Kədərin rəngi

 

(Esse)

 

"Övladlarınızın göz yaşlarını qoruyun ki, onlar bu yaşları sizin qəbriniz üzərində axıda bilsinlər".

 

Pifaqor

 

Yara isti olanda incitmir, istər bədən zədələnsin, istər ruh. Elə ki, üstündən zaman axdı, yuyulur, təmizlənir, durulanır çıxır üzə! Bax müsibət onda başlayır, döz indi görüm necə dözürsən. Amma fərqli yaralar da var, üstəlik, yara aldığın adamı bir görə bilməmək. Bir elə yaralar var ki, qəfilləyər səni, gözləmədiyin vaxtda tapar, elə səndələyərsən, daha, bir ömür boyu özünü tarazlaya bilməzsən!

O gecənin xəbəri ağır idi, məni tarazlıq oxundan çıxara həm müvazinətimi qorumağa məcbur edən zəng gəlmişdi...

... Dünyadan insan getmişdi, bir övlad atasız, bir qadın ərsiz qalmışdı. Hələ bu dünyaya göz açmamış nəvəsinə isə "baba" söyləmək üçün heç bir şans buraxmamışdı! Biz çox zaman hisslərimizi gizlədirik, sanki utanırıq dəruni hissləri üzə çıxarmağa. "Səni sevirəm", "Sənə borcluyam", " yaxşı varsan...", "Səninlə bütövəm" s. kimi oxşar ifadələr dilimizdən qaçaqdı... Hərdən bu yeni era telefonlarını icad edənlərə sadəcə təşəkkür etmək keçir içimdən, heç olmasa dillə deyə bilmədiklərini yazıb ismarıc edə bilir adam...

Qapılarını gecəyarısı əcəl zəngi çalanda ilk sığınacaq ünvan kimi məhz məni seçmişdilər. Əvvəl xəbərin zərbəsindən səndirləsəm , sonra qəddimi düzəltməyi bacardım, axı indi yeganə təsəlli yeri idim. Gülənlə gülməyə var ki, ağlayanla ağlamaqdı kişilik... İndi vacib olan bu əzizini itirən iki qadına ana bacı olmaq idi şərt... Amma uzaqdayam, əlim yetməyən uzaqlıqda... Yenə telefon kara gələ bilərdi gəldi . Deyəsən, bacarmışdım, olacağı olduğu kimi qəbullana bilmiş, qəzavü-qədərə tabe olmuşdular... Anam deyərdi ki, gecə dərd artan olar, dərd iztirab gətirər, həsrət doğar, elə yandırar ki, cızdağın çıxar... indi bu gecənin kədərin ağırlığı altında səhərin açılmasını gözləmək çox çətin idi!

... Atam dünyadan gedəndə cəmi altı yaşım vardı.., heç başa düşmürdüm, hətta qonaq sevən olduğumdan həyətdə dayanıb yasa gələnlərə sevinə-sevinə "xoş gəldin" eliyirdim... ta ki, bir kişi məni kənara çəkib: "Hüzürə gələnə xoş gəldin deməzlər, bala..." deyənə qədər. Doğrudur, mən onda o "hüzür" sözünün mənasını anladım, indi o canıyanan adamın kimliyi yadımdadı, amma o an içimdə nəyinsə qırıldığını hiss etdim lal-dinməz kənara çəkilib xısın-xısın ağladım... Heç indi unuda bilmirəm! Bəli, uşaqlıq heç yana getmir, o, bizimlə qalır... Həmişə düşünmüşəm ki, əgər mənim qeyrətli, zəhmətkeş anam məndən xeyli böyük, həm təhsilli bacarıqlı yeganə qardaşım olmasaydı, həyatım bəlkə tam başqa cür ola bilərdi... Onların ruhu qarşısında başım həmişə köksüm üstədi!..

 

"Yaxşı ki, həsrətin tüstüsü yoxdu,

Göz gözü görməzdi yer kürəsində..." (H.Arif)

 

Qəfil zənglər həmişə qorxu saçır, bu, istər telefon olsun, istər uzaqdan eşitdiyin kilsə zənginin həyatın, dünyanın fani olduğunu xatırladan zərbəsi.., ya da namaz vaxtından qeyri vaxtlarda çəkilən Azan səsi.

Həyat bir kəpənək ömrü qədərdir. əgər o kəpənək həyatı görəndən sonra intihar edirsə.?! Kəpənəyin öz həqiqəti var axı, o da inciyə bilər. Bəs onu incidə bilər? Məsələn, elə dünən uçub gəzdiyi bağ-bağçanı viran, oynadığı gülü-çiçəyi bu gün solmuş görməsi.

 

P.S. Hər hissin öz rəngi var, amma nədənsə kədəri həmişə qara çəkirlər. Bəs əgər o, qırmızıdırsa.., ya ağappaq...kim bilir!?.

Deməli, məsələ həyata heç kimin baxmadığı istiqamətdən baxa bilməkdi...

 

Dərəsən içini tökəsən yerə,

Qara gözlərində yaş gilələyə.

Görüb kövrələsən kal ümidləri,

Dilinin ucunda söz kəkələyə.

 

Üzünü gizləyə o qız da səndən,

Qəlbinin başına çat düşə dərin.

Başının üstündən buludlar keçə,

İslanıb əriyə quru dərlərin.

 

Göz ola tanrının gözləri səndən,

Yar ola yaradan, yada verməyə!

Yüz il ömür yaza haqq kitabına,

Əcəl də yubana, sən də... ölməyə!..

 

Şahnaz ŞAHİN

 

525-ci qəzet.- 2020.- 22 yanvar.- S.19.