Xeyrəddin Qocanın 70 illiyi qeyd edildi

 

Yanvarın 29-da Beynəlxalq Muğam Mərkəzində tanınmış nasir və publisist Xeyrəddin Qocanın anadan olmasının 70 illiyinə həsr edilmiş musiqili-bədii gecə keçirilib.

AZƏRTAC xəbər verir ki, filologiya üzrə fəlsəfə doktoru Gülhüseyn Kazımlının aparıcılığı ilə keçən gecədə ədibin çağdaş həqiqətlərə işıq salan bədii publisistik yaradıcılığından geniş söhbət açılıb. Tədbirdə Azərbaycan Yazıçılar İttifaqının katibi, Xalq yazıçısı Çingiz Abdullayev yubilyarın mənalı ömür yoluna nəzər salıb, onun milli maraqlarımızla səsləşən, vətəndaşlıq duyğularından qaynaqlanan ədəbi-bədii yaradıcılığından söz açıb. Bildirib ki, Xeyrəddin Qoca xalqa xidmətlə keçən şərəfli bir ömür yaşayaraq cəmiyyətdə layiqli nüfuz qazanıb.

Gecədə Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı, Milli Məclis sədrinin müavini Bahar Muradova başqaları çıxış edərək Xeyrəddin Qocanın satirik-dramaturji yaradıcılığından, onun hədsiz səmimiliyindən, baməzəliklərindən söz açıblar.

Yubilyarın qəzetçilik publisistik, ictimai-siyasi diplomatik fəaliyyətindən danışan natiqlər Xeyrəddin Qocanı təbrik edərək ona yeni yaradıcılıq uğurları arzulayıblar. Gecədə yazıçı-satirikin ərsəyə gətirdiyi tamaşalardan qısa səhnələr nümayiş olunub rəngarəng musiqi parçaları təqdim edilib.

Sonda Xeyrəddin Qoca mərasimin təşkilində zəhməti olanlara minnətdarlığını bildirib, bundan sonra da ədəbiyyatımıza yeni töhfələr bəxş edəcəyini söyləyib.

 

525-ci qəzet.- 2020.- 31 yanvar.- S.9.