Türk dünyasında çinar ömrü

 

Azərbaycan Milli Elmlər Akademiyasının Birinci vitse-prezidenti, Milli Məclisin deputatı, akademik

Müasir türk ədəbi-ictimai mühitinin görkəmli simalarından olan Türkiyə Avrasiya Yazarlar Birliyinin sədri Yaqub Öməroğlunun əsərləri müasir dövrdə qardaş ölkənin ədəbiyyatında baş verməkdə davam edən yeni modernləşmə dalğasının səciyyəvi xüsusiyyətlərini özündə əks etdirir.

 

Təxminən XIX əsrin sonlarından etibarən Tənzimat hərəkatı ilə başlanmış dəbdəbəli Osmanlı ədəbiyyat üslubundan realizmə doğru inkişaf prosesləri XX əsr ərzində sadə insanların həyatının ən müxtəlif məqamlarının böyük ədəbiyyatın aparıcı mövzularına çevrilməsinə güclü təkan vermişdir. Bununla belə, XX əsr türk romanlarında adi insanların həyatının əsasən ailə-məişət mövzuları çevrəsində qələmə alınması ənənəsi geniş yer tutmuşdur. Bu tipli ədəbiyyat sosial mühitin tənqidi dərkini ön mövqeyə gətirmiş Əziz Nesin və Ömər Seyfəddin kimi böyük söz ustalarını, mənəvi aləmin daxili dünyasını açmağa üstünlük verən Yaşar Kamal və Rəşad Nuri Güntəkin kimi görkəmli yazıçıları meydana çıxarmışdır. Bununla belə, müasir türk insanının sosial mühitlə və dünya ilə üzvü əlaqədəki yeni simasının, özünəməxsus mənəvi aləminin canlandırılması qardaş ölkədə modern ədəbiyyatdan metamodernizmə doğru inkişafı ön sıralara çəkmişdir. Fikrimizcə, Yaqub Öməroğlunun 2019-cu ildə Bakıda "Qanun" nəşriyyatında çapdan buraxılmış "İki çinar" kitabı müasir türk ədəbiyyatındakı modern ədəbiyyatla metamodernizm arasındakı keçid proseslərinin ovqatını təqdim edən keyfiyyətcə yeni tipli ədəbiyyat hadisəsidir. Modern ədəbiyyatdakı həyatilik, müasirlik mövqeyi ilə metamodernizmdəki şərtilikdən, bir qədər mücərəddikdən doğan notların üzvü surətdə əlaqələndirilməsi Yaqub Öməroğlunun yaşayan və düşünən adi qəhrəmanlarını formalaşdırır. Yaqub Öməroğlunun hekayələrində yazıçı həssaslığı ilə müəllifin sosial-ictimai mövqeyi bir-birini üzvü sürətdə tamamlayır. Azərbaycanın Xalq yazıçısı Anarın "çox həssas müşahidəçi" yazıçı kimi dəyərləndirdiyi Yaqub Öməroğlu bu həssaslığı həm insanların mənəvi dünyasının incə məqamlarını bütün təbiiliyi ilə təsvir edərkən, həm də ictimai mühitin ən müxtəlif problemlərinə müdaxilə etdikdə eyni səviyyədə bacarıqla nümayiş etdirir. Ən əhəmiyyətli cəhətlərdən biri də bundan ibarətdir ki, Yaqub Öməroğlu hekayələrində sadə adamları və ya gündəlik adi mühiti sadəcə təsvir etməklə qalmır, böyük ustalıqla sosial-mənəvi aləmin daxili qatlarını açıb göstərir. Bütün hallarda isə o, öz qəhrəmanına müasir dövrdə Anadolu coğrafiyası insanının taleyini və psixologiyasını yaşayan səciyyəvi obraz olmaqdan başqa, həm də yaxın və uzaq çevrənin qayğıları ilə əhatə olunmuş sosial mühitin daşıyıcısı kimi baxır. Bunun üçün yazıçının seçdiyi həyat materialının və qurduğu süjetin həcmi yığcam olsa da, əhatə dairəsi geniş olur. Məsələn, "İki çinar" hekayəsində Türkiyənin Bursa vilayətində "diametri üç metrə çatan çinarın gövdəsinin ildırım vurması" hadisəsi vasitəsi ilə "yaralı ağacların təmiri" üçün əməli iş görmək əvəzinə lüzumsuz təkliflər irəli sürməkdə davam edən bələdiyyə işçisi ilə Kanadadan turist kimi gəlmiş Mari adlı qadının yıxılmış qoca ağacın yerinə ölkəsinin simvolu olan çinar fidanı əkməsi müqayisəli şəkildə təqdim olunur. Fikrimizcə, hekayədəki "yaralı ağacların təmiri" ideyası ildırım vurmuş çinardan çox yaralanmış mənəviyyatın bərpası ideyasının zəruriliyi fikrini diqqət mərkəzinə çəkir. Yaqub Öməroğlunun qoca çinarı bərpa etmək əvəzinə yeni fidan əkməyi təklif edən külliyənin gözətçisi Həmdi ilə bələdiyyə və vəqf mütəxəssisləri arasındakı fərqi göstərmək üçün seçdiyi "kanadalı turist" detalı sadə insanın baxışlarının müdafiə olunmasına xidmət edir. Yaxud "On dollar" hekayəsində xarici ölkəyə getmək üçün yola çıxmış Qədirin qonşu ölkənin gömrükxanasında qarşılaşdığı əhvalatların təsvirindən onun xarakterini açmaq üçün ustalıqla istifadə edilmişdir. Burada da eyni zamanda, sadə adamlar və mürəkkəb sosial mühit məsələsi diqqət mərkəzinə çəkilmişdir. Yazıçı ənənəyə uyğun olaraq, öz qəhrəmanını sosial mühitə uyğunlaşdırmaq yolu ilə getməyərək, sadə adamların pak mənəviyyatı vasitəsilə cəmiyyəti sağlamlaşdırmaq qayəsini izləmişdir. Bu, Yaqub Öməroğlunun hekayələrindəki sadə adam fəlsəfəsinin aparıcı istiqamətini təşkil edir. Doğrudur, Yaqub Öməroğlunun təsvir etdiyi sadə adamla sadəlövh olmayıb, necə deyərlər, müəyyən əxlaqi-mənəvi dəyərləri özlərində cəmləşdirən, özünü dərk etmiş adi obrazlar kimi diqqəti cəlb edirlər. Beləliklə, onun hekayələrində sosial mühitin "çirklənməmiş" təbəqəsi olan sadə, adi adamlar ön mövqeyə çəkilərək, cəmiyyətə örnək kimi təqdim olunurlar. Lakin yazıçı özü əvvəlcədən hər hansı bir obraz haqqında hazır resept vermir. O, qəhrəmanını çətinliklərdən keçirərək dar, kiçik dairədən böyük mühitə doğru addım-addım təkamül prosesi vasitəsilə inkişaf etdirməklə, oxucunu keçilmiş yolun dərslərinə inandırır. Bu mənada "Çətin anlar" hekayəsi bir hekayənin adı olmaqdan başqa, həm də Yaqub Öməroğlunun hekayələrinin ümumiləşdirilmiş qayəsi kimi səslənir. "Çətin anlar" Yaqub Öməroğlunun hekayə modelinin ümumiləşdirilmiş formuludur. "Afyon qaymaq" hekayəsinin aparıcı obrazları olan Bünyəmin kimi və onun oğlu Səlimin "əlində bir alüminium sini və əsgər çamadanı kimi bir-iki əşya ilə" Afyondan Ankaraya gəlmiş kasıb ailənin böyük çətinlikləri dəf edərək dairəni genişləndirməklə, ağıl və zəhmət hesabına yaşamaq imkanlarını da genişləndirməyə, yaxşılaşdırmağa nail olmaları təbii bir təkamül prosesinin işığında təsvir edilmişdir. "Qayğanaq və bəhməz" hekayəsində də Məryəm ananın səbri, iradəsi və zəhməti həyatın ağır sınaqları qarşısında mənəvi bütövlüyün qorunub saxlanılmasının mümkünlüyünə inam hissləri yaradır.

 

 

Yaqub Öməroğlunun hekayələri həyatın adilikləri üzərində qurulmuş düşündürücü hekayələrdir. O, bir yazıçı kimi bədii əsərdə süni şəkildə sensasiya yaratmağın, qurama uydurmağın əleyhinə olaraq, həyatın ağrılarını və uğurlarını təbii şəkildə göstərməklə oxucunun diqqətini cəlb etmək, onu düşündürməyi bacarmaq mövqeyinə sadiqdir. Yaqub Öməroğlu bədii əsərdə "hadisənin vahiməsini" təsvir etməyi yox, "şişirtmə bir əhvalatı" qələmə almağı deyil, dayanıqlı bir təmkinlə həyatın təbii axarını göstərməyi sənət kredosu kimi qəbul etmişdir. "Qazax - gördüyün əzab" hekayəsində bəyan edilən hekayəçilik meyarları geniş mənada Yaqub Öməroğlunun özünün ədəbi baxışlarının ifadəsidir. Bu, əslində, bir müəllifin deyil, bütövlükdə əsl ədəbiyyatın, böyük sənətin gerçək yolu deməkdir. "Qazax - gördüyün əzab" hekayəsindəki aşağıdakı dialoq Yaqub Öməroğlunun sənət dünyasının açarını tapmaq üçün bələdçilik edir:

 

"- Bu hekayəni yazmalıyam Olmaz, - dedi, - bundan hekayə olmaz.

 

- Niyə olmaz? İnsanlar bu yaşanan ağrı-acıları öyrənməsinlərmi? Bu ağrıların unudulması zamana dəstək deyilmi?

 

- Yazılmalıdır, əlbəttə, amma elm adamları yazsınlar. Hekayədə, romanda deyilərsə, oxucu hadisənin vahiməsini başa düşməz. Deyilənlərin nə qədərinin gerçək, nə qədərinin qurama olduğu təxmin etməyəcəklər. Ağıllarında sual işarəsi dolaşacaq. Bu mövzuların elm adamları tərəfindən yazılması oxucuya elmi mətn kimi təqdim edilməsi daha doğru olar.

 

Yazılan ağrılar o qədər böyük, hadisələr o qədər ağlasığmaz idi ki, hekayə kimi yazılanda oxucular bunu onları dərindən təsirləşdirmək üçün uydurulmuş, şişirtmə bir əhvalat, hətta naşılıq belə sayacaqdılar".

 

Hekayələri sübut edir ki, Yaqub Öməroğlu oxucuları dərindən təsirləndirmək istedadına malik olan ciddi yazıçıdır.

 

Əsərlərinin təsirli həyatı hekayələri kimi meydana çıxması hekayələrindən bir çoxunun avtobioqrafik əsərlər kimi formalaşmasında mühüm rol oynayır. Müşahidə edilir ki, Yaqub Öməroğlu hekayələrini öz tərcümeyi-halından keçirərək yaradıcı mühitin geniş meydanına çıxarır. Yaqub Öməroğlunun özü kimi hekayələri də təmkinli bir təhkiyə əsasında yazılmış dayanıqlı əsərlərdir. Hətta bəzi hekayələrində yazıçının avtoportretini də görmək mümkündür. "Qayğanaq və bəhməz" hekayəsində müəllifin avtoportreti öz adı ilə, Yaqub adı ilə iştirak edir. Bütün bunlar Yaqub Öməroğlunun hekayələrinin möhkəm həyatı əsaslara malik olduğunu göstərir. Lakin o, əsərlərində həyatın naturalist təsvirlərini çəkmir, insanı cəlb edə bilən, düşündürən və sabaha işıq salan hekayələri ilə öz oxucusunu bələdçilik edir. Yaqub Öməroğlunun hekayələrində süjetin bildiyini bildirən epiloqsayağı xüsusi bir yekunlaşdırıcı hissə, yaxud mətn olmasa da, onun hekayələrinin ümumi gedişatından ümumiləşdirilmiş dərslər çıxarmaq mümkündür. Bu onu göstərir ki, Yaqub Öməroğlu elə həyat materialı təqdim edir ki və ya obrazların həyat hekayələrini elə cəlbedici şəkildə təqdim edir ki, orada nəyisə yekun söz kimi diqtə etməyə ehtiyac qalmır. "Palatada" hekayəsində yazıçı bir xəstəxanada olan, müxtəlif baxışlara malik adi adamların dialoqu vasitəsilə cəmiyyətdəki etnomüxtəlifliyi təşviq edir. "İki eyni fikirli" hekayəsində də Yaqub Öməroğlu nəticə etibarilə eyniliyin bezdirici olması və inkişafa deyil, ağlamağa, geriyə apardığı qənaətinə gəlmişdir. Lakin belə düşündürücü, ibrətamiz qənaətlər yazıçının diqtəsi kimi yox, hekayələrdən çıxarılan nəticələr şəklində təqdim olunduğu üçün təbii görünür.

 

Yaqub Öməroğlunun Azərbaycan cəmiyyətinə təqdim etdiyi "İki çinar" kitabında bir-birinin eyni olan, təkrarlanan iki hekayə yoxdur. Yazıçının hekayələrinin mövzu dairəsi, obrazlar aləmi, süjetin quruluşu hər dəfə fərqli surətdə təzahür edir. Hekayələrində eyniləşmənin əleyhinə çıxan Yaqub Öməroğlu ilə Azərbaycanda və Türkiyədə, digər ölkələrdəki hər görüşdə həmişə fərqli tədbirlərlə müşayiət olunur. Avrasiya Yazarlar Birliyinə rəhbərlik, Mahmud Kaşğari Hekayə Müsabiqəsi, Türkdilli Ölkələrin Ədəbiyyat Dərgiləri Konqresi, Haldun Taner adına pyes yarışması kimi genişmiqyaslı və məsuliyyətli tədbirlərin yüksək səviyyədə təşkili Yaqub Öməroğlunun həyatda və ədəbiyyatda olduğu kimi, təşkilatçılıq və idarəçilik işlərindəki bənzərsizlik nümunəsini nümayiş etdirir, atdığı hər bir addımla Türkiyədə və türk dünyasında fərqli və daha qüvvətli bir ədəbi axının meydana çıxmasına zəmin hazırlayır, təkan verir və bütün bunları ən cəlbedici vasitələrlə dünyaya göstərməyi bacarır. Fikrimcə, hekayələrində olduğu kimi, ictimai-mədəni və elmi-ədəbi mühitin təşkili sahəsində də yorulmaz fəaliyyətini səs-küy salmadan, görüntü yaratmadan məsuliyyətlə və yüksək səviyyədə həyata keçirməsi Yaqub Öməroğlu üçün böyük ideallara xidmət işinin hər şeydən çox mühüm bir borc hissi olduğunu diktə edir. Yaqub Öməroğlunun Türkiyədə və türk dünyasında Avrasiya Yazarlar Birliyinin özəklərini və şəbəkələrini yaratması XXI əsrin yeni tipli Yazarlar Birliyi modelini qurmaq deməkdir. "Bengü" nəşriyyatını təsis edib, ümumən dünya, xüsusən də türk dünyası üçün kitablar nəsr edib, Orxon-Yenisey vadilərindən - Balkanlara qədərki geniş məkanda yaymaq Bilgə Kağan ideallarına şərəflə xidmət etməyin əməli ifadəsidir. Nəhayət, Yaqub Öməroğlunun təsis etdiyi "Qardaş qələmlər" dərgisini hər ay nəşr etdirmək və yaymaqla da eyni kökdən olub, ortaq mədəniyyətlərin daşıyıcılarının ədəbiyyatlarının inkişaf etdirilməsinə və inteqrasiya olunmasına dəstəyini meydana qoyur. Əslində, bütün bunlarla Yaqub Öməroğlu türk dünyasında ədəbi-mədəni inteqrasiya və elmi-ədəbi fikrin inkişafı etdirilməsi kimi iki məsuliyyətli və şərəfli vəzifəni uğurla həyata keçirməkdə davam edir. Bu mənada Bakıda çap olunmuş hekayələr kitabının adında ifadə olunan "İki çinar" anlayışı Yaqub Öməroğlunun şəxsiyyətini və fəaliyyətini bir yerdə çox aydın surətdə özündə əks etdirir. Çoxcəhətli elmi-ədəbi və təşkilati fəaliyyəti ilə Yaqub Öməroğlu türk dünyasında çoxşaxəli bir çinar ömrü yaşayır. Bütün hallarda Yaqub Öməroğlunun və məsləkdaşlarının çoxcəhətli fəaliyyəti qolu-budaqlı, möhtəşəm bir çinara bənzəyən türk dünyasının ədəbi-mədəni inkişafının əsas hərəkətverici faktorlarından biridir. Bu çinar türk dünyasının hüdudlarını aşaraq dünyanın harasından baxsaq görünür və geniş mənada hər yerdə inkişafa, ünsiyyətə və əməkdaşlığa çağırır.

 

İsa HƏBİBBƏYLİ

525-ci.- 2021.- qəzet.- 3 aprel.- S.14.