Vətənə

 

Borcluyuq biz hamımız - verməyə bir can Vətənə,

Edərik, istəsə, hər an onu qurban Vətənə.

 

Gəzmişik çöllərini, dağlarını, düzlərini,

Bu gözəllikdə görüb olmuşuq heyran Vətənə.

 

Çalışıb çox şəhəri, kəndləri etdik biz abad,

Açmışıq yüksəliş üçün yeni meydan Vətənə.

 

Gəzir indi, dolaşır dünyanı şan-şöhrətimiz,

Verilib söz deməyə bir belə dövran Vətənə.

 

Könlünü şad elə, Zakir, abad olmuş el-oban,

Yaraşır dövri-qədimdən ulu Şabran Vətənə.

 

Vətənsiz

 

Yüz il yaşayıb yığma əbəs varı Vətənsiz.

Dad verməyəcək bağlarının barı Vətənsiz .

 

Qürbətdə günün xoş, dadasan naz ilə nemət

Gündən-günə rəngin olacaq sarı Vətənsiz.

 

Dünyanı gəzib, ən uca yerlərdə dolaşsan,

Çox tez əriyər dağlarının qarı Vətənsiz.

 

Yad eldə tapıb cəm eləsən başına dostlar,

Tez-tez itirərsən elə dostları Vətənsiz.

 

Aldanma havası, suları şərbət olarsa,

Vəsf eyləmə çöllərdəki gülzarı Vətənsiz.

 

Kef çəkmək üçün özgə vilayətlərə getsən,

Düz olmayacaq bəxtinin ilqarı Vətənsiz.

 

Zakir qədər görsə qürbətdə gözəllər,

Seçməz, bilirəm, heç özünə yarı Vətənsiz.

Bakıda

 

Gəl çıxaq seyrə baxaq, gör busat var Bakıda.

Dəyişib görkəmini, başqadı bulvar Bakıda.

 

Köhnəlikdən bir əlamət daha dəyməz gözünə,

Ucalır göylərə son dəbli binalar Bakıda.

 

Abad olmuş küçələr, gör genişdir yollar,

Qoşa bitmiş hələ bax, sərv ilə küknar Bakıda.

 

Çöl-çəmən ətri yayır parklarının gül-çiçəyi

Açılır hər tərəfə körpülü yollar Bakıda.

 

Bürüyür get-gedə üzlü binalar şəhəri

əsərlər yaradıb gör Ulu Memar Bakıda.

 

Dolaşır yer üzünü şöhrəti Baş Kəndimizin,

Unudar bəlkə lap Londonu lordlar Bakıda.

 

Hər tərəfdən buraya zövqlü turistlər axışır,

Bu gözəlliklərə heyran qalır onlar Bakıda.

 

Zakir, gözlərini, bax bu gözəlliklərə sən,

Səni məftun edəcək möcüzələr var Bakıda.

 

Həkim

 

Bənzəməz yoldan ötən adi hər insana həkim,

Çünki var onda şəfa, can gətirir cana həkim.

 

Çox sevir öz peşəsin "Hippokrat andı" içib,

Andı olmaz ki, poza, aldana şeytana həkim.

 

Ömrünü həsr eləyir xalqa, ömürlər yaşadır,

Elm ilə sahib olur bir belə imkana həkim.

 

Çağırır dərdi olanlar onu, imdad diləyir,

Tələsir, yardım üçün tez çata ünvana həkim.

 

Yandırır getdiyi ünvanda ümid lampasını,

Ram edir xəstəliyi verdiyi dərmana həkim.

 

Yanaşır öz yaxını, doğması tək xəstələrə,

Baxmayır kimsəyə yad, yaddı soyuq qana həkim.

 

Tanınır gördüyü işlərlə, çox hörmət qazanır,

Yüksəlir layiq olan şöhrətə, ad-sana həkim.

 

Vurulub sənətinə, fəxr edir öz elmi ilə,

Çataraq cümlə təbabətdəki irfana həkim.

 

Göstərib möcüzəsin, çəkdi şəfalı əlini,

Zakirə verdi həyat, bənzədi Loğmana həkim.

 

Muğamat

 

Heyran qoyur ən duyğusuz insanı muğamat.

Daim yaşadır insana xoş anı muğamat.

 

Duyduqca dərindən necə ecazkar olurmuş,

Hopduqca cana pak edir imanı muğamat.

 

Yurdun bu sənət sərvəti, şah musiqi janrı,

Xalqın ədəbi-ərkanı, irfanı muğamat.

 

Hər dinləyənin zövqünü oxşar "Segah" ilə,

Verməz ona qəm çəkməyə imkanı muğamat.

 

"Şur"u, "Qatar"ı, "Rast"ı, "Çahargah"ı gözəldir,

Sevdirdi bizə Cabbar ilə Xanı muğamat.

 

Yad musiqiyə, hər cürə xaric səsə qarşı,

Tarla, kaman ilə edir üsyanı muğamat.

 

Zakir, var əgər musiqi zövqün, ona köklən,

Canlandırar hər şeirini, misranı muğamat.

 

Zakir BAYRAMLI

 

525-ci qəzet.- 2021.- 13 aprel.- S.15.