? Yalançı, süni vətən təəssübkeşliyi, patriotluğuyla gözdən pərdə asmaq, əslində, özünü gözdən salmaq deyilmi?! Halbuki vətən sevgisi səssiz-səmirsiz, dinməz-söyləməz ola bilər: heç dilə alınmadan ürəklərin dərinliklərində, zehinlərin işıq tutmayan ən gizli, toxunulmaz guşələrində... Bir baxarsan ki, həmin o səssizlik kükrəyərək bütün dünyanı lərzəyə salan mübarizə harayına, tam məxfi qorunan, işıq görməyən sevgi isə hər yanı aydınladan sönməz bir məşələ çevrildi.

Vətənə məhəbbət tək qəlblərin dərinliklərində deyil, eyni zamanda, təfəkkürün, şüurun ən əlçatmaz qatlarında, səddi aşılmaz qalın, hündür divarlar ardında özünə kök salmalıdır. Bu hissi, sadəcə bir duyğu kimi başa düşmək yetərli deyil, vətən həm ağılla, zəkayla təhlil edilib, dərk olunmalıdır. Ən son hüceyrəmizəcən bütün varlığımıza hakim kəsilməsi, layiq olduğu dəyərin hər bir vətəndaşın mənliyinə yol tapması üçün.

Həyatda insanın iradəsinə, istəklərinə bağlı hədsiz çox məqamlar var. Vətənpərvərlik kiminsə, ya hansısa qüvvənin gəlib bizdə oyatmalı olduğu bir hiss deyil, əlini-qolunu sallayıb, bunu başqalarından gözləmək öz məsuliyyətlərindən, öhdəliklərindən qaçmaq deməkdır. Vətəni sevmək heç bir təmənna güdmədən getdiyin hər yerdə, atdığın hər addımda varlığının bir parçası kimi, içində bu sevgini özünlə gəzdirməkdir. Xalqına, millətinə bağlı olub, cəmiyyətə fayda vermək, bir sözlə, özünü yetişdirib, insan kimi insan olmaq...

Çoxlarının içində torpağının qədrini bilmək, vətənin qayğısını çəkmək, xalqına laqeyd qalmayıb, ölkəni qorumaq kimi hisslər lap əzəldən var. Amma hər kəsmi bu duyğunun gücünü yetərincə anlayıb, düzgün səmtlərə yönəldə bilir? Yanlış istiqamətlərə atılan oxlar hədəfdən yayınıb, açılan atəşlər boşa çıxmırmı? Vətən hissi ürəklərə əkilən ağac kimi sevgiylə, məhəbbətlə böyüdülüb, parlaqlığıyla, saflığıyla göz qamaşdıran bir almaz kimi ağılla cilalanmalıdır. Belədə, bir görərsən ki, bu sevgidən güc alan bütün arzular, xəyallar gerçəkliyə qovuşdu.

Bu mövzu təkcə xüsusi hadisələrlə bağlı, təqvim əlamətdar bayramları, ya matəm günlərini nişan verəndə yada düşməməlidir. Yeri gəldikcə, gərək hər kəs açılması müşkül olan möhkəm, sıx bir yumruq kimi, vətənin ətrafında birləşsin, hamılıqla onun dərdlərinə şərik çıxılıb, səsimiz dünyaya yayılsın. Uçqun zamanı yuvarlanıb böyüyərək hər yanı silkələyən nəhəng bir qar topası, ya yoluna çıxan hər şeyi qabağına qatıb aparan burulğanlı bir fırtına kimi.

Sürətlə qloballaşan dünyada sərhədlər get-gedə itməyə başlasa, elmi-texnoloji tərəqqinin təsiriylə dünya kiçilib, dəyərlər transformasiyalara uğrasa da, vətən, millət, xalq kimi anlayışlar həmişə olacaq. Dünyaya açılmaq, təfəkkürdə dünyəviliyə yiyələnmək vətəndən uzaqlaşmaq anlamına gəlmir, əsas olan dayaq nöqtəsini, istinadgahı məhz vətəndə tapmaqdır. Harada, yer kürəsinin hansı ucunda yaşamağından, ölkəndən neçə müddət uzaq qalmağından asılı olmayaraq.

Vətənin inkişafında böyükdən kiçiyə hər kəsin - alimindən həkiminə, müəlliminə, fəhləsinə kimi hamının rolu var. Alın təri töküb zəhmət çəkmək, məsuliyyət hiss edib, işini vicdanla görmək ölkəyə fayda verməkdir. Dolayısıyla, keçmişdən alınan miras layiqincə gələcəyə, növbəti nəsillərə ötürülmüş olar. Vətən tək xəritədəki ərazi, yaşadığımız torpaqlar deyil, həm mədəniyyətimiz, tarixi keçmişimiz, milli kimliyimizdir; vətən incəsənətimiz, ədəbiyyatımız, musiqimizdir; qardaşlıq, paylaşmaq, birlikdir.

Sözün anlamları açıldıqca zehinlərdəki duman da çəkilib, şüurlar saflaşar. Vətən əsl mahiyyətinə - ucsuz-bucaqsız kainat kimi, sonsuz böyüklüyünə, möhtəşəmliyinə qovuşar. Vətənin səsini eşitmək ana dilində oxunan nəğmələrini, bəstələnən musiqilərini dinləmək, üzünü görmək təbiətindəki gözəlliklərə, daşına-qayasına tamaşa etməkdir. Tarixini, ədəbiyyatını, dilini bilmək, insanıyla ünsiyyətdə olmaq isə danışmaqdır Vətənlə!..

Vətənpərvərlik, ölkəni hər cəhətdən irəli aparıb, adını yüksəklərə qaldırmaq, digərlərinin yanında qürur mənbəyinə çevrilməkdir! Tək müharibədə, savaşda deyil, nəfəs aldığın hər anda - təfəkküründə, danışığında, əməlində örnək biri olmaqdır! Milliyətçilik, ya başqalarını aşağılayıb, özünlə qürrələnmək deyil, səhviylə-düzüylə keçmişinə, əcdadlarına, bu gününə dəyər vermək, qüsurlarını aradan qaldırmaqdır! Tarixindən dərs çıxarıb gələcəyə baxmaq, qorxmadan, inamla, cəsarətlə irəli addımlamaqdır!

Vətənpərvərlik, bütün qəlbinlə onu sevib bağlı olmaq, bu sevgidən bitib-tükənməz bir güc alıb, savadla, biliklə, elmlə silahlanmaqdır! O, sənə səslənəndə özünə aid hər şeydən - bütün maraqlarından, malından-mülkündən, canından-qanından vaz keçib ölümün üstünə yerimək, şəhidlik zirvəsinə ucalmaqdır! Xalqınla, millətinlə birləşib dünya boyda bir alov qalamaq, onun işığında toplaşmaqdır Vətənpərvərlik!..

 

 

525-ci qəzet.- 2020.- 31 yanvar.- S.14.