Qanlı Yanvarın ağrıları "Şəhərin qış gecələri"ndə

 

"Həyatdı da, elə bəlalar var ki, dil də aciz qalır"... Yanvarın 18-də və 19-da Gənc Tamaşaçılar Teatrının səhnəsində nümayiş olunan tamaşada akademik Bəhram Zeynallının (Elşən Çarhanlı) dilindən eşitdiyim bu cümlə elə oradaca əsər haqqında yazını başlarkən üzləşəcəyim "ilk cümlə" problemindən məni xilas etmiş oldu. Həmin gün səhnədə elə bir faciəni izləyirdik ki, həqiqətən onu ifadə etməyə, təsvirini verməyə, haqqındakı təəssüratını bölüşməyə dil də aciz qalır.

1990-cı ilin qanlı 20 Yanvar faciəsi... Bəli, bu faciəni ifadə etməyə sözlər belə acizdir. Amma Xalq yazıçısı Anar o acizliyin gözlərinin içinə baxa-baxa məhz elə o acizliyin özünü yazıb. Əməkdar incəsənət xadimi Bəhram Osmanov elə o acizliyin acığını çıxararcasına bu əsəri səhnələşdirib. Və aktyor heyəti öz oyunları ilə o acizliyin üzünə yağlı bir sillə endirdilər, sübut etdilər ki, bəlkə bəzi bəlaları ifadə etməkdə dil acizdir, amma insan əsla aciz deyil, istəsə, nə cürsə onu çatdıracaq: Anar kimi, Bəhram Osmanov kimi, "Şəhərin qış gecələri"nin yaradıcı heyəti kimi...

 

***

 

Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrında 20 Yanvar faciəsinin 30-cu ildönümü ərəfəsində "Şəhərin qış gecələri" adlı yeni tamaşa nümayiş etdirildi.

Tamaşanın premyerasını Prezident Administrasiyasının humanitar siyasət məsələləri şöbəsinin müdiri Fərəh Əliyeva, Mədəniyyət naziri Əbülfəs Qarayev, Bakı Şəhər İcra Hakimiyyətinin başçısı Eldar Əzizov, Səbail rayon İcra Hakimiyyətinin başçısı Vüqar Zeynalov, Azərbaycan MEA-nın vitse-prezideti, Akademik İsa Həbibbəyli, Xalq yazıçıları, Xalq şairləri, dövlət rəsmiləri və mədəniyyət xadimləri izləyiblər.

Xalq yazıçısı Anarın eyniadlı pyesi əsasında hazırlanan səhnə əsərinin quruluşçu rejissoru Bəhram Osmanov, bəstəkarı Xalq artisti Siyavuş Kərimi, quruluşçu rəssamı Arif Əbdürrəhmanovdur.

Səhnə işinin nümayişindən əvvəl rejissor Bəhram Osmanov 30 il öncə xalqımızın yaşadığı böyük faciənin teatr səhnəsində anılmasının mühüm əhəmiyyət daşıdığını qeyd edərək deyib: "Son aylarda var qüvvəmizlə çalışıb "Şəhərin qış gecələri" tamaşasını hazırladıq. 20 yanvar hadisələrindən otuz il keçsə də, bu dəhşətli faciə unudulmayıb və tarixdə silinməz izlər qoyub. Böyük yazıçımız Anar məhz 30 ildən sonra bu mövzuya müraciət edib. Görünür, burada bir məntiq var. Bilirsiniz ki, hələ ötən əsrin 80-ci illərində Anarın "Şəhərin yay günləri" əsəri çox məşhur idi. Tamaşaya mərhum rejissor Tofiq Kazımov quruluş vermişdi. Bu dəfə isə həmin qəhrəmanlar soyuq bir yanvar axşamında bu faciəni yaşayırlar. Bütöv millətin faciəsini bir ailənin timsalında göstərilən əsəri bədii şərtiliklə və müasir vizual vasitələrdən istifadə edərək səhnələşdirməyə çalışmışıq. Ümid edirəm ki, bu tamaşa yeni nəslin həqiqətlərimizi, tariximizi doğru-dürüst öyrənməsi baxımından faydalı olacaq".

Səhnə əsərində Əməkdar artistlər Elşən Rüstəmov, Kəmalə Hüseynova, Elşən Çarhanlı, Şövqü Hüseynov, İlham Əsədov, aktyorlar Bəhram Həsənov, Vahid Orucoğlu, Vüqar Məmmədəliyev, Ramil Məmmədov, Manaf Dadaşov, Ədalət Əbdülsəməd, Rövşən Abbasov, Kərəm Hadızadə və Ramiq Nəsirov rol alıblar.

 

***

 

Xalq yazıçısı Anarın təxminən 40 il öncə yazdığı və uzun zaman uğurla nümayiş olunan "Şəhərin yay günləri" əsərindəki obrazlar indi şəhərin qış gecələrində, həmin o qanlı yanvar günündədirlər. Buradakı Qiyası da, Dilarəni də, Bəhram Zeynallını da, Şamxalı da, Firuzu da və digərlərini biz artıq tanıyırıq. Onların necə bir insan olmasıyla bağlı az-çox düşüncə sahibiyik. Amma indi onlar elə bir günə, elə bir dövrə gəlib çıxıblar ki, kimlikləri haqqında konkret rəy bildirməyə tələsməməliyik. Çünki bu, fövqəladə bir durumdur. Bütünlüklə ölkə siyasi, iqtisadi, psixoloji, maddi və mənəvi böhran içərisindədir. Bu durumda o tanıdığımız insanlar necə davranacaqlar, düşdükləri situasiya onlara necə təsir edəcək... bütün bunları 18-19 yanvar günü əsərin premyerasında öyrəndik.

Tamaşa bir ailənin simasında 20 Yanvar hadisəsinin törətdiyi əzablardan bəhs edir. Müəllif məsələyə məişət mövzusunda yanaşsa da, ümumilikdə Azərbaycan ziyalısının, sadə Azərbaycan insanının ictimai-siyasi, sosial məsələlərə münasibətini göz önünə sərir. Həmin ailənin timsalında ötən əsrin 90-cı illər hadisələri, meydan hərəkatı, ölkədəki siyasi-ictimai vəziyyət şərh olunur.

Tamaşada hadisələr 1990-cı ilin 20 yanvar ərəfəsində baş verir. Evin xanımı Dilarənin (Kəmalə Hüseynova) ad günüdür. Demək olar ki, əsas obrazların hamısı bu məclisə toplaşıb. Qızğın söhbət gedir. Əsas mövzu isə əlbəttə, son zamanlar baş verən hadisələr, səngimək bilməyən iğtişaşlar, meydan hərəkatıdır.

 

***

 

Əsərdə həmin dövr insanlarının mənəvi-psixoloji gərginliyi ifadə olunur. Tamaşanın ideyası belə şərh oluna bilər: bütün zamanlarda ziyalı mövqeyi ön planda olub. Hansı zamanda ki, kütlə və ziyalı arasında uçurum yaranır, o zaman uğursuzluq qaçılmazdır. Müəllif bəzi yerlərdə tarixi faktları da göstərir. Belə ki, həmin dövrdə beş nəfər Azərbaycan ziyalısı, deputatı Moskvaya gedir, Qorboçov və həmin dövrdə SSRİ idarəçiliyindəki digər insanların qəbulunda olurlar. Orada onlara dolayı yolla xəbərdarlıq edilir ki, Azərbaycanda etiraz aksiyaları səngiməsə, qırğın törədiləcək. Tamaşadakı akademik, SSRİ Ali Sovetinin deputatı, baş qəhrəman, meydan hərəkatının öncüllərindən olan Qiyasın (Elşən Rüstəmov) əmisi Bəhram Zeynallı buna mane olmağa çalışır. Bəhram Zeynallı müəyyən mənada Azərbaycan ziyalısının ümumiləşdirilmiş obrazıdır.

Bundan əlavə, müstəntiq, daha sonra isə prokurorun köməkçisi olmuş Şamxal (Vüqar Məmmədəliyev) Bəhram və universitet müəllimləri olan Çopur Cabbarla (Şövqü Hüseynov) Sədyarı (Ədalət Əbdülsəməd) yanına çağırıb meydanı boşaltmağı, tələbələr arasında geri çəkilmək, etirazları dayandırmaq təbliğatı aparmalarını tələb edir. Amma təbii ki, bütün bunların heç bir nəticəsi olmur. Azadlıq yanğısıyla qovrulan millət bir an belə olsun meydanı tərk etmir, günbəgün etirazlar artır, iğtişaşlar daha da qızışır.

Əsərdə erməni obrazına da yer verilib. Ümumiyyətlə, bu əsərdə konkret hansısa xalqı günahlandırmaq cəhdi yoxdur. Çünki baş verən bütün faciələrin kökündə siyasət dayanır. Xalqlar, sadə insanlar yanlış siyasətin qurbanlarıdır. Burada müəlliflərin beynəlmiləlçi, humanist, multikultural yanaşmalarını görürük. Burada rus da, erməni də düşmən deyil, yəhudiyə sevgiylə yanaşılır...

Erməni obrazı olan Qurgen (Kərəm Hadızadə) əsərə Əjdər kişi (Rövşən Abbasov) vasitəsilə daxil olur. Əjdər kişi uzun illər onunla birgə taksi sürücüsü işləyən yaşlı Qurgen və nəvəsini Dilarəylə Qiyasın evinə sığınmaq, gizlənmək üçün gətirir. Ev sahibləri erməniləri qəbul edir, hətta evlərə hücum çəkən etirazçılardan belə gizlədə bilirlər. Vaxtilə üç il Şuşa həbsxanasında məhkum olarkən erməni türmə nəzarətçisindən olmazın əzablar görən evin oğlu Namiq (Bəhram Həsənov) isə ata-anasının bu hərəkətini qəbul edə bilmir. Erməniləri özünə və xalqına düşmən sayan, onlara nifrətlə yaşayan oğlan valideynlərinə etiraz edərək meydan hərəkatına qoşulur və 20 Yanvar gecəsində şəhid olur. Bütün bunlardan sonra onun anası Dilarə Qurgeni ittiham edir, ona qarşı üsyan qaldırır. Və sonda Qurgen vicdan əzabına dözməyib özünü eyvandan atır.

Tamaşa boyunca xırda məişət detallarında biz onun əsl xislətini görə bilirik. Onun "dolma bizimdir" kimi bir neçə məişət mənimsəmələri əslində, xırda görünsə də, mühüm fakorlardır. Sonradan tarix də bunu sübut edir.

Əsərdə ən maraqlı obrazlardan biri Çopur Cabbardır. O, keçmişin danosçularındandır. Öz mənafeyi uğrunda türkçünün yanında türkçü, imperialistin yanında imperialist ola bilir.

Bütün obrazları birləşdirən əsas xüsusiyyət "mən" mövqeləridir. Onların ətrafında baş verən bu qədər böyük hadisələrə, sosial-siyasi qarışıqlıqlara münasibətlərinin başında şəxsi travmaları, ağrıları dayanır. Məsələn, Qiyas zamanında Şamxalın oğlu Zauru (Ramil Məmmədov) imtahandan kəsdiyi üçün indi KQB-nin mayoru işləyən Zaur ona nifrət edir.

Oğurluq üstündə həbsdə yatan keçmiş məhbus Ağarəfi (Manaf Dadaşov) cəmiyyətin incitdiyi, təklədiyi, mənəvi və maddi böhranlara, məhrumiyyətlərə düçar etdiyi insanların ümumiləşdirilmiş obrazıdır.

Bütün bu obrazların hamısının partiyadan, dövlətdən, millətdən, ictimaiyyətdən, müstəqillikdən bir gözləntiləri olduğu göstərilir. Müəllif bütün bunların fonunda 20 Yanvar faciəsinin səbəbini göstərməyə çalışır.

 

***

 

Tamaşada maraqlı rejissor həlli özünü aydın göstərir. O, bu əsərdə sənədli teatr üslubundan istifadə edib. Belə ki, səhnəyə əlavə kamera quraşdırılmışdı və bu kameranın köməyi ilə tamaşaçı səhnədəkiləri təkrar arxadakı böyük monitorda görür. Xüsusən, meydan hərəkatındakı çıxışçılar daha yaxından, iri planda göstərilir.

Quruluşçu rəssamın əsərə münasibəti fərqli və özünəməxsus idi. O, sadə dekora üstünlük vermişdi. Səhnədəki aşmış elektrik dirəyi müxtəlif situasiyalarda fərqli funksiyalarla çıxış edir. Bu "çoxfunksiyalı dirək" meydanda tribuna, evdə eyvan, sərhəd, maneə, eləcə də PTS kamera rolunu oynayır. Sadə səhnə tərtibatı ilə rəssam tamaşaçının fikrini olaylara və obrazlara cəmləməsinə yardımçı olur, onların fikrinin başqa detallara yayınmasına izin vermir.

 

***

 

20 Yanvar günü Mədəniyyət televiziyasında qonaq olan tamaşadakı aktyorların bir qismi maraqlı faktı ortaya qoydular. Kəmalə xanımın sözlərinə görə, tamaşaya çox az zaman, cəmi 15 məşq prosesində hazırlaşıblar. Aktyorların yekdil rəyi isə belə idi ki, tamaşa elə bir zamandan bəhs edir ki, burada oynamağa gərək yoxdur. Hər biri o zamanın canlı şahidləri olduğundan faciənin ağrısını öz ürəklərində həmişə hiss edirlər.

 

***

 

Tamaşadan sonra Türkiyənin Azərbaycandakı səfirliyinin mədəniyyət və tanıtma müşaviri İrfan Çiftçiylə səhnə əsəri haqqında söhbət etdik. Onun fikirləri də maraqlı oldu: "Azərbaycanın və Türk dünyasının usta yazarı Anar bir mənada Azərbaycan və bütün Türk dünyasının yaxın tarixini yenidən Azadlıq meydanından teatr səhnəsinə daşıyır. 20 Yanvar hadisələri Sovetlər Birliyinin dağılmasına yol açan ən önəmli hadisələrdən biri, həm də Azərbaycanın müstəqilliyə gedən yolunda ən əsas xalq hərəkatıdır. Aradan keçən 30 ildən sonra Anar bütün ustalığıyla bu dövrü, meydanı təsvir edir. Bu meydan sadəcə xalqın toplandığı meydan deyil, eyni zamanda, illərdir, yüzillərdir ürəklərində daşıdıqları hisslərini, istəklərini dilə gətirdikləri yer idi. Bütün bu hadisələri, həmin dövrdə yaşayan seçilmiş alimləri, üsyançı gəncləri meydanın ruhuyla səhnəyə yansıtmaq Azərbaycanın kimlik və gələcək arzularını da yenidən tərpətmiş olur, məncə. Anar bütün bunları möhtəşəm bir şəkildə səhnəyə gətirərək gözəl bir əsər ortaya qoymuş olur.

Eyni zamanda, tamaşa olaraq, son illərdə Azərbaycanda mənim izlədiyim ən dinamik oyundur. Rejissorunu və yaradıcı heyəti təbrik edirəm. Çox dinamik, sadə şəkildə və epik teatrdan gələn az dekorla meydanı səhnəyə kollajlayaraq modern, postmodern tərzdə sərgiləməklə Azərbaycanın kimlik məsələsini gündəmə gətirən bir əsər hazırlayıblar. Tamaşada Rusiyanın rolunun az olması və cəmi bir qadın (ana) rolu olması, məncə, tamaşaya irad tutula biləcək nüanslardır. Məncə, azadlıq hərəkatında da Azərbaycan qadınları önəmli rol oynayırdılar. Bunu səhnədə də görmək istərdim. Anar yenidən Anar möcüzəsini ortaya qoyaraq teatrda da öncül bir iş görmüş oldu".

Sonda premyera münasibətiylə müəllifləri, yaradıcı heyəti təbrik edir, şəhidlərimizə Allahdan rəhmət diləyirik! Onları və həyatlarını itirdikləri faciəni unutmuruq, unutdurmuruq!

 

Şahanə MÜŞFİQ

525-ci qəzet.- 2020.- 22 yanvar.- S.11.