"ASAN"dan başlayan yol - Azərbaycanda "Könüllülər ili"

 

Məlum olduğu kimi, Prezident İlham Əliyev dekabrın 30-da "Azərbaycan Respublikasında 2020-ci ilin "Könüllülər ili" elan edilməsi haqqında"  sərəncam imzalayıb. Sərəncama əsasən, gənclərin fərdi inkişafına təkan vermək, onlarda sosial məsuliyyət hissini artırmaq, gəncliyin potensialından xalqın rifahı və ölkəmizin dayanıqlı inkişafı üçün səmərəli istifadə etmək məqsədilə 2020-ci il Azərbaycanda "Könüllülər ili" elan edilib.

Nazirlər Kabinetinə bununla bağlı tədbirlər planını bir ay müddətində hazırlayıb Azərbaycan Respublikasının Prezidentinə təqdim etmək tapşırılıb.

Sərəncamda qeyd olunur ki, könüllülük insanları vahid niyyət ətrafında birləşdirən, vətəndaş, cəmiyyət və dövlətin birgə fəaliyyətinin ən uğurlu formatıdır. Könüllülük həm də vətənpərvərlik məktəbi, öz xalqına, dövlətinə, milli-mənəvi dəyərlərə bağlılıq və xidmət örnəyidir.

Bu fəaliyyətin təşviqi məqsədilə dövlətimiz tərəfindən zəruri addımlar atılıb, normativ hüquqi baza təkmilləşdirilib, dövlət dəstəyi mexanizmləri formalaşdırılıb. Könüllülük bir çox fəaliyyət sahələrinə nüfuz edərək ümummilli hərəkata çevrilib, ölkəmizin hər bir bölgəsinə, ictimai həyatın müxtəlif sahələrinə yayılaraq, cəmiyyətimizin bütün təbəqələrini əhatə edib, gənclərimizin həyat tərzinə çevrilib. ASAN, "Regional İnkişaf" İctimai Birliyi, "Bir" Tələbə könüllüləri və digər könüllü hərəkatları yaranıb, mərkəzi və yerli icra hakimiyyəti orqanlarında on minlərlə gənci birləşdirən könüllü qrupları formalaşıb.

Könüllülərimiz öz kreativliyi, təşəbbüskarlığı, innovativ düşüncə tərzi və müasir dünyagörüşləri ilə qoşulduqları fəaliyyətə yeni nəfəs verib, ölkəmizdə Avroviziya Mahnı Müsabiqəsi, I Avropa Oyunları, "Formula 1" yarışları, IV İslam Həmrəyliyi Oyunları kimi irimiqyaslı beynəlxalq tədbirlərin həyata keçirilməsində əvəzsiz rol oynayıblar.

Bu il 5 dekabr - Beynəlxalq Könüllü Günü ərəfəsində Azərbaycanda ilk dəfə keçirilmiş və bütün könüllüləri əhatə etmiş Könüllülük Həftəsi ölkəmizdə könüllülüyün yeni mərhələyə qədəm qoyduğunu və böyük potensiala malik olduğunu nümayiş etdirib.

Qeyd etmək lazımdır ki, Azərbaycanda xüsusilə son illər könüllülər hərəkatının geniş vüsət aldığını müşahidə etmək mümkündür. Ölkəmizdə keçirilən mühüm beynəlxalq tədbirlərdə könüllülər öz rollarını layiqincə yerinə yetirirlər.

Azərbaycan Prezidenti İlham Əliyev ötən il Gənclər günü münasibətilə keçirilən tədbirdə çıxışı zamanı könüllülərin fəaliyyətinə müsbət qiymət verib. Dövlət başçısı deyib ki, Azərbaycanda könüllülər hərəkatı geniş vüsət alıb: "Mən bunu çox alqışlayıram. Təxminən 20 min gənc könüllü olaraq çalışmış və indi müxtəlif təşkilatlarda müxtəlif vəzifələrdə işləyir, xeyir gətirir".

 Ölkə başçısı bildirib ki, Könüllülər hərəkatının xüsusi əhəmiyyəti var: "Bu, cəmiyyətdə xeyirxahlıq, yeni davranış qaydalarını təbliğ edir və təsadüfi deyil ki, bu sahədə gənclər öz rolunu oynayır. Könüllülər hərəkatı "ASAN xidmət"dən başladı və "ASAN xidmət"də işləyənlərin mütləq əksəriyyəti gənclərdir. Bu gün "ASAN xidmət" bizim milli intellektual, innovasiya məhsulumuzdur. Artıq bir neçə ölkə bizim köməyimizlə bu sistemi tətbiq etməyə başlayıb. "ASAN xidmət" yeni bir xidmət növüdür və təsadüfi deyil ki, vətəndaşların bəyənmə əmsalı 100 faizə yaxınlaşır".

Millət vəkili Aydın Mirzəzadə bildirib ki, könüllülük öz iradəsi və sərbəst seçimi əsasında əvəzi ödənilməyən fəaliyyətdir növüdür. Onun sözlərinə görə, bu fəaliyyət cəmiyyətin müxtəlif sahələrində ola bilər: "Mühüm dövlət tədbirlərinin və idman yarışlarının keçirilməsində könüllülük əsasında iştirakla yanaşı, könüllülük əlillərə, əhalinin aztəminatlı təbəqəsinə, qocalara, qaçqın və məcburi köçkünlərə kömək edilməsini, uşaqlar və gənclərlə işlərin aparılmasını, ətraf mühitin mühafizəsi və ekoloji tarazlığın saxlanması və sairə sahələri də əhatə edə bilər. Bu gün dünyada cəmiyyət maraqları naminə təmənnasız əmək sərf edən milyonlarla insan var".

O deyib ki, könüllülük hərəkatında iştirak insanlara, xüsusən də gənclərə insanlarla iş təcrübəsi qazanmaq, özünü sınaqdan keçirmək, ilk iş təcrübəsinə malik olmağa imkan verir: "Cənab Prezidentin Sərəncamında vurğulandığı kimi, "könüllülük insanları vahid niyyət ətrafında birləşdirən, vətəndaş, cəmiyyət və dövlətin birgə fəaliyyətinin ən uğurlu formatıdır. Könüllülük həm də vətənpərvərlik məktəbi, öz xalqına, dövlətinə, milli-mənəvi dəyərlərə bağlılıq və xidmət örnəyidir".

O vurğulayıb ki, müasir Azərbaycanda könüllülük sahəsində ilk addımlar Ulu öndər Heydər Əliyevin hakimiyyətə qayıdışından sonra başlayıb: "Belə ki, 1998-ci ildə Gənclər, İdman və Turizm Nazirliyi, BMT İnkişaf Proqramı və BMT Könüllüləri Proqramının birgə layihəsi fəaliyyətə başladı. Həmin proqram əsas götürülərək 1998-2000-ci illərdən başlayaraq ölkədə könüllülük prinsiplərinin geniş təbliğinə başlanıldı.

2009-cu ildə Milli Məclisin "Könüllü fəaliyyət haqqında" Qanun qəbulu Azərbaycanda könüllülük fəaliyyətinin yeni inkişaf mərhələsinə güclü təkan verdi. Ancaq 2013-cü il qədər könüllülük ölkədə kiçik komandalarla fəaliyyət göstərirdi. Ancaq həmin il Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin (ASAN Xidmət) yanında aktiv və konstant könüllü təşkilat olan ASAN Könüllüləri Təşkilatı (AKT) yaradıldı. Bu hərəkat minlərlə gəncin ilkin iş təcrübəsi toplamasına, öz peşəsinin incəliklərini öyrənməsinə, ən əsası isə özünü tanımağa geniş imkan verdi.

Son illərdə ölkəmizin ev sahibliyi etdiyi Avroviziya Mahnı Müsabiqəsi, I Avropa Oyunları, "Formula 1" yarışları, IV İslam Həmrəyliyi Oyunları kimi irimiqyaslı beynəlxalq tədbirlərin həyata keçirilməsində və digər mötəbər və irimiqyaslı tədbirlərə on minlərlə könüllü əvəzsiz rol oynayıb. Azərbaycanda dövlətin ciddi dəstəyi və cəmiyyətin sosial sifarişi nəticəsində ASAN, "Regional İnkişaf" İctimai Birliyi, "Bir" Tələbə könüllülüləri, Aqrar İnkişaf könüllüləri və digər könüllü hərəkatları yaranıb, onlar gəncliyin inam mərkəzlərinə çevirlə biliblər.

Bu il 5 dekabr Beynəlxalq Könüllü Günü ərəfəsində Azərbaycanda ilk dəfə Könüllülük Həftəsi keçirilmiş və ölkəmizdə könüllülük hərəkatının gücü və perspektivləri nümayiş etdirilib. Prezident İlham Əliyevin 2020-ci ilin Azərbaycanda "Könüllülər ili" elan edilməsi barədə Sərəncamı gənclərin müstəqil dövlətimiz üçün sosial məsuliyyət hissinin güclənməsinə, gəncliyin öz potensialına inamının artmasına səbəb olacaq".

Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin İnsan resursları və təlim şöbəsinin müdir müavini, "ASAN Könüllülük" Məktəbinin rəhbəri Cahangir Hacıyev isə bildirib ki, Azərbaycanda könüllülüyün tarixi kifayət qədərdir və bu fəaliyyət bizim milli dəyərlərimizin, eyni zamanda, sülhsevən və ümumbəşəri dəyərlərə nə qədər bağlı olduğumuzun ifadəsidir. XIX əsrin sonu XX əsrin əvvəllərinə nəzər salsaq, bir sıra xeyriyyə cəmiyyətlərinin yarandığını və insanlarımızın burada könüllülük prinsipi ilə müəllim, tibb bacısı və digər sahələrdə çalışdığını görə bilərik. Ölkəmiz müstəqillik əldə etdikdən sonra isə ictimai-siyasi proseslərdə könüllülərin kifayət qədər rolu olub. İlk yaranan könüllü özünümüdafiə dəstələrini, müharibəyə könüllü gedən həkim və tibb bacılarını misal kimi göstərmək olar. Qanlı 20 Yanvar hadisələri zamanı insanların xəstəxanalara könüllü gedərək qan verməsi də xalqımızın könüllülük dəyərlərinin bariz nümunələrindəndir.

Onun sözlərinə görə, 2012-ci il dekabrın 29-da 1 saylı Bakı "ASAN xidmət" mərkəzinin açılışı zamanı bir qrup "ASAN könüllüsü" ilə görüşən Prezident İlham Əliyev "ASAN" könüllülük hərəkatına öz xeyir duasını verib: "Bildirim ki, "ASAN"a qədər müstəqillik əldə olunandan sonra müxtəlif qeyri-hökumət və beynəlxalq təşkilatlarda yüzlərlə Azərbaycan gənci könüllü olub. Lakin bir könüllülük hərəkatı olaraq bu fəaliyyət "ASAN"dan başlayır".

"ASAN" könüllülük hərəkatının respublikadakı könüllülük fəaliyyətinə nə kimi təsirinə gəlincə o deyib ki, "ASAN" könüllülük hərəkatı könüllülükdə yeni yanaşmanı ortaya qoydu və bunun bütün tərəflər üçün səmərəli bir fəaliyyət olduğunu sübuta yetirdi: "Respublikadakı könüllülük fəaliyyətinə bir daha nəzər yetirsək görərik ki, "ASAN" könüllülük hərəkatı digər könüllülük fəaliyyətlərinin də yaranmasına müəyyən təsir edib. Misal olaraq, KOB və "Bir" Tələbə-Könüllü proqramının könüllülərini, daha sonra isə 2019-cu il yanvarın 24-də Kənd Təsərrüfatı Nazirliyinin Tərəvəzçilik Elmi-Tədqiqat İnstitutunun və "Kartof və tərəvəz toxumları istehsalı" kompleksinin açılışı zamanı dövlət başçısına təqdim olunan "Aqrar İnkişaf Könüllüləri" hərəkatını da göstərmək olar. Ölkə başçısının tövsiyəsinə əsasən artıq prokurorluq orqanlarında "ictimai köməkçilər" qismində hüquqşünaslıq ixtisası üzrə təhsil alan gənclər könüllü kimi fəaliyyət göstərəcəklər. Eyni zamanda, ədliyyə və digər dövlət orqanlarında da gənclərin könüllü kimi müvafiq proseslərə cəlb olunmasına başlanılıb. Bunun hamısı gənclərə və onların inkişafına nə qədər önəm verildiyindən xəbər verir".

 

PƏRVANƏ

 

525-ci qəzet.- 2020.- 8 yanvar.- S.6.