Dünyadan Qarabağ dərdi ilə köçdü...

 

DƏYƏRLİ ALİM VƏ YAZIÇIMIZ ŞAHLAR HƏSƏNOĞLUNUN XATİRƏSİNƏ

 

Əziz və unudulmaz dostum Şahlar Həsənoğlunun ölüm xəbəri məni haldan-hala saldı. İllərlə Qarabağın işğaldan azad olunacağı günü səbirsizliklə gözləyən dəyərli bir alimin, istedadlı bir yazıçının yurd həsrəti ilə bu dünyadan köçməsindən ağrılı nə ola bilər.

Yaşadığın dünyadan haqq dünyasına nigaran köçmək böyük faciədir.

Şahlar Həsənoğlunun səksəninci illərdə "Ulduz" jurnalında dərc olunmuş hekayələrini oxuduğum gün yadımda qalmasa da, bu hekayələrin bəxş etdiyi ovqatı, təkiyəsinin, üslubunun şirinliyi, dilinin hərarəti bu gün də məni tərk etməyib.

Şahlar Həsənoğlu o zaman Bakıda yaşamırdı, Xankəndi Dövlət İnstitutunda müəllim işləyirdi. Mən isə paytaxtda yaşayır, "Yazıçı" nəşriyyatının nəsr şöbəsində çalışırdım. 1986-cı ildə şöbəmizə Şahlar Həsənoğlunun özündən qabaq əlyazması "gəlmişdi". Bu, onun "Ala buludlar" romanı idi. Hekayələrini maraqla oxuduğum bu yazıçının romanının əlyazmasını oxuyanda bugünkü nəsrimizdə izi-tozu olmayan təbiət təsvirinin zənginliyi, yazıçı dilinin şəhd-şirəsi məni heyran etdi. Roman o qədər rəvan, obrazlı dillə yazılmışdı ki, mütaliəsindən ayrılmaq olmurdu. Göy üzünə səpələnmiş əlçim-əlçim buludları nə qədər vəsf etmək, oxşayıb-əzizləmək olarmış... Cəsarətlə deyərdim ki, Azərbaycan yazıçıları içərisində Şahlar Həsənoğlu qədər elat-tərəkəmə həyatını incəliyinə kimi bilən və təsvir edən ikinci bir yazıçımız yoxdur.

"Yazıçı" nəşriyyatının baş redaktoru Sabir Rüstəmxanlı da "Ala buludlar"ın əlyazması ilə tanış olmuşdu və Şahlar Həsənoğlunun yaradıcılığını yüksək qiymətləndirirdi.

Biz Şahlar Həsənoğlunun "Ala buludlar" romanını nəşriyyatın tematik planına saldıq. Bu, Şahların ilk nəsr əsəriyidi. Üç yüz əlli səkkiz səhifəlik "Ala buludlar" romanı mənim redaktorluğumla 1987-ci ildə on min tirajla nəşr olundu. Şahlar Həsənoğlu ilə də bu romanın çapı ərəfəsində tanış olduq.

Şahlar Həsənoğlu maraqlı insan idi. Ürəyi yazıb-yaratmaq eşqi ilə çırpınırdı. Onun "Ala buludlar"dan sonra 1991-ci ildə "Yaxan düymələ" adlı povest və hekayələrdən ibarət kitabı da "Yazıçı" nəşriyyatında çap olundu və oxucuların rəğbətini qazandı. Az sonra tələbələrin həyatından bəhs edən "Sona bülbüllər" adlı romanını da nəşriyyata təqdim elədi.

Şahlar müəllim sədaqətli dost idi. Bir neçə dəfə onun doğma Mərzili kəndindəki evinin qonağı olmuşdum. Əsl Azərbaycan ailələrinə xas gözəl ailəsi, ikimərtəbəli evləri, axar-baxarlı bağı-bağçası vardı.

Şahlar müəllim də Bakıya gələndə bizim evin əziz qonağı olardı. Gecəyarıya kimi ədəbiyyatdan, musiqidən danışar, söhbət edərdik. Qarabağ xanlığının tarixindən, Pənah xandan bəhs edən "Xallı gürzə" romanımın əlyazmasını oxuyan, fikir söyləyən ilk oxucum da Şahlar müəllim olmuşdu.

Ağdam işğal olunandan sonra paytaxta köçmüşdü, 6-cı mikrorayonda beşmərtəbəli binalardan birində yaşayırdı. Tez-tez görüşərdik. Ən böyük dərdimiz Qarabağ dərdi idi. Ağrı-əzabı zaman-zaman yaşanacaq bu dərd ilə çoxları dünyasını dəyişdi, onlardan birisi də əziz dostum Şahlar Həsənoğludur.

Allah rəhmət eləsin, qəbri nurla dolsun!

 

Mustafa ÇƏMƏNLİ

 

525-ci qəzet.- 2020.- 11 yanvar.- S.15.