Ədəbi düşüncədə milli özünüdərk problemləri

 

Bir əsrdə iki dəfə müstəqilliyini qazanmış Azərbaycan xalqı buna qədər böyük bir milli özünüdərk prosesindən keçib.

 

Zaman-zaman xalq bu mərhələlərdən keçərək milli özünüdərkin ən yüksək səviyyəsinə çatıb və dövlətçiliyini formalaşdırıb. XIX əsrin ortalarından xalqın ədəbi, bədii, mədəni fəaliyyət potensialı artaraq milli ideya ətrafında birləşib. Xalqın milli ideya ətrafında keçdiyi özünüdərk prosesi həm də ədəbi düşüncədə öz əksini tapıb.

 

Poeziyada milli ruh və istiqlalçılıq ideyasının tərənnümü

 

Milli özünüdərk Cümhuriyyət dövründə özünün yeni mərhələsinə, bəlkə də ən yüksək mərhələsinə daxil oldu; bu mərhələni şərtləndirən amillərdən biri özünüdərkin dövlətçiliklə birləşməsidir. Dövlətçilik hər hansı bir xalq üçün siyasi təfəkkürün ən yüksək mərhələsidir. Əsrə qəzetsiz qədəm qoyan və adının belə müzakirə mövzusu olan xalq qısa bir dönəmdə siyasi təfəkkürünü nəinki formalaşdırdı, hətta Şərqdə ilk müsəlman Cümhuriyyətini qurdu. Yüz illik Çar rejiminin istibdadından qurtularaq yeni bir demokratik cəmiyyət quruculuğunda ədəbiyyatın, xüsusilə poeziyanın öz yeri vardı.

 

Əslində, siyasi təfəkkürün Cümhuriyyət quracaq qədər formalaşmasında əsrin əvvəllərindən başlayan ictimai-siyasi proseslərlə yanaşı, ədəbiyyat da öz sözünü deyirdi. Xalq bədii düşüncədə ictimai həqiqətləri dərk edir, yeni cəmiyyət, sonra isə dövlət quruculuğu yolunda tərbiyə olunurdu. Yəni Cümhuriyyət və müstəqillik ideyaları əvvəlcə bədii təfəkkürdə hazırlanır, milli şüurda, ideologiyada formalaşırdı. Azərbaycan öz müstəqilliyinə 1918-ci ildə çatsa da, müstəqilliyə gələn yolda "Molla Nəsrəddin" və "Füyuzat" ədəbi məktəblərinin düşüncə sistemindən pərvazlanmış və milli kimlik tərbiyəsi almışdı. C.Məmmədquluzadə, M.Ə.Sabir, Ö.F.Nemanzadə, Ə.Haqverdiyev, Ə.Nəzmi, Ə.Hüseynzadə, Ə.Ağayev, A.Səhhət, M.Hadi, A.Şaiq, N.Nərimanov, Z.Marağayi və b. onlarla yazarların əsərlərində vətən, millət, xalq, azadlıq, hürriyyət, bərabərlik, müstəqillik mesajları verilir və ictimai şüur formalaşdırılırdı. Bu cəhətdən Cümhuriyyət ideyasının müəyyən mənada, həm də ədəbi-bədii düşüncədə formalaşdığını demək olar.

 

Romantiklərin poeziyasında xalq, yurd, dövlət, türk, islam, torpaq, vətən, Azərbaycan və s. anlayışların tərənnümü gələcək Cümhuriyyət ideyasının özül daşlarını təşkil edirdi. Öncə xalqın tərbiyəsi, yalnız bundan sonra siyasi təfəkkürün formalaşdırılması məsələsi gəlirdi. M.Ə.Rəsulzadə "Azərbaycan Cümhuriyyəti" əsərində göstərirdi ki, çarizm iki cəbhədən gəlirdi; birincisi, mollaları öz kontrolunda tutur, ikincisi isə, milli tərbiyəyə meydan vermirdi. Əslində, XIX əsrin sonları XX əsrin əvvəllərində Qafqazda ermənilərin, rusların, gürcülərin bir neçə qəzetlərinin nəşr olunduğu bir dövrdə azərbaycanlılara qəzet çıxarmağa imkan verilməməsinin də bir səbəbi bu idi. Qəzetlə, mətbuatla xalq yenidən tərbiyə olunur və özünü dərk edirdi. Maraqlıdır ki, M.Ə.Rəsulzadə Azərbaycan Cümhuriyyətinə gələn yolda milli şüurun formalaşmasında rolu olan faktorlar içərisində M.F.Axundzadə ilə başlayan, H.Zərdabi, N.Vəzirov, C.Məmmədquluzadə, N.Nərimanov, Ə.Haqverdiyev, S.M.Qənizadə, Ü.Hacıbəyli kimi yazarları, eləcə də xalqın milli şüurunun formalaşmasında mühüm rol oynayan mətbuat orqanlarını xüsusi vurğulayır və azadlığı "Azərbaycan xalqının öz ruhundan doğan bir ümummilli hərəkat, hadisə hesab edirdi" (Rəsulzadə M.Ə. Azərbaycan Cümhuriyyəti. Bakı, Elm, 1990, s.18). Belə demək mümkünsə, Azərbaycan istiqlalı müstəqilliyə qədər müəyyən bir yol keçib gəlmişdi. Bu yolda Azərbaycan bədii düşüncəsinin özünəməxsus rolu vardı. Y.Qarayevin yazdığı kimi: "Demokratik Cümhuriyyət-Azərbaycanda humanitar milli ənənənin, ədəbi, hüquqi, fəlsəfi fikrin, milli "Mən" və milli dövlət şüurunun, bütövlükdə xalqın azadlıq hərəkatının tarixən qanunauyğun və məntiqi yekunu kimi təşəkkül tapmışdı". Bu mənada Cümhuriyyət dövrü Azərbaycan ədəbiyyatını əvvəlki ədəbiyyatın varisi hesab etmək olar; lakin əgər əvvəlcə ədəbiyyat istiqlalı arzu edirdisə, indi mövcud istiqlalı tərənnüm etməli, yaxud onun varlığını ictimai düşüncəyə köçürməli idi. Buna görə də, Cümhuriyyət dövrü poeziyasının milli şüurun formalaşmasındakı rolunu ayrıca qeyd etmək lazım gəlir. Poeziya ona görə deyirik ki, hər hansı bir ictimai-siyasi proseslərə ilk cavab verən poeziya olur. Poeziya bir janr kimi daha çevik olur və hadisələrə münasibət ifadə edir. Bu dövrü poeziyada istiqlalçılıq dövrü kimi də adlandırmaq olar.

 

M.Hadi, A.Şaiq, C.Cabbarlı, Ə.Cavad, Ə.Müznib, Məhəmməd Ümid Gəncəli, Cəlal Sahir, Ə.Abid və b. yaradıcılığında istiqlalçılıq və milli ruh başlıca yer tuturdu. Müstəqilliyin gətirdiyi azadlıq duyğuları bədii yaradıcılığa da öz təsirini göstərir, xalqın milli ruhu poetik təsvirin əsas ünvanlarından biri olurdu. Bu şeirlərdə millətin əməlləri, duyğuları, azadlıq eşqi tərənnüm edilməklə yanaşı, işğalçıya və düşmənə qarşı da nifrət hissi bəslənilirdi. Qarabağda gedən müharibə, daxili və xarici düşmənlərə qarşı mübarizə xalqı səfərbərliyə çağırmağa sövq edirdi. M.Hadinin əsrin əvvəllərindən təsvir və tərənnüm etdiyi millət və vətən sevgisi cümhuriyyətin ilk vaxtlarında yenidən vüsət alır. Cümhuriyyətin ilk günlərində onu müdafiə etmək üçün gənclərin orduya getməsi və düşmənə qarşı vuruşması şairi riqqətə gətirir və milli vətənpərvərlik mövzusuna bir neçə şeir həsr edir. Əsgərlər hərbə gedərkən qələmə aldığı "Ayrılıq dəqiqələri" şeirində təsvir etdiyi mənzərə bütünlüklə gəncləri vətəni müdafiə etməyə səfərbər edirdi. Lakin burada bir qəm də var; şairin gözünə "ağlayan gözlər, ağlanan sima"lar gəlir, yaşlı gözlərdə sanki bir həyəcan vardır. Lakin bu hərb vətəni müdafiə üçündür və ona görə də şərəflidir, hünər və qəhrəmanlıq yoludur.

 

M.Hadi yaradıcılığında milli ruh və düşüncənin tərənnümü cümhuriyyət boyu davam edir. Bu şeirlərində istiqlal yolunda ilk addımlarını atan cümhuriyyət və bu ideallar uğrunda çarpışan əsgərlərin igidliyi, qəhrəmanlığı tərənnüm edilirdi. Əgər şair əvvəllər bunu arzu edirdisə, indi istiqlal hissini içində yaşayaraq onu öyürdü. "Qardaş sevgisi", "Əsgərlərimizə-könüllülərimizə", "Zəfəri-nahiyəyə doğru", "Aydınlıq bir gecədə təfəkkür dəqiqələri", "Baharın ilhamları və ictimai rəmzlər", "Kor soqqur", "Hərarətli şeir və yaxud qızdırmalı halımda saçmalarım" və s. şeirlərində cümhuriyyətin ağrısı, sevgisi, çırpıntıları, gənclərin şəhidlik və qəhrəmanlıq duyğuları əks olunur. Şair vətən övladlarına heç nədən qorxmamağı tövsiyə edir, məfkurə, ideal və vətən yolunda şəhid olmağı şərəf bilir. Şair "Azərbaycan" qəzetində dərc edilən "Zəfəri nahiyəyə" doğru şeirində xalqın azad yaşamaq arzusunu tərənnüm edir. O, həmin şeirdə millətinə böyük sevgisini əks etdirir və qazanılmış istiqlaliyyətin qorunmasını arzulayır. Şair əsgər olmağı böyük şərəf bilir, ona görə ki, əsgəri olmayan bir dövlət məhvə məhkumdur. Vətənin, istiqlalın uğrunda can verməyi bacaran bir ordu gərəkdir.

 

A.Şaiq də Cümhuriyyət dövründə vəsf etdiyi idealları ilə gəncliyin mənəvi-əxlaqi düşüncəsinin formalaşmasında mühüm rol oynayır. Bu dövrdə yazdığı marşları ilə milli, ictimai düşüncə orbitində yeni nəslə vətən, hürriyyət, azadlıq anlayışlarının poetik dərkini təlqin edir. "Vətənin yanıq səsi", "Marş", Arazdan Turana" və b. şeirlərində milli düşüncə dövlətçilik hissləri ilə birləşir. Ədəbiyyatşünas A.Bayramoğlu şairin təsvir etdiyi bu milli-mənəvi dəyərlər barədə yazır: "A.Şaiqi bu milli-mənəvi ideal və inam daim izləyir, onu tərk etmir. Həmin nikbinlik şairi müharibə dövrünün ağır, keşməkeşli mübarizə və çarpışmalar dövründə də işıqlı sabaha, bu xoş gələcək uğrunda mübarizəyə səsləyir".

 

A.Şaiq "Türk ədəmi mərkəziyyət-firqəsi" (Müsavata ithaf) şeirində vətən yolunda ölümə getməyin, bu torpaqları onun vətəndaşlarının qanı ilə boyamanın şərəfini vurğulayır. "Vətənin yanıq səsi" şeirində isə qədim türk yurdundan, türk ordusunun şücaətindən danışılsa da, üzünü çağdaşlarına tutur. Altun Elxan ordusunun qəhrəmanlığı sanki bu gün baş verirdi. Ordu Şərqə, Qərbə, Cənuba yol açaraq türklük bayrağını hər yerdə dalğalandırırdı. Hamı ordunu hərbə yola salır, oğullar analara "Əmin ol!" arxayınçılığı verirlər. Şeirin sonluğu müəyyən qədər Dədə Qorqud dualarına bənzəyir; oğullar anaları əmin edirlər ki, bu vətənin dağlarında, daşlarında onu dardan qurtara bilən oğullar az deyil. "Vətən" və "ölüm" deyə onun uğrunda vuruşmağa hazır olduqlarını bildirirlər.

 

Cümhuriyyət dövrünü vəsf edərək yurddaşların qəlbində vətən sevgisi yaradan şairlərdən biri Əhməd Cavadı həm də Cümhuriyyət şairi adlandıra bilərik. Onun şeirləri özünün mövzusu, sadəliyi və saf duyğuları ilə seçilir, qəlbə tez yol tapır və hələ zamanında dillər əzbəri olurdu. Belə bir analogiyanı da qeyd etmək lazımdır ki, 80-ci illərdə milli azadlıq hərəkatı dalğası başlayanda bu dalğanın ən çox müraciət etdiyi mənbə məhz Ə.Cavadın yaradıcılığı oldu. Baxmayaraq ki, onun cümhuriyyət dövründə yazdığı şeirlər Sovet dövründə çap olunmamış və işıq üzü görməmişdi. Bu da onu göstərir ki, şairin şeirləri xalqın yaddaşında yeni nəsillərə gəlib çatmış və həm cümhuriyyət dönəmində, həm də ikinci cümhuriyyət ərəfəsində xalqın milli azadlıq şüurunun formalaşmasında əvəzsiz rol oynamışdır. Ə.Cavad poeziyası üçrəngli bayrağı və onun rəmzlərini milli yaddaşa elə həkk etmişdir ki, bir daha onu oradan qoparıb atmaq mümkün olmamışdır. Milli hökumət, parlament və milli ordu onun poeziyasında tərənnüm və təsvir edilmişdir. Ə.Cavad poeziyası milli istiqlal düşüncəsini bayrağın rəngi, türk ordusu, Azərbaycan əsgəri kimi simvollarda yaşada bilmişdir. Bayraq Cümhuriyyət simvollarından biri kimi çox önəmlidir və bu fikir onun poeziyasında da əsas obrazlardandır.

 

Ə.Cavad poeziyasında bayraq həm bir obraz, həm də bir simvol olaraq işlənilir və onun yaradıcılığının ana xəttini təşkil edir. Bayraq getdikcə simvollaşır və müqəddəs bir varlığa çevrilir. Bu bayrağı qorumaq və hər zaman dalğalandırmaq cümhuriyyətçilərin əxlaq və yaşam kodeksinə çevrilir. Bu dövrdə yazdığı "Azərbaycan bayrağına" şeirində bayrağa canlı varlıq kimi müraciət edir, ona üz tutaraq öz sözünü deyir. Türküstan elləri də milli bayrağa üz tutaraq öz dərdini söyləyir. Şair tarixə müraciət edərək Turana gedərkən qarşısına çıxan bayrağa dərdini söyləyir, sanki ondan nicat diləyir.

 

1918-ci ildə türk ordusunun Bakıya gələrək paytaxtı bolşevik və erməni istilasından azad etməsi şairi qürurlandırmış və türk ordusuna şeirlər yazmışdır. "Bismillah" şeirində türk ordusunun Bakının köməyinə gəlməsi poetik dillə təsvir olunur. Atılan zəfər topları şairin qəlbini riqqətə gətirir, dənizə müraciət edərək türkə ram olmasını istəyir. O, döyüşən qollara qüvvət diləyir və inanır ki, zəfər çalınacaq, bu zəfərlə şəhidlərin ruhu güləcəkdir.

 

Əvvəlki yaradıcılığında milli istiqlal mövzusu və çarizm idarə üsulunun tənqidi başlıca yer tutan Ə.Müznib Cümhuriyyət dönəmində milli nəğmələr yazmaqda davam edir. Bu dönəmdə "Milli nəğmələr", "Ordu marşları" adlı kitabçalar çıxırdı ki, burada da yeni yazılmış milli şərqilər öz əksini tapmışdı. Ə.Müznibin "Azərbaycan", "Mövlud", "Öyüd", "Qazi Ənvər Paşa", "Əməlpərvəranə bir xatirə", "Yuğ qığılcımı" və s. şeirlərində milli düşüncə tərənnüm edilirdi. "Azərbaycan" şeirində şair bu diyarın keçmişinə üz tutaraq onu Cavad xanlar, Bakıxanlar diyarı adlandırır. Lakin o zamankı çətin məqamda şair üzünü "moskovlular"a tutur, onların bu diyardan çəkilməsini istəyir, Azərbaycanın adını və üçrəngli bayrağını tərənnüm edirdi.

 

1919-cu ildə dərc edilən "Milli nəğmələr" kitabında Ə.Müznibin bir neçə şeiri çap olunub. Bu şeirlərdən biri "Öyüd" adlanır. Şair burada millətin gənclərinə üz tutaraq onlara öyüddə bulunur. Bu, Ə.Müznibin cümhuriyyət gənclərini yeni milli tərbiyə ruhunda böyütməsini göstərən şeirlərindən biridir. Şair Cümhuriyyətlə yeni bir dövrün gəldiyini və gənclərin məktəb, elm, maarif yönündə yolunun açıq olduğunu göstərirdi.

 

Milli istiqlal, vətənçilik, müstəqillik, türklük motivləri gənc C.Cabbarlının yaradıcılığında ayrıca bir mövzudur. C.Cabbarlı xalqın istiqlal duyğularından vəcdə gələrək istiqlalın ildönümü ərəfəsində şeirlərini yazır. Onun şeirlərində millətin müqəddəratının həll olunduğu bir zamanda fəlakətləri yanıqlı bir dillə təsvir olunsa da, vətəndaşlıq duyğusu ilə yoğrulmuş olur, sabaha inamla baxır. "Türk sağ ikən...", "Azərbaycan bayrağına", "Sevdiyim", "Sevimli ölkəm", "Yaşamaq", "Salam" və s. şeirlərində bədii simvollarla istiqlalı, bayrağı tərənnüm edir. "Azərbaycan bayrağına" şeirində üç rəngli bayrağı özünəməxsus epitet və ifadələrlə təsvir edərək, mələklərin qanadı üzərinə kölgə saldığı "şu sevimli üç boyalı, üç mənalı" bayrağı oxşamağı özünə borc bilir və simvolika ilə eşq elan etdiyi bayrağın rənglərinin mənasını açır.

 

Bayraqdakı rənglər, eləcə də buradakı obrazlar-ay, səkkizguşəli ulduz və s. türk yurdu üçün dərin bir simvolika təşkil edir. Şair bu simvolikanı xalqın-türklüyün tarixinə apararaq "Od yurdu" kimi mənalandırır:

 

Bu ay, yıldız boyaların qurultayı, nə demək?

Bizcə, böylə söyləmək:

Bu göy boya Göy Moğoldan qalmış bir türk nişanı,

- Bir türk oğlu olmalı!

Yaşıl boya islamlığın sarsılmayan imanı,

- Yürəklərə dolmalı!

Şu al boya azadlığın, təcəddüdün fərmanı,

- Mədəniyyət bulmalı!

Səkkiz uclu şu yıldız da səkkiz hərfli "Od yurdu".

 

Azərbaycan bayrağına çox şeirlər həsr edilmişdir; bu şeirlərin hər birində bayraq vəsf və tərənnüm edilir. Lakin C.Cabbarlının bu şeiri məzmunu, rəngin mənalandırılması və rənglərinin poetik dərk edilməsi baxımından daha təsiredicidir. Bu mənada cabbarlışünas alim Asif Rüstəmlinin bu fikri ilə razılaşmamaq olmur: "Azərbaycan Cümhuriyyətinin bu dövlət atributuna saysız-hesabsız şeirlər, nəğmələr həsr olunsa da, üç boyalı, ay və səkkiz guşə ulduzlu milli bayrağın simvolika açımını ilk dəfə poeziyaya gətirən Cəfər Cabbarlıdır. Onun "Azərbaycan bayrağına" şeiri milli rəmzlərimizin ilk poetik əlifba dərsliyidir".

 

Umgülsümün bu dövrdə yazdığı şeirlər də başdan-başa gənc nəslin milli ictimai şüurunun formalaşmasına yönəldilib. Gənc şair 1917-ci ildən başlayaraq, "Açıq söz" qəzetində dərc etdirdiyi şeirlərdə üzünü gəncliyə tutaraq yeni dövrdə xoş günlərin gələcəyini ifadə edirdi. "Turan düdüyü", "Səs verəlim", "Ey türk oğlu", "Çəkil, dəf ol", "Əsgər anasına", "Yolunu bəklərdim", "Yurdumun qəhrəmanlarına", "Builki mayısda", "Bayrağım enərkən", "Bir qız üçün", "Bən" və s. şeirlərində milli istiqlal duyğularını, bayrağı, xalqın milli hiss və düşüncələrini vəsf edirdi. Bu şeirlərin bir çoxu "Açıq söz" qəzetində dərc edilsə də, bir neçəsi Sovet dövründə nəşr edilmədiyindən yalnız ikinci müstəqillik dönəmindən sonra üzə çıxmışdır. "Səs verəlim" şeirində üzünü türk qızlarına tutaraq millətin istiqbalının yaxın günlərdə gələcəyinə inam ifadə edir və bu istiqbalın hər bir türkdən asılı olduğu barədə poetik qənaətə gəlirdi. Türk millətinin gələcəyi üçün övladını milli hisslə böyütməyi, millət üçün hazırladığını qadınlığın əsas vəzifəsi hesab edirdi. "Ey türk oğlu" şeirində isə üzünü qəhrəmanlara tutur; onun şanlı, yüksək babalarını yadına salır və bu ülvi duyğularla Turan elinə tərəf yol almaq istəyir. "Yüz yıllarca" hıçqırtıdan sonra, "hayqırmak" və "bağırmak" görəvi olduğunu xatırladır və bu şərəfin, şanın Qafqazlarda da türk bayrağının dalğalanmasına imkan verəcəyini təlqin edir.

 

Umgülsüm üzünü yalnız mərd, igid həmvətənlərinə tutmur, həm də bu vətənin dar gününü gözləyərək pusquda duran düşməni nişan verir, onu gənc nəslə tanıdır və düşmənə qarşı nifrətini ifadə edirdi. "Çəkil, dəf ol" şeirində açıq mətnlə öz niyyətindən əl çəkməsi üçün düşmənə üz tutur. Bu müraciətdə öz haqqını, istiqlalını qorumaq istəyən gəncliyin bu yoldakı mübarizə əzmi və qərarlılığı ifadə olunur.

 

İstiqlalı əldə etməklə yanaşı, onu qoruyub saxlamaq ən müqəddəs və çətin işlərdən biridir. Bunun məsuliyyətini dərk edən gənc şairə "şəfqətli gözlərində yaşlar parlayan", "atəşli köksündə sönməz sevgi saxlayan" əsgər analarına üz tutur, oğlunu dünyaya gətirdiyində həyatının ən müqəddəs borcunu yerinə yetirdiyini xatırladır. Onu çox çətinliklə aslanlar kimi yetirdiyi, lakin günü gəldiyində hərbə yola salmağa, vətəni qorumağa mane olmamağa çağırır. Çünki o, vətənin qoruyucusudur.

 

Bu mövzunu şair "Yurdumun qəhrəmanlarına" şeirində də davam etdirir. Qəlbində yeni duyğular daşıyan gənclərə üz tutan müəllif ordumuzun igid, şanlı əsgərlərini vətən üçün səadət arayanlar kimi görür, qəlbinin onlarla fəxarət etdiyi qənaətinə gəlir və mərdlik, zəfər yollarında yürümələrini istəyir. Şeirin 1920-ci ildə yazılmasından və məzmunundan aprel işğalından sonra yazıldığı görünür. Bu da onu göstərir ki, şairə vətənin müstəqilliyi uğrunda öz şeirləri ilə gənc nəsildə milli şüurun sönməyinə imkan verməmiş və ümidini kəsməmişdir.

 

Umgülsümün 1920-ci ildə aprel işğalından sonra yazdığı bir şeir "Bayrağım enərkən" adlanır. Hələlik bu şeir Azərbaycan bayrağının enməsi ilə bağlı yazılmış ilk şeir olaraq məlumdur. Beş il sonra isə M.Ə.Rəsulzadənin "Bir dəfə yüksələn bayraq bir daha enməz!" sözlərini epiqraf gətirdiyi "Bən" şeirini yazır. Hər iki şeir ilk dəfə İstanbulda çıxan "İstiqlal uğrunda" məcmuəsində nəşr edilib. "Bayrağım enərkən" şeirində aprel işğalı zamanı Azərbaycan bayrağının endirilməsindən duyduğu üzüntünü dilə gətirir, lakin eyni zamanda, düşməni barmaqla göstərərək bunun uzun sürməyəcəyini bəyan edirdi. "Sən, Bayrağım! O yüksək şanlarınla enərkən, Mavi göyə bir duman gəldiyini sezdim mən", - deyə bayrağın enməsindən doğan hüznünü ifadə edir.

 

Son olaraq vurğulayaq ki, Cümhuriyyət dövründə yazılmış bu cür şeirlər yalnız poetik məna cəhətdən əhəmiyyətli deyil, həm də yeni nəslin formalaşmasında, özünü dərk etməsində mühüm rol oynamışdır. Dövlət atributlarına sevgi və sayğı gəncliyin maariflənməsində, ictimai şüurunun formalaşmasında oynadığı rol uzun müddət yaddaşlarda yaşamışdır. Təsadüfi deyil ki, əgər Cümhuriyyətin siyasi fəaliyyətinin qiyməti sənədlərdə, tarix kitablarında verilirdisə, istiqlal duyğuları, üç rəngli bayrağın dalğalanmasının xalqa verdiyi coşğu poeziyada öz əksini tapır. Bu şeirlərdə Cümhuriyyətin insanların şüurunda yaratdığı duyğu və düşüncələr yüksək milli düşüncə ilə ifadə olunur.

 

Timuçin ƏFƏNDİYEV Bakı Xoreoqrafiya Akademiyasının rektoru, Əməkdar elm xadimi, professor.

525-ci qəzet.- 2021.- 6 aprel.- S.12-13.