Gərəksən

 

"Hər əsrin əlçatmaz bir zirvəsi var,

O da bir şairin bəxtinə düşər".

(Zəlimxan Yaqub)

 

Zəlimxan bir elin sinədəftəri -

Qobustan qayası, köksü yazılı.

Tarix görməmişdi belə hünəri,

Ürəyi bir ozan, Qorqud arzulu!

 

Dilində əzbərdi Vurğun, Ələsgər,

Abbas, Xəstə Qasım, Yunus-dədələr!

Belə pirlər sevən nəzərdən düşər?

Sözü mirvaridir, saylı, düzülü!

 

Türkün ellərini dolanan kişi,

Dərya tək çağlayan, bulanan kişi,

Köksündə kitablar qalanan kişi,

Nəfəsin bal kimi şandan süzülü!

 

Ruhun Məkkəsinə yol aldın, şair!

Əlçatmaz zirvəyə ucaldın şair!

Yetdiyin zirvələr xəyaldı, şair!

Sözün Çin səddidir, haqdan düzülü!

 

Şöhrətə uymadın, sözə qul oldun,

Necə növcavana sən uğur oldun,

Ana torpağımdan keçən yol oldun,

Türkün sevdasına adın yazılı!

 

Su kimi gərəksən sən bu ellərə,

Ruzusan, çörəksən, sən bu ellərə,

Qayasan, çiçəksən, sən bu ellərə,

Rübabında ötən qopuz, saz olu!

 

Əsrin ayna tutdu sözünə, şair!

Tanrıdan nur gəldi gözünə, şair!

Sən elə güvəndin özünə, şair,

Bir bina ucaltdın, sözdən özülü!

 

Mövlammı oyatdı, təbin oyandı?

Ocağında közün əbədi yandı!

Zərəngiz, sözləri mənə əyandı!

Söz sərraf yanında zərdi, qızıldı!

 

12.02.2014

 

Zərəngiz DƏMİRÇİ QAYALI

 

525-ci qəzet.- 2020.- 22 yanvar.- S.18.