Ruhköçürmə stansiyası

 

Esse

 

20 Yanvar şəhidi şair Ülvi Bünyadzadənin anadan olmasının 50 illiyi münasibətilə "525-ci qəzet"in keçirdiyi, vətənpərvərlik mövzulu şeir və esse müsabiqəsində 3-cü mükafata layiq görülmüş Elmin Nuri və Kənan Novruzovun esselərini təqdim edirik.

 

Bakı Dövlət Universitetinin Jurnalistika fakültəsini bitirib. Modern.az xəbər portalında müxbir, mədəniyyət şöbəsinin müdiri, Azərbaycan Tərcümə Mərkəzinin "Aydın yol" qəzetində müxbir, "Xəzər" dünya ədəbiyyatı jurnalında isə redaktor vəzifəsində çalışıb.

Hazırda AzEdu.az təhsil portalının baş redaktorudur.

2017-ci ildə ədəbiyyat sahəsində uğurlu fəaliyyətinə görə, Gənclər İdman Nazirliyinin təsis etdiyi "İlin gənci" mükafatına layiq görülüb. Elə həmin ildə gənc yazar kimi Prezident təqaüdünə layiq görülüb.

Azərbaycan Şərqin təsəvvüf elm mədəniyyət tarixinə aid araşdırmaları ingilis, rus, türk, ispan, alman, fransız, ərəb fars dillərinə tərcümə olunub.

 

Ruhköçürmə stansiyası

 

(Yurd-yuva həsrəti ilə yaşayıb, bu dünyadan nakam köçən insanların ruhlarına ithaf edilir)

Ürəyi partlayan qoca Xanın açıq qalan gözlərindəki sual işarəsinə bənzəyirdi Vətən...

 

***

 

İnsanlar qoca Xan ölən gün bunun fərqinə vardılar... Yalnız ölən gün... Elə mən özüm məhz o gün buna diqqət etmişdim.

Əslində, bunun günahı həm qoca Xanın özündə idi; gözlərini hər kəsdən gizləyir, gözlərinin dərinliyində gəzdirdiyi, sual işarəsi ilə əhatə olunan Vətəni heç kəsə göstərmirdi.

 

***

 

Əslən, Laçından idi... Amma Laçının işğalından sonra yaşadığı yerlərdə - məcburi köçkün sığınacaqlarında, daha sonrasa şəhərcikdə kimsə onu adı ilə çağırmazdı. Eləcə, hamı ona Xan deyərdi...

Məcburi köçkün taleyi yaşayan həmyerliləri üçün onun tam fərqli özəlliyi vardı: Qoca Xan el-obanın, aid olduğu məkanın tarixi yaddaşını, kökünü özünə köçürüb Laçınlaşan adam idi... Laçın bir məkan olaraq, öz ruhunu Xana köçürmüşdü... Bütün laçınlılar hər dəfə onunla görüşəndə sanki vətənə baş çəkib qayıdardılar... Belə idi bizim Xan baba... Deyərdilər ki, kişi elə bil Laçının dağları, düzləri, yaylaqlarının özüdür.. Söhbətindən doymaq olmur; elə bir oradakı bumbuz bulaqdan su içirsən... Amma mən Laçını görməmişdim...

Xan baba isə ölən gününə qədər Laçını hər kəsdən gizlədi. Onun əzəmətini, füsunkarlığını gözlərinin dərin qəfəsində ciddi-cəhdlə qoruyub saxladı... Bəlkə , o göz dərinliyindəki əsl Laçını həndəvərindəki köçkün həyatı yaşayan laçınlılara yazığı gəldiyi üçün göstərmirdi... Amma bir şeydən xəbəri yox idi: Laçın artıq onun gözlərindəki dərinlikdən çıxıb bütün vücuduna yayılmışdı. Ruhu kimi, bədəni Laçına bürünmüşdü... Saçlarının ağından üzündəki sərt cizgilərə qədər laçınlaşmışdı qoca Xan... Bunları da mənə rəhmətlik babam deyərdi... Çünki yenə deyirəm, mən özüm Laçını görməmişəm... Xan babanı isə indi yaxşı xatırlayıram... Düz demədim, Laçın babanı...

Deyirlər ki, o, həm SƏS olaraq yaşamışdı: Laçın dağlarının şairənəliyindən, vüqarından yaranan bir saz səsi kimi...

Yurdun ruhu, yaddaşını həmişə bu səsdə oyaq saxlamışdı... Boşuna laçınlaşmamışdı ki, qoca Xan, Laçın babam!

Bəzən rəvan, buzdan soyuq çay şırıltısı kimi ötkəm nitqində, bəzənsə təmkinli təmkinli olduğu qədər sərtdən sərt, nisgildolu baxışlarında bir SƏS kimi dillənmişdi Xan baba...

Bəli, biz ona Xan baba deyərdik. Adını bilmirdik nədi... Deyilənə görə, Xan babanın Laçın işğal olunandan ta ölüm anına qədər ancaq bir halda üzü gülərmiş: Xanəndə Xan Şuşinskinin ifasını dinləyəndə.. Özündən asılı olmayaraq uşaqlaşarmış, gözləri gülərmiş, siması işıqlaşar, nəfəsi daha dərindən eşidilərmiş...

Deyəsən, Xan baba elə ancaq Xan Şuşinski oxuyan zaman nəfəs aldığının fərqində olarmış. Deyəsən, nəfəs deyilən nəsnə Xan babaya yalnız elə Xan Şuşinski oxuyan zaman lazım olarmış.

Sığınacaqdakı laçınlılar da öz qoca həmyerlilərinə xoş gəlsin deyə, ona Xan baba deməyə başladılar... Amma bəlkə laçınlılar Xan babaya yaşadığının fərqində olsun, nəfəsini yadlaşdırmasın deyə o adı vermişdilər...

Xan baba da bu yaxşılığı cavabsız qoymadı: istər söz-sovunda, istərsə təmin müdrikliyində hər zaman hər kəsə Laçın ruhu, ovqatı ötürdü.

 

***

 

"Vətən öz adamları ilə canlıdı. O adamlar kimə hara öz ruhunu yazsalar, demək vətən oradadı.

İnsanın keçmişi, taleyi, yaddaşıyla bağlı varsa, hamısını toplayıb, cəminə VƏTƏN deyirlər..." Bunu Xan babanın Laçın işğal olunan zaman hələ gənc olan bir yazıçı eloğlusu demişdi... Sonradan həmin gənc yazarın (indisə yaşı 45-i adlamış) Laçına həsr etdiyi bir yazısında bu cümlələri oxuyanda çox kövrəlsə , sevinmişdi. Özünü sanki o sətirlərdə görmüşdü Xan baba...

O sətirləri oxuyanda anlamışdı ki, o, bu neçə illər ərzində doğma Laçını ruhuna yerləşdirib onu bir qala kimi qoruyub.

 

Özü kiçik bir daxmada, təkə-tənha yaşayırdı. Amma di gəl ki, bu kiçik daxmaya bütün Laçını sığdıra bilmişdi. Bu kiçik daxma həm qanköçürmə məntəqəsi idi bir növ...

Qan itirənə qan vurulduğu kimi, Laçını itirənlərə Laçın ruhunu qoca Xan bu daxmada köçürürdü... Özünün söz-söhbəti, şeir-sovqatı, ağayana təmkini, mülayim siması ilə...

O, laçınsızlar üçün laçınsızlığın ən yaxşı donoru idi... Vətənsizlikdən əziyyət çəkənlərə öz ruhundan Laçın köçürürdü...

Ona görə , qoca Xan ölən gün bu elin insanları sanki Laçını yenidən itirdilər... Öləndən sonra gözlərinin açıq olduğunu görüb sanki Laçına boylanmaq üçün tez qaçıb onun donuq gözlərinə baxmaq istədilər... Lakin... əzəmətli Laçının yerinə, nigaranlığın yaratdığı nəhəngdən nəhəng bir sual işarəsinə bənzəyən Vətən gördülər...

 

***

 

Düzü, hamının müdrik insan kimi sevdiyi Xan babanın hansı işin, sənətin sahibi olduğunu heç zaman bilmədim... Bizim üçün o, ancaq ancaq Xan baba idi... Bütün peşələr, vəzifələr, sənətlər bu adın qarşısında idi ki?! Amma indi düşünürəm ki, Xan baba son nəfəsinədək ancaq bir peşənin sahibi olub - müəllimlik! Görən, bu, o zaman niyə ağlma gəlmirdi ki?!

Bəli, o, bir müəllim idi. Lakin hamının bildiyi müəllimlərdən yox... O, bildiyimiz fənlərdən heç birisini uşaqlara keçməyib. Qoca Xanın yeganə tədris predmeti Laçın olub. O, varlığı ilə, həyat tərzi ilə, sözü-sovu, baməzə müdrik, şairanə nitqi ilə insanlara Laçını, daha doğrusu, bu yurdun mahiyyətini öyrədib.

Yəqin ki, laçınçılıq dərsini Xan müəllimdən yaxşı tədris edən çox az adam olub.

 

***

 

Xan babanın öldüyü günü bu gün yaxşı xatırlayıram: Həmin gün o, ölümü ilə vacib bir işi görmüş oldu: İçindəki ruhu-mikrolaçını, didərgin salınan, illərlə görmədiyi-varmadığı doğma yurduna - Makrolaçının təbiətinə qaytardı... Kiçik zərrə öz Günəşinə qovuşdu...

Qoca Xan bu gün doğma Laçının kimsəsizləşmiş təbiətinə varıb, ruhi ömrünü yaşayır. Amma çox narahatdır; yurdsuzluq xəstəliyinin bir-bir tükətdiyi həmyerlilərinə yardım edə bilmir... Yəni onların ruhuna Laçın köçürmür...

 

***

 

Qoca Xan bayaq da dediyim ki, laçınsızlar üçün laçınsızlığın ən yaxşı donoru idi... Vətənsizlikdən əziyyət çəkənlərə öz ruhundan Laçın köçürürdü.

Amma bəlkə onu əldən salan, tükəndirən elə bu donorluq missiyası idi... O, ruhundakı Laçını misqal-misqal hər kəsə ötürüb, özünü laçınsızlıqla tükətdi, sonunu hazırladı... Başqa cür ola da bilməzdi. Çünki ruhunu yenidən həmin enerji ilə doldurmaq üçün Xan babaya yalnız doğma Laçının özü lazım idi...

P.S. Laçın isə o gün ölmüş Xanın açıq qalmış gözlərindəki sual işarəsinə bənzəyirdi...

 

Elmin Nuri

 

525-ci qəzet.- 2020.- 22 yanvar.- S.22.